Həzrət Zəhranın (ə) mövlud günü münasibəti ilə
Bağışlayan və Mehriban Allahın adı ilə
Həmd-səna olsun aləmlərin Rəbbinə, salam və salavat olsun Məhəmməd (s) və onun pak Əhli-Beytinə (ə), Allahın lənəti olsun onların bütün düşmənlərinə.
Əziz bacı və qardaşlar, xoş gəlmisiniz. İki il sonra yenidən sizin cəmdən bəzilərini bu hüseyniyyədə ziyarət etmiş olduq. Bizim ən yaxşı və ən şirin məclis və ictimai xatirələrimizdən biri də hər il həzrət Zəhranın (ə) viladət günü siz əzizlərlə olan məclis və görüşdür. Güman edirəm, bu məclis artıq 35 ildir ki, davam edir. Seyyidətun-Nisa, Siddiqeyi-Tahirə, Fatimeyi-Zəhranın (ə) və həmçinin alicənab İmam Xomeyninin (r) mövlud günləri münasibəti ilə sizləri təbrik edirəm.
Həzrət Zəhraya (ə) ehtiram əlaməti olaraq, ilk öncə o Həzrət (ə) barədə bir neçə cümlə qeyd etdikdən sonra, bir neçə cümlə də çox mühüm olan məddahlıq və əzadarlıq heyəti mövzusu haqqında danışacağam. Əlbəttə, bu mövlud günü, həmçinin qadın və analar günüdür. Hörmətli xanımlar bizə giley edirlər ki, gərək bu günü onlara məxsus edəydik. Düz deyirlər, sadəcə bu məclis köklü və tarixi olan məclis olduğundan, bunu da ucuz tutmamalıyıq. Allah qoysa, bir günü də xanımlarla görüş üçün təyin etməliyik.
Bizim kimilərin dili həzrət Zəhranın (ə) uca məqamı haqqında söz açmaq üçün olduqca qüsurlu və naqisdir. Qurani-Kərim və mötəbər hədislər bu alicənab şəxsiyyət barədə söz açmış, onu mədh etmişdir. Bizim dayaz fikir və zehnimiz bu mədhləri başa düşmək üçün böyük diqqət və düşüncəyə ehtiyac duyur. Mərhum İmamın (r.ə) bir vaxtlar nəql etdiyi “Peyğəmbərin vəfatından sonra həzrət Cəbrail (ə) həzrət Zəhraya (ə) nazil olar və yanına gələrdi” hədisi mötəbər bir hədisdir. Rəvayətin sənədinə baxdıq. Sənəd mötəbər və son dərəcədə etibarlıdır. Həzrət Cəbrailin (ə) O Həzrətin (s.ə) yanına gəlməsində heç bir şübhə yoxdur. Hədisin mətni belədir:
وَ کانَ یَأتیها جَبرَئیلُ علیه السّلام فَیُحسِنُ عَزاءَها عَلَی اَبیها؛
Günümüzün dili ilə desək, Cəbrail (ə) Peyğəmbərin (s) vəfatı ilə bağlı başsağlığı vermək üçün davamlı olaraq həzrət Zəhranın (s.ə) yanına gəlirdi,
وَ یُطَیِّبُ نَفسَها؛
Həzrətə (s.ə) aramlıq bəxş edirdi,
وَ یُخبِرُها عَن اَبیها وَ مَکانِه؛
Peyğəmbərin (s) vəziyyəti barədə xəbər verir, bərzəx aləmində mehriban Allahın hüzurunda peyğəmbərin (s) uca məqamlarını Fatimeyi-Zəhra (s.ə) üçün göstərir və təsvir edirdi.
وَ یُخبِرُهَا بِما یَکونُ بَعدَها فِی ذُرِّیَّتِها؛
Həzrətin (s.ə) övladlarının - İmam Həsənin (ə) hadisəsini, Kərbəla vaqiəsini, digər imamların (ə) və imam Zamanın (ə.f) başına gələcək hadisələrləri həzrət Zəhra (s.ə) üçün nəql edirdi.
