Bağışlayan və mehriban Allahın adı ilə

Bəzən bir cəhətə həddən artıq diqqət yetirilir, Əvvəla, bu konfransın təşkili və bu iş üçün cəm olmanın özü çox yaxşıdır. Çünki bizlərin başqalarına keçməzdən əvvəl şiə cəmiyyəti içərisində imamlara mərifət cəhətdən çox nöqsanlarımız vardır. Bəzən bir cəhətə aşırı dərəcədə  və səthi surətdə (dəlillərlə) diqqət ayrılıb, digər cəhətlər isə diqqətdən kənarda qalıb. Bəzən də, hətta  bu ifrat dərəcədə yanaşılana da diqqət edilməmiş və elə həmin zahiri məsələlər və zahiri diqqətlərlə kifayət olunmuşdur. Məncə, biz şiə cəmiyyəti olaraq bizim üzərimizə düşən böyük bir vəzifə öz imamlarımızı dünyaya tanıtdırmaqdır. İndi bəzi imamlarımız, məsələn, İmam Hüseyn (əleyhissəlam) və Əmirəlmöminin (əleyhissəlam) bir sıra dəlillərə əsasən, dünyada tanınmışlar. Başqaları (bu iki imam) haqqında yazıblar, danışıblar və onlar haqda  qeyri-şiə və qeyri-müsəlman dünyasında bir növ tanışlıq vardır, lakin əksər imamlar tanınmayıblar. İmam Həsən Müctəba (ə) o əzəməti ilə tanınmayıbdır. Həzrət Museyi-Kazim (ə), Həzrət Hadi (ə) və İmam Cəfər Sadiq (ə) o böyüklükdə və fövqəladə təşkilatlanma ilə dünyada tanınmayıblar. Əgər bunlar haqda qeyri-şiə tərəfindən nələrsə deyilibsə də, çox az və məhdud həddədir. Məsələn, filan arif bir yazıçı ariflər arasında İmam Sadiqin (ə) adını qeyd edir və yarım səhifə, yaxud da daha az İmam Sadiqdən (ə) bir arif ünvanında söhbət edir. Bu da məhdud bir həddədir və bundan artıq deyildir.

Mənim zehnimə gələn budur ki, üç nöqteyi-nəzərdən imamlar barəsində iş görülməlidir. Bu cəhətlərdən biri mənəvi və İlahi, yəni müqəddəslik cəhətidir. Bu cəhəti görməzlikdən gəlmək olmaz və bu zəmində söhbət edilməlidir, özü də möhkəm dəlillərlə. Bəzən bəzi söhbətlər edilir və o söhbətləri əsaslandırmaq üçün hədislər nəql olunur, lakin bu söhbətlərin özü zəifdir. Biz imamların mələkuti, mənəvi və səmavi cəhətlərini bəyan etməliyik. Bu məsələ bizim barəsində təqiyyə və yaxud gizlətməsi gərəkən məsələlərdən deyil. Xeyr, biz bunları, yəni İmamların mənəvi və İlahi cəhətlərini deməliyik. Necə ki, Peyğəmbər (s) barəsində demişik. Onların məsumluğu, Allah və mələklərlə olan rabitələri, mənəvi məna kəsb edən vilayətlərini deməliyik. Bu cəhət alimanə, möhkəm və yaxşı bir iş olaraq yerinə yetirilməlidir.

İkinci cəhət imamların kəlamları və dərsləridir (yəni siz cənabların toxunduğu məsələlərdir). Müxtəlif zəminlərdə, yaşayış məsələləri, insanın ehtiyac duyduğu müxtəlif mövzular, məsələn, əxlaq, qarşılıqlı ünsiyyət, din, əhkam məsələləri haqqında imamların sözləri vardır, fikir məktəbi varlarıdır. Bunlar bəyan olunmalıdır.

Bizim çox da diqqət etmədiyimiz bu cəhətlərin bəziləri dünyada aktual məsələlərdəndir. Məsələn, heyvanları himayə etmək məsələsini fərz edin (misal olaraq deyirəm) və fikir verin ki, hədislərimizdə imamlardan bu məsələ ilə bağlı, yəni heyvanların hüquqlarına riayət  və onları himayə etmək haqda nə qədər söhbət olunubdur. Bu məsələ əgər dünyada açıqlanarsa, deyilərsə və tanınarsa, təbii ki, çox əhəmiyyəti olacaqdır. Bizlərdən hansı birimiz bu haqda fikrə düşəcək və bu məsələsinin ardınca olacağıq? Ünsiyyətlər barədə, qeyri-şiə və qeyri-müsəlmanlar arasında olan əlaqələr haqqında mövzular hədislərimizdə vardır. Hədislərdə də Qurani-Kərimə əsasən bu haqda mövzular gəlibdir. Misal olaraq, "Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxarmayan kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir...". (“Mümtəhənə”, ayə 8)

Təkrar-təkrar qeyd etdiyimiz bu sözlər imamların sözlərinin içərisindən çıxarılıb bəyan olunmalı, ötürülməlidir.

