Bağışlayan və mehriban Allahın adı ilə

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین عجّل الله تعالی فرجه الشّریف و ارواحنا فداه

Əziz qardaş və bacılar, əziz Qum xalqı, bu qiyam şəhərinin, mərifət, cihad şəhərinin qəhrəmanlıq dastanının yadigarları, çox xoş gəlmişsiniz. Allah-təalaya şükür edirəm ki, növbəti dəfə 19 Dey gününü (9 yanvar) və əziz Qum əhalisi ilə görüşü görmək, böyük 19 Dey hadisəsi barədə bir neçə kəlmə danışmaq üçün fürsət verdi, ömür verdi.

1356-cı ilin 19 Dey (09.01.1978) hadisəsində, Qum şəhərində içdən coşan xalq qiyamında bir çox məqamlar var ki, bu məqamlar haqqında həm biz çox danışmışıq, həm də başqaları. O məsələləri təkrarlamaq istəmirik. Amma bəzi məqamlar var ki, həmişə millətimiz və ölkəmizin qarşılaşdığı, aktual və köhnəlməyən məsələlərdir. Bu məsələləri təkrarlamaq faydalıdır.

Bu gün haqqında bir neçə cümlə danışmaq istədiyim məsələlərdən biri xalqın böyük hadisələrdə rol oynamaq qüdrətidir. Bunu yaddan çıxarmamalıyıq. Bunu öz həyatımızda yaşamışıq. Bu təcrübəni həm özümüz unutmamalıyıq, həm başqalarına ötürməliyik. Qəzzaya baxın. Xalqın səhnədə olmasının rolu və böyük bir hadisə qarşasında müqaviməti! Kiçik bir qrup, məhdud sayda əhali, məsələn, iki milyon nəfərlik bir cəmiyyət bir qarış torpaqda o əzəmətdə olan Amerikanı və ondan asılı qalmış sionist rejimi aciz qoyub. Xalqın səhnədə olmasının gücü budur. Qum hadisəsi bundan dəfələrlə böyük hadisədir. Nə üçün? Çünki Qum əhalisi 19 Deydə küçələrə çıxdılar, şəhid verdilər, döyüldülər, bir qismi də zindana salındılar. Amma bir hərəkata müqəddimə oldular ki, o hərəkat ölkəyə hakim olan zalım imperialist gücə bağlı rejimi bir il ərzində süquta uğratdı. 1978-ci il 9 yanvar 1979-cu il 11 fevral arasında nə qədər zaman var? Xalqın müxtəlif səhnələrdə iştirakı budur. Bu barədə bir mətləb demək istəyirəm. Bunu unutmamalıyıq. Bir millətin qolunda və yumruğunda belə bir güc varsa, nə üçün qədrini bilməsin? Nə üçün bu gücdən istifadə etməsin? Nə üçün böyük hadisələr zamanı bunu işə salmasın və meydana çıxarmasın? Deyəcəyim söz budur.

Bunu bizə İmam Xomeyni öyrədib. İmam Xomeyninin özünəməxsus işləri çoxdur və həmin işlərdən biri budur: heç bir ifrat və mübaliğəsiz İmam Xomeyni xalqa öyrətdi ki, xalqın səhnədə olması möcüzə yaradır. Bunu nə biz bilirdik,nə də başqaları. İmam 1962-63-cü illərdə əməllə, sözlə, məntiqlə, dəlillə bunu bütün İran xalqına nümayiş etdirdi. Onlara anlatdı ki, əgər irəli getmək istəyirlərsə, arzulanan nəticəyə çatmaq istəyirlərsə, meydanda olmalıdırlar. Geri çəkilmək, ona-buna arxalanmaq, bir küncə çəkilmək faydasızdır və meydana çıxmaq lazımdır. Özü də meydanın ortasında dayandı. İmam Xomeyni partiyalar, qruplar, siyasi cərəyanlar, o dövrün tanınmış, iddialı siyasi şəxsiyyətləri ilə oturub-durmaq əvəzinə, xalqla oturub-durdu. Bir xatirə danışım. Adını çəkmək istəmirəm, bir şəhərə getmişdim və orada tanınmış bir alim vardı. İmam Xomeyni tapşırmışdı, o ağaya deyəm ki, qalxsın, gəlsin Quma, onun yeri Qumdadır, amma şərti budur ki, (İmam Xomeyni o zaman tanınmış bir siyasi cərəyanın adını çəkdi) əvvəlcə həmin cərəyanla əlaqələrini kəsməlidir. Mən İmam Xomeyninin buyuruğunu həmin ağaya çatdırdım. Əlbəttə, şərti o ağa bəyənmədi və Quma da gəlmədi. Dedi ki, mənim o cərəyanla əlaqəm yoxdur. İmam Xomeyninin məntiqi bu idi: din alimi bir alim və müctəhid və bir mərifət və düşüncə mehvəri olaraq xalqın arasında olmalıdır.

