Bağışlayan və mehriban Allahın adı ilə

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین.

Siz əziz gənc və yeniyetmələrin məclisi çox bərəkətli, həyacanlı və dolğun mənalı məclisdir. Proqram hazırlayanlara, söhbət edənlərə, surud oxuyanlara, Quran tilavət edənlərə və habelə proqramın möhtərəm aparıcısına təşəkkür edirəm.

 

4 noyabrda (13 Abanda) həyata keçən bu üç münasibətin ikisində amerikalılar İran millətinə zərbə vurdular, bir münasibətdə də İran milləti amerikalılara zərbə vurdu. Amerikanın İran millətinə zərbə vurduğu o iki münasibətin biri 64-cü ilin 4 noyabrında (13 Abanda) İmam Xomeyninin sürgün olunması idi. Bu sürgünün səbəbi İmam Xomeyninin kapitulyasiya ilə müxalifətçiliyi idi. Kapitulyasiya siyasi bir termindir. Mənası isə bir ölkənin işçilərinin başqa bir ölkədə toxunulmazlığının olmasıdır. Yəni İranda xəyanətkar Pəhləvi hökumətinin əli ilə təsdiq olunan şey bu idi ki, Amerika işçilərinin İranda toxunulmazlığı olsun və bu mənada ki hər cinayəti etsələr də, İran məhkəmələrində mühakimə olunmasınlar. Bu, kapitulyasiya qanunu idi. Bu, ən təhqiramiz qanunlardan biridir. Yəni fərz edin ki, bir sərxoş amerikalı küçədə maşınla vurub on nəfəri həlak etsə, İran məhkəmələrinin bu şəxsi mühakimə etməyə haqqı yoxdur, gərək Amerikaya göndərsinlər və orada mühakimə olunsun. Bu qanunu Pəhləvi hökumətində təsdiq etdilər və bu qanuna etiraz olaraq bir səda, özü də hamının qulağına çatacaq bir səda yüksəldi və bu səda İmam Xomeyninin sədası idi. İmam Xomeyni qalxıb söhbət etdi və dedi ki, biz bu qanuna tabe olmayacağıq. Bunun nəticəsi də İmam Xomeynini Aban ayının 13-də (4 noyabrda) tutub İrandan sürgün etdirmək oldu. Bəs, bu iş amerikalıların işi idi, yəni zərbəni amerikalılar bizə vurdular.

 

İkinci zərbə tələbələrin qətliamı idi. (Bildiyiniz kimi) Bu inqilab təkcə Pəhləvi əleyhinə deyildi, Pəhləvi və Amerika əleyhinə idi. İran millətinin inqilabi hərəkətinin ən pik həddə çatan günlərində tağut polisi, şah rejiminin polisi tələbələri həmin Tehran universitetinin qarşısında qətlə yetirdilər, gülləbaran etdilər və tələbələrin bir dəstəsini qanlarına qəltan etdilər. Bu hadisə də Aban ayının 13-də idi. Bəs, bu iki hadisə amerikalıların bizə–İran millətinə vurduğu zərbə idi.

 

İnqilabın qələbəsindən on ay sonra 1979-cu ilin 4 noyabrında (Aban ayının 13-də) tələbələr gedib Amerika səfirliyinə daxil olub oranı ələ keçirdilər və o səfirliyin gizli sirlərini, sənədlərini ifşa etdilər. Bununla da, Amerikanın abrı aradan getdi. Bu bizim-İran millətinin Amerikaya vurduğu zərbə idi. Bu, (13 Abanda baş verən) üç hadisədir.

 

Bəli, mənim sözüm budur və mən deyirəm ki, gərək siz – bu günün gənclərinin müxtəlif məsələlər barədə təhliliniz olsun. Təkcə hiss və emosiya kifayət etmir. İndi mən öz dediyim sözdən məqsədimi izah edəcəm. Sizin gərək İslam inqilabının həqiqətindən təhliliniz olsun. Müqəddəs Müdafiə Günləri, səkkiz illik döyüş barədə təhliliniz olmalıdır. 80-ci illərdə baş vermiş hadisələrlə bağlı da eyni formada. 90-cı İllərdə fikir ayrılıqlarından yaranan hadisələrlə, o cümlədən 2000 və 2010-cu illərin hadisələri ilə bağlı təhliliniz olmalıdır. Yəni bu hadisənin nə olduğunu, haradan başladığını, hadisənin pərdə arxasında kimin dayandığını və bu hadisənin nəticəsinin nə olduğunu bilin və müəyyənləşdirin. (Bütün) Bunlar təhlildir.

