Müqəddəs Ramazan ayının ilk günü İmam Xomeyni hüseyniyyəsində bir qrup Quran fəalı ilə videobağlantı vasitəsilə çıxış
Bağışlayan və Mehriban Allahın adı ilə
Həmd-səna olsun aləmlərin rəbbinə, salam və salavat olsun Məhəmməd (s) və onun pak Əhli-Beytinə (ə), Allahın lənəti olsun onların bütün düşmənlərinə.
Əziz xalqımızı və böyük İslam ümmətini müqəddəs Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirik. Bu müqəddəs ayın sözün əsil mənasında əziz xalqımız və böyük İslam ümməti üçün bərəkətli olmasını arzu edirik. Bu çox gözəl, növbənöv və misilsiz görüşü təşkil edən dəyərli qardaşlara və tədbiri gözəl şəkildə icra edən hörmətli aparıcı cənab Yaraqbafana təşəkkür edirəm. Quran tilavət edən və bizi sözün əsl mənasında feyzə çatdıran bütün əziz qardaşlara təşəkkür edirik. Keçmiş xatirələr yada salındığı üçün də şad oldum. Ümid edirik ki, Uca Allah bu illər ərzində ömrümüzü Quranla mənus etdiyi kimi, inşaallah son nəfəsimizə qədər Qurana xidmət etməyi, onunla birgə olmaq, yaşamaq, ölmək və (qiyamətin günü) də Quranla dirilməyi nəsib etsin.
Bu gün Quranın hidayəti və yol göstərməsi mövzusunda qısa bir söhbət edəcəyəm. Təbii ki, Quranın hidayət məsələsi bir məclisdə, belə bir söhbətlə yekunlaşacaq bir məsələ deyil. Bu gün (bu barədə) qısa şəkildə məlumat verəcəyəm. Əgər fürsət olsa, bir-iki kəlmə də hörmətli dinləyicilərə, izləyicilərə və əziz İran xalqına başqa mövzular da danışmaq istəyirəm. Amma söhbətə başlamazdan öncə təxminən iki-üç həftə əvvəl əziz xalqımıza demək istədiyim, lakin şərait yaranmadığı üçün deyə bilmədiyim bir məsələni indi demək istəyirəm. Novruz bayramındakı (hicri-şəmsi ilinin əvvəli) çıxışda xalqımıza ölkənin iqtisadi reytinqi ilə bağlı statistik bir məlumat verdim və bəzi mətləblər dedim. Sonra bir neçə nəfər bu statistikanın düzgün olmadığını mənə xatırlatdı. Ofisimizə dedim ki, bu məsələni araşdırsınlar. Araşdırdılar və bəlli oldu ki, onların dediyi düz və haqq idi və bizim verdiyimiz statistik məlumatlar düzgün deyildi. Mənim dediklərim (dünya reytinqində on səkkizinci yerdə olmaq) dörd-beş il və ya beş-altı il əvvələ aiddir. Ona görə də bu səhvi mənə xatırladıb, onun aradan qalxmasına səbəb olanlara öz səmimi minnətdarlığımı bildirirəm.
Quranın hidayət mövzusuna gəlincə isə Allah-təala müqəddəs Ramazan ayının müxtəlif imtiyazları sırasında (bu ayda) Quranın nazil olma imtiyazını xüsusi olaraq qeyd edir:
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. (Bəqərə, 185).
Məlum olur ki, bu məsələ (Quranın bu ayda nazil olması) Ramazan ayının imtiyazları arasında bəlkə də ən üstün mövzudur. Qurana gəldikdə isə (Allah bu ayədə) minlərlə özəllikləri olan, ağıl və idrakımızın dərk edə bilmədiyi “Quranın hidayəti” məsələsinə diqqət ayırır. Aydındır ki, Quranla bağlı məsələlər arasında “Quranın hidayəti” mövzusu yüksək məqama malikdir. Qurani-Məcid özü də hidayət məsələsi ilə başlayır. Həmd surəsində də bu məsələ mövcuddur:
“Bizi doğru yola hidayət et”
ayəsini burada misal göstərmək olar. Hansı ki, Əllamə Təbatəbainin dili ilə desək, "Həmd" surəsi əvvəldən axıra qədər bizə Allahla danışıq ədəbini öyrədir. Yəni Uca Allah özü "Həmd" surəsinin “Bismillah”ından axırıncı ayəsinə qədər Onunla necə danışmalı olduğumuzu bizə başa salır:
“Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna!”