Yaxşı, Əlimizdə bu qədər kitab vardır, məsələn, "Biharul-Ənvar"ın özü 100 cilddən çox kitabdır və bunun kimi müxtəlif çoxlu kitablar vardır. Lakin bunlar müəyyən və xas bir həddədir, təbii ki. Mən o gün bir şeir oxudum:

"Meye nabi Vəli əz xəlvəte xom

Ço dər sağər nemi ayi çe hasel?"

Yəni gərək xalis şərabı piyalədə gətirəsən ki, istifadə oluna bilsin, amma öz qabında (istifadəsiz) qaldı. Bizim yaşamımız üçün imamlardan gələn bu xalis maarif eləcə də öz qabında plomblanmış formada qalıb. Qədim zamanlarda qabların ağzına gildən plomb vurardılar. Biz (bu gələn maariflə) belə rəftar etdik, amma belə olmaz. Bunlar bu günün öz dilinə uyğun, texnoloji dillə və düzgün metodlarla dünyaya çatdırılmalıdır. Artıq bu gün dünya ilə əlaqə qurmaq asanlaşıb. Yəni siz burada oturduğunuz halda bir düymənin üzərənə basmaqla on dəqiqə zaman sərf edirsiniz və nəticədə dünyanın ən ucqar nöqtəsində–Avstraliya, Kanada, Amerika və ya başqa bir yerdə istədiyiniz hər kəs sizin sözlərinizi eşidir. Bu, çox mühüm bir şeydir. Bu iş bu metodla yerinə yetirilməlidir, lakin dil də çox mühümdür. Hansı dillə bəyan etmək istəyirsiniz, bu mühümdür. Bu da imamları tanıtdırmaq üçün əməl edilməsi lazım olan başqa bir hissədir.

Üçüncü məsələ siyasət məsələsidir. Bu mənim imamların həyatı boyunca, adətən, ardınca olduğum məsələlərdəndir. İmamlar nə edirdilər və nə etmək istəyirdilər? Siyasət sahəsi çox mühüm bir sahədir. İmamların siyasəti nə idi? İmamın o cür məqamlara, sahib olduğu İlahi dərəcələrə və əlində olan İlahi əmanətlə bir az əhkam və bir az da əxlaq deməklə kifayətlənməsi düzgün diqqət edən hər bir insan üçün dərk olunası bir məsələ deyildir. İmamların böyük hədəfləri var idi. Onların ümdə hədəfi İslam cəmiyyətini yaratmaq idi və İslam hakimiyyəti də olmadan İslam cəmiyyətinin yaranması qeyri-mümkündür və beləliklə də, onlar İslam hakimiyyəti qurmaq ardınca idilər. İmamətin mühüm bir cəhəti də budur. İmamət, yəni din və dünyanın rəhbərliyi, maddi və mənəvi məsələlərdə rəhbərlik. Maddi cəhəti həmin siyasət, ölkə və hökumət idarəçiliyi və bütün imamlar da bu işin arxasınca idilər, yəni istisnasız olaraq imamların hamısı bunun ardınca olublar. Lakin müxtəlif zamanlarda müxtəlif metodlar və qısamüddətli hədəflərlə bunun ardınca idilər, amma uzunmüddətli hədəfləri (strategiyaları) bir idi.

İndi Həzrət Rza (ə) haqqında mən bir cümlə qeyd edəcəyəm. İndi fərz edin ki, İmam Sadiqin (ə) dövründə Həzrətə niyə qiyam etmirsiniz deyə müraciət olunur. Özünüz dəfələrlə hədislərdə "Niyə qiyam etmirsiniz" müraciətini görmüsünüz. Həzrət də hər kəsə bir formada arqument gətirərək cavab verir. Nə üçün Həzrətdən bu qədər sual olunur ki, niyə qiyam etmirsiniz? Səbəbi budur ki, Həzrət qiyam etməli idi və bunu da şiə bilirdi, bu məsələ şiə arasında gün kimi aydın idi.

