Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu günündə bir qrup Əhli-Beyt (ə) məddahları çərşənbə günü səhər saatlarında 03.01.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Bağışlayan və mehriban Allahın adı ilə
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.
Nəzərimcə, məclis bura qədər yetər. Şeir və onun məzmunu, mədh, ahəng – bunların hamısından, həqiqətən də, maksimum yararlandıq. Əvvəla, Siddiqeyi-Tahirənin (s.ə) səadətbəxş mövludu bayramını təbrik edirəm və Allahı and verirəm, Fatimeyi-Zəhranın (s.ə) hörmətinə, bizim o böyük şəxsiyyətə olan mərifətimizi günbəgün artırsın. Həmçinin Fatimi (Həzrət Fatimənin) cihad yolunu layiqincə keçib qabağa aparan, Həzrət Fatimənin övladı olan böyük İmamımızın (İmam Xomeyninin) da mövlud günüdür. (Bu gün, həmçinin) Əzizimiz Hacı Qasim Süleymaninin şəhadət günüdür. İnşallah, Mütəal Allah Peyğəmbər ailəsinə etdiyi lütfünü bu ailəyə həqiqi davamçı olan əzizimizin də ruhuna nazil etsin, bizi də ona qovuşdursun və şəfaətindən bəhrələndirsin.
“Aydınlatma cihadı” mövzusunda bir söhbət nəzərdə tutmuşam. Nə üçün? Çünki bu məclisə toplananlar "Aydınlatma cihadı"nda öncül ola biləcək şəxslərdir. Əhli-Beyt (ə) məddahları, Əhli-Beyt məktəbini vəsf edənlərin məclisi mücahidliklə aydınladanların bəyanı məclisidir. Bacardığımız qədər, vaxt çatan qədər bugünkü söhbətim bu mövzudadır.
Fatimeyi-Zəhranın (s.ə) üstün və fərqli xüsusiyyətləri arasında onun aydınlatma cihadı xüsusiyyəti çox seçilir. Onun iki gözəl və məşhur xütbəsi var. Biri tanınmış “Verdiyi nemətlərə və tövfiqatına görə Allaha şükürlər olsun” xütbəsidir. Səhabələr arasında deyilmiş bu xütbə haqqında deyilir ki, Nəhcül-Bəlağənin ən üstün xütbələri sırasındadır, bəlağət və düşüncə əhli belə deyir. Xütbə maarif və həqiqətlərlə zəngindir. Digər xütbə mühacir və ənsardan olan qadınlara xitabən səslənib: “Allaha and olsun ki, sizin dünyanıza nifrət edir, kişilərinizi düşmən bilirəm və onlardan bezaram”, (bu hədis başqa təbirlə də gəlib.red). Fatimeyi-Zəhranın bu iki “Aydınlatma cihadı” xütbəsi Peyğəmbərin vəfatından sonrakı qısa müddətdə baş tutub.
Səhabələr arasında oxunmuş xütbə haqqında mərhum Məclisi (r) müxtəlif vasitələrlə çeşidli mənbələr göstərib. Başqaları da xütbə barədə etibarlı və mühüm sənədlərin adını çəkib. İbn Əbil-Hədid bu xütbə barədə danışarkən deyir ki, şiə kitablarından, şiə alimlərindən yox, əhli-sünnədən nəql edirəm. Kimdən nəql etdiyini qeyd edir və həmin şəxsin xüsusiyyətlərini sadalayıb mötəbər olduğunu vurğulayır. Xütbənin rəvayət edildiyi şəxslər bir neçə nəfərdir və onlardan biri Aişə xanımdır. Xanım Aişə Həzrət Zəhranın (s.ə) Fədəkiyyə xütbəsini nəql edənlərdən biridir. Cənab Zeyd ibn Əlidən (s) nəql olunub ki, deyir: “Mən gördüm ki, Ali Əbu Talib (Əbu Talib tayfasının) böyükləri xütbə tarixdə qalsın deyə bu xütbəni atalarından nəql edir, övladlarına öyrədirdilər”. (Zeyd ibn Əlinin) təbiri belədir: “Mən gördüm ki, Ali Əbu Talib (Əbu Talib tayfasının) böyükləri xütbəni atalarından nəql edir, övladlarına öyrədirlər.” Yəni xütbə bu səviyyədə mötəbərdir. Xütbənin məzmun baxımından sistematik düşüncə və güclü məntiqi, onun söz gücü, gözəl dili, ədəbi gözəlliyi ilə yanaşıdır. 18, ya 20, maksimum 25 yaşlı xanım o müsibətlər içində elə bir xütbə bəyan edir ki, bəlağət (ritorika) ustadları onu belə yüksək qiymətləndirir, ona belə heyrətlə baxırlar.