Düz yol Uca Allahın nemət verdiyi kəslərin yoludur. Özü də yolunu azmayıb, sənin qəzəbinə düçar olmayan nemət verilən kəslərin yoluna! Həmçinin "Bəqərə" surəsinin əvvəli də Quranın hidayəti mövzusu ilə başlayır:
“Bismillahir-rəhmanir-rəhim! Əlif, Lam, Mim. Bu, heç bir şəkk-şübhə olmayan, təqvalılar üçün hidayət kitabıdır.”
Deməli, Quranın əvvəli də Quranın hidayəti ilə başlayır. Bundan əlavə də bu müqəddəs kitabın müxtəlif yerlərində Quranın hidayəti, bələdçiliyi və yardımından bəhs edən onlarla nümunə var.
Bu (Quranın hidayəti məsələsi), konkret bir qrupa da aid deyil. Quran bütün bəşəriyyətə xitab edir. Onun iddiası bütün bəşəriyyəti düz yola yönəldib, insanı doğru hədəfə çatdıracaq düzgün yaşayış tərzinə yönəltməkdir.
“Bu (Quran), aləmlərə ancaq bir öyüd-nəsihətdir!”
Burada əsas məqam bundan ibarətdir ki, Quranın hidayəti insan həyatının kiçik bir sahəsi ilə məhdudlaşmır. Bu səmavi kitabın hidayəti insan həyatının bütün sahələrini əhatə edir. Yəni belə deyil ki, Quran insana bir sahədə yol göstərib, bəşər həyatının ehtiyac duyduğu başqa sahələrinə isə etinasız yanaşsın. Xeyr, Quran bəşər həyatı və onun varlığını nümayiş etdirən bütün ərsələrə nəzər salır. Quranın hidəyəti insanın mənəvi yüksəliş və kamalından tutmuş insan cəmiyyəti, onun idarəçiliyi və bunun üçün lazım olan metodları, habelə ədalətin icrası, (batini, zahiri, cin və insanlardan olan) müxtəlif düşmənləri geri otuzdurmaq və sair məsələlərə qədər müxtəlif sahələrə şamil olur. O cümlədən insanın ən ümdə arzusu olan mənəvi yüksəliş, ilahi yaxınlıq, eşq və mərifət də bu hidayətdə yer alır. Şabaniyyə duasında deyildiyi kimi: “Sənə çatmaq üçün məxluqlardan kamil surətdə ayrılmağı mənə nəsib et və qəlb gözlərimizi sənə baxmaqla nurlandır” ifadəsi ən böyük ehtiyacın göstəricisidir. Quranda həyatın bütün sahələrini əhatə edən bəşərin hidayəti üçün zəruri sayılan müxtəlif məsələlərə toxunulmuşdur. İndi qeyd edəcəyim bu mübarək ayələri buna misal ünvanında gətirmək olar:
Düşmənçiliyi dəf etmək haqqında:
"Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar!” (Fussilət, 34)
Əxlaq və ailə bəhsləri haqqında:
“Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan elə”. (Furqan, 74)
“(Ey mö’minlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər”. (Nur, 32)
Mənəvi asayiş barəsində:
“Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlblərinə mənəvi rahatlıq verən Odur”. (Fəth, 4)
İnsanın yaşayışı boyu qarşılaşdığı daxili təlatümləri yatırtmaqdan tutmuş, elm və təbiəti tanımağa tövsiyə olunması haqqında:
“Sizdən yeri abadlaşdırmağı istəyən Odur”. (Hud, 61)
“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma” və ya “Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma”. (Loğman,18)
Bu minvalla həyatın bütün sahələri barədə Quranda dərs və istiqamətləndirmə mövcuddur. Yəni Quran insan həyatının bütün sahələrinə nəzər salır və onların hər biri üçün yol göstərir, bələdçilik edir. İnsan həyatının hər bir sahəsi üçün Quranda dərslər vardır. Bunlar, bəzilərini qeyd etdiyim mühüm mövzulardır və Quranda bundan başqa da mühüm mövzular da mövcuddur. Quranın yaşam tərzinə, siyasətə, iqtisadiyyata, hökumətə heç bir aidiyyəti olmadığını düşünənlər necə də qafildirlər. Xeyr, Quranın çox hissəsi həyatın bu sosial məsələlərindən bəhs edir.