İmam Həsənə (ə) nə üçün sülh etdiniz deyə etiraz olunduqda o Həzrətdən dəfələrlə nəql olunan söz budur: "Nə bilirsən, bəlkə bu sizin üçün bir sınaqdır və bəlkə də (müəyyən) bir müddətə qədər Müaviyə üçün bir istismar mənbəyi!". Bunun müəyyən bir zamanı və axırı vardır və siz bu haqda nə bilirsiniz ki?! Yəni bu bir vədədir. O zaman İmamın hədisində bu vədə müəyyən olunub:"Həqiqətən də Allah bu işi 70-ci il üçün qərar verdi". İmam Müctəba (ə) bu sözü hicri təqvimi ilə 40-41-ci ildə buyurur və 70-ci ildə isə qiyam olmalı və İslam hökuməti qurulmalı idi. İlahinin təqdiri bu idi ki, bu iş baş tutsun. Daha sonra buyurur: "Elə ki İmam Hüseyn (ə) şəhadətə yetişdi, Allahın qəzəbi yer əhlinə şiddətləndi və (İslam hökuməti) təxirə düşdü". İmam Hüseyn (ə) 61-ci ilin məhərrəm ayında şəhadətə yetişən zaman bu iş təxirə düşdü. 70-ci il bu iş olmalı idi, lakin Seyyidüş-Şühədanın şəhid olması və bu məsələ ilə bağlı olan xarici səbəblərə görə qiyam təxirə düşdü. İndi hədisin təbiri budur: "Allahın qəzəbi yer əhlinə şiddətləndi", lakin bilirik ki, bu şiddətli qəzəb və onunla əlaqəli olan hər bir amil həmin zahiri və təbii amilə uyğun gəlir. Bunun təbii səbəbi yenə də başqa bir hədisdə gəlmişdir:"İmam Hüseynin qətlindən sonra üç nəfərdən başqa hamı mürtəd oldu".  İmam Hüseyndən (ə) sonra "İrtəddə", yəni nəinki dindən döndülər, xeyr. Yəni şiə bu getdiyi yolda şəkkə düşdü, yəni belə bir vəziyyətlə necə getmək (davam etmək) olardı. Üç nəfərdən artıq qalmadı, biri Yəhya ibn Ummu Təvil və digər iki nəfər. Üç nəfərdən artıq qalmadı. Həzrət İmam Sadiq (ə) buyurur: "Sonra insanlar bizə qoşuldular və sayları artdı". İmam Səccadın (ə) 30 il və sonra da İmam Baqirin (ə) zəhmətlərinin nəticəsi şiələrin sayının artması oldu.

Sonra oxuduğum həmin hədisin ardında Allah-təala 70-ci ildə qurulmalı olan hökuməti təxirə saldı və bu hökumət 140-cı ilə qədər təxirə düşdü. Hədisdə buyurulur: "Allah o hökuməti 140-cı ilə qədər təxirə saldı". 140-cı il İmam Sadiqin (ə) yaşadığı zamandır və Həzrət 148-ci ildə dünyasını dəyişdi. Bu mətləb şiələr arasında, məxsusən xüsusi təsirə malik olan şiələr arasında təkrar-təkrar deyilirdi. Əlbəttə, bu təxirə düşmənin də səbəbini İmam o hədisdə qeyd edir. Hədislərdə Zürarənin İmam Sadiqə (ə) ən yaxın olanlardan biri olduğunu, Kufə əhli olduğu və orada yaşadığını bilirsiniz. Buna görə də siz görürsünüz ki, Zürarə İmama bir məktub yazır və məktubunda İmama deyir ki, dostlarımızdan, şiələrdən bir nəfər burada borca düşüb və hökumət onu böyük məbləğdə borcu olduğu üçün tutmaq istəyir. O qaçıb və bir müddətdir ki, öz arvad-uşağından uzaqdır. Hökumətin onu tutmaması üçün qaçıb və sərgərdan vəziyyətdədir. (Bildiyiniz kimi) "Hazəl-əmr" hədislərdə çox təkrar olubdur, yəni həmin hökumət məsələsi. (Zürarə yazır:) İndi mən sizdən soruşuram ki, "Hazəl-əmr" əgər bu iş (qiyam) bu bir-iki ildə baş tutacaqsa, o zaman siz gələrsiniz və bu məsələ də həll olar. Amma əgər bu qiyam bir-iki ildə baş tutmazsa, biz dostlar birləşib onun borcunu yığıb ödəyək ki, o biçarə də öz evinə, ailəsinə dönsün. Bu sualı Zürarə soruşur, zarafat məsələ deyil. Zürarə nə üçün bu işin bir-iki il müddətinə baş verməsini ehtimal edir?

