الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.

 

Bu gün burada çox xoş və xeyirli, inşallah gələcəyimiz, düşüncələrimiz üçün çox faydalı bir görüş keçirildi. Mən çox şadam ki, bu il bu görüşü keçirə bildik. Keçən il xanımlar məktub yazaraq: “Niyə Qadınlar Gününü məhz məddahlarla (görüşməyə) həsr etdiniz”,- deyə etiraz etdilər. Bu irad yerindədir. (Bu məclisin keçirilməsi üçün) Məhz Qadınlar Gününü nəzərdə tutmaq elə də əhəmiyyət kəsb etmir, elə Həzrət Zəhranın (s.ə) mövludu ərəfəsində keçirmək yaxşıdır. Əgər sağ qalsaq, inşallah gələcəkdə bu görüşü keçirəcəyik.

 

İndiyə qədər bu görüş dərin maariflə dolu olan və ancaq qadınlara aid bir məclis olub. Xanımların söhbətləri çox gözəl idi və mən onlardan, həqiqətən, faydalandım. Təbii ki, sürətlə və mikrofon arxasından söylənilən belə bir məsələləri bir dəfə dinləməklə təsdiqləmək mümkün deyil. Bunun üçün insan  dərindən fikirləşməli və düşünməlidir. Ona görə də bu yazıları mənə mütləq verin. Konspektsiz danışan xanım da danışdığı sözləri yazsın, belə olsa, diqqəti daha dəqiq olacaq və bizə də (bu mövzular üzərində) düşünmək imkanı verəcək. Mən də öz növbəmdə bu materialları bir qrup şəxsə verəcəm ki, bunların üzərində düşünüb tədqiq etsinlər və verilən təkliflər üçün həll yolu tapsınlar. Bəlkə də, bu mövzulardan bəziləri Mədəniyət Məsələləri üzrə İnqilab Şurası ilə bağlıdır, bunlara orada və ya başqa yerdə baxılmalıdır. Xüsusilə də, müdrik, işə yararlı, təcrübəli, alim, bilikli və anlayışlı qadınlarımızın ölkənin müxtəlif səviyyəli qərar çıxartma və qərar qəbul etmə orqanlarında işə cəlb edilməsi məsələsi mühüm bir məsələdir. Təbii ki, bu məsələ mənim zehnimi məşğul edir. Bunun üçün bir yol tapmalıyıq. İnşallah, görək nə etmək olar. Bu gün bu xanımlardan yaxşı mətləblər eşitdiniz. Nə qədər ki, unutmamışam uşaqların ifa etdiyi surudu da tərifləməliyəm, çünki, həqiqətən də, tərifə layiq idi. Həm şeiri çox gözəl idi, həm musiqisi, həm də çox gözəl ifa olundu. Bütün bunlara görə sizə təşəkkür edirəm.

Mən bu gün qadın məsələsi ilə bağlı öz nəzərimə görə mühüm olan bir neçə məqamı açıqlamaq istəyirəm. Bəlkə, bu məqamların bəzilərini əvvəllər demişəm və ya siz bəzilərini demişsiniz, amma bunları vurğulamaqda fayda var. Mən ilk öncə bunu burada iştirak edən siz iranlı savadlı qızlara və bu söhbətləri dinləyən hər bir kəsə deyim ki, bizim qadın məsələsində Qərbin riyakar iddiaçılarına qarşı mövqeyimiz müdafiə mövqeyi deyil, tələb mövqeyidir. Uzun illər bundan öncə bir dəfə universitetdə tələbələr məndən soruşdular ki, sizin filan məsələdə özünüzü müdafiə etmək üçün nəyiniz vardir? Cavab verdim ki, məndə müdafiə yox, hücum vardır. Qadın məsələsində belədir. Dünya günahkardır. Dediyim “dünya” məsələsi Qərb dünyası, Qərb fəlsəfəsi və mövcud Qərb mədəniyyəti deməkdir. Təbii ki, müasir Qərb və özlərinin dediyi kimi modern (Qərb). Mənim tarixi Qərblə işim yoxdur, bu başqa məsələdir. Müasir Qərb o Qərbdir ki, təxminən iki yüz ildən bəri həyatın bütün sahələrində müəyyən bir iddia irəli sürmüşdür. Biz onların müqabilində tələb mövqeyində dayanmışıq və onlar, qadın məsələsində ciddi şəkildə günahkar, müqəssir, zərbə vuran və cinayətkardırlar. Odur ki, bizim etdiyimiz söhbətlər müdafiə xarakterli deyil, islami nəzər, əqidə və mövqeyin yanaşmasıdır.

 

Bizim qadın məsələsi ilə bağlı açıqladığımız və Allaha şükürlər olsun ki, burada söhbət edən xanımların da bütünlüklə əhatələrinin olduğunu müşahidə etdiyim bu fikirləri təkrarlayıb bəyan etsəniz, ümid vardır ki, həqiqətən də, qərblilərin ictimai rəyinə təsir edə bilərsiniz. Çünki onların qadınları, həqiqətən də, əziyyət çəkirlər. Qərb qadın cəmiyyəti bu gün bəzi hallarda şüuraltı, bəzi hallarda isə şüurlu şəkildə əziyyət çəkir. Siz onlara da təsir edə bilərsiniz.

 

 