Quranda ifadə forması bəşəri kitabların ifadə forması kimi olmadığından, Quran fəsil və mövzulara görə bölünməyibdir. Uca Allah Quranda bəzən bir kəlmə ilə, bir eyhamla insan üçün elə bir mərifət dəryası açır ki, əgər üzərində dərindən düşünsək, hərtərəfli araşdırsaq və insan ağlından onu başa düşmək üçün istifadə etsək, bəzən bir kəlmə ilə insan üçün qeyri-adi maarifin ələ gəldiyini görərik. Yaxud fərz edin ki, Quran bizə qısa ya uzun, peyğəmbərlər və ya qeyri-peyğəmbərlər haqqında olan bir hekayə danışarkən bizə nəsə öyrədir və biz də məsələn, iki nəfər arasında söhbət zamanı ondan istifadə edirik. Yaxud Quran tarixdə baş vermiş müəyyən bir hadisəni nəql edir və bu hadisənin o zamana aid olmasına baxmayaraq, təkcə o dövr və hadisə ilə məhdudlaşmayıb bütün zaman və şəraitlərə şamil olur. İndi misal ünvanında "Ali-İmran" surəsinin bu ayəsini qeyd edə bilərəm:
“O kəslər ki, camaat onlara: İnsanlar (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun! – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: Allah bizə bəs edər. O nə gözəl vəkildir! – deyə cavab verdilər”. (Ali-İmran 173)
Bu, Ühüd döyüşündən sonrakı əhvalatdır. Müsəlmanlar Ühüd döyüşündən uğursuz, yaralı, yorğun, əzgin, çoxlu şəhid vermiş və müsibətli bir halda qayıtdıqdan sonra bir qrup münafiq camaatın arasına nüfuz edib dedilər: "Siz burada oturmusunuz, lakin düşmənlər o tərəfdə hazır vəziyyətdə dayanıblar və Mədinənin yaxınlığında bir yerdə toplaşıblar. Tezliklə hücuma keçib sizin atanıza od vuracaqlar". Peyğəmbər dedi ki, bu gün yalnız Ühüd hadisəsində yaralananlar gəlsinlər. Gecə ikən durdular, o dəstəni məğlub edib geri qayıtdılar. Quran münafiqlərin “Düşmənlər sizin əleyhinizə cəm olublar” şayiəsini yaydıqlarını qeyd edir. Onlar yalan xəbərlər yayırdılar ki, bəli, eviniz yıxıldı, sizə qarşı belə edəcəklər, elə edəcəklər. (Mücahidlər isə) Getdilər, işi bitirib qayıtdılar.
“Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular”. (Ali-İmran,174)
Bu bir əhvalatdır. Bu əhvalat konkret bir hadisəyə aiddir, amma yalnız hadisənin baş verdiyi zamana şamil deyil. Bu gün də var və bütün dövrlərdə də belə hadisələr olmuşdur.
Nə vaxt buna bənzər bir hadisə ilə bağlı Qurana müraciət edib ondan yol göstərməyini istəsək, Qurani-Kərim elə bu mətləbi bizim ixtiyarımızda qoyacaq. Bu gün də elədir. Bu gün də kimlərsə gəlib aramızda şayiə yayıb, məsələn, filan hökumət, qrup, supergüc, birlik sizə qarşı plan qurur, bir sözlə, bədbəxt oldunuz və s. desələr, burada da həmin ayə keçərlidir:
“Onların imanını daha da artırdı və onlar: Allah bizə bəs edər. O nə gözəl vəkildir! – deyə cavab verdilər”. (Ali-İmran: 173)
Əlbəttə ki, "Allah bizə bəs edər. O nə gözəl vəkildir!",-demək, evin bir küncünə çəkilib oturmaq anlamında deyil. Onlar meydanda olduğu kimi, sən də meydanda olmalısan. Qurandan aldığımız dərs budur. Meydana girin, lazım olan işləri görün və ondan sonra "Allah bizə bəs edər. O nə gözəl vəkildir”,-deyin.