(İmam Xomeyninin) Özü xalqın arasına gəldi. Aşura günü Qumun Feyziyyə mədrəsəsinə gəlib, xalqla açıq-aydın söhbət etdi. Əziz qardaş və bacılar! İmam Xomeyninin Aşura günü bu çıxışı tarixi bir hadisə idi. Bütün vücudu ilə meydana daxil oldu. Feyziyyə mədrəsəsinə gəlib əyləşdi, Astanə meydanda izdihamlı cəmiyyət var idi. İmam Xomeyni öz misilsiz çıxışını bəyan etdi. Xalqı əməli şəkildə səhnəyə gətirdi. Öz ürək sözünü hansısa siyasi cərəyan, hasısa siyasi şəxsiyyətlə yox, xalqla bölüşdü, xalqı meydana gətirdi. Xalq meydana gəldi, İmam Xomeyninin çağırışına cavab verdi. İmam Xomeyninin bu çıxışından 63-cü ilin 6 iyununa qədər üç gün ərzində xalq Qumda, Tehranda, Vəramində şəhid verdi. Şəhidlərin sayı məlum deyil. Müxtəlif rəqəmlər göstərilsə də, dəqiq araşdırma aparılmayıb. Kaş araşdırma aparılaydı, 15 Xordadda (6 iyunda) Tehran, Qum, Vəramin və başqa şəhərlərdə neçə nəfər gənc, qoca, kişi, qadının şəhadətə çatdığı bilinəydi. İmam Xomeyni xalqı meydana gətirdi, bu İmam Xomeyninin işi idi. Mübarizə bayrağını İmam Xomeyni xalqın əlinə verdi.

Bəli, xalq qəbul etdi və bu yolda bədəlini də verdi. Əlbəttə, 1963-cü ilin 6 iyununda meydanda olan xalqı dağıtdılar, İmam Xomeyni həbs olundu. Gecə İmam Xomeyninin evinə hücum çəkib onu həbs etdilər, Tehrana gətirdilər və bildiyiniz hadisələr baş verdi. Amma xalq aldığı dərsi unutmadı. Qumda 19 Dey (9 yanvar) hadisəsi 15 Xordadın (6 iyun) davamı idi. Bu hadisədə də xalq içdən cuşa gəlib meydana daxil oldu. 19 Deydə xalqı meydana çağıran rəhbər kim idi? Onların qəlbi, həmfikirliyi! İmam Xomeynidən dərs almış xalq dərk edirdi ki, meydana çıxmalıdır. Xalq 15 Xordadda İmam Xomeyni həbs olunduğu üçün, 19 Deydə İmama hörmətsizlik edildiyi üçün ayağa  qalxdı. Gəldilər, meydana daxil oldular, mübarizəyə başladılar. Mütəal Allah bu mübarizəyə bərəkət verdi. İran xalqı Qumda, Təbrizdə, Yəzddə, Şirazda, hər yerdə qiyam qaldırdı və 22 Bəhmən hadisəsi baş verdi. Xalqın iştirakı, səhnədə olması budur!