Qeyd etmək istədiyim məqamlardan biri də İslamın qadın-kişi və həmçinin də qadın məsələsinə baxışıdır, İslamın qadın-kişi məsələsinə baxışının nədən ibarət olmasıdır. Mən indi qısaca olaraq qeyd edirəm, lakin bunların bəyanı, müfəssəl izahı və xırdalıqlarının ardınca olub təhqiq edib özərində çalışmaq sizin öhdənizdədir. İslamın baxışı haqqında bunu demək olar ki, İslam insani və İslami dəyər verməkdə insanı qadın-kişi ünvanında deyil, ona yalnız insan olaraq dəyər verir. Kişi və qadın olmağın heç bir önəmi yoxdur, heç bir fərqi yoxdur. Bəşəri və İslami dəyərlər sahəsində qadın və kişi bərabərliyi İslamın açıq-aşkar göstərişlərindən biridir və bu barədə heç bir şübhə yoxdur. Quran ayəsində və burada tilavət olunan həmin ayənin ardınca belə buyurulur: “Şübhəsiz, Allah (kəlmeyi-şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!” Quran kişi və qadın üçün mükafat baxımından eyni olan on əsas xüsusiyyəti qeyd edir. İslamın baxışı budur. Başqa bir ayədə belə buyurur: “Həqiqətən, mən sizlərdən heç bir əməl sahibinin, istər kişi olsun, istərsə də qadın, əməlini zay etməyəcəyəm”. Yəni heç bir fərqləri yoxdur. Yəni bəşəri və İslami dəyərlər baxımından qadınla kişi arasında heç bir fərq yoxdur. İslamın kişi və qadına baxışı insan olaraq bir baxışdır (yəni onları bir insan olaraq görür, nəinki kişi və qadın ünvanında). Kişi və qadın olmağın heç bir önəmi yoxdur. Əlbəttə ki, kişi və qadının qarşılıqlı vəzifələri fərqlidir, lakin bunlar arasında bir tarazlıq da vardır. Allah Quranda “Bəqərə” surəsində buyurur: “Qadınların boynunda kişilərin (talaq vermək, ləzzət almaq, gözəl davranmaq, başqa bir arvad almaq, səfərə çıxmağı qadağan etmək, övladın başçılığı, irs və sairə) haqları olduğu kimi (fitrət və şəriətin hökmü baxımından) kişilərin boynunda (da) onların (qadınların ləzzət almaq, dolanışığının təmin olunması, gözəl davranmaq və varislik kimi) bəyənilən hüquqları vardır”. Kişilərin üzərinə nə qədər haqq düşürsə, qadınların üzərinə də o qədər düşür. Hər birinin ayrılıqda öz üzərinə düşən haqları vardır. Yəni hər kəsin öhdəsinə qoyulan vəzifənin qarşısında hər hansı bir haqq da mövcuddur. Hər kəsə verilmiş bir imtiyaz müqabilində bir vəzifə vardır. Bu da kamil bir tarazlıqdır və qadın-kişi hüquqları haqqındadır. Beləliklə, indi xanımlardan öz söhbətində işarə etdiyi kimi, hüquq və vəzifələr bərabər olmasa da, tarazlıq mövcuddur. Bu məsələ üzərində işlənib və mütaliə olunmuşdur. Bunların müfəssəl formasını isə həmin kitablarda, məqalələrdə və sair kimi digər yazılarda görə bilərsiniz.

 

 

Məsuliyyətləri öz öhdəsinə götürməyə gəldikdə isə burada kişi və qadınların təbii xüsusiyyətlərinə istinad olunur. Kişi və qadın arasında bir sıra fərqlər, daha doğrusu, onlar arasında öz təbiətlərinə uyğun fərqlər mövcuddur. Həm cism, həm ruh, həm də mənəvi məsələlərdə fərqliliklər var. Məsuliyyətlər də bu fərqliliklərə uyğun olaraq mövcuddur. Bu fərqlər kişilərə və ya qadınlara təyin olunan məsuliyyətlərin növünə təsir göstərir. Bu, qadın və ya kişi təbiəti ilə əlaqəlidir. Onlardan heç biri öz təbiətinə zidd olacaq heç nə etməməlidir. Öz davranışı, üzünü bəzəməsi və başqa şeyləri ilə özünü qadına oxşadan bir kişi, öz davranışı, sözü və hərəkəti ilə özünü kişiyə bənzədən qadın xəta edir, hər ikisi səhvdir. Bu, şəxsi vəzifələr, başqa sözlə, ev mühiti və ondan xaric bu kimi başqa mövcud olan məsuliyyətlər barəsindədir.

 

 

Amma ictimai vəzifələr baxımından kişi və qadının vəzifələri eynidir. Missiyalar fərqli olsa da, vəzifələr eynidir. Yəni cihad həm kişiyə, həm də qadına vacibdir, lakin kişilərin cihadı bir cür, qadınların isə başqa cürdür. Məsələn, bu səkkiz illik Müdafiə dövründə qadınların da vəzifələri var idi və bu vəzifələrini yaxşı yerinə yetirdilər. Qadınlar bu müddət ərzində kişilərdən daha yaxşı əməl etməsələr də, ən azı kişilər qədər fəal idilər (yəni kişilərdən az əməl etməyiblər). Əgər Müqəddəs Müdafiə dövründə qadınların rolu haqqında kitabları oxumamısınızsa, oxuyun. Bu haqda kitablar yazılıb. Allaha şükürlər olsun ki, indilərdə bizim yaxşı cavanlarımız bu şeylərin fikrindədirlər və bu kitabları hazırlayırlar. Güman etmirəm, bu şəhidlərin xanımları ilə bağlı olan tərcümeyi-hallardan birini belə oxuyarkən ən azı on dəfə ağlamamaq mümkün olsun! Yəni insan qadının necə də cihad etdiyini görür. Kişi döyüş meydanına getdiyi halda qadın özü də (bütün zəhmətlərə qatlaşdığı üçün) cihad etmiş olur. Cihad bunların hər ikisi üçün vacibdir. “Əmr be məruf” və “nəhy əz münkər” həm qadına, həm də kişiyə vacibdir, lakin vəzifələr bunlar arasında bölünübdür. Funksiyalar eyni deyildir. Bu mənim qeyd etdiyim müxtəlif sahələrdə İslamın qadın və kişilərə baxışıdır. Bu həm mütərəqqi baxışdır, həm də ədalətli. Qərbin dəyər verməkdə olan meyarlarının və kapitalizm sisteminin əksinə olaraq, qadın öz uca məqamında, kişi də öz uca məqamında olmaqları ilə bərabər, hər ikisi hüquqi, fikri, nəzəri və praktiki imtiyazlara malikdir. Əlbəttə, mənim nəzərimdə tutduğum Qərb modern Qərbdir.

 