Həzrət Baqir (ə) və Həzrət Sadiqin (ə) görkəmli, seçilmiş, etibarlı səhabələrindən olan Füzeyl ibni Yəsar deyir: “İmam Baqirdən (ə) bu hədisin mənasının nə olduğunu soruşdum. Səhabələrin əlində məzmunu belə olan bir hədis var idi: “Quranın bütün ayələrinin zahiri və batini var”. Əlbəttə, bu hədisin ardı da var. Deyir, soruşdum ki, zahir və batin deyəndə nəyi nəzərdə tutursunuz? Həzrət buyurdu: “Onun batini onun təvilidir”. Zahir, elə zahirdir. Amma batinə gəldikdə isə ayənin batini onun təvilidir. Təvil, yəni bu ayənin mənasının onun öz əsil mənasına qayıtmasıdır. Hədisin davamı belədir: “O ayələrin bəziləri baş verib, bəziləri isə hələ baş verməmişdir. Daimi olaraq insan başının üstündə olan və hər hansı bir günə xas olmayan Quranın bu nəcib ayələri də ay və günəş kimi başımızın üzərindədir. Belə deyil ki, bir gün var, bir gün isə yoxdur. Deməli, Quranın hidayəti bu formadadır.
Quran və İslamı fərdi ibadət və bu kimi oxşar məsələlərlə məhdudlaşdıran, insanları ictimai məsələlərə daxil olarkən bir küncə çəkilməyə və bu ilahi kitabı kənara qoymağa dəvət edənlər Qurana agah deyillər, Quranla tanışlıqları yoxdur, daha doğrusunu demək istəsək, Quranı oxumayıblar. Ona görə də belə səhv danışıb, bu cür mühakimə yürüdürlər. Həqiqətən də, Quranı tanımayıblar. Quran özünü heç bir şəkildə düşmənə meydan oxumaqdan, ictimai və siyasi çəkişmələrdən kənar bilmir və tağut, imperialist, israfçı və zülümkarlarla üz-üzə gəlməkdən çəkinmir. Həmişə bunların qarşısında durmuşdur. Əgər siz Quran əhlisinizsə, sizin həyatınızın müxtəlif sahələri Quranın hüzur tapdığı ərsələrdir. Deməli, Quran bütün sahələrdə insanlara yol göstərmək və onların əllərindən tutmağı öz öhdəsinə götürmüşdür. Buna heç bir şübhə yoxdur.
Burada başqa bir məqam da budur ki, Quran bizim istifadə etməyimiz üçündür, amma istifadə edib-etməməyimiz, ya istifadə edə bilərik, yoxsa yox, bunun özü ayrıca mühüm bir məsələdir. Bəli, Quran öz (ibrətamiz) dərslərini və hidayətini bizim ixtiyarımıza verib, bəs biz bu Quran hidayətindən nə vaxt istifadə edə bilərik? Quran özü buna cavab verir:
“O, təqva sahiblərinə doğru yolu göstərən bir kitabdır”. (Bəqərə, 2)
Yəni təqvalı olduğumuz zaman. Təqva olduğu zaman bu hidayət sözün həqiqi və tam mənasında bizim üçün əlçatan olacaqdır. Əlbəttə, Quran (ayələrinin) təbirləri müxtəlif olsa da, lakin hamısının istinadı eynidir. İndi isə Quranın hidayət barəsində olan bir sıra ayələrini sadalayıram:
“O, təqva sahiblərinə doğru yolu göstərən bir kitabdır”. (Bəqərə, 2)
“onu (Quranı), ondan əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün də hidayət və müjdəçi kimi Allahın izni ilə sənin qəlbinə nazil edən Odur!” (Bəqərə, 97)
“İnanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək üçün mükəmməl) bir Kitab (Quran) gətirdik” (Əraf, 52)
“Kitabı sənə hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik". (Nəhl, 89)
“İnsanlar üçün hidayət mənbəyidir”. (Bəqərə, 185)
Bunlar, hidayətin müxtəlif dərəcələridir.