وَ کَانَ عَلیٌّ علیه السّلام یَکتُبُ ذَلِک؛
İmam Əli (ə) də bunları yazırdı. Bu çox önəmli bir məsələdir.
Qurani-Kərimin ayələrinə əsasən, həzrət Cəbrail (ə) peyğəmbər olmayan birinə tarix ərzində yalnız bir dəfə nazil olmuşdur:
اَرسَلنا اِلَیها روحَنا فَتَمَثَّلَ لَها بَشَراً سَوِیّا؛
“…Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü”.
(Bu məsələ ixtilaflı olduğu üçün) Əgər həzrət Məryəmin (s.ə) hadisəsində qeyd olunan “ruh” kəlməsində məqsəd cənab Cəbrail (ə) olsa, mütəal Allah, peyğəmbər olmayan biri üçün yalnız bir dəfə Cəbraili (ə) göndərmişdir. Digər mələklərin nazil olması çox baş veribdir. Ancaq həzrət Cəbrail (ə) yalnız bir dəfə nazil olub. Lakin həzrət Zəhra (s.ə) üçün: "davamlı yanına gəlirdi"- ibarəsində söhbət bir-iki dəfədən getmir. Cəbrail (ə) tez-tez və arası kəsilmədən gəlir və həzrət Zəhranın (s.ə) xidmətində olmaq şərəfinə nail olurdu.
Həzrətin (s.ə) mədhi Quranın “Həl əta” (İnsan) surəsi, “Təthir” ayəsi (Əhzab 33) və “Mübahilə” ayəsində (Ali-imran 61) yer alıbdır. Demək olar ki, açıq-aşkar həzrət Zəhra (s.ə) barəsində olan ayələr bunlardır. O əzəmətli şəxsə dolayı yolla işarə edən başqa ayələr də mövcuddur. Allah-təalanın İnsan surəsində Fatimeyi- Zəhra (s.ə) və ailəsinin gördüyü işi qeyd etməsi olduqca önəmli bir məsələdir. Bu, Quranın Fatimeyi-Zəhranın(s.ə) evinin qarşısında asdığı və qaldırdığı bayraqdır:
اِنَّما نُطعِمُکُم لِوَجهِ اللَهِ لا نُرِیدُ مِنکُم جَزاءً وَ لا شُکورا؛
“Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik”.
Allah üçün görülən iş, ixlas və minnətsiz xidmət. Bu xidmət kimlərədir? Yetim, fəqir və əsirə. Əsir, müsəlman idimi? O zaman müsəlman əsirin olduğunu güman etmirəm. Minnətsiz xidmət - Bu bir dərsdir. Fatimeyi-Zəhra (s.ə) bayrağı budur. Yəni, Quran bunu böyük hesab edir.
Yaxud “Mübahilə” ayəsində:
وَ نِساءَنا وَ نِساءَکُم؛
“…Siz öz qadınlarınızı, biz də öz qadınlarımızı (çağıraq)…”
Baxmayaraq ki, peyğəmbərin(ə) ətrafında çox qadın var idi (həyat yoldaşları, başqa yaxınları və bəlkə də həmin vaxt peyğəmbərin (s) başqa qızları da var idi), ancaq “qadınlarımız” ifadəsinin nümunəsi yalnız Fatimeyi-Zəhra (s) idi. Nə ilə bağlı idi? Haqq cəbhəsi ilə batil cəbhənin qarşılaşması üçün. Həzrət Zəhra (s.ə) belə bir əzəmət sahibidir. Fatimeyi-Zəhra (s.ə) uca və fövqəladə (mahiyyətə malik olan) həqiqətlərin təzahürüdür. Bunlar, Həzrət Zəhranın (s.ə) fəzilətləridir.