Həzrət belə bir xütbədə gözəl söz və məna ilə həqiqətləri bəyan edir və aydınladır ki, ya bilən yox idi, ya da diqqətdən kənarda qalmışdı. Bu xütbədə böyük maarif var: tövhid, nübüvvət, imamət, vilayət, ədalət! Fatimeyi-Zəhra (s.ə) Peyğəmbərdən sonra bu ənənənin əsasını qoydu. Peyğəmbər ailəsi də bu ənənəni davam etdirdi. Əmirəlmömininin (ə) xütbələri, İmam Hüseynin (ə) alimlərə xitabən etdiyi fövqəladə təsirli xütbəsi, məsələn: “İndi, ey elmlə tanınmış (alim) cəmiyyəti”. Həzrət Zeynəbin Kufədə xütbəsi, İmam Səccadın Şamda xütbəsi, İmam Sadiqin Ərəfatda imamətin mənasını açan xütbəsi, məsələn: “Ey insanlar, Allahın Peyğəmbəri İmam idi”. Bütün bunlar əsası Zəhrayi-Əthər tərəfindən qoyulmuş ənənənin davamıdır. Xütbə oxumaq, həqiqətləri aydınlatmaq ənənəsi buradan başladı və mümkün olan zamanadək davam etdi. Bəzən də mümkünsüz oldu.
Sonra Əhli-Beytin ardınca onların sayılıb-seçilən söz xiridarları və mahir natiq ardıcılları bu işi davam etdirdi, şeir dilində həqiqətləri aydınlatdılar. Bu işi görənlər həm də zəif və orta səviyyəli şairlər yox, ustad şairlər idilər! Əhli-Beyti mədh edən tanıdığınız şairlər öz dövrlərində ərəbin ustad şairləri olublar. Fərəzdəq öz dövrünün ustad şairi idi. Kumeyt Əsədi məşhur şair olub. Seyid Himyəri ustad şairlərdən idi. Debel Xuzai tanınmış şair olub. Əbülfərəc İsfahani iyirmi neçə cildlik “Əğani” kitabında bu şairlərdən danışanda Himyəriyə yetişəndə onun haqqında belə deyir: “Bu böyük şair haqqında çox danışmaq istəyirəm. Amma bəzi səhabələr haqqında bəzi sözlərinə görə çəkinirəm, müxtəsər qeyd edirəm...”. Həqiqətən böyük şairdir. Bəli, Himyəri Əhli-Beyt müxaliflərini açıq-aşkar həcv edirdi. Bununla belə Əbülfərəc İsfahani öz kitabında ona başqa şairlərdən çox yer ayırıb, Himyəri haqqında 50 səhifə yazıb! O belə böyük şair olub! Əhli-Beyt maarifini belə insanlar aydınladıb. Onların işi təkcə şeir demək olmayıb, Əhli-beyt maarifini də bəyan ediblər. Adını çəkdiyim şairlərdən başqaları da bu işi görüb, sadəcə olaraq, sayılıb seçilənləri bunlardır. Bu söhbət imamların dövrünə və bir qədər sonrakı dövrə aiddir.
