Bağışlayan və mehriban Allahın adı ilə

الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.

 

Xoş gəlmisiniz, əziz bacı və qardaşlar, məxsusən də alicənab və dəyərli şəhid ailələri və həmçinin əzəmətli və vacib olan Həcc ziyarətinin məsul işçiləri və təşkilatlarçıları. Həzrət İmam Sadiqin (əleyhissalam) şəhadəti münasibətilə burada iştirak edən bütün əzizlərə başsağlığı verirəm.

Həcc məsələsində həm Həcc zəvvarları və həm də Həcc ziyarətinin məsulları üçün bir əsas mövzu vardır və o da Həccin əhəmiyyətini dərk etməkdən ibarətdir. Yəni Həccin İslam maarifi toplusunda və insanın yerinə yetirdiyi ibadətlər toplusunda əhəmiyyətinin nədən ibarət olmasıdır. Bu, mühümdür. Həccin əhəmiyyəti dərk olunmalıdır. Bəzən insan bir səfər edir və bu səfərdə həm ziyarət, həm gəzinti, həm də ticarətin olması mümkündür. Bəzən isə xeyr, məsələ bir səfərdən daha üstündür. Yəni məsələ dünyamiqyaslı bir məsələ, beynəlxalq bir məsələ və İslam maarifində sivilizasiya ilə bağlı olan bir məsələdir. Həccə bu baxışla nəzər salmaq və görmək lazımdır.

Həclə bağlı hər birinin özünün xas mövzusu olmaqla Quranda çox ayə vardır, amma burada danışmaq üçün Həccin mənafeyinə aid iki ayə qeyd etmişəm. Bu ayələrdən biri mübarək Maidə surəsindədir və ayədə belə buyurur: "Allah Kəbəni – o möhtərəm evi insanların (din və dünyasının) dayaq vasitəsi etdi". Allah Kəbə evini cəmiyyətin söykənəcək yeri bilir və bu, çox mühümdür. "Qiyamən linnasi" (insanlar üçün dayaq vasitəsi), yəni əgər Həcc mövcud olmasa, yaxud gerçəkləşməsə, İslam ümməti və İslam cəmiyyəti məhv olacaqdır. Buna görə də fəqihlər deyirlər ki, bəzi məqamlarda Həcc "vacibi-kifayi" hökmündədir. Yəni əgər siz bir gün görsəniz ki, (Allah eləsin ki, o gün gəlməsin) dünyanın heç bir yerindən bir dənə də hacı yoxdur, o zaman hətta 10 dəfə də Həccə getmiş olsanız belə, Həcc ziyarəti sizə vacib olacaqdır. Heç vaxt bu ev, bu əsil qərargah və bu əsas mərkəz boş qalmamalıdır. "Qiyamən linnasi", bu, çox mühüm bir təbirdir.

Bir ayə də mübarək Həcc surəsindədir: "Və insanları ümumi şəkildə Həccə çağır ki, piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar".

