• Jurnalist:
    Bağışlayan və mehriban Allahın adı ilə
    Sizi dərindən salamlayırıq və sevinirəm ki, elm və savadla dolu olan belə bir məkanda sizinlə yenidən görüşmək müvəffəqiyyətinə nail ola bildim. Əgər icazə versəniz, kitab,  Tehran Beynəlxalq Kitab Sərgisi və habelə mütaliə mədəniyyəti mövsuzunda bir neçə sual verərdim.
    Birinci sualım sizin, demək olar ki, hər il davamlı olaraq Beynəlxalq Kitab Sərgisində iştirak etməyinizin səbəbi ilə bağlıdır. Siz, həqiqətən də, çox diqqət və incəliklə, həmçinin bütün xırdalıqları nəzərə almaqla sərgidə iştirak edirsiniz. Sizin bu gün sərgiyə baxış keçirərək bura qədər gəldiyiniz bütün müddətdə bunu müşahidə etmək mümkündür. Sizin ən son çap olmuş kitablara, həmçinin müxtəlif yazıçılara olan diqqətiniz onu göstərir ki, siz bu kitablara kifayət qədər və ciddi şəkildə diqqət ayırırsınız və baxış keçirməyiniz də sadəcə simvolik bir xarakter daşımır. Sizin bu iştirakınız cəmiyyətə, kitab sahəsində fəaliyyət göstərənlərə, habelə çap və nəşriyyat üzrə məsul şəxslərə nə kimi mesajı özündə ehtiva edir?
  • Ayətullah Əl-Üzma Seyid Əli Xamenei:
    Bağışlayan və mehriban Allahın adı ilə
    Əslində, sizin məndən soruşmalı olduğunuz məsələ bu iştirakımın nə kimi mesajlar ehtiva etməsi deyil, əksinə, mənim maraq və hədəfim barəsində olmalıdır. Mənim birinci marağım özümüm kitaba olan şəxsi meylim, kitaba olan istəyim və kitabla ünsiyyət qurmağımdan qaynaqlanır. Növbəti mərhələdə isə, kitabı yaymaq. Mən istəyirəm ki, kitab oxumaq mədəniyyəti daha çox yayılsın. Çünki mən düşünürəm ki, bizim kitaba ehtiyacımız var. Müxtəlif sahələrdən olan fərdlər, həmçinin müxtəlif yaş və elmi təbəqədən olan insanların kitab oxumağa ehtiyacı var və sözün əsl mənasında, heç bir şey kitabın yerini doldura bilməz. Mənim istəyim budur ki, kitab oxumaq geniş vüsət alsın. Bu gün müxtəlif məşğuliyyətlər, o cümlədən sosial şəbəkələr və bu kimi şeylər kitab mütailəsinin yerini tutub. Bu, doğru addım deyil! Demirəm ki, sosial şəbəkələrə müraciət etməsinlər, yaxud da qəzet oxumasınlar, Xeyr! Ancaq bütün bunlar kitabın yerini tutmamalıdır. Kitabın özünəxas yeri olmalıdır. Kitab insanların həm alış-veriş səbədində, həm də ümumi vaxt sərfində öz yerini tutmalıdır. Hər gün müəyyən miqdar kitab mütaliə etməlidirlər. Mən bunun geniş vüsət almasını istəyirəm və mümkündür ki, mənim bura gəlməyim bu istiqamətdə effektiv olsun. Bu da başqa bir səbəbdir.
  • Jurnalist:
    Elə sizin buyurduğunuz bu məsələ mənim ikinci sualımın əsasını təşkil edir. Bildiyiniz kimi, kitab günümüzdə “Mehriban dost” kimi təqdim edilir və bu mehriban dosta həmişə diqqət göstərilməlidir. Buyurduğunuz kimi, bu gün sosial şəbəkələr cəmiyyətin hər bir fərdi üçün, xüsusən də yeniyetmə və gənclər üçün olduqca cəlbedicidir. Buna görə də kitab oxuma mədəniyyətinin geniş vüsət alması xüsusunda narahatçılığınız olduqca mühüm bir məsələdir. Siz sadə vətəndaşlar barəsində fikir bildirdiniz, bəs, sizin bu sahə üzrə fəaliyyət göstərən məsul şəxslərə, habelə kitab oxuma mədəniyyətinin yayılması sahəsində addım atan fəallara nə kimi tövsiyələriniz var?
  • Ayətullah Əl-Üzma Seyid Əli Xamenei :
    Dövlət rəsmiləri, o cümlədən Mədəniyyət və İrşad Nazirliyi və bu kimi təşkilatlar kitab nəşri sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmalıdırlar. Onlara kömək olunmasına ehtiyacımız var. Əlbəttə, mən bu il bu kitab mərkəzlərinə müraciət edəndə onlardan bu zəmində suallar soruşdum və məlum oldu ki, məsullar tərəfindən bütün və ya bəzi naşirlərə dəstək göstərilir. Onlara dəstək verilməlidir. Bu, görüləcək olan ilk işdir. Sosial şəbəkə fəalları da bu səbəkələrdən kitab yaymaq üçün istifadə etməlidirlər. Yəni bu, həqiqətən də, bir vəzifədir ki, sosial şəbəkələrdə fəal olan şəxslər başqalarını kitab oxumağa həvəsləndirməyi öz işlərindən biri olaraq qərar verməli və yaxşı kitabları tanıtmalıdırlar. Bizim müxtəlif sahələrdə, istər ədəbiyyat sahəsində, istər tarix, istər incəsənət, istər elmi, istərsə də dini mövzularda olduqca faydalı kitablarımız var. Həmd olsun Allaha ki, baxış keçirdiyim bu məcmuədə bu il yeni nəşr və çapların az olmadığını görürəm. Bunları insanlara tanıtsınlar və insanlar da hansı kitablara müraciət etməli və hansı kitabları oxumalı olduqlarını bilsinlər.