Ümumiyyətlə, Qərb kapitalist sistemi patriarxal bir sistemdir. Yəni onların İslam haqqında qələt edib həqiqətin xilafına dedikləri tam olaraq özləri haqqında doğrudur. Nə üçün? Ona görə ki kapitalizm sistemində bu baxışın təməli kapitalın insanlıqdan daha üstün olmasıdır. İnsanlar kapitalın xidmətində dayanırlar. Belə bir şəraitdə, hər kəs daha çox sərmayə ələ gətirib toplaya bilsə, daha dəyərli hesab olunur. Kişi iricüssəli və güclüdür. Afrikada, Amerikada və Cənubi Amerikada qızıl mədənləri, ləl-cəvahiratlar, almazların və s. çıxarılması və bu kimi başqa işlər kişilər tərəfindən icra edilirdi. Həmçinin genişmiqyaslı iqtisadi, ticari və başqa bu kimi məsəslələrin idarəçiliyi ancaq kişilər tərəfindən həyata keçirilirdi. Ona görə də bu sistemdə kişilər qadınlardan üstün sayılırlar. Çünki (bu sistemdə) sərmayəyə malik olmağa kişilərin daha çox ləyaqətləri vardır. Yaxşı, indi ki insanların mövqeyini kapital müəyyən edir, əlbəttə ki, artıq insanlar eyni deyil, təbii olaraq fərqli olacaqdır. Sonra dedik ki, bu kapitalist baxışa görə kişi cinsi təbii olaraq qadın cinsindən daha yüksəkdir. Ona görə də kapitalist sistemində qadınların iki formada sui-istifadəyə məruz qaldığını görə bilərsiniz. Biri işin özü haqqındadır və bu, mühüm məqamlardan biridir. Bundan öncə Qərbdə olduğu deyilən bu xanım adəti üzrə bu məqamlardan daha məlumatlı olmalıdır. Bunu kitablarda və ümumi məlumatların olduğu yerlərdə tapa bilərsiniz. Hazırda bir çox Qərb ölkələrində kişilərlə eyni işi görən qadınların məvacibi həmin işi yerinə yetirən kişilərin məvacibindən aşağıdır. Yəni kişilərin gördüyü həmin işləri qadınlara həvalə edirlər və onlara daha az məvacib verirlər. Bunun səbəbi qadının daha zəif və zorakılığa məruz qalmasıdır. Məsələ belədir. Bu bir növ sui-istifadədir. Bunun səbəblərindən biri də 19-20-ci əsrlərdə, məxsusən də, daha çox 19-cu əsrdə daha az məvacib verməkdən ötrü qadınların azadlığı məsələsini gündəmə gətirmək bəhanəsi ilə onları öz evlərindən çəkib fabriklərə cəlb etməyə başladılar.

 

 

Burada haşiyə ünvanında qeyd etmək istəyirəm ki, Amerikada qaradərililərin azadlığı ilə bağlı eyni hadisə 1860-cı ildə Amerika Vətəndaş müharibəsində baş verdi (yəni təxminən yüz altmış il əvvəl, bir neçə illik Amerika Vətəndaş müharibəsində- Şimalla Cənub arasında müharibədə dörd il ərzində bir milyondan çox itki verdilər) və bu müharibələr nəticəsində qulların azadlığı, qara qulların azadlığı məsələsi gündəmə gəldi. Cənubda əkinçilik, Şimalda isə sənaye mövcud idi. Cənub qulların mərkəzi idi. Qullar daha çox əkinçiliklə məşğul olaraq Cənubda yaşayırdılar. Şimallılar ucuz qiymətə işləyən fəhlələrə-qaradərililərə ehtiyaclı idilər. Qulların azadlıq cəncəlini şimallılar ilk olaraq gündəmə gətirdilər. Əgər siz təqribən həmin dövrlərdə, yəni iki yüz il əvvəl yazılmış “Tom əminin daxması” kitabını oxumusunuzsa, bilirsiniz ki, onları Cənubdan Şimala doğru qaçmağa təşviq edirdilər. Nədən ötrü? Azad olsunlarmı deyə? Xeyr, az məvacib müqabilində işləyən fəhlələrə ehtiyaclarının olduğu üçün. Qərbin bu mədəni cənablarının müxtəlif məsələlərdəki saxtakarlıqları bu qəbildəndir. Əlbəttə, buna oxşar misallar çoxdur.

Beləliklə, buna bənzər məsəslələrdən biri də qadınlara vurulan zərbə idi. Daha az xərcləri çıxsın deyə onları işə cəlb etdilər. Qadınlara vurulan növbəti zərbə isə bu idi ki, kişilər qadınlardan daha üstün olduqlarına görə onların ləzzətlərini təmin etmək üçün bir vasitə rolunu oynayırdılar. Əlbəttə, mənim üçün bu barədə danışmaq bütün məclislərdə, məxsusən də, qadınlar məclisində çox çətindir. Amma nə edək ki, həqiqət bundan ibarətdir. Hamılıqla qadını qane etməyə çalışdılar ki, qadınların özlərini kişilər üçün bacardıqları qədər (cinsi cəhətdən) cazibəli göstərmələri onlar üçün bir imtiyazdır. Bu yolda bütün səylərini göstərdilər. Bu çox kədərli hekayədir. Mən bu zəmində çox mətləb oxumuşam, lakin insan bunları bəyan edə bilmir. Yeddi, səkkiz və yaxud on il bundan qabaq amerikalıların bir jurnalını mənə gətirmişdilər. Bu jurnalda onlarla cazibəli, müasir və inkişaf etmiş restoranlar şəbəkəsinə sahib olan tanınmış amerikalı bir sərmayədarın (bu restoranlara) xadiməçilər tələb etdiyini oxumuşdum. Necə xadiməçilər? Özünün qeyd etdiyi müəyyən xüsusiyyətlərə malik olan cavan qadın və qız xadiməçilər. Bu xüsusiyyətlərdən biri bu idi ki, tələb olunan bu xadiməçilər dizlərindən müəyyən qədər yuxarı geyimdə olsunlar. (Elanda) Bu tələbə uyğun şəkil də qoymuşdular. Yəni diqqət etsəniz, görərsiniz ki, ticarət, sənaye, küçə və bazarlarda adi yaşam tərzi elə formada proqramlaşdırılıb ki, şəhvət düşkünü olan hər hansı bir kişi özünü göz və s. kimi vasitələrlə tam doyura bilsin. Onlar, həqiqətən də, qadının kəramət və hörmətini sındırdılar. İşin ən pis tərəfi də işarə etdiyim bu məsələdir. İşi elə bir yerə çatdırdılar ki, cavan qız ya qadın, öz xeyirlərini özlərini zahir edərək kişilərin diqqətini cinsi cəhətdən cəlb etməkdə görürlər. Özlərini hansı kişiyə göstərmək istəyirdilər? Küçələrdə yol gedən kişiyə. Qadını bu nəticəyə gətirib çıxarmaq onlara vurduqları ən böyük zərbə idi. Hələ bundan başqa çox məsələlər də var ki, bəlkə də, sizlər bunları bilirsiniz və ya oxumusunuz.