 

İndi mən bir mətləbi qeyd etmək istəyirəm və o da Amerika ilə qarşıdurmamızdır. Yaxşı, indi siz bir saatdır ki, Amerika əleyhinə ardıcıl olaraq şüar verirsiniz (bunda ki şübhə yoxdur), lakin (əsas) məsələ nədir? Bizim Amerika ilə problemimiz nədir? Amerikalıların özləri İran milləti ilə düşmənçiliklərini səfirlik məsələsinə bağlayırlar (diqqət edin ki, bu qeyd etdiyim mətləb diqqət üzərindən və hazırda baş verən və yerinə yetirmək istədikləri işlərdən (ələ gələn) məlumatlardır. İstəyirəm ki, siz əziz gənclərin bu məsələyə diqqəti olsun və bəziləri də onlara tabe olaraq bu işi təkrar edirlər. Yəni nə? Yəni deyirlər ki, cənab! Amerikanın İrana sanksiya tətbiq etməsinin, İranla pis olmağının, İranda iğtişaşa yol açmağının, problemlər yaratmağının və Amerikanın İranla bu düşmənçiliklərinin səbəbi budur ki, sizin tələbələriniz gedib Amerika səfirliyini ələ keçirdilər. Həm amerikalılar, həm də İranın daxilində (bu məsələdə) onlara tabeçilik göstərənlər bu sözü deyirlər. Mənim prezidentlik dövrümdə də Amerikanın o günkü məşhur müxbiri və müsahibə götürəni Nyu-Yorkda məndən müsahibə aldıqda birinci sözü bu idi ki, sizinlə bizim ixtilafımız sizin səfirliyimizə daxil olmağınız və oranı tutmağınızdır. Bunu yeritmək istəyirlər, bir halda ki, bu böyük bir yalandır. Xeyr, məsələ bu deyildir. Səfirlik hadisəsindən 26 il əvvəl 28 Mordad (19.08.1953) çevrilişi baş verdi və o gün ki heç kəs səfirliyə getməmişdi. 1953-cü ildə Amerika İranda milli müstəqil və Amerikadan asılı olmayan bir dövləti cinayət xarakterli və zalımcasına bir çevrilişlə devirdi. Bu, Amerikalıların düşmənçiliyidir. Bəs, Amerikanın İslam Respublikası, İran milləti və İslami olan İranla düşmənçiliyinin səfirlirlik məsələsinə aidiyyatı yoxdur.

 

Səfirlikdən ələ gələn sənədlər göstərirdi ki, inqilabın qələbəsindən sonrakı ilk günlərdən Amerika səfirliyi İrana qarşı sui-qəsd və casusluq mərkəzi olub. Özünüz artıq bilirsiniz ki, tələbələr gedib sənədləri gətirdilər. Bu sənədlərin bir çox miqdarını Amerikalılar kağız doğrayan aparatın içinə atıb doğramışdılar. Tələbələr tam hövsələ ilə bu kağızları bir-birinə yapışdırıblar və indi bu qeydlər yetmiş-səksən cild kitabdır. Hətta Amerika səfirliyində inqilab əleyhinə çeviriliş etmək üçün plan hazırlanmışdı. Daxili müharibə planı hazırlanırdı, çalışırdılar ki, ölkənin sərhəd vilayətlərində daxili döyüşlər başlatsınlar. Yeni inqilabi hökumətə necə nüfuz edə biləcəkləri haqda plan hazırlayırdılar. Daxildə olan inqilaba zidd mediaları idarə edib yönəldirdilər ki, məsələn, filan şeyi yazın, filan şeyi deyin, bu şeyi özünüzdən düzəldin, bu şayiəni yayın. Sanksiya üçün də plan cızırdılar. Yəni səfirlik inqilabın başlandığı həmin ilk günlərdən ölkə və inqilab əleyhinə məkirli hiylə mərkəzi idi. Buna görə də Amerikanın düşmənçiliyinin casusluq yuvasının (Amerika səfirliyi) tutulması ilə heç bir əlaqəsi yoxdur. Bundan çox qabaqlar onlar inqilab əleyhinə fəaliyyətlərini başlamışdılar.