“İnsanlar üçün hidayət mənbəyidir”,
yəni (Quran) onların ixtiyarındadır və insanlar ondan istifadə edə bilərlər. “Təqvalılara (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən bir kitabdır” və ya
“(Quran) möminlər üçün hidayət və müjdəçidir”
ayələrinə gəldikdə isə bu ayələr insanın bu hidayətdən bəhrələnmə dərəcələrini müəyyən edir. Bu, hidayət dərəcələrinin göstərildiyi təqva haqqındadır.
Digər ayələrdə isə “Xəşiyyət” (agahlıq və təzimlə yanaşı olan ilahi qorxu) meyar olaraq deyilib, indi deyəcəyim kimi, qorxunun da qayıdış yeri təqvadır.
“Sən yalnız Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!” (Yasin, 11)
Mübarək Yasin surəsinə görə, yalnız Allahdan qorxan şəxs Quran xəbərdarlıqlarından yararlana, təsirlənə bilər və Quran yalnız belə bir şəxsin əlindən tutub onu qabağa apara bilər. Yaxud Mübarək Taha surəsində deyildiyi kimi:
“Ta, Ha! Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!” (Biz onu Allahın əzabından) Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik)”. (Taha, 2-3)
Quranda “Xəşiyyət”lə (ilahi qorxuyla) bağlı bir neçə başqa ayə də vardır. “Xəşiyyət” də təqvalıların bir xüsusiyyətidir. Yəni biz təqvalı olduğumuz zaman qorxu da (xəşiyyət də) sorağımıza gəlir. İndi bu ayəni sizin üçün oxuyuram:
“Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran və doğru yolu göstərən Tövratı) təqvalılar üçün bir nur və öyüd-nəsihət olaraq vermişdik”. (Ənbiya, 48)
Həzrət Harun və Musaya verilən şey təqvalılar üçün hidayət və zikr idi. Təqvalılar kimlərdir? Quran təqvalıların kim olduğunu izah verir:
“Onlar, öz rəbbindən onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər”. (Ənbiya: 49)
Buna görə də təqva və xəşiyyət ya bir mənadadır, ya da əsas etibarilə bir-birindən ayrılmazdır və eyni məfhumun məcmuəsinə daxildir.
Təbii ki, xəşiyyət qorxudan fərqlənir. Xəşiyyət insanda qarşı tərəfin əzəmətini dərk etmək nəticəsində yaranan bir haldır. Bu hala xəşiyyət deyirlər. Aləmlərin rəbbindən qorxmaq onun əzəmətini dərk etməkdən qaynaqlanır. Hansı ki, ayədə də buna işarə olunub:
“Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxarlar”. (Fatir, 28)
Allahdan qorxmaq, mərifət və elmi daha çox olanlara məxsusdur. Qorxu və xəşiyyət Allahın müqəddəs zatının qorxulu olduğu anlamında başa düşülməmlidir. “Sən ancaq Qurana tabe olub, Rəhmandan (onu) görmədən qorxan kimsəni qorxuda bilərsən”. (Yasin, 11)
ayəsində qorxu və xəşiyyət var, lakin bununla yanaşı rəhimli olmaq da qorunub saxlanılıb. Xəşiyyət, həmin insanlara qarşı mehribanlığın və qayğıkeşliyin təcəllisi olan Rəhmanın əzəməti müqabilindədir.
Bir sözlə, Ramazan ayı Quran ayıdır və bu ayda Quranın hidayətindən, həqiqətən də, faydalanmaq olar. Quranı çox oxuyaq, diqqətlə düşünərək oxuyaq, Allah-təalanı nəzərdə tutaraq oxuyaq. Quran oxumaqda Uca Allahdan kömək diləyək və bilin ki, qəlbimiz Quranla cilalanacaq. Bu, Əmirəlmömininin təbiridir:
«وَ اِنَّ اللَهَ سُبحانَهُ لَم یَعِظ اَحَداً بِمِثلِ هَذَا القُرآن»
Bu, Nəhcül-bəlağənin yüz yetmiş altıncı xütbəsi, Əmirəlmömininin (ə) Quran haqqında söylədiyi gözəl bir xütbədir. Hansı ki, biz bəzən söhbətlərimizdə onun bəzi fəqərələrini oxumuşuq. İmam burada belə buyurur: “Allah-təala səmavi kitabların heç birində Quranda olduğu qədər insanlara moizə etməmiş, dərs verməmiş və bələdçilik etməmişdir".
