Sual 9: Mərcəiyyət[1] vəzifəsini öhdəsinə almayan və risaləsi olmayan (yəni “Şəriət hökmlərinin izahı” kitabı nəşr olunmayan) bir müctəhidə təqlid etmək olarmı?
Cavab: Camiuş-şərait müctəhidə təqlidin düzgün sayılmasında mərcəiyyət vəzifəsini öhdəyə almaq və ya “Şəriət hökmlərinin izahı” adlı kitaba sahib olmaq şərt deyildir. Ona görə də, əgər təqlid etmək istədiyi müctəhidin camiuş-şərait müctəhid olduğu mükəlləf[2] üçün sübuta yetsə, ona təqlid etməyin maneəsi yoxdur.
Sual 10: Fiqhin[3] müəyyən bir bölümündə, məsələn, namaz və ya oruc bölümündə ictihad dərəcəsinə çatan şəxsə[4] təqlid etmək olarmı?
Cavab: “Mütəcəzzi müctəhid”in[5] fətvası onun özü üçün dəlildir. Mütəcəzzi müctəhidin məharətli olduğu fiqhin bölümlərində başqaları da ona təqlid edə bilərlər. Baxmayaraq ki, “mütləq müctəhid”ə[6] təqlid etmək ehtiyat-müstəhəbə[7] müvafiqdir.
Sual 11: Başqa ölkələrin şəriət alimlərinə təqlid etmək olarmı? Belə ki, onlarla əlaqə qurmaq mümkün deyildir.
Cavab: Camiuş-şərait mütcəhidə təqlid etməkdə müctəhidin mükəlləfin ölkəsinin vətəndaşı olması və ya mükəlləfin yaşadığı yerin sakini olması şərt deyildir.
Sual 12: Müctəhid və mərcəyi-təqliddə əsas götürülən ədalət xüsusiyyəti ilə imam-camaatda[8] əsas götürülən ədalət xüsusiyyəti arasında güclü və ya zəif olma baxımından fərq varmı?
Cavab: Fətva verməkdə mərcəiyyət mənsəbinin həssas və əhəmiyyətli bir mənsəb olduğunu nəzərə alaraq, ədalət xüsusiyyətindən əlavə mərcəyi-təqlidin tüğyankar nəfsə hakim olmaq qüdrətinə sahib olması və dünyaya həris olmaması ehtiyat-vacibə[9] görə şərtdir.
Sual 13: Deyilir ki, ədalətli müctəhidə təqlid etmək gərəkdir. Ədalətli şəxs dedikdə, nə nəzərdə tutulur?
Cavab: Bilərəkdən günaha mürtəkib olmayacaq həddə təqvası olan şəxsə adil deyilir.
Sual 14: Dövrün və məntəqənin vəziyyətindən xəbərdar olmaq ictihadın (müctəhidliyin) şərtlərindəndirmi?
Cavab: Bu şərtin bəzi məsələlərdə rolu ola bilər.
Sual 15: Mərhum İmam Xomeyninin (r.ə) nəzərinə görə mərcəyi-təqlid “ibadətlər” və “sövdələşmələr”in əhkamını bilməkdən əlavə, siyasi, iqtisadi, hərbi, ictimai və rəhbərlik Məsələlərini də bilməlidir. Biz əvvəllər İmam Xomeyniyə (r.ə) təqlid edirdik və o, vəfat etdikdən Sonra bir qrup alimin istiqamətləndirmələri və özümüzün də seçimi ilə sizə müraciət və təqlid “ etməyi lazımlı bildik. Beləcə, həm mərcəyi-təqlidə, həm də rəhbərə bir arada təqlid etmiş olaq.
Cavab: Bu barədə sizin nəzəriniz yoxdur?
Cavab: Mərcəiyyət mənsəbinin səlahiyyət şərtləri “Təhrirul-vəsilə” və başqa kitablarda təfsilatı ilə Qeyd edilmişdir və təqlid olunmağa səlahiyyəti çatan şəxsi müəyyənləşdirmək mükəlləfin öz nəzərinə həvalə olunur.