Sual 33: İmam Xomeyniyə (r.ə) təqlid edən bir şəxs o, vəfat etdikdən sonra başqa bir mərcəyi-təqlidə təqlid etmişdir. Hal-hazırda yenidən İmam Xomeyniyə (r.ə) təqlid etmək istəyir. Bu təqlidə icazə verilirmi?

Cavab: Təqlidi həyatda olan camiuş-şərait bir müctəhiddən dünyasını dəyişmiş başqa bir müctəhidə dəyişməyə, ehtiyata görə, icazə verilmir. Amma əgər təqlidi həyatda olan müctəhidə dəyişərkən həyatda olan müctəhid camiuş-şərait olmamışdırsa, təqlidi dəyişmək elə əvvəldən düzgün deyilmiş və hal-hazırda bu şəxs İmam Xomeyninin (r.ə) təqlidində qala bilər, yaxud təqlid edilməsinə icazə verilən və həyatda olan bir müctəhidə təqlidini dəyişə bilər.

                                                                                                                                  

Sual 34: İmam Xomeyni (r.ə) həyatda olarkən mən həddi-beluğa çatmışam və bəzi məsələlərdə ona təqlid etmişəm. Halbuki təqlid məsələsi mənə tam aydın deyildi. İndi mənim vəzifəm nədir?

Cavab: Əgər İmam Xomeyni (r.ə) həyatda ikən ibadi[1] və qeyri-ibadi[2] əməllərdə onun fətvalarına əməl etmisinizsə, hətta bütün məsələlərdə deyil, bir qisim məsələlərdə əməli surətdə ona təqlid etmisinizsə, hal-hazırda bütün məsələlərdə İmam Xomeyninin (r.ə) təqlidində qalmağınıza icazə verilir.

                                                                                                                                  

Sual 35: Əgər dünyasını dəyişmiş müctəhid ələmdirsə, onun təqlidində qalmağın hökmü nədir?

Cavab: Dünyasını dəyişmiş müctəhid ələm olsa belə, onun təqlidində qalmaq vacib deyildir. Amma yaxşı olar ki, dünyasını dəyişmiş ələm müctəhidin təqlidində qalmaq ehtiyatı tərk edilməsin.

                                                                                                                                  

Sual 36: Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq üçün həyatda olan ələm müctəhidin icazəsi şərtdir, yoxsa hər bir müctəhidin icazəsi kifayət edir?

Cavab: Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağın icazəli olması barədə müctəhidlər arasında rəy birliyi olduğu təqdirdə, ələm müctəhiddən icazə almaq vacib deyildir.

                                                                                                                                  

Sual 37: Bir şəxs İmam Xomeyniyə (r.ə) təqlid edirmiş və onun vəfatından sonra bəzi məsələlərdə başqa bir müctəhidə təqlid edibdir. İndi həmin müctəhid də vəfat edibdir. Bu şəxsin vəzifəsi nədir?

Cavab: Bu şəxs təqlidini İmam Xomeynidən (r.ə) dəyişmədiyi məsələlərdə əvvəllər olduğu kimi indi də onun təqlidində qala bilər. Təqlidini dəyişdiyi məsələlərdə isə ikinci müctəhidin təqlidində qalmaqla təqlidini həyatda olan bir müctəhidə dəyişmək arasında ixtiyar sahibidir.

                                                                                                                                  

Sual 38: İmam Xomeyni (r.ə) vəfat etdikdən sonra mən elə güman etmişdim ki, onun öz fətvasına əsasən, dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağa icazə yoxdur. Odur ki, təqlid etmək üçün həyatda olan başqa bir müctəhid seçdim. Mən yenidən İmam Xomeyninin (r.ə) təqlidinə qayıda bilərəmmi?

Cavab: Hansı məsələlərdə təqlidinizi İmam Xomeynidən (r.ə) həyatda olan bir müctəhidə dəyişmisinizsə, ehtiyata görə, həmin məsələlərdə yenidən İmam Xomeyninin (r.ə) təqlidinə qayıda bilməzsiniz. Yalnız bu halda qayıda bilərsiniz ki, həyatda olan müctəhid dünyasını dəyişmiş ələm müctəhidin təqlidində qalmağın vacibliyinə dair fətva vermişdir və siz də bu qənaətdəsiniz ki, İmam Xomeyni (r.ə) həyatda olan müctəhidlə müqayisədə ələmdir. Belə olduğu təqdirdə İmam Xomeyninin (r.ə) təqlidində qalmaq vacibdir.

                                                                                                                                  

[1] İbadi əməllər namaz, oruc, həcc, zəkat, xüms və s. əməllər kimi.

[2] Qeyri-ibadi əməllər alış-veriş, nikah, və s. əməllər kimi.