 

Bəs, məsələ nə amerikalıların yalandan iddia etdikləri kimi, nə də daxildə bir dəstənin ya sadəlövhlük üzündən, yaxud da müxtəlif səbəb və maraqlar əsasında "Cənab, siz görürsünüz ki, Amerika kimi bir qüdrət İslam Respublikası əleyhinə bu qədər fəaliyyət göstərir, bunun səbəbi sizin filan vaxt gedib onların səfirliyini tutmağınızdır" sözlərini səsləndirdiyi kimidir. Xeyr, məsələ bu deyil. Bəs, məsələ nədir? Məsələni daha köklü başa düşə bilmək üçün bir qədər arxaya qayıdaq. Mən çox istərdim və qəlbi istəyim var ki, siz gənc və yeniyetmələr bu məsələlərə diqqət yönəldəsiniz və üzərində fikirləşib çalışasınız. Çünki ölkənin sabahı sizə aiddir, ölkənin inkişaf edən güclü biləkləri sizlərsiniz, ölkə sizindir və irəli getməlisiniz. Məsələni bir az daha dərindən ölçüb-biçək.

 

Qərbin İrana nüfuz etmə məsələsi ingilislərdən başladı, birinci onlar İrana gəldilər. Əlbəttə, miladi təqvimlə 1800-cü ildən Qacarlar dövlətinə nüfuz etdilər və öz nüfuzlarını tədricən genişləndirdilər. İngilislərin İrandakı hədəfi Hindistanda etdikləri işi görmək idi. Bilirsiniz ki, Hindistan təqribən 150 il ingilisin əlində idi və Hindistanı ingilislər taqətdən saldılar. İngilislərin əsas sərvətləri Hindistanın istismarındandır ki, indi bunun əhvalatı müfəssəldir. Həmin işi İranla görmək istəyirdilər. Yəni əvvəl kiçik bir yerdən başlasınlar, tədricən genişləndirələr, ölkənin iqtisadi resurslarını öz ixtiyarlarına keçirələr və ölkə iqtisadiyyatı ixtiyarlarına keçdikdən sonra artıq siyasi hökmranlıqları asanlaşmış olur. Eynilə Hindistanda etdikləri kimi. Əvvəl Şərqi Hindistan şirkətini işə saldılar, irəliləyəndən sonra da Hindistan hökümətinin hökmranlığını ələ keçirdilər və bununla da, Hindistan İngiltərə imperatorluğunun bir hissəsinə çevrildi. Təqribən 150 il vəziyyət bu formada idi. Bəs, İranda da bu işi görmək istəyirdilər. "Tənbəki hərəkatı" adını, adətən, eşitmisiniz. İlk olaraq gördükləri işlərdən biri tütün inhisarıdır ki, bununla, ölkə tənbəkisinin əkmə, şatış və alış inhisarı ingilislərin ixtiyarına keçsin. O zamanın dövlət orqanları, yəni Nasirəddin şahın zamanında bu işin mənasının nə olduğunu dərk etmədilər və qəbul etdilər. Şiənin mərcəyi-təqlidi Mirzayi Şirazi Samirrada bu hadisənin arxasında nəyin dayandığını başa düşdü, bir fətva ilə bu müqaviləni bir-birinə vurdu və aradan apardı. Bu onların (ingilislərin) gördükləri birinci iş idi. Bəs, bu baş vermədi. Ardıcıl olaraq bu kimi müxtəlif sazişlər oldu ki, onlardan ən mühümü " Vüsuqud-dövlə" adı ilə məşhur olan sajiş idi ki, miladi təqvimlə 1919-cu il və Şəmsi təqvimlə 1299-cu ildə ingilislər İranın o zamankı Baş nazirinə çoxlu miqdarda rüşvət verməklə bu sazişi bağladılar. "Vüsuqud-dövlə" sazişi İranın iqtisadiyyatını, siyasətini, ordu və hərbisini, bir sözlə, hər bir şeyini ingilislərin ixtiyarında qoyurdu. Bu saziş də bağlandı, lakin şəhid Müdərris o zamanın Milli Şura Məclisində (parlamentdə) tək başına bu sazişin müqabilində dayandı, ifşa etdi və nəticəyə çatmasına imkan vermədi və nəticədə bu sajiş ləğv olundu. Reuter və bunun kimi digər sajişlər də var idi ki, bu sajişlər, əsasən, din alimlərinin vasitəsilə ləğv olundu, aradan getdi və qarşısı alındı.