فَاِنَّهُ حَبلُ اللهِ المَتینُ وَ سَبَبُهُ الاَمینُ وَ فیهِ رَبیعُ القَلب
Quran qəlbin baharıdır. Qəlbi təravətləndirər, onu dirildər, ruhu çiçəkləndirib, qəlbi həqiqi mərifət və Allaha olan diqqət üçün hazırlayar.
وَ فیهِ رَبیعُ القَلبِ وَ یَنابیعُ العِلمِ وَ ما لِلقَلبِ جِلاءٌ غَیرُه
“Onda qəlblərin baharı, elm çeşmələri var və ürəyi cilalamaq üçün (Qurandan) başqa heç bir şey yoxdur”. Bu “Cilalamaq” sözü Əmirəlmömininin buyurduğu kəlmələrdəndir.
Bizim danışıqlarımızın əvvəl dinləyicisi olan siz əziz Quran qariləri, özünüzü Quranın təbliğatçısı hesab edin. Quran təbliğatçısı yalnız Quran oxuyan deyil. Burada adları çəkilən və bəzi lent yazıları qoyulan həmin köhnə qarilər arasında elələri var ki, Quran oxuyanda sanki insana vəhy olunur. Yəni nə dediklərini, nə oxuduqlarını başa düşürlər. Quranı mənasına diqqət edərək, qəlbdən oxuyurlar (təbii ki, bəzi qarilər belə deyil). Ona görə də onun təsiri dinləyicinin qəlbində daha çox olur. Qari özünü Quranın təbliğatçısı hesab etməlidir.
Quran təbliğatçısı olmağınızı bilməlisiniz. Həqiqətən də, Quran qariləri böyük rola malikdirlər. Bu qiraət məclisləri çox mühüm rol oynayır. Quran tilavət edənlərin yetişdirilməsi olduqca böyük və önəmli işdir və bu da həyata keçirilir. Allaha şükürlər olsun ki, tilavət edərkən Allahı yad etmək, onun qarşısında təvazökarlıq göstərmək və mənaya dərin diqqətlə yanaşmaq kimi işlər ölkəmizdə geniş yayılmışdır. Mənaya diqqət edin. Məsələn, Qurandan bir hissəni hər hansı bir toplantıda oxumaq istəyirsinizsə, bunun üçün əvvəlcədən zehninizdə hazırlıq olsun. Əgər təfsirə, tərcüməyə baxmaq zəruridirsə, müraciət edin. Xoşbəxtlikdən bir çox qarilərimiz Quranı başa düşür, mənalarını dərk edir və tərcüməyə ehtiyac duymurlar. Lakin tərcüməyə, təfsirə ehtiyac duyulan zamanlarda müraciət edilsin. Tilavət (Allahı) kamil diqqət və yad ertməklə həyata keçirilsin.
Bəzilərinin bu audio işlərinin (həm xarici qarilər, həm də bizim qarilərdən bəziləri bu işi görür) bir qisminə çox da əhəmiyyət verməyin. Yəni daha çox mənalara diqqət yetirin. Təbii ki, yaxşı ahəng və səslə tam mənada müvafiqəm. Gözəl ahəng seçmək, onu öyrənmək və ifa etmək yaxşı bir şeydir, lakin düzgün istiqamət və çərçivədən çıxmamağa diqqət yetirin. Quranla bağlı deyəcəklərimiz bunlardır.
