Bağışlayan və mehriban Allahın adı ilə

و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة اللّه فی الارضین.

 

Bayramınız mübarək! İnşallah, siz və ailələriniz bu xeyirli niyyətlərdən ən yaxşı şəkildə faydalana biləsiniz. İnşallah, təcrübəli və həqiqətən də, böyük təcrübəyə malik olan cənab doktor Arifin dediklərini və bəyan etdiklərini əməl və həyata keçirmək mərhələsinə çatdırasınız.

 

Mən bir daha vurğulamaq istəyirəm və lazım bilirəm ki, bayram münasibətilə ailələrinizi, həyat yoldaşlarınızı təbrik edim və onlara təşəkkürümü bildirim. Əminəm ki, əgər siz məsul şəxslərin həyat yoldaşları sizinlə həmrəylik göstərsələr, fikirdə və qəlbdə sizinlə bir olsalar, istər nazirlər və parlament üzvləri və istərsə də müavinlər, müşavirlər, müxtəlif sahələrin rəhbərlərinin yerinə yetirdiyi işlər daha yaxşı irəliləyəcək. Bu məsələnin bir hissəsi də sizin davranış və rəftarınıza bağlıdır. Bəzi məsul şəxslər məsuliyyət və iş meydanına daxil olduqdan sonra işə olan həvəs və maraq o qədər onları məşğul edir ki, övladlarını, həyat yoldaşları, vəzifələri, habelə evləri, birlikdə nahar və şam yeməli olduqlarını unudurlar və tamamilə yaddan çıxarırlar. Bunları unutmayın!

 

 

Cənab doktor Arifin söylədikləri ilə bağlı bir cümlə demək istəyirəm. Verdiyiniz qərarlar və işgüzar toplantılarda ardınca getdiyiniz məsələlər, əlbəttə ki, çox yaxşıdır. Elə deyilənlərin hamısı çox yaxşıdır, ancaq bizim ölkədə bir çatışmazlıq var ki, bu, çox önəmlidir. Bizim qanun çatışmazlığımız yoxdur, qayda-qanun və yaxşı layihə çatışmazlığımız da yoxdur, çoxlu sayda gözəl layihələr hazırlanıb, təqdim olunub, danışılıb, təsdiqlənib. Amma bizim çatışmazlığımız “İşlərin ardınca getmək” məsələsindədir. İşi təqib etmək lazımdır. İşlərin ardınca gedin. O cənabın təqdim etdiyi bəzi statistik rəqəmlər insanı düşünməyə vadar edir, məsələn, onun dediyi benzin istehlakı statistikası. Elə bir rəqəmdir ki, bəlkə də ölkədə istehlak olunmalı olanın iki qatıdır. Bunu, mütləq, həll etmək lazımdır, bu məsələ həll oluna biləndir. Bir vaxtlar ölkədə gündəlik benzin istehlakı 80 milyon, 75 milyon litr və bu kimi rəqəmlərə çatmışdı, daha aşağıya da düşmüşdü, indi isə o, yüz altmış neçə milyondan çox olduğunu qeyd etdi! Bu məsələ təqib olunmalıdır, işin ardınca getmək lazımdır. Məktəblərlə bağlı məsələlər, təhsil üzrə ədalət, aztəminatlı və imkansız təbəqələrlə bağlı işlər, mütləq, ardıcıl şəkildə izlənməlidir. Mənim xahişim budur ki, bu məsələlərin ardınca gedəsiniz. Toplantılar yaxşıdır, qərar qəbul etmək, rəislərin və müdirlərin şövqü, həvəsi, işə olan marağı çox lazımlı və mübarək bir şeydir, amma təkcə bu kifayət etmir. Siz bir müdir kimi, işə olan şövqünüz və qəlbi bağlılığınızla ikinci şəxsə göstəriş verirsiniz, o da bəlkə öz növbəsində üçüncü şəxsə göstəriş verir, amma bu proses ərzində göstəriş get-gedə zəifləyir, zəifləyir və bəzən elə bir yerə çatır ki, heç bir nəticə əldə olunmur.