 

Əlbəttə, sonra ingilislər din alimlərindən öz qisaslarını aldılar. İngiltərə dövləti gördükdə ki, bu cür alınmır və Hindistanda etdikləri plan İranda baş tutmur, bir həll yolu tapdılar. Düzgün diqqət yetirin! O çıxış yolu bu idi: fikirləşdilər ki, İranda özlərindən yüz faiz asılı olan qəddar diktatura hökuməti iş başına gətirsinlər və bununla, daha nigarançılıqları olmasın və istədikləri hər bir iş o hökumət vasitəsilə İranda icra edilsin. (Əsli) Qazax (millətindən) olan Rza xanı tapdılar, onu tanıyırdılar və göz qoydular. Rza xan ingilislərin ehtiyaclı olduğu həmin şəxs idi. Çox rəhmsiz, çox kobud, çox ədəbsiz, savadsız, maarifdən xəbərsiz, avara, təqvasız və imansız bir adam idi. Belə bir adamı tapdılar. Qacar şahı olan Əhməd şahın zəifliyindən istifadə etdilər, Rza şah və başqa bir nəfərin, yəni sonradan uzaqlaşdırdıqları Seyid Ziya Təbatəbainin əli ilə İranda çevrilişə əl atdılar. Rza şahı birinci ali baş komandan, sonra Baş nazir və daha sonra İranın şahı etdilər. İngilislərin İranda istədikləri həmin iş həyata keçdi.

 

Bəs, Rza şahın vasitəsilə ilə etdikləri birinci iş ruhaniyyəti əzmək, xalqı qorxutmaq idi. Milləti şiddətli şəkildə qorxutdular. Ata-analarımızın, böyüklərimizin bizlərə nəql etdiklərinə əsasən, Rza şahın dövründə kiminsə nəfəs almağa cürəti çatmırdı. Xəlvət otaqda belə kiminsə Rza şaha irad etməyə cürəti çatmırdı. Xəlvət bir otaqda iki-üç nəfər ailə üzvləri arasında da kimsə cürət tapa bilmirdi. Milləti bu qədər qorxuya salmışdı. Alimləri evdə oturmağa məcbur etdi, əmmamələrini başlarından götürdü, elmiyyə hövzələri tətil etdi və hicab kimi dini hökmlərlə açıq şəkildə müxalifət apardı. İngilislərin İranda həyata keçməyə meyilli olduğu həmin işləri, yəni bütün iqtisadiyyat və mal resurslarınına yiyələnməyin hamısını yerinə yetirdi. Onların istədikləri hər bir işi etdi. Əlbəttə, burada mən bir mətləbə işarə edim ki, Qərb təfəkküründə fani olmuş, yaxud Qərbə bağlı bir dəstə ziyalı (hamısı Qərbə bağlı deyildilər, bir dəstəsi Qərbə bağlı deyildi, lakin Qərb təfəkküründə fani olmuş, Qərbə vurğun idilər) Rza xan hökumətinin möhkəmlənməsində rolu var idi. Bunlar da Allah qarşısında mühakimə olunacaqlar. Adlarını dilə gətirmək istəmədiyim o ziyalılar da Rza şahın xalqa etdiyi cinayətlərdə şərikdirlər; bu məsələ da vardır.