Yaxşı, onların bu patriarxal baxışları nə ilə nəticələndi? Qərb sivilizasiyasında kişi daha üstün varlıq, sivilizasiya isə patriarxal olduğu surətdə (gedişat) qadının kişini özü üçün nümunə qərar verməyi ilə nəticələnir. Kişi qadın üçün bir ülgüyə çevrilir. Qadın kişiyə aid olan işlərin ardınca olur. Nəticə də budur. Diqqət edin, mənim fikrimcə, burada xanımlardan biri Qurandan ayə oxumasalar da, sadəcə onun məzmununa işarə etdilər. Zənnimcə, ayə budur:

“Allah kafir olanlara Nuh və Lutun zövcələrini məsəl çəkdi”. Kafirlər üçün iki qadın ülgüdürlər. İki kafir qadın başqa kafir qadınlar üçün nümunədirlər. Bunlar öz həyat yoldaşlarına xəyanət edən Nuh və Lutun zövcələridir. Quran bu barədə belə buyurur: “Öz ərlərinə xəyanət etdilər, (o iki peyğəmbər də) Allahdan gələn əzabdan heç bir şeyi onlardan dəf edə bilmədilər”. Ərlərinin peyğəmbər olmağına baxmayaraq, onlara bir faydası olmadı. Bu, kafirlərə aiddir. Daha sonra isə Quranda iman əhli üçün belə buyurulur: “Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi”. (Quran) İki qadını bütün kafirlərə, digər iki qadını isə bütün möminlərə nümunə göstərir. Bu məsəllər həm kişilərə, həm də qadınlara aiddir. Yəni dünyadakı bütün kişilər mömin olmaq istəsələr, onlar üçün örnək iki qadın – biri Fironun həyat yoldaşı, digəri isə Məryəmdir. Ayə budur: “Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi”. Ədəb və iffətin zirvəsində olan bu xanım Musanı sudan çıxararkən öldürülməsinə mane oldu və onlara “onu öldürməyin”,– dedi. Sonra Həzrət Musaya iman gətirdi və nəhayət, işgəncə altında öldürüldü. Bu, nümunədir. Başqa bir nümunə də ayənin buyurduğu “İmranın qızı Məryəm”dir. Məryəmin iffəti barədə Quran buyurur ki, “Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi)”. (Quran buyurur ki,) O, öz iffətini qoruyub saxladı, təəssüf ki, o zamanda hadisənin nə olduğu haqda məlumatımız yoxdur. Həzrət Məryəmin həyatında bəzi hadisələr baş verib. Bu alicənab xanım var gücü ilə müqavimət göstərib, öz iffətini qoruyub saxladı və sonrakı hadisələri də özünüz bilirsiniz. Yəni kişiləri örnək göstərən qərb sivilizasiyasının tam əksinə olaraq, Quran qadınları nümunə göstərmişdir. (Bu göstərilən nümunələr) İstər küfr, istərsə də iman zəminində təkcə qadınlar üçün deyil, bütün insanlara aiddir.

 

Deməli, Qərbin həyasızlığı burada üzə çıxır. Onlar, qadına, onun heysiyyət və kəramətinə vurduqları bu qədər zərbələrə baxmayaraq, son dərəcə həyasızcasına özlərini onların hüquqlarının müdafiəçiləri kimi göstərirlər. Yəni dünyada qadın hüquqları ilə bağlı məsələdən istifadə edirlər və bu, həqiqətən də, həyasızlığın son dərəcəsidir. Bəzən kiminsə hansısa hadisə barədə gizli məlumatı olur, bəzən isə əksinə, məsələ çox aşkardır. Mən o hadisənin adını çəkmək istəmirəm. Keçən il Qərb qadınları arasında ortaya çıxmış cinsi təcavüz və buna oxşar məsələlərin adını çəkməkdən insan xəcalət çəkir. Bütün bunlara baxmayaraq, yenə də deyirlər ki, biz qadınları dəstəkləyirik, onların hüquqlarını müdafiə edirik! Qərblilərin təqvasız dilindəki qadın azadlığı deyilən budur. Onlar qadın azadlığı deyəndə bu mənada azadlığı nəzərdə tuturlar. Onların nəzərində bunlar azadlıq sayılır, halbuki azadlıq deyil, əksinə, qadın əsarəti və təhqirindən başqa bir şey deyil.

 

 

Təəssüf ki, ölkə daxilində biz bu anlayışlara gec yetişdik, yəni bunların bir çoxu inqilabdan sonra bizə aydın oldu. İnqilabdan əvvəl, hətta bəzi böyük şəxsiyyətlər belə, Qərbdəki qadın-kişi münasibətlərində olan azadlığın kişilərin gözlərini doyuracağına və bununla da cinsi azğınlıqların baş verməyəciyinə səbəb olacağını təsəvvür edirdilər. Arabir küncdə-bucaqda baş verən cinsi azğınlıqlar kişilərin gözlərini doyurarsa, daha bu azğınlıqlar baş verməyəcəkdir. Onlar, bu cür düşünürdülər. İndi siz özünüz baxıb görün ki, bununla onların gözləri doydu, yoxsa baş verən cinsi təcavüzlərlə tamahları yüz qat daha da artdı? Onlar daim deyirlər ki, iş yerlərində, küçə və bazarlarda, hər yerdə, hətta münəzzəm və ciddi rejimə malik olan hərbi sistemində belə qadınlar da olduğuna görə təcavüzlər baş verir. Təcavüz hər iki tərəfin razılığı ilə günaha düşməyindən fərqli bir şeydir. Hər iki tərəfin razılığı ilə günaha düşməkdən əlavə, cinsi zorakılıq da baş verməkdədir. Yəni, nəinki kişilərin gözləri doymadı, onların tamah və şəhvət düşkünlükləri yüz qat da artmış oldu. Buna görə də siz Qərbdə cinsi ticarət, cinsi köləlik, bütün insani və əxlaqi sərhədlərin pozub keçildiyini, habelə bütün dinlərdə haram olan məslələrin burada qanuniləşib adiləşdirldiyini görürsünüz. Bu həmcinsbazlıq (homoseksuallıq) və bu qəbildən olan digər məsəslələr təkcə İslama aid deyil. Bunlar bütün dinlərdə haram edilmiş böyük günahlardan sayılır. Həqiqətən də, bunları qanuniləşdirirlər və bundan da xəcalət çəkmirlər. Beləliklə də, bizim cəmiyyətdə vacibi əməllərdən biri də Qərbin qadın-kişi münasibətlərindəki fərqinə olan baxışlarına təqlid etməkdən ciddi şəkildə çəkinməkdir.