Xalq, millət, İslam ümməti dünyanın hər tərəfindən Həccə gəlsinlər və öz mənfəətlərini gözləri ilə görsünlər. "Liyəşhədu", yəni müşahidə etsinlər, görsünlər və mövcud olan mənfəət məcmusunda iştirak etsinlər. İmam Sadiqdən (ə) soruşdular ki, burada mənfəət deyilərkən axirət faydaları, yəni savab və bu qəbildən olan faydalar nəzərdə tutulur? İmam buyurdu ki, xeyr, hər ikisi nəzərdə tutulur. Əlbəttə, axirət faydaları ilə yanaşı, dünya faydaları da mövcuddur. İslam ümməti Həcc ziyarətində elə faydalardan yararlanır ki, heç bir yerdə bunları kamil formada ələ gətirə bilməz. (Bu faydaları ələ gətirmək) Həccdən başqa, bu beynəlxalq toplumdan başqa heç bir yerdə mümkün deyildir. Bu faydaları yalnız bu dünyamiqyaslı əhd-peyman məkanında ələ gətirmək mümkündür. O cümlədən dünyəvi mənfəətlərinə gəldikdə isə, mövcud olan qarşılıqlı anlayış, qarşılıqlı əlaqələrin nəticəsində İslami mədəniyyət səthinin tərəqqi etməsidir. Bir sıra şeylər çox aşkar olsa da, lakin insan gözündən gizli qalır. Bu şeylərdən biri də həmin (qeyd etdiyimiz) məsələdir. Müqəddəs şəriət sahibi bütün İslam ümmətinin hər bir üzvünə xitab edir: "Və insanları ümumi şəkildə Həccə çağır". Bu "Nas" kəlməsində mühüm məqamlar var, lakin üzərində çox qalmaq istəmirəm. Quranın bir neçə ayəsində "Nas", yəni bütün insanlardan söhbət gedir, təkcə "Muminin"dən (möminlərdən) deyil. Onlardan biri də bu ayədir: "Və insanları ümumi şəkildə Həccə çağır", yəni cəmiyyətin hər bir üzvünə və bütün bəşəriyyətə aiddir. Həzrət İbrahimin (əleyhissalam) xitabı bütün bəşəriyyətə aid idi. Hədislərdə var ki, Allah-təala İbrahimə (ə) vəhy etdi ki, camaatı (Həccə) dəvət etsin, İbrahim də Əbu-Qubeys dağının üzərinə qalxdı və buyurdu: "Ey insanlar". İbrahimin özünə iman gətirənlərdən və onu qəbul edənlərdən söhbət getmir. İbrahim (ə) bütün bəşəriyyəti Həccə dəvət etdi. Bütün tarix boyu, bütün zamanlarda nə qədər ki dünya durduqca, İbrahimin (ə) bu dəvəti də mövcud olacaq. Müəyyən olunmuş bir günlərdə, zamanın məhdud bir hissəsində (bu günlər Bəqərə surəsində "Əyyamin mədudat" və Həcc surəsində isə "Əyyamin məlumat" olaraq qeyd olunub) və yer üzünün xas bir nöqtəsində Allah-təala bəşəriyyətin bütün üzvlərini dəvət etdi. Əlbəttə, məlumdur ki, bu dəvətə iman gətirən, qəbul edən və gəlib əməl edən insanlar möminlərdir və bu müsəlmanlara aiddir. Lakin bu dəvəti qəbul etməyənlər, adətən, icabət etmirlər və məhrum qalırlar. Bəşəriyyətin bütün üzvlərinin dünyanın hər tərəfindən müəyyən bir zamanda, müəyyən bir tarixdə və müəyyən bir məkanda cəm olmaqları təsadüfi deyildir,  hesablanmış bir işdir və bəllidir ki, bu insanları müəyyən bir hədəf üçün dəvət edirlər.

Siz diqqət edin ki, əgər cəmiyyətdən bir qrupu ya ölkə şəhərləri arasından filan şəhər əhalisini və ya ölkənin bütün əhalisini filan vaxtda, filan yerdə və filan nöqtədə toplaşmaq üçün dəvət etsələr, sizcə, bunun mənası nədir? Mənası budur ki, bu cəm olmağın bir hədəf və məqsədi vardır. Mənası bu deyil ki, (təkcə) ora yığışsınlar və sonra da getsinlər. Xeyr, yəni gəlsinlər ki, bir iş baş versin, bir hədəf həyata keçsin. Həcc bu deməkdir. Bir hədəf üçün dəvət etdilər. O hədəf nədir? İslam ümmətinin tərəqqisi. İslam ümmətinin vəhdəti və həmçinin ümmətin bütün üzvlərinin qəlblərinin bir-birilərinə yaxınlaşmasıdır. Nəyin müqabilində? Küfr, zülm, hegemonlar, bəşəri və qeyri- bəşəri bütlər, habelə İslamın aradan aparmaq istədiyi hər bir şeyin müqabilində. Bunların müqabilində dayanmaq üçün cəm olsunlar. Fərz edin ki, bu gün İsrail və sionist rejim məsələsi gündəmdədir. Bütün İslam dünyası cəm olmalıdır və bu ictima sionist rejim əleyhinə bir mesaj olmalıdır. Bu gün dünyada əsas məsələ hegemon qüdrətlərin nüfuz etmə məsələsidir. Bu gün hamı hegemon qüdrətlər müqabilində hazır olduqlarını, qüdrətli olduqlarını və sinələrini sipər etdiklərini elan etməkdən ötrü cəm olmalıdır. Əslində, əsas məsələ budur. Bu (Həccin) dünyəvi faydalarıdır. Əlbəttə, əgər dünya mənfəətlərini saymaq istəsək, gərək onlarla səhifə (bu haqda) yazılsın və deyilsin. İndi biz burada (təkcə) bir- iki cümlə qeyd etdik.