 

Ən vacib işlərdən biri də qənaətdir. Mən, ilin şüarı və bu kimi məsələlərlə bağlı bir sıra qeydlər etmişəm, onları da dəyəcəyəm, amma qənaət, xüsusilə də enerji daşıyıcılarının istifadəsində çox önəmlidir. Elektrik enerjisində, digər enerji növlərində qənaət mühümdür. Dövlət qurumlarının özü bu sahədə hər kəsdən çox qənaət etməlidir, çünki ən böyük istehlakçı elə dövlətdir, dövlət qurumlarıdır. Ən çox benzini dövlət istehlak edir, ən çox elektrik enerjisini dövlət istifadə edir, digər sahələrdə də eyni vəziyyət hökm sürür. Özünüzü qənaətə alışdırın.

Sədi demişkən:

“Çu dəxlət nist, xərc aheste-tər kon

Ke miquyənd məllahan surudi

Əgər baran be kuhestan nəbarəd,

Be sali Dəclə gərdəd xoşk rudi.”

 

[Yəni, gəlir yoxdursa, xərcləri yavaşlat, çünki gəmiçilər bir nəğmə oxuyur:

Əgər dağlara yağış yağmasa, bir il ərzində Dəclə çayı qurumuş yatağa çevrilər.]

 

Məsələ belədir. İndi isə bu yığıncaqda iştirak edən bəzi azəri dilində danışanlar üçün də belə bir misal çəkim: “Şətt (Dəclə çayı) əgər olmasa, Bağdad olmaz”.

Bu da həmin məsələnin başqa bir ifadəsidir. Hər halda bu təqib məsələsini ciddiyə almaq lazımdır. Bu, birinci məsələdir.

 

Burada qeyd etmişəm ki, birinci dərəcəli dövlət qurumlarının iqtisadi məsələlər sahəsində birgə fəaliyyət gündəmini formalaşdırmaq və bu çərçivədə ilin şüarının həyata keçməsinə yardım etmək lazımdır. Yəni “İstehsal üçün sərmayə yatırımı” ölkənin şüarı olmalı və hamı bu istiqamətdə özünü məsul bilməlidir. Bu, ölkəni bir çox problemlərdən xilas edə bilər.

 

Bizim əsas problemimiz sərmayə yatırımı ilə bağlıdır. Camaatın əlində az-çox pul var, amma əsas məsələ, yəni həm Mərkəzi Bankın, həm İqtisadiyyat Nazirliyinin, həm də digər aidiyyəti qurumların işi bu vəsaiti istehsala yönəltmək, istehsal yönlü sərmayəyə istiqamətləndirmək bacarığıdır. Bu işin ardınca gedin, bu, son dərəcə önəmlidir. Təbii ki, xalq üçün də, yəni sərmayə yatırmaq istəyən şəxs üçün də, bu bir qürur məsələsidir ki, əlindəki pulu ölkənin inkişafı, ölkənin vəziyyətinin yaxşılaşması üçün ortaya qoya bilir. Bu qüruru da xalqa xatırladın ki, bilsinlər belə bir işlə məşğul olmaq fəxr edilməli bir işdir. Amma əsas iş dövlətin əlindədir, yəni geniş mənada dövlətin və hakimiyyətin, yəni  burada məhkəmə sistemi də rol oynayır, parlament və müxtəlif nazirliklər də bu prosesin baş tutmasında rol oynayırlar.

 

Sərmayə yatırımı üçün təhlükəsizlik mühitini təmin edin. Bir zamanlar, bir neçə il əvvəl bu hüseyniyyədə bir toplantı olmuşdu, mən xarici sərmayənin cəlb olunması ilə bağlı danışmışdım, o zaman, təcrübəli və işbacaran dostlardan biri (Allah rəhmət eləsin, vəfat edib) ayağa qalxıb dedi: xarici sərmayə yatırımı daxili sərmayəyə söykənir, əvvəlcə siz burada bir vitrin düzəldin ki, daxili sərmayəçinin maraqlı və həvəsli olduğu, sərmayə yatırmaq istədiyi və bu işə hazır olduğu bilinsin. Onda xarici sərmayəçi də bunu görüb təşviq olunub deyər ki, demək burada sərmayə qoymaq mümkündür. Daxildəki sərmayəçinin sərmayə yatırımının qarşısındakı maneələri aradan qaldırın. Bu, sanksiyaları təsirsiz hala gətirməyin ən yaxşı yollarından biridir.