Peyğəmbər (s) hərzət Zəhra (s.ə) barəsində “cümlə cahan qadınlarının sərvəri” ifadəsini işlədir. Bundan daha önəmli isə “cənnət qadınlarının sərvəri” ibarəsidir. Tarixin böyük şəxsiyyətləri- həzrət Sara, Asiya, Həvva, Məryəm və başqaları- bütün bunlar cənnət qadınlarıdır. Bu aliməqam xanım (Həzrət Zəhra), “cənnət qadınlarının sərvəri”dir. Həqiqət də budur. Ümumiyyətlə, insan dili bunları necə bəyan etsin və bunun haqqını necə ödəsin?! Əksinə, bizim zehnimiz özü bu həqiqətləri dərk etmək üçün çoxlu diqqət və tədqiqata möhtacdır.
Bu sözlərin əsnasında Həzrətin (s.ə) üstün xüsusiyyətləri məlum olur. (Bundan əlavə) O mübarək ayədə təharət mövzusu və Təthir ayəsi qeyd olunub ki, onun mənası bu dediklərimizdən daha da genişdir. “İnsan” surəsində minnətsiz xidmət; “Mübahilə” ayəsində haqq cəbhəsinin, küfr və batil cəbhəsi ilə üz-üzə dayanması məsələsi bəyan edilmişdir. Bütün bunlar Fatimeyi-Zəhranın (s.ə) mühüm xüsusiyyətləridir.
Bunu qeyd etmək istəyirəm ki, Allahın tövfiq və lütfü ilə inqilabdan öncə ilə müqayisədə - bizim yadımızdadır – inqilabdan sonra, mübarək Fatimeyi-Zəhra (s.ə) adı, deməzdim on, bəlkə də yüz dəfə çox təkrarlanır. Yəni cəmiyyət, Fatiməyə (s.ə) mənsub cəmiyyətə çevrilmişdir. Bunun təsirini də cəmiyyətdə müşahidə etməkdəyik. Həmin minnətsiz xidməti, “Bəsic” (könüllü ordu) hərəkatını, muzd və minnət olmadan görülən işi, müqəddəs müdafiə (İran-İraq müharibəsi) dövründə müəyyən formada, elmi hərəkat dövründə isə başqa bir formada müşahidə edirsiniz. Kimsə şəhid Fəxrizadələrin , nüvə şəhidlərinin, böyük alim mərhum Kazemi Aştiyaninin adını eşitməmişdi. İndi də çoxları Kazeminin kim olmasını bilmir. Elm vadisinə daxil olan bu böyük şəxsiyyətlər, zəhmət haqqı güdmədən və minnətsiz olaraq bu ölkədə cəmiyyət, İslam və İslam ölkəsi üçün böyük elmi arenalar açanlardır.
Bundan əlavə sel, zəlzələ kimi təbii fəlakətlər zamanı insanların necə həvəslə köməyə tələsməklərinə diqqət edin. Bunlar harda var?! Bu, həmin Fatimi (s.ə) metodudur. Bu “cümlə cahan qadınlarının sərvəri”nin barmağıyla işarə etdiyi istiqamətində olan hərəkatdır. “Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik” (İnsan 9); Bu Fatimeyi-Zəhranın (s.ə) işarəsidir. Bu son 2-3 il ərzində “Korona” məsələsində hansı işlər görüldü, hansı xidmətlər yerinə yetirildi! Heç kimin adı çəkilmədən böyük işlər həyata keçmişdir. Cavanların il boyu davam edən adları belə hallanmadan, muzd güdmədən və minnətsiz etdiyi cihadi hərəkətlər, cihadi düşərgələr davamlı olmalıdır. Fatimeyi-Zəhra (s.ə) bütün sahələrdə ülgü və nümunə olmalıdır. O cümlədən, bizim böyük sosial, inqilabi və mübarizə hərəkatımızda!