Əlbəttə ki, bu dərs Əmirəlmömininin (ə) dərsidir. Mən Əmirəlmömininin (ə) bir buyuruğunu qeyd etmişəm. Nəhcül-Bəlağənin bu cümlələrinə çox istinad etməli, Nəhcül-Bəlağədən çox (şey) öyrənməliyik. Bu, İmamın Malik Əştərə fərmanıdır. Bu fərmana səhvən “Əhdnamə” deyirlər. Əhdnamə deyil, hökumət fərmanıdır. İmamın Malik Əştərə fərmanıdır. Bu fərmanda çox söz var, İmamın bu fərmanında bir dərya mirvari mövcuddur. Bu məktubun (Nəhcül-Bəlağə 53-cü məktub) bir hissəsində deyilir: “Dinin sütunu, müsəlmanların kütləvi birliyi və düşmənlərin müqabilində olan təchizat xalq kütləsidir. Buna görə də onlara meyl və rəğbətin olsun.” “İmadud-din”, yəni dinin arxası, dayağı. Təbii ki, siz İslam cəmiyyətisiniz. Əmirəlmöminin (ə) bunu öz camaatına buyurur, amma bizə də aiddir. Yaxşı, siz İslam cəmiyyətisiniz, İslamınızın dayağı  ümmətdir, xalqdır. “Cimaul-muslimin”, yəni cəmiyyətin əsas gövdəsi, müsəlman cəmiyyətinin əsas gövdəsi. “Vəl-uddətu lil-ə'əda” – “uddə”, yəni ağır gün üçün ehtiyat saxlanılan şey, “Vəl-uddətu lil-ə'əda”, yəni düşmən qarşısında ehtiyat. Kimdir düşmən qarşısında ehtiyat qüvvə? “Əl-ammətu minəl-ummə”, yəni xalq kütləsi. Neçə il öncə bu məktubdan bəzi hissələri məsulların nəzərinə çatdırdım. Həzrət xüsusi zümrə ilə ümumini müqayisə edir. Xüsusilər göz nuru olanlar, ümumlər isə xalq kütləsidir. Xüsusilər və ümumi kütlə haqqında maraqlı ifadələr işlədir. Həzrətin sözü budur ki, xalq kütləsinə arxalanın. Bir prezident xalqla ünsiyyətdə olarsa, danışarsa, işləyərsə, onların qəlbində yer alar. Bəziləri deyir ki, bu populizmdir! (Bu sözü deməklə) Təhqir edirlər. Xeyr, bu xalqa xidmətdir, əsas nöqtəni nişan almaqdır. Bütün işləri görən xalq kütləsidir. Əlbəttə ki, xalqla necə işləmək özü böyük məharətdir, bu da öz yerində.

Burada əsas bir məqam var. Bu, xalqın səhnədə, meydanda olmasıdır. Bu məqamın kənarında başqa bir mühüm məqam da var. O nədir? O, xalqın mübarizə səhnəsinə gətirilməsində dəqiq istiqamətin seçilməsi, mərifət və agahlığın artırılmasıdır. Neçə gün qabaq bu məkandakı görüşdə həmin mətləbi qeyd etdim. Yəni sizin raketləriniz nöqtə vuran və dəqiq olduğu üçün düşməni aciz edib. Bir nöqtəni dəqiq hədəfə alır, 1000-1500 km məsafədən həmin nöqtəni vurur. Siz ki meydanın ortasında dayanıb xalqı dəvət edirsiniz, hədəfiniz aydın və dəqiq olmalıdır. İmam Xomeyni hədəfi təyin etdi: asılı və fasid şahlıq rejimini aradan aparmaq və yerində İslam hakimiyyəti yaratmaq! Hədəf aydın oldu. Əgər bu gün xalqı meydana dəvət ediriksə, hədəf nədir? Bunu aydınlaşdırmaq lazımdır. İkinci dərəcəli hədəflər nəzərdə tutulmur. Hədəf İslam hakimiyyəti, milli izzət, İran xalqının tam mənafeyi, İran xalqının yüksəlişi və imperializmlə mübarizədir. Sadalananlar ümumi təbirlər olsa da, mənası aydın və müəyyəndir. Feyziyyə hadisəsi ilə 22 Bəhmən (11 fevral) arasındakı 15 ildə İmam Xomeyni və köməkçilərinin işi bu zəmində aydınlatma olub.  Camaatla danışanların, cavanlara mərifət və agahlıq verib düzgün yola istiqamətləndirən Mütəhhəri və bu qəbildən olanların işi hədəfi müəyyən edib xalqa lazımi agahlığı vermək idi. Mərifətin artırılması çox mühümdür. Bu, əsli işdir. Tələbələrimiz, fəzilət sahibi olanlarımız, ziyalılarımız, universitetlərdəkilər və ustadlarımız bu zəmində hərəkət etməlidirlər. Mərifəti artırsınlar, mərifətin artırılmasını gücləndirsinlər.