 

Bəs, Rza şah İranda ingilisin əlaltısı oldu. Bu arada İkinci Dünya müharibəsi qabağa gəldi. İkinci Dünya müharibəsində Rza şah öz təbiətinə uyğun olaraq Almaniyaya meyilləndi. Hitlerin gördüyü iş metodunu xoşlayırdı, almanlara qarşı bir meyil tapdı. İngilislər bunu başa düşdülər və gördülər ki, bu artıq dərdə dəymir. Buna görə də 1941-ci ildə Rza şahı kənarlaşdırdılar. Özləri gətirib, özləri də kənarlaşdırdılar. Onu kənarlaşdırıb oğlunu müəyyən şərait əsasında onun yerinə təyin etdilər və dedilər ki, gərək bu işi görəsən, bu cür əməl edəsən, belə rəftar edəsən, o da (cavabında) baş üstə dedi. Hətta dedilər ki, filan radio kanalına gərək qulaq asmayasan, o da dedi ki, baş üstə. Yəni bu həddə! Deməli, bura qədər ingilislərin hakimiyyəti idi.

 

41-ci illər ingilislərin tədrici tənəzzül etmə dövranıdır. Xalq mübarizə apardı, Hindistan azad oldu, bəzi Afrika ölkələri və başqa ölkələr də azad oldu, (bununla) ingilis zəiflədi və ingilisin zəifliyi Amerikanın meydana girməsinə səbəb oldu. 41-ci ilin ortalarında Amerika İrana ayaq basdı. Öncə xoş və mülayim simayla "Trumenin dörd prinsipi" və başqa bəzi şeylərlə İrana ayağı açıldı. Daha bunun təfərrüatı genişdir. Hətta bir yerdə nəzərləri özünə cəlb etməkdən ötrü ingilis müxalifləri ilə həmfikir və həmrəylik etdi. Təəssüf ki, bəzi ingilis meyilli olmayan siyasətçiləri özünə bağlı və meyilli edə bildi. Amerikanın İranda rəftarı belə idi. Öncə yumşaqlıq göstərərək gəldi və göstərdi ki, İranda istismarçılıq iddiası yoxdur. Nə qədər ki, Müsəddiqin hökuməti kimi milli bir dövlət iş başına gəlməmişdi, vəziyyət belə idi. Yeri gəlmişkən, Müsəddiq də yüngül düşüncəsi, səhlənkarlıq və ya sadəlövhlük üzündən – indi adını nə qoyursunuzsa, qoyun – amerikalılara qarşı nikbin idi. Müsəddiq ingilislərə qarşı idi və eyni zamanda da Amerikanın köməyinə ümidvar idi. Yadların köməyinə ürək bağlamaq (qəlbən bağlanmaq), belə olur. Bu dövlət iş başına gəldikdə və məlum olduqda ki, Amerikaya bağlı deyil və ola da bilməz, amerikalılar 28 Mordad çevrilişini başlatdılar, dövləti süquta uğradıb İranda çoxlu faciələr törətdilər.

 

Amerikanın maskası üzündən düşəndən və İranla mehriban və dost bir dövlət olmadığı məlum olandan sonra daha istədikləri hər işə əl atdılar. Sionistlərin ayağını İrana açdılar və bu işi amerikalılar gördülər. Amerikalılar ölkənin taleyini əllərinə aldılar, ölkəni siyasi və iqtisadi cəhətdən tamamilə özlərindən asılı vəziyyətə gətirdilər, sionist rejimin ayağını amerikalılar İrana açdılar və SAVAK-ı (qeyd: İranın o zamakı milli təhlükəsizlik orqanı) təşkil etdilər. SAVAK xalqa, etirazçılara, müxalifətçilərə qarşı tamamilə sərt və rəhmsiz idi, ən kiçik müxalifəti belə, darmadağın edirdi. Bunların hamısı amerikalıların hökmranlığı dövründə, 50-60-cı illərdə idi. On minlərlə hərbi müşavirləri İrana gətirdilər və onları idarə etmək üçün ağır xərcləri İran millətinin boynuna yüklədilər. Silah, onun alışı, kimdən və nə qədər pula alınması, pulunun necə verilməsi, necə təhvil alınması–bütün bunların hamısı amerikalıların öhdəsində və onların ixtiyarında idi. Cavanları fəsada çəkməkdən ötrü əxlaqi fəsadın yayılması amerikalıların dəqiq proqramlaşdırdıqları şəkildə, yəni 50-60-cı illərdə, yəni 60-cı illərin sonu və 70-ci illərin əvvəli daha bu məsələ pik həddə çatmışdı. Bəs, məlum məsələdir ki, fəsada sürüklənmiş bir gəncin duruş gətirməyə və müqavimətə qüdrəti olmayacaqdır. Onlar iranlı gənci xasiyyətsiz (ölkə məsələlərinə etinasız) etmək istəyirdilər. Elm və texnologiyada geridə qalma, əxlaqi fəsadın inkişafı, dəhşətli şəkildə sosial təbəqələr arasında ayrı-seçkilik–bunların hamısı İranda amerikalıların hakimiyyəti və onların nüfuzu zamanında baş verdi.