Axirət faydalarına gəldikdə isə, axirət faydaları dünya faydaları ilə yanaşıdır. Həccin təsiri qəlblərdədir. Yəni Allah-təala ilə üns yaratmaq, Allah ilə rabitəni gücləndirmək, əməldə ixlas, qəlbi Allahı yad etməklə müxalif olan hər bir şeydən təmizləmək və pak etmək. Həccin (qəlblərdə olan təsiri) bunlardır. Bunların hamısı baş verməlidir. Həcdə olan bu əməllərin (bu ehram, təvaf, namaz, (iki dağ arasında olan) səy, ərəfat, məşər, mina əməlləri və bu kimi işlər) hər biri məna və qeyb aləminə açılan və o aləmi nurlandıran bir qapıdır və qəlbləriniz bundan istifadə edir. Həccə bu şəkildə getmək lazımdır. Həcc ziyarətini belə yerinə yetirmək lazımdır.

Həcc mövzusunda bir mühüm məsələ də bütün müsəlmanların qlobal və dünya miqyaslı baxışıdır. Bundan qəflət etmək olmaz. İslamın müsəlmanlardan istəyi onların qlobal baxışa sahib olmaqlarıdır. Təbii olaraq, insan həyatın uzunmüddətli, qısamüddətli və gündəlik məsələləri ilə üzləşir. Bunda heç bir şübhə yoxdur və qaçılmazdır, lakin bu məsələlərlə məhdudlaşmaq olmaz. Siz öz şəxsi həyatınız, ailəniz, övladlarınız, gələcəyiniz, peşəniz, ölkənizin gələcəyi, inkişaf və tərəqqisini düşündüyünüzlə yanaşı, dünya məsələləri haqqında da düşünün. İslamın verdiyi təlim budur. Mən burada İmam Sadiqdən (ə) olan bir hədis qeyd etmişəm və hədis də elə Həcc barəsindədir. Əlbəttə, hədis özü daha böyükdür. Bu hədis Vəsaildə "Həccin vacib olması" babındadır. Diqqət edin ki, burada olan əsas məqam İmam Sadiqin (ə) bu hədisi Həccin vacib olması barəsində buyurması və o cümlədən bu hədisdə (İmamın) buyurduğu təbirlərdir. İmam (ə) buyurur: "Və ləv kanə kullu qovmin innəma yəttəkilunə əla biladihim və ma fiha". Əgər hər hansı cəmiyyət, hər hansı millət özləri, öz ölkələrinin məsələləri və öz şəhərlərinin məsələri ilə məşğul olsalar, təkcə bu məsələlər üzərində qalsalar və təkcə bunlara əhəmiyyət versələr, "Hələku", yəni məhv olub aradan gedərlər. Əgər sizin dünyada baş verənlərdən xəbəriniz olmasa, zəifləyərsiniz, "Hələku", bu, İmam Sadiqin (ə) təbiridir. "Və xərubətil- bilad", öz ölkəniz, öz nəzərdə tutduğunuz məntəqə də aradan gedər və dağılar. "Və səqətətil-cələb vəl ərbah", "Cələb", yəni qazanc. Öz milli gəlirləriniz də azalmış olar. Dünyada nələrin baş verdiyindən xəbərdar olmalısınız. "Və əmiyətil əxbar", dünyadan məlumatsız qalırsınız. Gərək dünyaya nəzər salasınız və biləsiniz ki, dünyada nə proseslər gedir. Biz ki düşmənşünaslıq məsələsini (bu qədər) təkrar-təkrar deyirik, biz ki deyirik, düşməni tanıyın, düşmənin metod və fəaliyyətlərini, öz hədəfləri yolunda nə qədər irəlilədiklərini, güclü və zəif tərəflərini tanıyın, burada xitab təkcə (dövlət) məsullarına aid deyil, cəmiyyətin hər bir fərdinə də aiddir. Əgər bir ölkənin cavanı ya qeyri-cavanı, alimi, dərs oxuyanı, taciri- hamısı dünyada baş verən məsələlərə diqqət etsələr, həmin ölkə heç bir zaman aldanmaz. Biz bir çox yerlərdə dünya mübadilələrində (siyasi meydanlarda) aldanmağa məruz qalmışıq. Buna səbəb isə dünyada baş verən məsələlərə diqqət yönəltməməyimiz olub. Müqabil tərəfimizin hansı niyyətlə meydana daxil olduğunu, hansı niyyətlə bizə söz dediyini, filan məsələnin üzərində bu qədər israr etdiyini, probleminin nə olduğunu, bizim özümüzün hansısa məsələdə nə qədər ehtiyaclı olduğumuzu və onun da həmin məsələdə nə qədər ehtiyaclı olduğunu- bunların hamısını bilməyimiz gərəklidir. Əgər bunları bilsək, daha aldanmarıq. Harada bunları bilsək və bildiklərimiz əsasında da əməl etsək, irəli gedərik. Lakin indi dünya səviyyəsində, beynəlxalq səviyyədə və məntəqədə yaxşı inkişaflar əldə etmişik. Amerikalıların daha çox əsəbiləşməyinə səbəb olan amil bizim inkişafımızdır. Bu inkişafların səbəbi həmin sahə üzrə məsul olan şəxslərin həmin məsuliyyət daşıdıqları iş üzərində diqqət nəzərlərinin olması idi və onlar dünyada nələrin baş verdiyini dərk edirdilər. Həcc sizin bunları ələ gətirməyiniz üçün əsas bir məqamdır.