Mənim toxunmalı olduğum və hamımızın təsirləndiyi başqa bir məsələ ölkədə yaşayışı öz təsiri altına salan və dünyanın hər bir yerində yaşanan bu epidemiya, yayqın və həqiqətən nəhs olan virus məsələsidir. İlin ən gözəl günləri, doğrudan da, yazın ilk günləridir. Təəssüf ki, bu il [bu xəstəlik] millətimiz üçün ən gözəl və şirin günləri acı etdi. Qurbanların və xəstələrin sayı artdı. Bunlar insanın asanlıqla keçə bilməyəcəyi şeylərdir. Bu acı və sarsıdıcı statistikalar hamımızı (həm məmurları, həm də xalqı) düşündürməli, oyatmalıdır. Diqqətli olmalıyıq. Xəstəliklə zarafat etmək olmaz. Səlahiyyətli şəxslər öz üzərinə düşəni qətiyyətlə yerinə yetirməlidirlər. Yəni mütəxəssis və ekspertlərin (həkimlər, səhiyyə işçiləri və s.) müəyyən etdikləri məhdudiyyətlərə uyğun hərəkət edilməlidir. Yəni hər hansı başqa bir fəsadın acılığını fərz etsəniz, bu xəstəliyin yayılmasının zərərindən daha azdır. Çünki bu xəstəlik həm işsizlik, həm dolanışıq problemi, həm də yaxınlarının canını itirmək və dağını çəkməyə səbəb olur. Yəni, əsasən, ölkənin bütün proqramları bu xəstəliyin təsiri altındadır. İndi də vəziyyət eynidir. Biz bu xəstəliyi dayandırmaq və ona qalib gəlmək, qələbə çalmaq üçün nəsə etməliyik. Bu iş düzgün siyasət, proqram, icra və xalqımızın protokol qaydalarına riayət etməsindən başqa bir yolla mümkün deyil.
Burada qeyd etməli olduğum başqa bir məqam tibb və səhiyyə işçilərinə təşəkkür və minnətdarlıq bildirməyimizdir. Həqiqətən də, insanın onları (tibb və səhiyyə işçilərini) tərifləməsinin, onlara təşəkkür etməsinin yeri var. Təkcə insanın taxdığı bu maska onlara çoxlu sıxıntılar gətirir. Bu gənc, tibb bacısı, həkim və digər tibb işçiləri o ağır paltarlarda bu isti havada saatlarla xəstəxanada və ya xəstəxanadan kənarda işləməli olurlar. Görün bu necə də çətin işdir. Həqiqətən də, bu iş Allah yolunda olan mübarizə, Allah yolunda olan bir cihaddır. Nəzərimcə, (bu iş) çoxlu savaba malikdir.
Xalq da yardım etməlidir. Bu işə köməklik edənlər, keçən ilin əvvəlində xəstəlik başlayanda tibb bacılarına və bu kimi tibb işçilərinə xəstəxana daxilində və xaricində kömək etmək məqsədi ilə gələnlər idi. Yenə köməklik göstərməyə hazır olanlar könüllü şəkildə bu işə yardım əllərini uzatsınlar.
Bununla bağlı növbəti məqam xalqın könüllü yardımı məsələsidir. Ramazan ayı ehsan ayıdır. Həmişə belə də olub. Normalda da Ramazan ayında xeyirxahların və möminlərin ehsan süfrəsi, ehtiyacı olan və ehtiyaclılar üçün geniş olmuşdur. Korona vəziyyətində olduğumuzu nəzərə alaraq bu məsələ daha da əhəmiyyət kəsb edib. Həqiqətən də, bu Ramazan ayında insanlar arasında bu mömincəsinə yardım və köməklik kampaniyalarının pik həddə yüksəlməsi zəruridir. Bilirəm, bəziləri mənim tövsiyəmi gözləmədən özləri ölkənin dörd bir yanında, ölkənin müxtəlif şəhərlərində yardım etməyə başlayıblar. Ya kömək etməyə hazırlaşırlar, və ya artıq bu işə başlayıblar. Biz bunu bilirik, amma demək istəyirəm ki, siz bu işi davam etdirin və camaatın da hamılıqla bu işə qoşulmasına şərait yaradın. İnşaallah hər kəs bu işə köməklik göstərsin ki, bu mömincəsinə yardım hərəkatı zirvəyə çatsın. Bu da korona, bu xəstəlik və tövsiyələrimiz haqqında olan məsələ.