 

Bu düşmənçiliyi davam etdirdilər ta inqilabi hərəkat pik həddə çatdı. Bundan sonra (özləri üçün) təhlükə hiss etdilər və təzyiqlərini daha da artırdılar. Hətta inqilabın qələbəsinə təqribən bir həftə qalmış Hayzer adlı görkəmli amerikalı bir general Tehrana gəldi ki, bəlkə, bir çevriliş edib, bununla yüz minlərlə, bəlkə də, milyonlarla insanı qətlə yetirə bilsin. Məqsədləri bu idi və Hayzer bu işi yerinə yetirmək istəyirdi. Əlbəttə, inqilab elə bir nöqtəyə çatmışdı ki, daha onların tədbirləri faydasız idi. Alicənab İmam Xomeyni kimi bir möhkəm iradə onların müqabilində qərar tutmuşdu. Onlar çevriliş etmək istəyirdilər, buna görə komendant saatı elan etdilər. Lakin İmam Xomeyni xalqa dedi ki, küçələrə çıxın, komendant saatını bir-birinə vurdu, planlarını puça çıxardı və buna görə də məğlub oldular. Hayzer də gördü ki, faydası yoxdur, İrandan getdi. Əlbəttə, əlavə dörd-beş gün də İranda qalsaydı, ehtimal var idi ki, İranda ilk edam olunanlar sırasında olacaqdı. Bəxti gətirdi ki, tez getdi.

 

Xülasə, Amerika və İranın məsələsi budur. Siz ki "Ölüm olsun Amerikaya" deyirsiniz, bu dediyiniz sırf şüar deyil, bir yol, bir üslubdur. Səbəbi də dediyim kimidir; amerikalılar illər ərzində 40-cı illərin ortalarından ta inqilabın qələbəsinə qədər, yəni 70-ci illərin axırlarına qədər 30 il İranda bu millətin əleyhinə əllərindən gələn hər bir işi yerinə yetirdilər, bacardıqları qədər maddi, iqtisadi, siyasi, elmi və əxlaqi cəhətdən zərbə vurdular. İnqilab belə bir vəziyyətdə qələbə qazandı və belə bir fasid hakimiyyətin və dağıdıcı nüfuzun qarşısında dayandı və Allahın lütfü ilə İran milləti və alicənab İmamın rəhbərliyi sayəsində zəfər qazandı.

 