22 Bəhməndə İran xalqının əli ilə devrilən, bu pak torpaqdan, Allahla yaşayanların ölkəsindən qovulan rejim əlaltı və çevrilişlə hakimiyyəti qəsb etmiş bir rejim idi. Qırx il ötəndən sonra bəziləri buna inanmaq istəmir. Amerikalılar, onların ətrafındakılar və onlardan asılı olanlar da təəccüblüdür, siyasətçi və diplomat olmaqlarına baxmayaraq, necə sadəlöhvlük edir və bu məsələdə də son dərəcə sadəlövhlük edərək 45 il öncə xalqın təpikləyib qovduğu rejimə yanlış hesablama nəticəsində təkrar haqq qazandırırlar. Pəhləvi rejimi asılı və çevriliş əsasında hökumətə gələn bir rejim idi. 1921-ci (22 fevral) ildə ingilislərin təhriki və köməyi ilə Rzaxan çevriliş etdi. Üç-dörd ildən sonra Rzaxanın padşahlığa çatıb Rzaşaha çevrilməsi də ingilislərin köməyi və əli ilə baş tutdu. Bir neçə il sonra İran mədəniyyətinin Qərb mədəniyyətində həzm olması, adını çəkmək istəmədiyim ingilislərin Rzaxanın ətrafındakı rütbəli məmurları vasitəsilə hicabın qadağa olması, hövzələrin bağlanması, əzadarlıq, dini mərasimlər, camaat namazlarının və.s ləğv edilməsinə başladılar. Bəzi kitab və məqaləsi olan tanınmış siyasət və mədəniyyət adamlarının əsil siması hələ də xalq üçün açılmayıb. Onların Rzaxan ətrafında işləri İran xalqının mədəniyyətini dəyişmək, Qərb mədəniyyətində həzm etmək idi. Hicabın qadağa olmasına bu gözlə baxın, bu ingilislərin işi idi. 1941-ci ildə Rzaxanın ölkədən çıxarılması, oğlu Məhəmmədrzanın taxta oturdulması da ingilislərin istəyi idi. İngiltərə səfiri bu işdə birbaşa rol oynayırdı, bu onların istəyi idi. 43-cü ildə Məhəmmədrza neftin milliləşməsi hərəkatının qarşısında dayana bilməyib ölkədən qaçdı. Onun qayıdışı üçün çevriliş hazırlayan da İngiltərə və Amerika idi. Məhəmmədrzanın üzüqara hakimiyyətinin 1979-cu il 11 fevrala qədər davam etməsi də amerikalıların köməyi ilə mümkün oldu. Pəhləvi rejimi belə bir rejim idi. Bu rejimin ömrü əvvəldən axıra qədər ingilislər və amerikalıların müdaxiləsi və köməyi, onlardan asılılıq, ölkəni onlara satmaq sayəsində mümkün oldu. Problem təkcə iqtisadi sərmayələrin satılması deyildi, xalqın neftini də, milli izzətini də, dini və milli şərəfini də onlara satdılar. Pəhləvi rejimi belə bir rejim idi. İran xalqı bu rejimi ölkədən çıxardı. İmam Xomeyni xalqın qarşısına belə bir məqsəd qoymuşdu. Bu, İmam Xomeyninin strateji siyasəti idi: xalqı meydana gətirmək, mübarizə bayrağını xalqın əlinə vermək.