 

Mən dəfələrlə demişəm ki, sanksiya məsələsinin iki cür həlli vardır: biri sanksiyaların aradan qaldırılmasıdır ki, bu bizim əlimizdə deyil, qarşı tərəfin əlindədir, digəri isə sanksiyaların təsirinin zərərsizləşdirilməsidir ki, bu, bizim əlimizdədir. Sanksiyaları zərərsizləşdirməyin yollarını tapın, bu sahədə çoxlu yol vardır və həqiqətən, sanksiyaları zərərsizləşdirmək mümkündür. Hətta daxili imkanlardan yaxşı istifadə etsək, ölkəni sanksiyalar qarşısında tam zərərsiz və davamlı hala gətirmək də mümkündür. Yəni sanksiya tətbiq olunsa belə, ölkə öz gücü ilə çətinlikləri aşmağı bacarar, yəni ölkənin daxili imkanları bu qabiliyyətə malikdir.

 

Toxunulan məsələlərdən biri də mənim israrla vurğuladığım ticarət əlaqələrinin genişləndirilməsi məsələsidir. Ticarət əlaqələri qonşu ölkələrə üstünlük verilməklə genişləndirilməlidir. Çin, Rusiya və Hindistan kimi Asiyada iqtisadi nəhəng sayılan ölkələrlə iqtisadi münasibətləri asanlaşdırın. Əlbəttə, bu əlaqələrin bəziləri çox çətindir, bunu bilirik, amma istənilən çətin işi böyük səy və düzgün tədbirlə həyata keçirmək olar. Beləliklə, qonşularla əlaqə məsələsi mühümdür. Bu məsələlərdə vasitəçi şəxslərin də böyük rolu var, yəni bəzən bir məhsulu daima müəyyən bir mənbədən gətirməyə adət etmiş vasitəçi müdirlərdən gedir. Mən bir neçə gün əvvəl bunu birinə söylədim ki, mən prezident olduğum dövrdə bir Afrika ölkəsinə getmişdik. Orada çox yaxşı bir heyvandarlıq və kənd təsərrüfatı mərkəzi var idi və indi də var. O ölkənin rəhbəri  mənə dedi ki, bizim istehsal etdiyimiz ət lüks ətdir, yəni Avropalılar bizdən ət alırlar. O vaxtlar da hər şey dövlət vasitəsilə idxal olunurdu. 1980-ci illərdə ət də dövlət tərəfindən gətirilirdi. Deyirdi ki, siz Avropadan ət idxal edirsiniz, Avropa da bizdən aldığı eyni əti ikiqat qiymətə sizə satır! Mən buraya gəlib məsul şəxslərə bunu dedim. Dedim ki, gedin bu məsələni araşdırın, araşdırmadılar. Sözdə müsbət qarşıladılar, əməli olaraq isə heç nə edilmədi. Qonşularla, iqtisadi nəhənglərlə, müxtəlif ölkələrlə, elə bu adını çəkdiyim Afrika ilə ticarət məsələsi çox yaxşıdır. Hörmətli Prezidentin bayram və bu kimi münasibətlərlə həmin ölkələrin prezidentləri ilə qurduğu əlaqələr də çox yaxşıdır, bunlar işi irəli aparır. Eləcə də Xarici İşlər Nazirliyinin fəaliyyəti, yəni bu səfərlər və qarşılıqlı görüşlər çox yaxşı fəaliyyətlərdir.

 

Oman danışıqları ilə bağlı bir cümlə demək istəyirəm. Mən bu məqamı vurğulamaq istəyirəm ki, bu danışıqlar Xarici İşlər Nazirliyinin onlarla fəaliyyətindən yalnız biridir, yəni Xarici İşlər Nazirliyinin bir çox işi var və onlardan biri də Oman danışıqları və son zamanlar gündəmə gəlmiş bu məsələlərdir. Çalışın ölkənin məsələlərini bu danışıqlardan asılı etməyəsiniz. Bu, mənim qəti təkidimdir. JCPOA-da [Birgə Hərtərəfli Fəaliyyət Planı, yəni nüvə sazişi məsələsi] etdiyimiz səhv burada təkrarlanmasın. O zaman biz hər şeyi danışıqların irəliləyişinə bağladıq, yəni ölkəni şərtli [yəni danışıqlar baş tutsaydı, ölkədə vəziyyət müsbətə doğru dəyişəcək, baş tutmasa isə, dəyişməyəcək] vəziyyətə saldıq. Aydındır ki, ölkənin işləri danışıqlardan asılı olarsa, sərmayəçi də sərmayə yatırmayacaq. Deyir ki, görək bu danışıqların sonu nə olur. Bu danışıqlar da bir işdir, bir fəaliyyət növüdür və Xarici İşlər Nazirliyinin çoxşaxəli fəaliyyətlərindən biridir ki, hazırda aparılır. Ölkə isə öz işlərini müxtəlif sahələrdə davam etdirməlidir; sənaye, kənd təsərrüfatı, müxtəlif xidmət sahələri, mədəniyyət, müxtəlif quruculuq sahələri və Cənub-Şərq bölgəsi kimi özünəməxsus şəkildə müəyyənləşdirilmiş mövzular. Bu işləri ciddi şəkildə izləyin və davam etdirin, bunların Oman danışıqları ilə ümumiyyətlə, heç bir əlaqəsi yoxdur. Bu da başqa bir məsələ.