  • Jurnalist:
    Sonuncu sualım budur ki, sizin bura, bu məkana qədər gəldiyinizi nəzərə alsaq, deyə bilərik ki, sərginin haradasa yarısına baxış keçirmisiniz və sərginin geri qalanını da yaxın saatlarda nəzərdən keçirəcəksiniz. Bu il təşkil olunmuş Beynəlxalq Kitab Sərgisində sizin diqqətinizi ən çox hansı məqam özünə cəlb etdi?
  • Ayətullah Əl-Üzma Seyid Əli Xamenei :
    Mənim üçün iki-üç məqam olduqca maraqlı idi. Birincisi, yeni işlərdə olan artım. Baş çəkdiyim bu nəşriyyatların bir çoxu nəzərə çarpacaq dərəcədə olan yeni işlərini mənə təqdim etdilər və ya bu barədə hesabat verdilər. İkincisi, kitab alışı məsələsi idi. Mən, adətən, soruşuram ki, kitab alışı nə yerdədir və satışınız necədir? Adətən, yaxşı olduğunu deyirlər. Yəni mənim soruşduqlarımın, demək olar ki, hamısı və ya əksəriyyəti satışın çox yaxşı olduğunu və insanların müraciət etdiyini bildirdilər. Digər bir məsələ isə, tiraj məsələsidir. Doğrusu, tiraj çox azalmışdı. Ancaq mən gördüm ki, xeyr! Dedilər ki, üç min, iki min, iki min beş yüz və olduqca ağır kitablar isə min nüsxə ilə çap olunur. Bu tiraj bəzi kitablar üçün yaxşıdır və həmçinin təkrar çap üçün də. Mən bunları müraciət etdiyimiz nəşriyyatlarda gördüm və vəziyyət yaxşı idi. Həmd olsun Allaha ki, bütün bunlar bu il eşitdiyim yaxşı xəbərlərdəndir. Ancaq bütün bunlardan daha çox yeniyetmə və gənc təbəqə ilə daim rabitədə olan şəxslərə, yəni təhsil müəssisələri və universitetlərə tövsiyyəmiz budur ki, onlar yeniyetmə və gənclər üçün kitab oxumaq şəraitini ərsəyə gətirsinlər və yaxşı kitabları onların istifadəsinə versinlər. Əlbəttə, ailələr də öz növbəsində bu işi görməkdə vəzifə daşıyırlar, ancaq yeniyetmə və gənclər üzərində xüsusi olaraq fəal olan qurumlar bu xüsusda məsuliyyət hiss etməli və cavanlar üçün kitab oxumaq şəraitini yaratmalıdırlar. Cavanların kitab oxumağa çox ehtiyacları var. Həm ədəbiyyat, həm tarix, həm də keçmişdə olan şəxsiyyətlərı tanımaq və tanıtmaq - bütün bunlar barəsində, düzü, çox boşluğumuz var. Həmçinin baş vermiş müxtəlif hadisələrin izahı xüsusunda da eyni formada. Bizim indi, məsələn, məşrutiyyət hadisəsi barəsində o vaxtdan bəri az sayda kitabımız var. Məşrutiyyət adlı ölkəmizdə baş vermiş hadisə barəsində doğru və həqiqi baxış, düzgün bir şəkildə bəyan olunmalıdır. Ancaq bu zəmində az kitab var və ya, ümumiyyətlə, yoxdur. Yaxud da oxunmalı az sayda kitab var. Bunlar görülməli olan işlərdir. Məşrutiyyət kimi başqa bir çox hadisələr var. Biz Müqəddəs Müdafiə barəsində hər nə qədər yazsaq, danışsaq, yenə də azdır. Bu zəmində deyiləcək çox söz vardır. İnqilabın özü barəsində də az kitab var. İmam Xomeyni (Allah ona rəhmət eləsin) barəsində də belədir. İmam tarixdə nadir şəxsiyyətlərdən biridir. Məgər İmam barəsində nə qədər kitab yazmışıq? Nə yazmışıq? Bu, çox mühüm bir məsələdir. Bunlar görülməli olan işlərdir. Kitab nəşri olduqca mühümdür və bu iş Mədəniyyət və İrşad Nazirliyi, digər təbliğat qurumları, incəsənət sahəsi və aidiyyəti qurumların öhdəsindədir. Ancaq kitabın yayılması təhsil müəssisələrinin və universitetlərin və s. öhdəsindədir. İnşallah, müvəffəq olasınız.
  • Jurnalist:
    Çox təşəkkür edirəm. Vaxtınızı bu müsahibəyə ayırdığınız üçün minnətdaram.