Bu siyasətə qarşı onun tam əksi olan başqa strateji siyasət var. Nədir o siyasət? Xalqı səhnədən çıxarmaq! Onu müsabiqə və döyüş meydanından kənarlaşdırmaq. Bu kimin siyasətidir? İnqilab düşmənlərinin, Amerikanın, dünya hegemonlarının, sionistlərin, dünya miqyasında soyğunçu sionist şirkətlərin siyasəti. 40 ildir, ölkədə bu siyasəti yürüdürlər. Bu gün həmin siyasət ən rəzil şəkildə fəaliyyətdədir. Buna diqqətli olun. Xalqı səhnədən çıxarmağa çalışırlar. Seçkidə iştirak edək, yoxsa yox soruşulanda bəzilərinin dediyi “Yox, axı nə faydası var?” sözləri sadə söz deyil, Amerikanın, inqilab düşmənlərinin strateji siyasətidir. Siyasət, mədəniyyət, iqtisadiyyat, din səhnələrində xalqın olmaması düşmənin strateji siyasətidir. Ərbəin yürüşünü məsxərəyə qoyurlar, Tehran küçələrində əzəmətlə qeyd edilən Əmirəlmömininə ya Nimeyi-Şabana aid böyük bayram barədə şəkk-şübhə yaradırlar ki, niyə bu (sadalananlar) qeyd olunur. İran və regionun böyük sərkərdəsi Şəhid Süleymaniyə hörməti şübhə altına alırlar. Tehranda filan universitet kənarında Şəhid Süleymaninin şəklini cırmadılarmı? Kimisə təhrik edirlər ki, bu işi görsün. Səkkiz milyonluq cəmiyyət Şəhid Süleymaninin cənazəsini dəfn edir, bir nəfər qafil, ya dəyərsiz gənc, o da ya pulla, ya fikirləri üzərində işlənmiş biri milyonlarla insana qarşı gedərək Şəhid Süleymaninin şəklinə əl uzadır. Bu nə məna kəsb edir? Bu düşmənin həmin strateji siyasətidir.

Düşmən bu sahədə fəaldır, çox iş görür və həddindən artıq iş görür. Dərk ediblər ki, İranın inkişafının, izzət tapmasının, bu məntəqədə mühüm bir güc kimi meydana çıxmasının, həmçinin İslam Respublikasının strateji dərinliyi olan müqavimət qüvvələrinin bütün məntəqədə möhkəmlənməsinin səbəbi İran xalqının meydanda olmasıdır. İranı müharibəyə vadar edirlər, düşmənlər bu müharibədə uduzurlar, çevriləşə cəhd edirlər, məğlub olurlar, sabitliyi pozmaq istəyirlər, bacarmırlar. Çünki xalq səhnədədir. Harada xalqı səhnədən çıxara biliblərsə, qalib gəliblər. Bir çox iqtisadiyyat sahələrində də belədir. Biz konstitusiyanın 44-cü maddəsi üçün ümumi siyasətləri elan etdik. (İranda) İş başında olan bir dövlətə (prezident və Nazirlər Kabinetinə) ardıcıl sifariş verdik, gah dedilər edərik, gah dedilər etmərik. Gördükləri işin də yarısı yararsız oldu. Təbii ki, iqtisadi problem belə yaranır. Belə olan halda düşmən sevinir və dəstək verir. Düşmən bu zəminlərdə fəaldır, ciddi cəhdlə çalışır.

Xalqı səhnədən çıxarmaq üçün gördükləri işlərdən biri gələcəyə nisbətədə ümidsizlik yaratmaqdır. Baxın görün, düşmənə açıq, ya gizli şəkildə bağlı olan media, informasiya vasitələri xalqı gələcəyə nisbətədə nə qədər məyus edir. Çünki bu media vasitələrinin bəzisi aşkar şəkildə düşmənin əlaltısı, bəzisi də aşkarda deyil, amma batində onların əlaltısıdır. Onlar mənfi bir nöqtə tapır, onu şişirdirlər ki, xalq naümid olsun. Əsasən də, gəncləri məyus etməyə çalışırlar. Gəncləri məyus etmək istəyirlər. Deyirlər ki, “Siyasi fəaliyyətlərin nə faydası var”, “Seçkidə iştirak etmək nəyi dəyişir”! Belə sözlər yayır, bunun üzərində işləyirlər.

Başqa bir işləri iqtisadiyyatdakı çatışmazlıqları, çətinlikləri qabartmaqdır. Bəli, iqtisadi problemlərimiz var, buna şəkk yox. Müxtəlif zəifliklər olub və indi də davam edir. İqtisadi zəifliklərin olmasına şübhə yoxdur. Bunları (camaata) göstərirlər. Hansı ki, bir məsələyə diqqət yetirilsə, lazımınca araşdırılsa, bu iqtisadi zəifliklərin də əsas səbəbi xalqın səhnədə olmamasıdır. Harada xalq meydanda olubsa, orada zəifliklər də azdır.

Xalqı meydandan uzaqlaşdırmağın başqa yolu dünya gücləri ilə qorxutmaqdır. Amerika ilə, sionist rejimlə, başqaları ilə qorxudurlar. Hansı ki, İran xalqı dünya güclərindən qorxmamağı özü təcrübədən keçirib. Əgər biz hansısa gücdən qorxsaydıq, İslam Respublikası olmazdı. Bu məntəqəyə hakimlik, Allahlıq iddiasında olanların çoxu bu gün İran xalqından qorxur.