 

Bu arada, bu danışıqlara nə ifrat şəkildə nikbin yanaşmaq lazımdır, nə də ifrat şəkildə bədbin. Hər halda bu da bir işdir, bir hərəkətdir, qərar verilib və icraya başlanılıb. Bu ilkin mərhələlərdə yaxşı irəliləyib, yaxşı icra olunub. Bundan sonra da tam dəqiqliklə davam etdirilməlidir. Qırmızı xətlər bəllidir həm qarşı tərəf üçün, həm də bizim üçün. Danışıqlar düzgün şəkildə aparılmalıdır. Ola bilər nəticə versin, ola da bilər nəticə verməsin, nə çox nikbinik, nə də çox bədbin. Əlbəttə, qarşı tərəfə çox bədbinik, qarşı tərəfi qəbul etmirik, onu tanıyırıq. Amma öz imkanlarımıza nikbinik, bilirik ki, çox işlər görə bilərik, yaxşı metodlara sahibik.

 

Yeddinci inkişaf proqramı məsələsi də mühüm bir məsələdir ki, bu il bir qədər gecikmə ilə də olsa, başlayır. Çalışın bu proqramın başlanğıcı altıncı inkişaf proqramı kimi olmasın. Altıncı inkişaf proqramının bəzi hissələri elə əvvəlcədən düzgün istiqamətdən çıxmışdı. Çalışın yeddinci proqramın müxtəlif sahələri bu cür sapmalarla üzləşməsin. Bu, parlamentin qərarıdır və ölkə üçün zəruri bir işdir, hökumətin ümumi siyasətlərinə əsaslanır və ümumilikdə yaxşı proqramdır. Nəhayət, bu bir qanundur və icra olunmalıdır. Amma diqqət yetirilməlidir ki, öz meyarlarına uyğun və düzgün şəkildə həyata keçirilsin və sapma baş verməsin.

 

Qəzza məsələsi ilə bağlı bir cümlə demək istəyirəm. Qəzza hadisələrində, həqiqətən də, Fələstin üzərində hökmranlıq edən bu cinayətkar dəstə cinayətkarlıqda həddi aşıb, həqiqətən də, həddi keçiblər! Mən belə bir hadisəni xatırlamıram, rast gəlməmişəm ki, məqsədli şəkildə, xüsusi hədəflə məzlumlara, uşaqlara, xəstələrə, jurnalistlərə, xəstəxanalara, təcili yardım maşınlarına hücum etsinlər. Bu, doğrudan da, çox qəribə bir şeydir. Bu, fövqəladə bir qəddarlıq tələb edir ki, bu cinayətkar və xəbis dəstə ona sahibdir!

 

Mənim fikrimcə, İslam dünyası bu məsələdə bir hərəkətə keçməli və bir iş görməlidir. İslam dünyası, istər iqtisadi, istər siyasi, istərsə də zərurət yarandıqda əməli baxımdan birgə və həmahəng şəkildə bu məsələ üzərində düşünməli və fəaliyyət göstərməlidir. Əlbəttə, onlar Allahın qamçısını da gözləməlidirlər, çünki bu cür zülmlərin İlahi sərt bir cavabı olacaq, bunda heç bir şəkk-şübhə yoxdur, amma bu [İlahi cavab] xalqın, bizim və dövlətlərin vəzifəsini azaltmır. Allah-təala öz işini görəcək, biz də öz vəzifəmizi yerinə yetirməliyik.

 

Ümid edirik, inşallah, Allah-təala bütün müsəlman xalqların, İslam ümmətinin, əziz İran xalqının, siz məsul şəxslərin aqibətini xeyirli etsin, işləri asanlaşdırsın və Allah-təala bizdən və işlərimizdən razı olsun, inşallah. Hər zaman və hər bir işdə Allahı nəzərdə saxlayın.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.