 

Siz seçilmiş, elmli, dərrakəli və savadlı xanımların hər yerdə hüzuru vardır. Burada iştirak edən sizlər böyük dəryadan bir qətrə kimisiniz, başqa sözlə desək, böyük gülüstandan bir gülsünüz. Ölkənin hər yerində Allaha şükür, dərrakəli, diqqətli, savadlı, bilikli qadınlar çoxdur. Bizim bu cavan mömin qızların inkişaf edərək alim xanımlar sırasına qoşulmaqlarına olan ümidimiz doğruldu. Sizin mühüm vəzifələrinizdən biri Qərb mədəniyyətinin qadın-kişi münasibətlərindəki fərqini və qadın məsələsinə olan fəlakətli baxışını ifşa edərək hamıya deməkdir. Bu məsələləri bəziləri bilmirlər. Ölkə xaricində çoxları bilmədiyi kimi, daxildə də bəziləri bilmirlər, o cümlədən İslam ölkələrində də çoxları bunlardan xəbərsizdirlər. İslam ölkələri belə şeyləri anlamağın çox arzusundadırlar. Getdiyimiz, hüzur tapıb xəbərləri bizə yetişən hər bir yer belədir. Qərb ölkələri də eynən bu cürdür. Günümüzdə virtual məkanda ünsiyyət çox asandır. Siz sosial şəbəkələrdə virtual əlaqələr qura və həmçinin onların diqqətini cəlb etmək üçün şərait yarada bilərsiniz. Yuxarıda qeyd etdiyimiz anlayışları həştəq və buna oxşar açar sözlərlə qısa və səlis formada tənzimləyib ümum cəmiyyətin diqqətinə çatdırın. Bu deyilənlər sizin ixtiyarınızda olan böyük bir fürsətdir. İslamın nəzəri və əməli cəhətdən qadın-kişi münasibətlərinə və habelə qadın-kişi münasibətlərindəki fərqə baxışı bunlardır. Bu da bir mətləb.

 

Qadınla bağlı məsələlərdə başqa bir mətləb də ailə mövzusudur. Xoşbəxtlikdən, söhbət edən xanımlar bir neçə cəhət və baxışdan bu məsələləri çox yaxşı açıqladılar və mən, həqiqətən, bu söhbətlərdən ləzzət apardım. Diqqət edin ki, ailə qurmaq bu aləmin və yaradılışın ümumi bir qanunudur. Bu qanun zövciyyət qanunudur. Qurani-Kərimin “Yasin” surəsinin 36-cı ayəsində belə buyurulur: “Bütün cütləri yerin yetişdirdiklərindən (ağaclar, otlar, heyvanlar və sairə) və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır”. Allah-təala hər bir şeyi cüt olaraq yaratmışdır. İnsanlarda, heyvanlarda, bitgilərdə və Quranın buyurduğu kimi “bilmədiyiniz şeylərdə”, məsələn, daşlar, göy cisimləri və s. kimi başqa varlıqlarda da həmçinin cütlük mövcuddur, lakin bunların bəzilərindən məlumatsızıq. Bunların gələcəkdə kəşf olunmağı mümkündür. Göy cismlərində cütlüyün necəliyi isə bizə məlum deyil. Yuxarıda qeyd etdiyim “Yasin” surəsində olan bu ayə zövciyyət qanununu bəyan edir. Başqa bir ayə isə “Zariyat” surəsinin 49-cu ayəsidir. Ayədə belə buyurulur: “Hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq”. Zövciyyət qanunu ümumi bir qanundur.

 

Mən burada haşiyə olaraq qeyd etmək istəyirəm ki, İslam baxışında aşkar olan zövciyyət qanunu tam olaraq Hegel və Marksist dialektikinin əksinədir. Hegel və Marksın ondan götürdüyü dialektin əsas bünövrəsi təzaddan ibarətdir. Yəni cəmiyyət, tarix və bəşərin bütün hərəkətləri təzaddan qaynaqlanır. Yəni “tez” və “antitez” mövcuddur ki, bunlardan “sintez” meydana gəlir. Amma İslamda bundan fərqli olaraq, “sintez” “antitez”dən deyil, cütlükdən yaranır. Bu cütlük, uyğunluq və birləşmədən növbəti bir mərhələ, nəsil və hərəkət vücuda gəlir. Əlbəttə, bunların tədqiqata ehtiyacı var. Mənim bu dediklərim bir nəzəriyyədir. Beləliklə, zövciyyət qanunu yaradılış aləminin ümumi bir qanunudur. Bu zövciyyət qanunu heyvanda və bitgilərdə olsa da, insanda dəyişməz bir qaydalara malikdir. Məxsusən, insan barəsində müəyyən qaydalar qoyulmuşdur. Müəyyən qaydaların qoyulmasının səbəbi nədir? Çünki dünyanın bəzi yerlərində olduğu kimi qayda-qanunsuz cütlüklər mövcuddur. Bunun səbəbi insanın öz işlərində ixtiyar və seçim sahibi olmasıdır. İnsanın öz ixtiyar və seçimi olmadan hərəkət və seçim etməsi qeyri-mümkündür. Bu ixtiyar və seçim müəyyən bir çərçivə əsasında olmalıdır, yoxsa biri bir şey, o biri isə onun ziddi olan başqa bir şeyi seçməklə iğtişaş və toqquşma meydana gələr.

 

Cəmiyyət, tarix və bəşərin həyatında nəzmin olması üçün qanun lazımdır. Qanun hər yerdə, o cümlədən insan cütlüyündə də mövcuddur. Bu özü də İslama məxsus deyil. Siz diqqət edin ki, dünyada olan bütün dinlərdə-xristianlıq, yəhudilik, buddizmdə və s. məlumatımız olan başqa dinlərdə də qadın və kişi arasında zövciyyətin yaranması üçün bir qanun mövcuddur. Burada qanunsuzluq günah, cinayət və zülmdür, həmçinin qarışıqlıq və iğtişaşa səbəb olur. Deməli, bu qaydalar ailənin qorunmasına səbəbdir. Əgər bu qaydalara riayət olunarsa, ailələr qorunar və həmçinin ailələrin qorunması nəticəsində də cəmiyyət qorunacaqdır. Ailə cəmiyyəti təşkil edən hüceyrədir, o qorunarsa, cəmiyyət də qorunmuş olar.