Xalqı səhnədən çıxarmaq üçün istifadə edilən yollardan biri onu din və imanın zirvəsində dayanan hüzur, şücaət və qüdrət amillərinə inamsızlaşdırmaq, biganələşdirməkdir. Bunun üçün də çalışırlar, təbliğat aparırlar, iş görürlər. Düşmən məşğuldur. Məsullarımız bu sahədə bacardıqları qədər çalışmalı, işləməlidirlər. Hicab məsələsinə, hicabla bağlı baş verən hadisələrə bu gözlə baxın. Problem bu deyil ki, kimlərsə hicab barədə bilmir, ya diqqət etmirlər. Xeyr, kiçik bir qrupun maxalifət və etiraz üçün marağı var.

Bu işdə bir məqsəd ixtilaf yaratmaq, xalqı iki cəbhəyə bölməkdir. Baxın, ixtilaf iki növ olur. Bəzən iki şəxs arasında bir siyasi məsələdə, filan məhəbbət və düşmənçilik mövzusunda səliqə (zövq) fərqləri olur. Onlar bir-biri ilə dostdurlar, bir yerdə çay içirlər, bir süfrədə əyləşirlər, buna baxmayaraq, fərqli baxışları da var. Amma başqa növ ixtilaf da var ki, bir tərəfin ortaya qoyduğu düşünücə, əməl, yaxşı-pisi o biri tərəf məhkum edir. Həmçinin o biri tərəfin də əməlini bu tərəf məhkum edir. İkiqütblülük budur. Düşmən cəmiyyətdə ikiqütblülük yaradır. Bir tərəf yaxşı söz də desə, o biri tərəf məhkum edir. İran xalqının müxalifləri və düşmənləri hazırda bu işlə məşğuldurlar.

Bununla mübarizə yolu xalqın iştirakıdır. Xalq iqtisadi, siyasi məsələlərə, seçki məsələsinə daha ciddi, hətta təhlükəsizlik məsələlərinə qatılmalı, iştirak etməlidir. Xalq arasında, cəmiyyətdə, müxtəlif yerlərdə düşmənə işləyənlər var. Xalq bu adamları tanıyıb üzə çıxara bilər. Çox olub ki, xalq təhlükəsizlik qurumlarının köməyinə gəlib və problemi aradan qaldırıblar. Xəbərləri bizə çatdırırlar, Kermandakı faciəli hadisə kimi çox iş görmək istəyiblər, amma xalq xəbər tutub, təhlükəsizlik qüvvələri xəbərdar olub, hadisənin qarşısı alınıb. Düşmən baş verən hadisələrdən on qat artıq hadisə yaratmaq istəsə də, qarşısı alınıb. Çox vaxt da xalqın köməyi ilə!      

Haqqında danışdığım xalqın səhnədə olması məsələsi, yəni ölkənin düzgün idarəsi, inqilabın inkişafı, inqilabın nəticəyə və hədəfə çatması üçün lazımi şərtlərdən olan bu məsələ (səhnədə olmaq) yayılmalıdır. Kimin təsirli nitqi varsa, auditoriyası varsa, kim təsir gücünə malikdirsə, bu sahədə çalışmalıdır. Quran buyurduğu kimi, “Bir-birini haqqa tövsiyə edərlər”(Əsr surəsi, 3) Bu, haqdır. Haqqa tövsiyə etmək hamının vəzifəsidir. Ruhani olsun, universitet müəllimi olsun, minbər olsun, teleradio şirkəti olsun, siyasi rəhbər olsun, idarə müdiri olsun, alim olsun, mərcəyi-təqlid olsun, bir sözlə, kim olur-olsun, haqqa dəvət etmək vəzifəsidir. Xalqı meydanda olmağa, meydanda dayanmağa, meydanın şəraiti ilə tanış olmağa sövq etmək lazımdır. Əlbəttə, hökumət məsulları bilməlidirlər ki, artıq xalq hazırdır və buna görə də məsulların vəzifəsi ağırdır. Hökumət məsulları, siyasət və mədəniyyət meydanının fəalları zəminə yaratmalıdırlar. İnşallah, bu hazırlıq davam etsin, günbəgün artsın.