Hayzerin İranda görmək istədiyi işi amerikalılar indi Qəzzada edirlər. Hadisə həmin hadisədir və Fələstində həmin iş yerinə yetirilir. İşğal olunmuş və məzlum Fələstinə hakim olmuş sionistlər Amerikanın himayəsinə arxalanıblar. Əgər Amerikanın himayəsi olmasaydı, əgər Amerikanın silahlı dəstəyi olmasaydı, fasid, qondarma və yalançı sionist rejimi elə həmin birinci həftədə aradan gedib məhv olmuşdu. Amerikalılar onların arxasında dayanıblar. Bu gün Qəzzada həmin hadisələr baş verir ki, əgər bacarsaydılar, o hadisəni İranda həyata keçirərdilər. Qəzzada sionistlərin vasitəsilə, amerikalıların köməyi və həqiqətdə amerikalıların əli ilə törədilən faicələr analoqu olmayan bir faciədir. Üç həftə ərzində dörd minə yaxın uşaq bunların əli ilə öldürülüblər. Tarixin hansı dönəmində belə bir şeyin şahidi olmusunuz? İslam ümməti hadisənin nə olduğunu bilməli və meydanı müəyyən etməlidirlər. Meydan Qəzza və İsrail meydanı deyil, haqq və batil meydanıdır. Meydan hegemon və iman meydanıdır; bir tərəfdə iman qüdrəti, digər tərəfdə hegemon qüdrəti. Əlbəttə, hegemonların qüdrəti hərbi təyziq, bombardmanlar, faciə və cinayətlə qabağa gedir, lakin iman qüdrəti Allahın lütfü ilə bunların hamısına qalib gələcəkdir.

 

Düzdür ki, qəlblərimizdən Fələstin xalqı və məxsusən də Qəzza əhalisinin müsibətlərinə görə qara qanlar axır, lakin diqqətlə nəzər saldıqda görürük ki, meydanın qalibi Qəzza əhalisidir, Fələstin xalqıdır. Onlar (Fələstinlilər) böyük işlər görməyi bacardılar. Əvvəla, Qəzza əhalisi öz səbrləri, müqavimət və təslim olmamaqları ilə saxta insan hüququ maskasını Amerika, Fransa, İngiltərə və bunu kimi digərlərinin üzündən salıb, onları rüsvay etdilər. Qəzza əhalisi öz səbrləri ilə bəşərin (yatmış) vicdanını hərəkətə gətirməyə nail oldular. İndi siz görürsünüz ki, dünyada nələr baş verir. Həmin Qərb ölkələrində İngiltərə, Fransa İtaliya və Amerikanın müxtəlif əyalətlərində xalq kütləvi şəkildə küçələrə çıxıb İsrail əleyhinə və bir çox hallarda Amerika əleyhinə şüarlar səsləndirirlər. Bununla onların abırları getdi. Bunların, həqiqətən də, heç bir çarələri yoxdur, bunlara don geyindirə bilmirlər və buna görə də fikir verin ki, bir axmaq meydana çıxır və deyir ki, İngiltərədə camaatın toplanması İranın işidir. Yəqin London, yaxud Paris Bəsici (özü könüllülər dəstəsi) bu işi görüb (məclisdə olanlar hamılıqla Ayətullah Xameneinin bu kinayəli sözünə gülürlər). Bu gün Qərb siyasətçiləri və Qərb mediasının göstərdiyi həqiqi həyasızlıqlardan biri də Fələstinli mübarizləri terrorist adlandırmaqlarıdır. Kimsə öz evini müdafiə edirsə, terroristdir? Kimsə öz vətənini müdafiə edirsə, terrorist olur? O gün ki ikinci dünya müharibəsində almanlar gəlib Parisi tutdular və parislilər də almanlarla mübarizə edirdilər, onda fransalı mübarizlər terrorist idilər? Necə olur ki, onlar mübariz sayılırlar, Fransanın iftixar mənbəyi olurlar, amma HƏMAS və İslami Cihadın bir gənci terrorist olur? Həyasızlar! Qəzza əhalisi və Fələstin mübarizləri dünya yalançılarını rüsvay etdilər.

 

Əqsa fırtınası əməliyyatının gördüyü mühüm işlərdən biri budur ki, qarşı tərəfdən kəmiyyət cəhətdən az olan kiçik bir qrup çox az tədarük və imkanlarına baxmayaraq, möhkəm iman və əzmləri sayəsində düşmənin illərlə cinayətkar cəhdlərinin məhsulunu bir neçə saat müddətində külə çevirib havaya sovura bildi. Bununla göstərdi ki, dünyanın məğrur və hegemon dövlətlərini təhqir edə bilər. Fələstinlilər öz əməl, şücaət, təşəbbüsləri və eləcə də bu gün öz səbirləri ilə həm qəsbkar rejimi təhqir etdilər, həm də qəsbkar rejimin himayədarlarını. Bu böyük bir dərsdir. Əlbəttə, bu bu cinayətlər bəşəriyyəti sirkələdi, (əslində) hamını sirkələdi.

