Əmirəlmömininin (əleyhissalam) mövludu ərəfəsində
Bağışlayan və Mehriban Allahın adı ilə
Əziz balalarım! İlk olaraq surudunuz (dini mahnı) çox əla idi; həm şeiri yaxşı idi, həm musiqisi yaxşı idi, həm də sizlər gözəl ifa etdiniz. Həm həddi-büluğ mərasimi münasibəti ilə, həm də Əmirəlmömininin (əleyhissalam) mövludu münasibəti ilə sizi əziz qızlarım olaraq hər birinizi təbrik edirəm. İnşallah uğurlar qazanasınız. Siz əziz qızlar, mənim əziz qönçələrim bu axşam vacib namazınızı camaatla bu hüseyniyyədə qıldınız, Allah qəbul eləsin!
Əziz balalarım! Həddi-büluğ bayramı həqiqi bir bayramdır, həqiqətən də, bayramdır. Nə üçün? Çünki siz yetkin olan andan etibarən Uca Allahla danışırsınız və Allah da sizinlə danışır. Bu o deməkdir ki, siz Uca Allahın sizinlə danışmağına, sizə tapşırıq verməyinə və sizin də o tapşırığı yerinə yetirməyinizə ləyaqət tapmısınız. Allahın insana xitab etməsi, Allahın insanla danışması insanlıq aləmində dəyərli bir məqamdır. Yetkinliyə çatmağın mənası budur ki, daha bundan sonra siz körpə deyilsiniz, uşaq deyilsiniz. Siz yeniyetməsiniz, artıq məsuliyyət daşıyırsınız və ailənizdə, məktəb mühitinizdə, dostlarla oyun mühitində təsir qoya bilərsiniz, başqalarını da doğru yola yönəldə, hidayət edə bilərsiniz. Bu hamımızın üzərinə düşən bir məsuliyyətdir. Sizin kimi yenicə həddi-büluğa çatmış qızların Allah-təala qarşısında vəzifə baxımından özünüzdən yaşca böyük bir qadından, yaxud yaşlı bir kişidən heç bir fərqi yoxdur.
Siz yeniyetmələrə-əziz qızlarıma vermək istədiyim tövsiyə bundan ibarətdir ki, Allahla dost olun, yeniyetməliyinizin əvvəlindən mərhəmətli Allahla dost olmağa çalışın. Allahla dostluq necədir? Allahla dost olmağın yollarından biri də namazda Allahla danışmağınızdır. Nəzərə alın ki, siz Allahla danışırsınız, Allahla söhbət edirsiniz. Namazın sözlərinin mənasını öyrənin. Həmd surəsinin, İxlasın tərcüməsini və rüku və səcdədə dediklərinizi böyüklərinizdən və müəllimlərinizdən öyrənin.
Namaz qılanda elə namaz qılın ki, sanki Allahla danışırsınız. Buna Allahla dostluq deyirlər. Dostluğun yollarından biri budur. Allahla dost olmağın başqa bir yolu isə Allahın çəkindirdiyi işlərdən çəkinmək və əmr etdiyi işləri yerinə yetirməkdir. Allahla dost olmağın yolu budur. Sizin bu gün işıqlı, nurani və saf qəlbləriniz vardır, elə bu gündən etibarən Uca Allahla dost ola bilərsiniz.
İndi öz surudunuzda bunu gözəl şəkildə təkrarladınız, dediniz ki, bura İrandır. Sizin ölkəniz, əziz İranınız keçmişdə böyük qadınlara sahib idi və sizə deyim ki, bu gün bizim görkəmli qadınlarımız keçmişdən qat-qat çoxdur. Bütün elmi, praktiki, cihadi, idarəetmə və s. məsuliyyətli sektorlarda görkəmli qadınlarımız var, bunlar qürur mənbəyidir. Hər bir yerdə, həmçinin bizim ölkədə olan görkəmli xanımlar ölkənin qürur mənbəyidir və ölkəmizdə belə xanımların sayı çoxdur və siz də bu xanımlar kimi olmağa çalışın. Necə? Dərs oxuyun, dərslərinizi yaxşı oxuyun, ev tapşırıqlarınızı yaxşı yerinə yetirin, çalışın, düşünün. Kitab oxuyun ki, İnşallah gələcəkdə görkəmli qadınlardan olasınız.
Ümid edirəm ki, Uca Allah hamınızı müvəffəq etsin. İran millətinin inqilab zamanı zülm, səfalət və ayrı-seçkiliklə başladığı bu böyük mübarizədə siz də rol oynaya bilərsiniz. Necə ki, bir çox qadınlar keçmişdə mühüm rol oynayıb, böyük işlər görüblər və bu gün onların zəhmətləri kitaba çevrilib, yayılıb və insanlar bu inqilab illərində ölkədə olmuş həmin görkəmli qadınların zəhmət və səylərini oxuyurlar. İnşallah siz də onlardan olasınız!
İndi isə İşa namazımıza başlamağımız üçün ucadan bir salavat deyin.