Bizim dövrümüzdə aydınlatma cihadı aparan ən böyük şəxsiyyət İmam Xomeyni idi. Aydınlatma cihadında ən böyük iş də əzəmətli İmamın işi idi. İmam aydınlatma cihadı ilə elə bir iş gördü ki, kimsə nə silahla, nə də təbliğat vasitəsi ilə bu işi görə bilərdi. Hətta onların belə bir şey etməyə ümidləri də yox idi. İmam bu işi dil və məntiqlə gördü, aydınlatma cihadı budur. İmam hərəkatın ilk günündən danışmağa başladı. Nəhayət, Behişti-Zəhraya gəldi və dedi ki, mən bu dövlətin ağzının üstündən vurub, hökumət quracağam. Bütün bu işlərin hamısı aydınlatma cihadı ilə idi. Bu aydınlatma cihadıyla nə iş gördü? Uzun ömürlü, fasid, üz qarası, diktator, irsi şahlıq və istibdad hökumətini aradan apardı, xalqmehvər (xalq əsasında olan) İslamı və dini hökumət qurdu. Aydınlatma cihadı məsələsi və onun əhəmiyyəti budur. Bu, Fatimeyi-Zəhranın (s) tarix boyu davam etmiş və əzəmətli İmama çatmış dərsidir!
Ruhanilərin mübarizəsi və hərəkatı zamanı çalışan, iş görən, qaçaqaçda olan, silahla meydana daxil olan başqa cərəyanlar da vardı. Amma heç bir iş görə bilmədilər. Ya yatızdırıldı, ya da yollarını azdılar. “Aydınlatma” cihad və İslam hərəkatının göstəricisi idi. Tehranda bir qrup dostla əyləşmişdik. Məşhəddən olan və tanıdığım bir gənc qəfildən məclisə gəldi. Onun silahlı marksist qrupları ilə əlaqəsi var idi. Aramızda söhbət başladı. Bir qədər söhbət etdik. Bu adamlar “Meşə dəstəsi” adı ilə tanınırdılar. Bu söhbət 1969-70-ci illərə təsadüf edir. Dedim ki, gördüyünüz işlər barədə xalqla danışın, xalq sizin kim olduğunuzu, nə etdiyinizi bilmir. Dedi, bu işlər İslamın, müsəlmanların işidir! Onların aydınlatma cihadına etiqadları yox idi, bunu İslama aid edirdilər. Doğru da deyirdi, bu bizim işimiz idi, İslamın işi! Onların xalqı qane edəcək sözü yox idi. Buna görə də bacarmadılar, məğlub oldular. Çoxu da yolunu azdı. Amma İmam aydınlatma cihadı yolunu tutdu və bu yerə çatdırdı. Həmin yol bu gün də davam edir.
Mən nə demək istəyirəm? Demək istəyirəm ki, bu gün aydınlatma cihadının yükü siz məddahların çiynindədir. Zəhrayi-Əthər vasitəsilə başlamış işi bu gün siz davam etdirirsiniz. Məddahlığın nə olduğuna diqqət edin. Məddahlıq Əhli-Beyt dövründə məzhəbi, şiəliyi və bu cərəyanı hifz edənlərin, bizim dövrümüzdə də zalım rejimi İslam hökuməti ilə əvəz edənlərin işinin davamıdır. Bu yol onların başladığı nurani yolun davamıdır. Məddahlığa bu gözlə baxın.