Dedim ki, xalq hazırdır. Dəlili nədir? Dəlil Süleymaninin şəhadətinin dördüncü ildönümündə böyük cəmiyyətin toplanması idi. Bu, dəlillərdən biridir. 22 Bəhməndə, Ramazan ayının son cüməsində (Qüds Günü), 9 dey (30 dekabr) kimi (əlamətdar) günlərdə, müxtəlif Əyyamullahlarda (Allaha mənsub günlərdə), indi isə şəhid Süleymaninin şəhadət ildönümündə xalqın uzaq yerdən yola düşüb onun məzarını ziyarət etməyə getməsi, hətta belə hüzn dolu faciəli hadisənin səhəri günü eyni şiddət, qüdrət və maraqla iştirakı davam edir. Demək, xalq hazırdır. Biz qaydaya salmalı, kömək etməli, yol açmalı, zəmin yaratmalıyıq.    

Kermanda baş verən və xalqı sözün həqiqi mənasında əzadar edən qəmgin və faciəli hadisəyə görə kimisə ittiham etməkdə israrlı deyilik. İsrar edirik ki, bu hadisənin əsas təşkilatçılarını, pərdə arxasında olanları tapıb cəzalandıraq. İnşallah, bu işlə ciddi məşğul olan möhtərəm məsullar (mənim də dəqiq məlumatım var ki, yaxşı çalışırlar) bu hadisədə əli olan, bu hadisənin arxasında dayananları əməllərinin cəzasına çatdıra bilsinlər.

Bir söz də Qəzza barədə deyim. Qəzza məsələsindəki proqnozlar tədricən özünü doğruldur. Dünyanın uzaq görənlərinin istər burada, istərsə də müxtəlif yerlərdə verdiyi proqnoz bu idi ki, bu müharibədə qalib gələn tərəf Fələstin müqaviməti, məğlub olan tərəf isə xəbis və lənətlənmiş sionist rejim olacaq. Bu baş verməkdədir və hamı da bunu görür. Sionist rejim üç aydır, cinayət törədir. Əvvəla, bu cinayətlər tarixdə qalacaq. Hətta sionist rejim məhv olandan, Allahın tövfiqi ilə yer üzündən silinəndən sonra bu cinayətlər unudulmayacaq. Rejim məhv olandan sonra da yaddan çıxmayacaq. O zaman kitablarda yazılacaq ki, bir zaman bu məntəqədə bir dəstə hakimiyyətə gəlib və belə cinayətlər törədib. Bir neçə həftəyə neçə min uşaq, qadın qətlə yetiriblər. Bunu yazacaqlar və deyəcəklər, bu unudulmayacaq. Hamı başa düşəcək ki, bu rejimi Fələstin xalqının səbri və müqaviməti geri oturmağa məcbur edib. Bəli, sionist rejim yüz günə yaxın cinayətlərindən sonra heç bir məqsədinə çatmayıb. Məğlubiyyət nəyə deyirlər? Məğlubiyyət elə budur. Dedilər ki, HƏMAS-ı yer üzündən siləcəyik, bacarmadılar. Dedilər ki, Qəzza xalqını köçürəcəyik, edə bilmədilər. Dedilər ki, müqavimətin qarşısını alacağıq, ala bilmədilər. Müqavimət sağdır, gümrahdır, hazırlıqlıdır. Sionist rejim isə yorğundur, üzüqaradır, peşmandır, alnına cinayətkar damğası vurulub. Bu gün mövcud vəziyyət budur.

Bu, ibrətdir. Bu xətt davam etdirilməlidir: zülm qabağında, zor qabağında, imperializm qabağında, qəsbkarlıq qabağında müqavimət xətti. Müqavimət elə bu cür öz qüdrətini yeniləməli və hazırlıqlı olmalı, düşmən hiylələrindən qəflətdə qalmamalıdır. Allahın yardımı ilə əli çatan yerdə zərbə endirməlidir. İnşallah, belə də olacaq, inşallah, o gün gələcək. İran xalqı, müsəlman millətlər, bütün dünyadakı mömin qruplar müqavimət, qüdrət, səbr və Allaha təvəkkülün qələbəsini aləmdəki düşmənlər, düşmənçiliklər və şeytanlar üzərində görəcəklər.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.