 

Yaxşı, qadının ailə mühitində işi nədən ibarətdir? Mən ayə və hədislərdən ibarət maarif toplusuna diqqət edərək zehnimdə bu cür təsəvvür edirəm ki, qadın ailəni bütünlüklə əhatə edən hava kimidir. Yəni hava olmadıqda tənəffüs etmək mümkün olmadığı kimi, qadın da ailə mühitində belədir. Ailədə qadın fəzada tənəffüs etmək misalındadır. Hədisdə gəldiyi kimi, “Əl-Mərətu reyhanətun və ləysət biqəhrəmanə” (yəni qadın işçi deyil, bir güldür). Bu hədis ailəyə aiddir. “Reyhanə”, yəni bir gül, ətir, fəzanı əhatə edən xoş bir qoxudur. Ərəb dilində olan “qəhrəman”la fars dilində işlədilən qəhrəman kəlməsi arasında fərq vardır. Qəhrəman, ərəb dilində işçi və fəhlə mənasındadır. Qadın işçi deyildir. Belə təsəvvür etməyin ki, evləndikdən sonra ailədə bütün işləri onun öhdəsinə qoyasınız, xeyr, əsla belə deyil. Özü könüllü şəkildə ev işlərini yerinə yetirmək istəsə, eybi yoxdur, öz evidir, ürəyi istəyir ki, evi yığışdırsın. Əgər istəməsə, əri ya, ümumiyyətlə, heç kəsin onu bu işə vadar etməyə haqqı çatmır. Təbii ki, belədir.

 

Xülasə, qadın ailədə bəzən həyat yoldaşı, bəzən də ana rolunu ifadə edir. Bunların hər birinin özünəxas xüsusiyyəti vardır. Həyat yoldaşı rolunu ifa edən qadın ilk növbədə aramlığın təzahürüdür. Quran bu barədə belə buyurur: “Yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur”. Bu ayədə aramlığa işarə olunub. Həyat təlatümdən ibarətdir. Kişi bu həyat dəryasında daim təlatüm içərisində və işlə məşğuldur deyə evə qayıdanda aramlığa ehtiyac duyur. Bu aramlığı evdə qadın yaradır. Quran “Yanında rahatlıq tapması üçün” dedikdə, yəni kişinin öz qadını yanında aramlıq hiss etməsini bildirir. Qadın aramlıq yaradan bir amildir. Həyat yoldaşı ünvanında olan qadın eşq və aramlıq deməkdir. Əvvəllər də qeyd etdiyim kimi, şəhid xanımları haqqında yazılmış kitabları mütaliə edin, çünki bu kitablarda eşq və aramlıq açıq şəkildə müşahidə olunur və özünü belə biruzə verir ki, istər müqəddəs müdafiə, istər hərəm müdafiəsi, istərsə də başqa çətin meydanlarda iştirak edən bir kişi necə də öz xanımının yanında aramlıq tapır, ruhi təlatümü azalır. Bu eşq amili fəaliyyət göstərməsi üçün onu necə ayaq üstə saxlayır, ona necə bir cəsarət və qəlbən qüvvət verir. Yəni qadın bir həyat yoldaşı olaraq mənəvi asayiş, eşq, hüzur və s. amilidir. İndi bu dediyim mənəvi asayiş haqqında olan ayə bu idi: “Yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən odur”. Başqa bir ayədə isə “məvəddət” barədə belə buyurulub: “Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir”. Ayədə buyurulan “məvəddət”, yəni həmin eşq mənasında, “rəhmət” isə mehribanlıq anlamındadır. Ər və arvad arasında eşq və mehribanlıq mübadiləsi baş verir. Qadının həyat yoldaşı kimi rolu belədir. Bu, kiçik rol deyil, çox böyük və mühüm bir roldur. Bu da qadının həyat yoldaşı rolunu ifa etməsinə aiddir.

 

Analıq funksiyasını yerinə yetirən qadın həyat bəxş etmək haqqına malikdir. Yəni özündən övlad dünyaya gətirəndir. Təbii ki, belədir. Bu övladı özündə daşıyan, onu dünyaya gətirən, qidalandıran və ona baxan odur. İnsanların canı anaların ovuclarındadır. Anaların övladlarının boynunda həyat haqqı vardır. Allah-təalanın ananın qəlbində öz övladına qarşı qoyduğu məhəbbət bənzərsiz bir məhəbbətdir. Yəni buna bənzər bir eşq yoxdur və Allah bu keyfiyyətdə bir eşqi heç bir şeydə qərar verməyib. Həyat haqqına sahib və nəslin davamı üçün amildirlər. Yəni bəşərin nəsli analıqla davamlılıq tapır.

 

Analar milli kimliyin ötürülmə vasitələridir. Milli kimlik çox əhəmiyyətli bir məsələdir. Yəni bir millətin şəxsiyyət və kimliyi birinci növbədə anaların vasitəsilə ötürülür. Dil, adət-ənənə, gözəl əxlaq, gözəl vərdişlər-bütün bunlar ilk növbədə ananın vasitəsilə ötürülür. Ata da təsirlidir, lakin bu, ananın təsirindən çox azdır. Ananın təsiri lap çoxdur.

Məhz analardır ki, iman toxumunu qəlblərə səpib, uşaqlarını mömin yetişdirirlər. İman bir dərs deyil ki, insan birinə dərs desin və digəri də öyrənsin. İman dirçəliş və mənəvi bir inkişafdır ki, iman toxumu səpməklə ələ gəlir. Bu iman toxumu ananın vasitəsilə səpilir və anadır ki, bu işi görür. Əxlaq da bu qisimdəndir. Buna görə də, ananın fövqəladə rolu vardır.

 

Deməli, bu iki rol əhəmiyətli roldur. Mən dəfələrlə demişəm və əqidəm də elə budur ki, qadının ən əsas və ən mühüm vəzifələri bunlardır. İndi burada xanımlardan biri dedi: “Mən evdar bir xanımam”, xanımın dediyi bu söz çox yaxşıdır. İslam nəzərində qadının ən mühüm vəzifəsi onun evdar olmasıdır, lakin mühüm burasındadır ki, evdarlıq dedikdə təkcə evdə oturmaq nəzərdə tutulmur. Bəziləri bu iki məsələni səhv salırlar. Evdarlıq dedikdə bəziləri düşünürlər ki, biz onlara: “Evin içərisində oturun, heç bir iş görməyin, heç bir vəzifəyə əməl etməyin, tədrislə məşğul olmayın, mücahidət (həyatın bütün sahələrində fədakarcasına fəaliyyət göstərmək) etməyin, ictimai işlərlə məşğul olmayın və heç bir siyasi fəaliyyətə baş qoşmayın”,-deyirik. Evdarlığın mənası bu deyil. Evdarlıq, yəni ev işlərinə əhəmiyyət verməklə yanaşı öhdənizdən gələn, meyl və həvəsiniz olan hər bir işi yerinə yetirmək mənasındadır. Lakin bütün bunlar evdarlığın kölgəsi altındadır. Əgər bir vaxt bir yerdə uşağın canının qorunması və ya idarədə işləmək arasında seçim qarşısında qalsanız, uşağın qorunmasını tərcih etmək daha əhəmiyyətlidir. Bunda şübhəniz varmı? Xeyr, yəni əgər uşağın canı təhlükəyə düşərsə, yaxud idarədə hər hansı bir iş xətərlə üzləşərsə, uşağın qorunmasının daha əhəmiyyətli olmasında heç bir qadın şübhə etmir. Uşağın əxlaq, iman və tərbiyə olunması məsələsi də eynən belədir. Yəni uşağın canının qorunması kimi onun tərbiyəsi də bu qədər əhəmiyyətlidir. Əlbəttə, bəzi yerlərdə hər hansı bir metod və üslubla bu şübhə və iki seçim qarşısında qalmaq məsələsində hər iki işi eyni anda yerinə yetirmək və həll etmək mümkündür. Amma mümkün olmadığı təqdirdə uşağın canı idarə işindən daha əhəmiyyətli hesab olunmalıdır. Lakin o biri iş də əgər lazım və zəruri olarsa, necə ki, ictimai işlər bəzən insan üçün vacib və vəzifə olur, bu zaman bu işlər gərək yerinə yetirilsin.