 

Bunu mən bundan bir neçə gün əvvəl dedim və indi də təkrar edirəm ki, İslam dünyasından olan gözlənti çoxdur. Hər kəs hansı formada bacarırsa, kömək etsin. İslam dövlətləri bunu bilməlidirlər ki, əgər bu gün Fələstinə kömək etməsələr, İslam və insanlığın düşməni olan Fələstin düşmənini gücləndirmiş olublar və sabah həmin təhlükə onların özlərini təhdid edəcəkdir. İslam dövlətlərinin üzərində təkidlə dayanmalı olduqları məsələ Qəzzada baş verən bu cinayətlərin dərhal dayandırılmasıdır. Bu bombardmanlar dərhal dayandırılmalı, sionist rejimə ixrac olunan neft və ərzaq yollarını bağlamalıdırlar. İslam dövlətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməməlidirlər. Bütün dünya yığıncaqlarında yüksək səslə bu cinayəti, bu faciəni tərəddüdsüz və kəkələmədən məhkum etsinlər. Hansısa İslami, yaxud ərəb toplantısında danışan həmin bir neçə nəfər də ikibaşlı və ya kəkildəyərək danışmasınlar. Xeyr, birbaşa öz sözlərini desinlər. Məlumdur ki, nə cür hadisələr baş verir. Sionist rejim məhkum olunmalıdır, bütün İslam dünyası sionist rejim əleyhinə səfərbər olmalıdırlar.

 

Əlbəttə, sionist rejimə dəyən zərbə təlafi olunacaq deyildir. Bunu mən əvvəl də demişdim və indi həm təkid edirəm və həm də təkrar olaraq deyirəm. Tədricən sionist rejimin məmurlarının sözlərində bu özünü göstərdi ki, onlara dəyən zərbə təlafi olunası bir zərbə deyildir və təlafi edə bilməzlər. Sionist rejim indi çarəsiz və çaşqın haldadır, öz xalqına belə, yalan danışır. Fələstinlilərin əlində olan əsirlər üçün göstərdikləri nigarançılığın özü belə, yalandır. Etdikləri bu bombardmanlar mümkündür ki, öz əsirlərini də məhv etsin. Öz əsirlərinə görə narahatçılıq hissi biruzə vermələkləri ilə öz xalqına yalan deyirlər və bu yalan danışmaq da çarəsizlikdəndir. Hazırda sionist rejim heyrət və çarəsizliklə üzləşib, nə etməli olduğunu bilmir və gördüyü hər bir iş çarəsizlikdəndir. Yəni nə etməli olduğunu bilmir. Əgər Amerikanın köməyi olmasaydı və indi də olmasa, sionist rejim mütləq şəkildə bu bir neçə gün müddətində iflic olacaqdır.

 

İslam dünyası bunu unutmasın ki, bu əhəmiyyətli və həlledici hadisədə İslamın, müsəlman bir millətin– məzlum Fələstin millətinin qarşısında dayananlar Amerika, Fransa və İngiltərə idi. Bunu İslam dünyası unutmasın və bunu başa düşsün. Öz müamilə, mübadilə və etdikləri təhlillərində kimin bu hadisədə durub bu məzlum millətin üzərinə təzyiq göstərdiyini unutmasınlar. (Çünki) təkcə sionist rejim deyildir.

 

Əlbəttə, "Həqiqətən də, Allahın vədi haqdır" ayəsinə bizim şəkkimiz yoxdur, İlahi vədə haqdır. Quranın buyurduğu kimi "Allahın vədlərinə yəqinləri olmayanlar, səni yüngüllüyə (səbirsizliyə) və iztiraba vadar etməsinlər". İlahi vədəyə yəqinləri olmayanlar sizləri öz mənfi sözləri təlqin etməklərilə (naümidlik toxumlarını səpməklə) ayağınızı büdrətməsinlər, süstləşdirməsinlər. İnşallah, çox da uzaq olmayan yekun qələbə Fələstin xalqı və Fələstin üçün olacaqdır.

 

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.