Həcc ziyarətinə Avropadan, Afrikadan, Asiyanın hər tərəfindən, filan siyasətə meyli olan ölkələrdən, ya başqa bir siyasətə meyli olan ölkələrdən gələnlər vardır və bir sözlə, hər cür insan gəlir. Dünya məsələlərindən yaxından agah olmağınız üçün əlinizdə meydan var, fürsət var, nəinki bu məlumatları hansısa yalan məlumatlarla dolu qəzetdən, ya bütün dünya boyu yalan məlumatlar, yalan şayiələr yayan və həqiqətləri əksinə göstərən xəbərlərdən ələ gətirəsiniz. Bunları yaxından bilə bilərsiniz. Həcc budur, təbii ki. Həccə bu baxış tərzi ilə baxmaq lazımdır.

Həclə bağı əsas mühüm bir məqam da budur ki, İslam (Həcc vasitəsilə) dünyanın müxtəlif ölkələrində mövcud olan irqi, coğrafi və sosial təbəqəyə görə olan ayrı-seçkilikləri əməli şəkildə qəbul etmədiyini göstərir. Bu, çox mühüm bir məqamdır. Bu gün özlərini sivilizasiyaya sahib bilən, lakin mənim nəzərimə görə, sivilizasiyadan zərrə qədər payları olmayan, özlərini sivilizasiyaya sahib, başqalarını isə vəhşi hesab edən ölkələr ağ ya qara dərili, Avropa ya qeyri-Avropa irqi və mühacir məsələsində ilişib qalıblar. Minlərlə mühacirlərin dənizdə boğulmaqları veclərinə belə deyil. Onlara əhəmiyyət vermirlər. Sanki onları insan hesab etmirlər və diqqət ayırmağa da layiq görmürlər. Ev heyvanlarına qonşuluqlarında yaşayan qəribdən daha çox əhəmiyyət verirlər. İnsan bu hadisələrin dünyada gündəlik olaraq baş verdiyinin şahidi olur. (Bu məsələlərdə) ilişib qalıblar və heç cür həll edə bilməyiblər. İslam bu problemləri həll etdi, lakin (təkcə) dildə yox. Dildə də Qurani-Kərim (bir yerdə) belə buyurur: "Həqiqətən, bütün möminlər qardaşdırlar". Bu kimi başqa ayələrdə, eləcə də hədislərdə, İslamın böyük şəxsiyyətlərinin dilində yetərincə belə sözlərə rast gəlmək olar. Əmələ gəldikdə isə, İslamın irqi ayrı-seçkilik məsələsini aradan qaldırması əməli yol ilədir. Harada? Həcc mərasimində. (Həcdə) Ağ dərili də, qara dərili də iştirak edir. Dünyanın müxtəlif yerlərindən, dünyanın müxtəlif sivilizasiyalarından müxtəlif tarixi köklərlə hamısı heç bir ayrı-seçkilik olmadan bir-birlərinin kənarında iştirak edirlər. Bir-biriləri arsında heç bir ayrı-seçkilik yoxdur. Bir yerdə yol gedirlər, bir yerdə təvaf edirlər, bir yerdə səy edirlər və bir yerdə qalırlar. Bunlar çox mühümdür. Bunlar Həccin sirlərindəndir. Bunları mərifətlə yerinə yetirmək lazımdır.

 

Mən indi dəfələrlə qeyd etdiyim bir məsələni danışmaq istəyirəm. Mənim israr etdiyim məsələ budur ki, Həcc mərasiminin möhtərəm məsulları bu (deyəcəyim məsələləri) bir mədəniyyətə çevirməkdən ötrü çalışmalıdırlar. Elə bir iş görün ki, Həccin adı çəkilən zaman, əzəmətli Kəbənin adı gələn zaman sivilizasiya yaratmaq, dünya xalqlarının vəhdəti, beynəlxalq və dünya miqyaslı baxış və ayrı-seçkiliklərin aradan qaldırılması kimi məfhumlar bizim bugünkü cavanlarımızın zehnində canlansın. Bu sahələrdə mədəniyyət formalaşdırmaq məsələsi həyata keçməlidir. Bu işlər həm ziyarət karvanlarında olan ruhanilərin, həm Həcc məsullarının, həm də Vəliyyi-Fəqihin Həcc və Ziyarət İşləri üzrə Nümayəndəliyində olan məsullarının və bir sözlə, əlindən gələn hər bir kəsin öhdəsinə düşür. Elə iş görün ki, insanlar Həcc mərasimini bu niyyətlə yerinə yetirsinlər. Əgər biz bu mədəniyyəti cəmiyyətin zehninə yerləşdirə bilsək, daha o zaman filan qardaş, ya bacımızın Həcdə bazarları gəzərək sovqat gətirmək üçüb dərdə dəyməyən bir mal almağının nigarançılığını çəkmərik. Bu, nigarançılıqdır, axı. Bu nigaran olunan məsələlərdəndir. Əgər o cür olsa, daha belə bir nigarançılığımız da olmaz.