Zürarədən yenə başqa bir hədis də vardır və deyir ki, "And olsun Allaha bu minbərdə (hökumət kürsüsündə) Cəfərdən başqasını görmürəm" Burada əvad, yəni minbər, minbərin sütunları. Deyir ki, mən bu minbərin sütunları üzərində İmam Cəfər Sadiqdən (ə) başqa birini görmürəm. Yəni o əmin idi ki, İmam Sadiq (ə) gəlib xilafət minbərinin üzərində əyləşəcəkdir. Yəni bu gözlənti var idi. Quran buyurur: "Allah istədiyini məhv edər və istədiyini də saxlayar, Ümmül-kitab (Lövhi-Məhfuz) onun yanındadır". Yəni Allahın təqdiri budur, lakin Allahın hökmü bu deyildir. Allahın hökmü onun təqdirində qeyd olunan və necə deyərlər, o qəti qərar deyildi və xüsüsi səbəblərə görə belə oldu. Deməli, imamlar bu işin ardınca olublar və bu çox mühüm bir məsələdir.

İndi siz görün ki, bu sahədə İmam Rzanın (ə) rolu nədir? Əlbəttə, indi sizin qeyd etdiyiniz o xütbədə olan mətləblər yadımda deyil. Ondan əvvəl də birinci konfransda mən Məşhədə bir bəyanat göndərdim və o bəyanatda İmam Rzanın (ə) vəliəhdliyi qəbul etməsini təhlil etdim. Yəni dedim ki, bu, həqiqətdə çox ağıllı və zirəng biri olan Məmunla İmam arasında baş verən bir mübarizə idi. Məmun ilk öncə deyir ki, xilafəti sənə verirəm. Birinci vəliəhd məsələsi deyildi, dedi ki, mən sizə xilafəti verirəm. Həzrət qəbul etmədi və çox israr etdi və sonra dedi ki, indi ki qəbul etmirsiz, onda sizə vəliəhdlik verirəm. Məmunun bu işi görməsinin səbəbi nə idi? Məmunun bu işdə hədəfi və ardınca olmasının dörd, ya beş səbəb və dəlilini o bəyanatda qeyd etmişəm. Həzrət qəbul etdi və Həzrətin də bunu necə, nə üçün və hansı faydalara görə qəbul etməsinin beş-altı səbəbini qeyd etmişəm. Əzəmətli bir hərəkət, fövqəladə qeyri-hərbi bir döyüş həqiqətdə Həzrətlə Məmun arasında baş verdi və Həzrət bu döyüşdə Məmunu darmadağın etdi. Yəni İmam gördüyü bu işlə Məmunu məhv etdi. Elə zərbə vurdu ki, Məmun İmamı qətlə yetirməyə məcbur oldu, yoxsa əvvəl belə deyildi, ehtiram edirdi, namaza göndərirdi və s. Belə işlərdən görürdü. İndi mən orada izah vermişəm ki, Məmun bu işi nə üçün etdi, hansı hədəfləri güdürdü və bu işdə hansı faydaların ardınca idi? O zamanlar indi sizdə olduğu kimi məndə də hövsələ var idi və bu işləri görürdüm. Lakin indi ümumi şəkildə bu işlərdən uzağıq.

Xülasə, Həzrət İmam Rzanın (ə) və başqa imamların həyatında mövcud olan bu üç cəhət bəyan olunmalıdır. Sizin hünəriniz bundadır ki, əvvəla, bu üç cəhəti (tarixdən, imamların həyatından) çıxarıb ələ gətirəsiniz. İkincisi də artıq deyilmiş və dərin kökü olmayan sözləri təmizləyəsiniz. Üçüncüsü hamısından mühüm olan bu üçüncü cəhəti münasib, bu günə uyğun və dərk olunacaq bir dillə qeyri-şiə və hətta şiə müxatəblər üçün bəyan edəsiniz. İndi bizim cavanların bu maarifdən uzaq düşmələri qeyri-şiə və qeyri-müsəlmanların uzaq düşməsindən heç də az deyildir, məlumatları yoxdur. Məncə, (dediyim) bu iş yerinə yetirilsə və təkcə bir yığıncaq, bir xütbə kimi işlərlə kifayətlənməsə, hiss olunacaq dərəcədə bir fayda hasil olunacaqdır.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.