Heyətin var olması məddah və moizə edəndən və bunların bir birinin kənarında olmasından asılıdır. Məddahlıq sənəti İslam cəmiyyətinin “Yumşaq güc”ünün ən mühüm hissəsidir. Yumşaq güc sərt gücdən (ideoloji güc hərbi gücdən) daha keçərli və daha təsirlidir. Səbəb nədir ki, atom bombası, müasir silahları olan Amerika kimi dünya gücləri incəsənətə, kinoya, Hollivuda, təbliğata və bu kimi işlərə bu qədər pul xərcləyirlər? Nə üçün? Çünki kino, ssenari yazmaq yumşaq gücdür. Təsirli iş budur. Sərt gücün təsiri anidir, ötüb keçir. Sərt güc budur ki, Amerika Əfqanıstanda iyirmi il qalır, milyardlarla pul xərcləyir, sonda xalqın nifrətini qazanıb qaçmağa məcbur olur. Sərt güc belədir. Amerika tam təchizatla İraqı ələ keçirir, İraq hökumətini devirib yerində oturur. İyirmi il sonra isə İraqda ən çox nifrət edilən dövlət Amerika olur. Sərt gücün sonu budur. Yumşaq güc isə budur ki, zahirən azlıqda olan kiçik, amma mənəvi nüfuzu olan bir qrup dünyanın diqqətini özünə cəlb edə bilib. Bu gün özünü müdafiə etməyə silahı olmayan məzlum fələstinlilərə baxın. Öz məzlumiyyətləri, səbirləri, müqavimətləri ilə dünyanın diqqətini cəlb ediblər. Yəni yumşaq güclə sərt güc arasında fərq bu qədər böyükdür, təsirləri bu qədər fərqlidir.
Demək istədiyim budur ki, mədh və mərsiyyə sənətkarları məcmuəsi, yəni İslam cəmiyyətinin yumşaq gücünün bir hissəsi olan məddahlar cəmiyyəti öz işinin nə olduğunu, nə iş görmək istədiyini və vəzifəsini bilməlidir. İslam maarifi, Quran məntiqi, Əhli-Beyt müsibəti, Əhli-Beyt tarixi sizin işinizin mahiyyətini təşkil edir. Bu məcmuə bu gün həqiqəti ən üstün dil və üsulla şiənin keçmişində müşahidə etdiyiniz aydınlatma cihadı tarixində olan xüsusiyyətlərlə çatdırmalıdır. Gözlənti budur. Əgər Quran gözəl tilavət olunsa, gözəl şeir xoş səslə, xoş ahənglə oxunsa, düzgün və ali məzmun bu xoş səs və ahəng vasitəsilə yayılsa, bunun təsiri dünyanın sərt gücündən (hərbi güc) daha keçərli və daha böyük olar. İslam Cümhuriyyəti ötən qırx neçə ildə bu yolla hərəkət edib. İslam Cümhuriyyəti sərt gücdən çox yumşaq gücə söykənib. Bilirsiniz ki, mən müasir günün ehtiyacına və düşmənin gücünə cavab verən silahları lazımlı sayıram və bunun da ardıncayam, amma bununla yanaşı, əqidəm budur ki, sərt güc və hərbi təchizat kənarında düşüncə silahı, söz və güclü məntiq silahına geniş yer verməliyik. Bizim gözləntimiz budur. Şairlərimizdən, məddahlarımızdan, xoş səsi olanlardan gözləntimiz var.