 

Əlbəttə, vacib olan məsələlərdə də (tərcih məsələsi) vacibin nə dərəcədə əhəmiyyətli olmasından asılıdır. Düzdür ki, indi mən misal ünvanında can məsələsini qeyd etdim, amma bəzən hər hansı vacib bir işin əhəmiyyəti insanın öz uşağı, həyat yoldaşı və valideynlərinin həyatından daha önəmli olur. Buna görə də İmam Hüseynə (ə) xitabən belə deyirsiniz: "Biəbi əntə və ummi", yəni atam-anam sənə fəda olsun. Ata-anadan üstün varlıq varmı? (Amma) Ata-anamın canı sənə qurban olsun (deyirik). Yaxud Quran belə buyurur: “De: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, onun peyğəmbərindən və onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz". Bunları Allah və onun yolunda cihad etməkdən daha çox sevmək olmaz. Bəzi hallarda məsələ belədir. Vacib bir məsələ böyük və əzəmətli olduqdan sonra, hətta uşağın canından belə üstün olur. Bundan başqa yerlərdə, yəni adi vaxtlarda qadının əsas vəzifəsi ailəsinə əhəmiyyət verməsidir. Həqiqətən də, qadın ailədə hüzur tapmasa, fəaliyyət göstərməsə və öz vəzifəsini hissi etməsə, ailəni idarə etmək mümkün olmayacaqdır. Ailəni qadınlarsız idarə etmək olmaz. Bəzən ailədə xırda düyünlər olur ki, bu düyünləri qadının incə duyğularından başqa heç bir şeylə açmaq olmaz. Kişi nə qədər güclü və bacarıqlı olsa da, bəzi düyünləri aça bilməz. Bu zərif və bəzən də kor düyünlər ancaq qadının zərif barmağı (incə duyğu) ilə açıla bilər. Bu da ailə haqqında olan bir mətləb.

 

Əlbəttə, ailə məsələsinə gəlincə, Qərbin ailə məsələlərinə nəzər salmaq istəsək, bu məsələlərin fəlakət olduğunu görərik. Həqiqətən də, bu, fəlakətdir! Qərb ailəni məhv etdi. Həqiqətən də, məhv edib. Əlbəttə, mən məhv olub deyəndə, qəsdim bu deyil ki, Qərbdə, ümumiyyətlə, ailə yoxdur. Xeyr, bəzi ailələr yaxşı ailələrdir, həqiqətən də, ailədirlər. Bəziləri zahirdə ailə kimi görünürlər, amma batində ailə deyillər. Bir qərbli-amerikalı yazıçının məqaləsində oxumuşdum ki, kişi və qadın uşaqlarını doğru-düzgün görmək və sözdə ailə olsunlar deyə, görüş təyin edirlər ki, onlar, müəyyən bir saatda, ofisdən və uşaqlar da məktəbdən gəlib, məsələn, saat 4-dən 6-ya qədər, birlikdə çay içib və axşam yeməyi yesinlər. Bunun da adı olsun ailə. Sonra da bu öz işinin ardınca getsin, o da öz gecə həyatı və dostları ilə vaxt keçirməyin ardınca. Bu ki ailə sayılmır, sadəcə, zahirdə ailə kimi görünür. Qərblilər əvvəl də qeyd etdiyim kimi, hər bir yolla ailəni məhv ediblər və bu da ailələrin tədricən dağılmağına gətirib çıxarıb və nəticədə Qərb mütəfəkkirlərinin də səslərinin çıxmağına səbəb oldu. Onların bir çox vicdanlı və cəmiyyəti islah edən şəxsləri buna diqqət edib, fəryad edirlər. Lakin güman edirəm ki, daha bunun heç bir əlacı yoxdur. Yəni bəzi Qərb ölkələrində tənəzzül o qədər sürətlənib ki, daha onu dayandırmaq qeyri-mümkündür və aradan getməyə məhkumdurlar. Yəni bu ailələrin islahı mümkün deyildir. Bu da ailə barədə olan bir məsələ.

 

Təəssüf ki, daha ətraflı danışa bilməyəcəyim bir neçə başqa məsələ də vardır. Onlardan biri hicab məsələsidir. Hicab şəriətin vacib və zəruri bildiyi bir məsələdir. Yəni bu məsəslənin vacibliyində heç bir şübhə yoxdur. Hər kəsin bunu bilməyi lazımdır. İndi kimsə irad edə və şübhə sala ki, görəsən, hicab lazımdır, zəruridir, ya yox, xeyr, heç bir şəkk-şübhə yoxdur. Riayət olunması gərəkli olan şəriətin vacib bir hökmüdür. Lakin hicaba kamil surətdə riayət etməyənləri dinsiz və inqilaba qarşı çıxan kimi sözlərlə ittiham etmək olmaz, xeyr. Mən əvvəllər də demişdim; bir dəfə əyalət səfərlərimin birində alimlər olan məclisdə belə demişdim ki, sizlərdən bəziləri niyə saçları azacıq çöldə olan (indi bəd hicab deyə məşhur olan) bir xanımı müttəhim edirsiniz? Belə xanımlara “Zəiful-hicab”, yəni hicabı zəif olan deyilməlidir. Mən bu şəhərə daxil olarkən məni qarşılayan insanların ən azı üçdə biri belə xanımlar idi. Onlar, göz yaşı tökürdülər. Belə xanımlara inqilaba qarşı olan demək olmaz. Bu necə inqilaba qarşı çıxmaqdır ki, bu cür şövq, hərarət və ruhiyyə ilə hansısa dini və ya inqilabi mərasimlərdə iştirak edirlər? Bunlar öz uşaqlarımızdır, öz qızlarımızdır. Mən indiyə qədər bir neçə dəfə təkrar olaraq Fitr bayramı namazının xütbəsində mənim gedə bilmədiyim, lakin şəkillərinin mənə göstərildiyi Ramazan ayı mərasimləri və Qədir gecələrində müxtəlif formada iştirak edən xanımların necə göz yaşı axıtdıqlarını demişəm. Mən bu cür göz yaşlarına qibtə edirəm. Ey kaş, mən də bu qız və cavan xanımlar kimi göz yaşı tökə bilərdim. Bunu necə müttəhim etmək olar? Bəli, bəd hicab ya zəif hicab olmaq düzgün deyildir, lakin bu səbəb olmamalıdır ki, biz bu cür şəxsləri din, inqilab və s. kimi sahələrdən xaric edək. Nə üçün? Əlbəttə, hamımızın müəyyən nöqsanları vardır ki, gərək bu nöqsanları aradan qaldıraq. Nə qədər aradan qaldırsaq, o qədər yaxşıdır. Bu da hicab mövzusu və məsələsi haqqında başqa bir məqam idi.