Heyət və məddah mövzusuna gəldikdə isə, bu barədə danışılası çox söz vardır. Mən də öz növbəmdə keçmiş illər ərzində müxtəlif çoxsaylı söhbətlərimdə əziz məddahlarımıza bəzi məsələləri söyləmişəm. İndi gələndə sizin nəşr etdiyiniz kitabların arasında heyət və məclis barədə bir neçə kitabçanı gördüm. Bu çox sevindirici və gözəl bir haldır. Heyət barəsində hər hansısa bir yerdə bəhs edilib, danışılmasını görməmişdim. İmam Hüseyn (ə) məclisləri haqqında deyiləsi sözlər çoxdur. Bu gün bu barədə qısa bir cümləyə toxunacağam.
Heyət, Əhli-beyt (ə) məhəbbəti əsasında təşkil olunan vahid və ictimai bir toplumdur. Bu kiçik və ya böyük olan toplumun meyarı Əhli-beytə (ə) məhəbbət və onların hədəflərinə doğru yönəlmə və hidayətdir. Heyətin həqiqət və mahiyyəti budur. Bu fenomenin kökü də imamların (ə) vaxtına qayıdır, dünənin, yaxud bu günün məsələsi deyil. Heyəti təşkil edən və başladan imamların səhabələri olmuşlar. Onlar Kərbəla vaqiəsindən sonra bir yerə toplaşardılar. İmam Sadiq (ə) ravidən soruşur:
تَجلِسونَ وَ تُحَدِّثون؟
"Bir yerə toplaşıb danışır, söhbət edirsinizmi? Yəni bizim məsələlərimizi bəyan edirsinizmi? Ravi bəli cavabını verərək, toplaşdıqlarını bildirir. Bu, həmin heyətlər toplusudur. Sonra İmam (ə) buyurur:
اِنَّ تِلکَ المَجالِسَ اُحِبُّها؛
“Mən bu məclisləri sevirəm”. Ürək ona fəda olsun!
اِنَّ تِلکَ المَجالِسَ اُحِبُّها و اَحیوا اَمرَنا؛
İmam (ə) buyurur: "Sizin məclisləri sevirəm. Bizim əmrlərimizi diri saxlayın. Hədisdə işlənən (əmrəna) “əmrlərimiz” kəlməsi imamların kəlamlarında çox təkrarlanmışdır. Yəni bizim işlərimizi (onun əsasında hərəkət etdiyimiz önəmli və əsaslı mövzuya əmr(iş) deyilir) indi günümüzün dili ilə desək, baxmayaraq ki, əsl və həqiqi mənasından bir qədər uzaqlaşmış oluruq, belə deyə bilərik: əmrəna, yəni bizim yolumuz, bizim məktəbimiz.
“Bizim iş və əmrlərimizi dirildin”, yəni bizim yolumuzu diri saxlayın, bizim məktəbimizi diri saxlayın. “Kafi” kitabında olan başqa bir hədisdə isə imam (ə) buyurur:
«تَزَاوَروا وَ تَلَاقَوا وَ تَذاکَروا اَمرَنا وَ اَحیُوه»؛
“…Bir-birinizin ziyarətinə gedin, bir-birinizlə görüşün və bizim əmrlərimizi (işlərimizi) müzakirə edin və onları diri saxlayın”. Bu da belədir. Əmr və işi diriltməkdir.