Onda ki İmam Xomeyni (r.ə) Həzrətləri təkid edirdi və mən də onun sözlərinə müvafiq olaraq təkid etdim ki, Məscidül-Həramda olan camaat namazlarında- əhli sünnət namazlarında iştirak edin, bu məsələyə görə idi. Yoxsa, Məscidül-Həramda milyonlarla insanın cəm olaraq namaz qıldığı bir zamanda sizin də oteldə əlli nəfərlə birlikdə namaz qılmağınız düzgün gəlmir. İctimaiyyətdə iştirak edin, söz danışın, söhbət edin, ünsiyyət qurun. Düzdür, bu kimi işlərlə müxalifət edirlər, maneələr mövcuddur və bunları bilirəm. Lakin o maneəni yaradan bir insandır və siz də bir insansınız. Siz də söz deyə bilərsiniz. Bu faydaları ələ gətirmək lazımdır. Mənəvi faydalar həmin dua və  yalvarışdır. Bacardığınız qədər dua edin, bacarığınız qədər Allah qarşısında yalvarın. Bacardığınız qədər Məscidül-Həramda, Mədineyi- Münəvvərdə Allahın sevdiyi ixlasla olan əməlləri, ixlasla olan baxışlarınızı, Allah-təalaya yalvarışları təkrar-təkrar edin, bunları çoxaldın. "Əllahummə ərzuqni hubbəkə və hubbə mən nuhibbukə və hubbə kullə əməlin yusiluni ila qurbik" (İlahi, səni sevməyi, səni sevənləri sevməyi və sənə yaxınlaşdıran bütün əməlləri mənə nəsib et). Bizi Allaha yaxınlaşdıran əməllər, yəni həmin yalvarış, həmin diqqət və hədislərdə gələn dualar, yaxud da "Kumeyl" duası kimi təkcə Həccə məxsus olmayan dualardır. Hamılıqla bir yerdə bu "Kumeyl" duasını oxumaq çox yaxşı bir əməldir. Möhtərəm məsullar bu işlərin baş tutmağı üçün özləri ilə həmkar olan o ölkənin məsulları ilə söhbət etsinlər, ortaq məxrəcə və razılığa gəlsinlər. Bu işin müsbət tərəfidir, yəni Allaha yaxınlaşmaq məsələsidir. O tərəfdən də mövcud olan və böyük bir hərəkat sayılan müşriklərlə bəraət (müşriklərdən bezarlıq) məsələsi davam etməkdədir və (həmişə də) davam etməlidir.

İslam Respublikasının iftixarlı işlərindən biri də bu imkanları tanıtdırmağıdır. Demirəm ki, kamil formada həyata keçirtdik, təbii ki, bunu etmədik, amma bunu etməyimiz gərəkdir. Lakin bu imkanları cəmiyyətin bütün fərdlərinə tanıtdıra bildi. İnqilabdan qabaq bu şeylər, nə cəmiyyət üçün, nə də camaata moizə edən biz əmmaməlilər üçün aşkar idi. Bizlər də bu şeylərə diqqət etmirdik. Bunları bizə İnqilab və inqilabi fəaliyyət öyrətdi. Həccin bu böyük imkanlarını İnqilab bizlərə göstərdi. Yaxşı, indi bu imkanları cəmiyyətə tanıtdırmalı və özümüz də bunlara əməl etməliyik.

Allah-təala sizləri müvəffəq etsin və Həccinizi də qəbul etsin. İnşallah, Allah-təala bütün dünya hacılarının ziyarətlərini qəbul etsin, onlara tövfiq (uğur) versin və onlara da izzət və ehtiram nəsib etsin və həmçinin İmam Xomeyninin (r.ə) pak ruhunu və əziz şəhidlərimizi şad etsin.

Allahın rəhmət və bərəkəti üzərinizə olsun.