Bir cümlə də bu günlərin aktual və çox müzakirə olunan, nüvə müzakirəsi, sanksiyalar və bu sözlər haqqında deyək. Bu barədə deyiləsi çox söz var. Ölkənin siyasətini açıqladıq, məmurlara da dedik. Həm yaxından dedik, həm yazılı şəkildə, həm iclaslarda danışdıq, həm də ümumi söhbətlərdə vurğuladıq. Nə etməli olduqları və ölkənin siyasəti də aydındır. Yaxşı, indi bizim məmurlarımız bu fikirdədirlər ki, biz həmin siyasəti həyata keçirmək üçün danışıqlar aparmalıyıq. Biz bununla bağlı mübahisə etmirik, lakin diqqətli olmaq lazımdır ki, danışıqlar uzun-uzadı, nəticəsiz olmasın. Elə olmamalıdır ki, tərəflər davamlı olaraq bu müzakirələri uzatsın. Bu iş ölkə üçün zərərdir.
Buna da diqqət edin ki, amerikalılar tez-tez müzakirə məsələsini hallandırır və biz İranla birbaşa danışıqlara hazırıq kimi sözlər deyirlər. Amerika hər hansısa bir haqq sözü qəbul etmək üçün müzakirə aparmaq istəmir. Xeyr, əksinə, onlar, hansısa batil sözü yeritmək üçün müzakirə aparmaq istəyirlər. Əsasən, onların işi bu formadadır. Çətin ki, gəlib doğru sözü eşidib, etiraf edib, qəbul etmək üçün müzakirə etsinlər, bu əsla belə deyil. Bizim məsul və məmurlarımızın bizə bildirdiklərinə əsasən, həmin avropalı cənablar bəzi xüsusi görüşlərdə İranın haqlı olduğunu etiraf edirlər. Biz dedik ki, ilk növbədə, sanksiyalar aradan qaldırılmalıdır (çünki biz onların vədlərinə arxayın deyilik. Onlar, dəfələrlə verdikləri vədələrə əməl etməyib, əleyhinə hərəkət ediblər, indi də həmin işi görəcəklər). Deməli, onlar əvvəlcə bizim dediklərimizi etməlidirlər ki, biz bu işlərin görüldüyünə əmin olaq, sonra biz etməli olduğumuzu edəcəyik. Bu avropalı müzakirəçilər bəzən xüsusi görüşlərdə İranla bu siyasətin doğru olduğunu və İranın haqq olduğunu etiraf edirlər. Lakin qərar qəbul etmək məqamında onlara (Amerikaya) tabedirlər və özlərinin, həqiqətən də, müstəqilliyi yoxdur. Amerika zorakı və sözünü yeritməyə çalışan qüvvədir. Məsələ də elə budur. Beləliklə, onların verdikləri təkliflər çox vaxt təkəbbürcəsinə və alçaldıcı təkliflər olur ki, onlara baxmağa belə dəyməz. Ümüdvaram, inşaallah ölkə məsulları bu zəmində də kamil surətdə gözüaçıq, möhkəm iradə, Allaha təvəkkül və “Allah bizə kifayətdir və o necə də gözəl vəkildir”,-zikri ilə irəli gedə, ilahi uğur (tövfiq) hallarına şamil ola və milləti şad və xoşhal edələr.
Ümid edirik ki, Allah-təala bu şərəfli ayı millətimiz və bütün müsəlman xalqları üçün bərəkətli etsin, öz bərəkətini nazil etsin, qurumuş, susuz torpaqlarımıza rəhmət yağışı yağdırsın, inşaallah xalqa və haqq yolunda mübarizə aparan mücahidlərə mənəvi və maddi nemətlərini nəsib etsin. Əzəmətli İmam Xomeyninin pak ruhunu övliyalarına, şəhidlərin pak ruhunu İslamın əvvəl illərinin şəhidlərinə qovuşdursun. Salam, ehtiram və səmimiyyətimizi dünyanın rəhbəri olan Həzrət Bəqiyyətullahın (ə.c) ayağının tozuna çatdırsın və o əzəmətli şəxsiyyətin razılıq və duasını da bizim halımıza şamil etsin.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
14.04.2021