Sual 1: Təqlid məsələsi sırf əqli məsələdir, yoxsa onun şəri dəlilləri də vardır?

Cavab: Təqlidin şəri dəlilləri vardır. Həmçinin əql də hökm edir ki, şəriətin hökmlərini bilməyən şəxs camiuş-şərait müctəhidə [1] müraciət etməlidir.

                                                                                                                                  

Sual 2: Sizin nəzərinizə görə ehtiyata əməl etmək[2] daha yaxşıdır, yoxsa təqlid etmək[3]?

Cavab: Ehtiyata əməl etmək ehtiyatın yerlərini və qaydasını bilməyə bağlı olduğuna, habelə, bu iş çox vaxt tələb etdiyinə görə yaxşısı budur ki, şəriət hökmlərində mükəlləf[4] camiuş-şərait müctəhidə təqlid etsin.

                                                                                                                                  

Sual 3: Şəriət hökmlərində ehtiyata əməl edərkən fəqihlərin fətvaları hansı hüdudlaradək nəzərə alınır? Yəni keçmiş fəqihlərin fətvalarına da əməl etmək lazımdırmı?

Cavab: Şəriət hökmlərində ehtiyata əməl etmək dedikdə, bütün fiqhi ehtimallara riayət etmək nəzərdə tutulur. Belə ki, mükəlləf öz şəri vəzifəsinə əməl etdiyinə əmin olmalıdır.

                                                                                                                                  

Sual 4: Qızım tezliklə şəri vəzifə yaşına çatacaqdır və o, özünə mərcəyi-təqlid[6] seçməlidir. Amma təqlid məsələsini dərk etmək onun üçün çətindir. Onun qarşısında bizim üzərimizə düşən vəzifə nədir?

Cavab: Əgər o, bu barədə olan öz şəri vəzifəsini təklikdə müəyyən edə bilmirsə, sizin vəzifəniz onu yönəltməkdir.

                                                                                                                                  

Sual 5: “Əhkamın mövzularını müəyyən etmək mükəlləfin öz öhdəsindədir və müctəhidin vəzifəsi hökmü müəyyən etməkdir” fikri fəqihlər arasında məşhurdur. Amma bununla belə, müctəhidlər bir çox hallarda əhkamın mövzularının müəyyən edilməsində də fikir bildirirlər. Əhkamın mövzusu barəsində müctəhidin nəzərinə tabe olmaq vacibdirmi?

Cavab: Əhkamın mövzusunu müəyyən etmək mükəlləfin öz nəzərinə həvalə olunur və mövzunun müəyyən edilməsi barəsində müctəhidin nəzərinə tabe olmaq vacib deyildir. Əlbəttə, əgər müctəhidin nəzərinə qarşı mükəlləfdə əminlik yaranarsa, yaxud mövzu fiqh mənbələrindən əldə edilən mövzu olarsa, bu hallar istisnadı.

                                                                                                                                  

Sual 6: Əgər bir şəxs ona lazım olan şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq etsə, günahkardırmı?

Cavab: Əgər şəriət hökmlərini öyrənməmək vacib bir əməli tərk etmək və ya haram bir işi yerinə yetirməklə nəticələnərsə, günahkardır.

                                                                                                                                  

Sual 7: Bəzən şəriət hökmləri barəsində məlumatı az olan şəxslərdən hansı müctəhidə tədlid etdiyi soruşulur və onlar “bilmirəm” deyə cavab verirlər. Yaxud da “filan müctəhidə təqlid edirəm” deyirlər, halbuki həmin müctəhidin risaləsini (“Şəriət hökmlərinin izahı” kitabını) oxumur və nəticə etibarilə, həmin müctəhidin fətvalarına əməl etmirlər. Belə şəxslərin əməllərinin hökmü nədir?

Cavab: Əgər onların yerinə yetirdikləri əməllər “ehtiyat”a müvafiqdirsə, yaxud keçmişdə təqlid etməli olduqları və ya hal-hazırda təqlid etməli olduqları müctəhidin nəzərinə müvafiqdirsə, bu hallarda onların yerinə yetirdikləri əməllər düzgün hesab olunur.

                                                                                                                                  

Sual 8: Bilirik ki, hansı məsələdə bir ələm müctəhidin[7] nəzəri “ehtiyat-vacib”[8] olsa, həmin məsələdə ondan sonrakı ələm müctəhidə müraciət edə bilərik. Əgər həmin məsələdə sonrakı ələm müctəhidin də nəzəri “ehtiyat-vacib” olsa, ondan sonrakı ələm müctəhidə müraciət etmək olarmı? Əgər üçüncü müctəhidin də nəzəri əvvəlkilərlə eyni olsa, ondan sonrakı ələm müctəhidə müraciət etmək olarmı? Bu şəkildə davam etməyə icazə verilirmi? Xahiş edirəm, bu məsələni izah edəsiniz.

Cavab: Əgər bir məsələdə ələm müctəhidin nəzəri “ehtiyat” olarsa, həmin məsələdə nəzəri “ehtiyat” olmayan, əksinə, birbaşa “fətva” verən müctəhidə “əl-ələm fəl- ələm”[9] ardıcıllığına riayət edərək müraciət etməyin maneəsi yoxdur

                                                                                                                                  

[1] Camiuş-şərait müctəhid, yəni mərcəyi-təqlidin şərtlərinə malik olan müctəhid. Müctəhid-İslam şəriətinin hökmlərini “təfsili dəlillər”dən (Quran, sünnə, əql və icma) əldə edə bilən şəriət aliminə deyilir.

[2] Burada “ehtiyat” dedikdə, şəriət hökmlərinə əməl etmək üçün üç yoldan biri nəzərdə tutulur. Belə ki, mükəlləf öz şəri vəzifəsinə əməl etdiyinə yəqin edir. (Bu üç yol, yuxarıda qeyd olunduğu kimi, ehtiyat, ictihad və təqliddir.)

[3] Şəriət hökmlərində təqlid etmək, müctəhidin fətvasına tabe olmaq və ona əməl etmək deməkdir.

[4] Şəri vəzifəsi olan şəxs.

[5] Şəriət alimləri.

[6] Şəriət hökmlərində mükəlləfin müraciət və təqlid etdiyi müctəhid.

[7] Yəni daha bilikli müctəhid. Belə ki, başqa müctəhidlərlə müqayisədə o, ilahi hökmləri tanımaqda və onları dini mənbələrdən əldə etməkdə daha bacarıqlıdır. Həmçinin öz dövrünün vəziyyətindən daha çox məlumatlıdır.

[8] Burada “ehtiyat-vacib”, “ehtiyat-müstəhəb”in müqabilindədir. Ehtiyat-vacib, fətva ilə yanaşı olmayan ehtiyatdır. Ehtiyat-müstəhəb isə, fətva ilə yanaşı olan, başqa sözlə, fətvadan sonra qeyd olunan ehtiyatdır.

[9] Elmi səviyyə nəzərə alınaraq bir ələm müctəhiddən sonrakı pillədə dayanan ələm müctəhid və bu qayda ilə irəliləyərək.