Yumşaq gücdə diqqət ayırılası iki meyar var. Öz işinizi bu meyarlarla ölçün. Bir meyar hərəkətlənmə, hərəkat yaratmaq meyarıdır. Digər meyar düzgün və dəqiq istiqamətdir. Yəni hədəfi nişan almaq dəqiq olmalıdır. Baxın, raket sənayemizdə əhəmiyyət verdiyimiz, müvəffəq və nail olduğumuz meyarlardan biri hədəfi nişan almaqda olan dəqiqlikdir (o biri meyar uçuş məsafəsi). İki min km aralıdakı bir hədəfi nişan alıb dəqiq vurmaq! Nə on metr sağa, nə on metr sola, dəqiq hədəfə! Siz də işinizdə belə dəqiq nişan almalısınız. Bu iki meyarı nəzərdə saxlayın. Biri təsir gücüdür. Görün sizin işinizin hərəkət yaratmaq, qəlbləri silkələmək gücü nə qədərdir. O biri dəqiqlikdir. Hərəkətin dəqiqliyi çox mühümdür. Bəzən yaxşı iş görmək, yaxşı söz demək istəsək də, sözün təsirinə diqqət yetirmirik. Ona görə də İslam dünyası vəhdətə ehtiyaclı olduğu bir vaxtda sözümüz ixtilaf, parçalanma yaradır. Səbəb diqqətsizlikdir. Dini maarifin dərki və bəyanına diqqət göstərilməsində israrlıyam. Xoşbəxtlikdən bu gün əziz məddahlarımızın çoxu təhsilli, dərs oxumuş, elmi dərəcələr əldə etmiş, ərəbcə bilən, ərəbcəni başa düşən, əksəri Quran və rəvayətdən xəbərdar insanlardır. Təbii ki, bu gün belədir. Məddah ictimaiyyətimiz bizim gənclik dövrümüzdəki kimi deyil. Məddah ictimaiyyəti ali və yüksək mərtəbəli ictimaiyyətdir. Gözləntimiz budur ki, dini maarifi qarşı tərəfə dəqiq, düzgün, həmin çox üstün olan mədh və mərsiyyə vasitələri ilə çatdırsınlar, bunu gözləyirik.
Hədis kitabları ilə tanış olun, ünsiyyətdə olun. Nəhcül-Bəlağə ilə ünsiyyətdə olun. Nəhcül-Bəlağə maarif dəryası ilə doludur. İnsan bu kitabın, xüsusilə bəzi xütbələrindəki maarifin bir kəlməsini yaya bilsə, bir milləti hərəkə gətirər. Səhifeyi-Səccadiyyə ilə ünsiyyətdə olun. Kitab dua şəklindədir. Məzmunu da dua və yalvarışdır. Bununla yanaşı dini maariflə zəngindir. Səhifeyi-Səccadiyyə Əhli-Beyt məktəbində qeyri-adi hadisədir. Baxın, İmam Səccad (ə) bu kitabda sərhədçilərə dua edir. Sərhədçilərə məxsus bir dua! O zaman sərhədçilər kimlər idi? Bəni-Üməyyənin sərhədçiləri deyildilərmi?! İmam onlara dua edir. Sərhədçi sərhədçidir, İslam ölkəsinin sərhədlərini qoruyur. Kim olmasının fərqi yoxdur, İmam dua edir. Bu bizim üçün bir dərsdir.
Bu gün İslam dünyasının sərhəddi Qəzzadadır, İslam dünyasının nəbzi Qəzzada döyünür. Onlar küfr dünyası, tağut dünyası, hegemonlar dünyası və Amerikanın qarşısında dayanıblar. Təkcə sionist rejimlə vuruşmurlar. ABŞ Prezidenti açıq deyir ki, mən sionistəm! Doğru deyir. Sionistlərdə olan xəbislik onda da var. Onlarda olan çirkin hədəflər bunda da var. Qəzza xalqı onların qarşısında dayanıb. Nə edəcəyimizi bilməliyik. Bir xüsusiyyət budur ki, aydınlatma cihadının mücahidi bu gün nəyi aydınlatmalı olduğunu bilsin. Öz zamanının problemini tanısın. Bu gün siz Qəzzanı, İslam dövləti ilə düşmənçiliyi aydınlatmalısınız. İslam dövlətinə qarşı növbənöv düşmənçiliklər həyata keçirirlər. Artıq hərbi, silah-sursat və bu kimi işləri özlərinə məsləhət bilmirlər. Amma yumşaq güc baxımından təkcə Amerika deyil, Amerikanın arxasınca gedənlər və İslam müxalifləri də İslam və İslam dövlətinə qarşı film çəkir, yalan təbliğat aparırlar. Buna qarşı sinənizi sipər etməlisiniz!