 

Təəssüf ki, danışmağa vaxtım olmayan bir məsələ də İslam Respublikasının qadınlara etdiyi xidmətdir. Bunu unutmaq olmaz. Baxın, məncə, heç biriniz inqilabdan əvvəlki dövrü görməmisiniz, biz ömrümüzün az qala yarısını inqilabdan əvvəlki dövrdə keçirmişik. İnqilabdan əvvəlki dövrdə müdrik, dərrakəli, elmli, savadlı, müxtəlif sahələrdə tədqiq və araşdırma yönümlü qadınlar barmaq sayı qədər az idi. Bu qədər qadın universitet müəllimələri, mütəxəssis və yüksək ixtisaslı qadın həkimlər, müxtəlif sahələrdə tədqiqatçı alim qadınlar, qabaqcıl bilik və texnologiyaların müxtəlif sahələrində bu qədər tədqiqatçı alim və təhsilli qadınlar çalışırlar. Müxtəlif sahələr dedikdə, həqiqətən də, getdiyim, gördüyüm və gəzdiyim yerlərdir. Bu, inqilabdan əvvəl görünməmiş bir hadisə idi və bunu inqilab həyata keçirtdi. Bəzi illərdə statistikada oğlan tələbələrdən daha çox olduğunu gördüyünüz bu qız tələbələr çox məna kəsb edir. Bütün bunlar elm öyrənmək istəyidir.

 

Daha sonra idman sahələrində də görürsünüz ki, qızlarımız idman meydanlarına çıxır, qəhrəman olur və İslami hicabla qızıl medal alırlar. Hicabı bundan yaxşı hansı yolla təbliğ etmək olar? Bu xanımlardan bəziləri gəlib qızıl medallarını mənə hədiyyə etdilər. Əlbəttə, özlərinə qaytarıram ki, (özlərində) saxlasınlar. Həqiqətən də, belə qadınlarla fəxr edirəm. Milyonlarla insanın kameralar arxasından gördüyü beynəlxalq bir arenada bu iranlı qız öz hicabı ilə ora gedərək, qızıl medalı götürür və ölkəsinin bayrağını yüksəldir. Bundan yaxşı və daha üstün hicab təbliği varmı? Müxtəlif sahələrdə, elm olimpiadalarında, ümumiyyətlə, hər yerdə qadınlar inkişaf ediblər. Yəni, həqiqətən də, belədir. Yaxşı, indi bu qadınların bir neçəsi dedilər ki, qadınlardan qərar çıxartmaqda və qərar qəbul etməkdə praktiki olaraq istifadə olunmur, bəli, bu bir qüsurdur, buna şübhə yoxdur. Bu qüsurlar aradan qaldırılmalıdır, lakin bu qədər dərrakəli, müdrik, alim, təhqiqatçı, nəzər sahibi və yazıçı qadınların olması diqqətəlayiqdir. Şəhidlərdən, şəhidlərin xanımlarından, şəhid ailələrindən bəhs edən mənim üçün gətirilən bu kitablardan çox böyük zövq alıram. Bunların müəllifləri bu işlərdə, əsasən, kişilərdən də öndə gedən qadınlardır. Necə də qələm və yazı tərzinə sahib! Necə də çox yaxşı qadın şairlər! Bu aparıcı xanımın özünün yazdığı və burada oxuduğu şeir çox yaxşı şeir idi. Bu da bir mətləb.

 

Və onu da əlavə edim ki, bu son hadisələrdə özünüz də gördünüz ki, hicab əleyhinə çox işlər görüldü. Bu cəhdlərə və çağırışlara qarşı kim dayandı? Qadınlar özləri dayandılar. Onların ümidi sizin bəd hicab dediyiniz bu xanımlara idi. Onlar ümid edirdilər ki, bu bəd hicab xanımlar tamamilə öz hicablarını açsınlar, amma bunu etmədilər. Yəni bu təbliğ və çağırış edənlərin ağzının üstündən vurdular.

 

Axırda bunu da qeyd edim ki, dediyimiz bütün sözlər, həqiqəti olan etdiyimiz bu təriflərlə yanaşı insaf budur ki, bəzi ailələrdə qadınlara zülm olunur. Fiziki gücünə güvənərək, səsi daha qalın, boyu daha hündür, qolları daha yoğun olduğundan qadına güc göstərir. Beləliklə, qadınlara zülm olunur. Yaxşı, bunun həll yolu nədir? Nə etməliyik? Ailəni də qorumalıyıq axı. Bunun həlli budur ki, ailə ilə bağlı qanunlar o qədər möhkəm və güclü olmalıdır ki, heç bir kişi qadına zülm edə bilməsin. Burada məzlum tərəfin köməyinə qanunlar gəlməlidir. Əlbəttə, bunun əksinə olan bəzi hallar da mövcuddur. Yəni xanım zülm edir. Belə hallar da müşahidə olunur. Əlbəttə, bu hallar azdır və daha çox əvvəl qeyd etdiyimiz hallardır. Ümidvaram ki, Allahın izni ilə bu halların hamısı həll olsun.

 

Mən xanımların söylədiyi bu mətləblərdən bəhrələndim və ümid edirəm ki, bütün bu məsələlər ən yaxşı surətdə xeyir nəticələrə çatsın və Allah-təaladan sizin hamınız üçün xeyir, sağlamlıq və afiyət istəyirəm.

 

Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun.

04.01.2023