Qarşıda seçkilərimiz var. Bəziləri seçkilərin bu xalqa layiq şəkildə keçirilməsini istəmir. Çalışırlar ki, xalqı naümid etsinlər, xalqın etimadını seçkilərə nisbətədə sındırsınlar. Görüntü yaradırlar ki, seçki faydasızdır, heç bir təsiri yoxdur. "Aydınlatma cihadı" bunun qarşısında sinəsini sipər etsin və həqiqəti desin. Ölkədə əzəmətli İmam Xomeyninin sözü yalan çıxsın deyə xalqmehvər dini idarəçiliyin gerçəkləşməsini təsbit edən xalqın iştirakının zəiflədilməsini istəyənlər var. Hədəfləri budur ki, İlahi vədin reallığa zidd olduğunu göstərsinlər. Bu, qərəzli hərəkətdir, düşmənçilikdir. Bu ədavətli hərəkət qarşısında fəaliyyət göstərmək lazımdır. Seçkilərə müxalif olanlar İslam Respublikası və İslamla müxalifət ediblər. Seçki bir vəzifədir. Görüləsi işlərdən biri budur. Seçkiyə münasibətdə məsuliyyət hissi bu gün mücahid cəmiyyətin aydınlatma cihadında görəcəyi hazırkı işlərindən biridir.
Xalqı dövlətə və gələcəyə nisbətdə naümid edənlər, nəticə etibarilə hökumətdə olan güclü bir nöqtəni zəif nöqtəyə çevirirlər. Dövlətin güclü nöqtələrindən biri fəsadla mübarizədir. Haradasa bir fəsad qarşıya çıxanda dövlət, ədliyyə və digər orqanların məmurları güclü və müsbət addım olaraq o fəsadın qarşısında dayanırlar və kimlərsə başlayırlar: "Baxın, ölkədə fəsad var",- deyirlər. Bəli, fəsad var. O zaman zəif nöqtə olardı ki, fəsada göz yumulsun və fəsada kömək olunsun. Fəsadla mübarizə varsa, bu qüvvət nöqtəsidir. Bu qüvvət nöqtəsini zəif nöqtəyə çevirməyə çalışırlar. Bunun qarşısında dayanmaq lazımdır. Əzəmətli İmam belə məqamda güzəştə getməzdi. Bəzən biz güzəştə gedəndə də İmam güzəştə getməz, haqqı açıq-aşkar deyər, bəyan etməsi lazım olanı bəyan edərdi. Əlaqədar şəxslərin, cərəyanların, qrupların adını çəkərdi ki, məsələ xalqa aydın olsun. Bu yolla dövlətin sütunlarını möhkəmləndirə bildi. 44 ildir, bu günə qədər, həmd olsun Allaha, bu bina yüksəldi, bundan sonra da yüksələcək.
İran xalqı İslamı sevir, istiqlalı sevir, milli izzəti sevir. İran xalqı zalım güclərə itaətdən bezardır. Bu xalqa ar gəlir ki, Şah zamanındakı kimi amerikalılar, başqa güc sahibləri bu millətə yuxarıdan aşağı baxsın, onlara əmr, ya qadağan edələr. İran xalqının belə şeylərə dözümü yoxdur. Ona görə də İslam Cümhuriyyətinin arxasında dayanıblar. Çünki İslam Respublikasının şüarı milli izzət, milli istiqlal, milli inkişafdır. İslam Respublikasının şüaları bunlardır. Xalq İslam Respublikasının bu şüarlarına bağlıdır. Bu yol Allahın yoludur. Allahın yolu ilə hərəkət edən bəndələri heç bir güc geri oturtmaq iqtidarında deyil.
Dəyərli aydınlatma cihadını, inşallah, iqtidar və qüdrətlə davam etdirin. Bu qiymətli irsi özünüzdən sonrakı nəslə çatdırın. Gənclər hiss etsələr ki, vəzifələri əvvəlki nəsillə müqayisədə neçə qat olub, inşallah, inkişafı günbəgün daha çox müşahidə edərik.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.