Bu baxımdan heyətin kök və tarixçəsi o zamana aiddir və şiə tarixində tarix boyu davam etmişdir. Şübhəsiz, bu məclislər müxtəlif formalara düşmüş (təhqiq əhli olanlar araşdırsalar, məsələnin daha dəqiq təfərrüatlarını da əldə edə bilərlər) və nəhayət bizim dövrümüzə çatmış və tarixin bəzi dönəmlərində daha çox işlər görmüş, təsirə malik olmuşdur. Eynilə İnqilab dövrü kimi. Siz gənclərin yadına gəlməz. İnqilab dövründə heyətlərin çox təsiri var idi. Bu heyrətamiz növhələr müxtəlif kasetlər vasitəsi ilə ölkənin hər yerində yayılırdı. Təsəvvür edin, bir növhəxanın Cəhrom ya Yəzd şəhərində oxuduğu növhə tufan qoparırdı. Bu növhələr İmam Hüseyn (ə) növhəsi olmasına baxmayaraq, başdan başa inqilab və İmam (r) barəsində idi. Bunlar (növhələr) camaatı, inqilabı hərəkətə gətirərək inqilaba can verirdi. Bu işləri yerinə yetirən heyətlər idi. Bu, inqilab dövründə idi. Sonra isə çoxunuzun yadında olduğu kimi, müharibə dövründə bu davam etdi. Heyətlər müqəddəs müdafiə dövründə (İran-İraq müharibəsində) nə edirdilər? Şəhidlərin cənazələri gələn zaman, ya gənclər cəbhələrə tərəf getmək istədikdə, əsl və həqiqi meydan sulayanlar İmam Hüseyn (ə) heyətləri idi. Bu gün də həmd olsun Allaha, heyətlər artan silsiləylə ölkəmizdə öz mövcudluğu ilə davam edir. Bu heyətin özü barəsində idi.
Heyət haqqında olan başqa önəmli bir mətləb — qeyd etdiyimiz kimi — İmamın (ə) bu iki rəvayətdə işarə etdiyi “işlərimizi dirildin”, məsələlərimizi, məktəbimizi diri saxlayın, ya dirildin, mövzusudur. Siz şiə mühitində, İslam Respublikasında, müsəlman və şiə olan bir ölkədə yaşadığınız üçün ola bilər ki, ümumiyyətlə, sizə İmamın buyurduğu “işlərimizi dirildin” göstərişi çox da aydın olmasın. İmam Sadiqin (ə) “işlərimizi dirildin” buyurduğu dövr, Əhli-beytə (ə) aid olan məsələləri diriltmək ən çətin və ən xətərli işlərdən hesab edilirdi. Çox böyük bir cihad idi. Biz bu barədə çox müzakirə etdiyimiz, işlədiyimiz vaxtlarda bunun barəsində izahlar vermişik (40-50 il öncə olan bu sözlər bildiyim qədər çap edilib və insanların ixtiyarındadır). İmamların və səhabələrinin mübariz həyatları ən təhlükəli işlərdən idi. Necə olur bütün imamlar şəhadətə yetirilirlər? Nəyə görə İmam Cavad (ə) 25 yaşında, İmam Həsən Əsgəri (ə) 28 yaşında şəhadətə çatır? Niyə imamları qətlə yetirirdilər? Nəyə görə Musa ibn Cəfəri (ə) neçə illər zindana salıb və zindanda şəhadətə çatdırırlar? Çünki yaşayışları mübarizə yönümlü idi. Belə bir şəraitdə İmam (ə) buyurur: “İşlərimizi dirildin”. Oturduğunuz heyət məclislərində bizim əmr və işlərimizi dirildin. Yəni İmam (ə) onlardan ən böyük və təhlükəli mübarizələri tələb edir. Deməli, heyət nə yeri sayılır? Cihad yeri. Heyət, cihad ocağıdır. Allah yolunda cihad, Əhli-Beyt (ə) yolunu diriltməkdə cihad. İmam Hüseyn (ə) məktəbi şəhadət məktəbidir. Yaxşı, bəs imamların (ə) etdiyi cihad hansı növdən idi? Hərbi cihad ki etmirdilər. Çox az sayda – yalnız Əmirəlmöminin İmam Əli (ə), İmam Həsən Müctəba (ə) və İmam Hüseyn (ə) qılınc ilə döyüşüblər – başqa imamlar qılıncla döyüşməyiblər. Bəs onların cihadı nə idi? “Təbyin cihadı”. Mənim dəfələrlə təkrar etdiyim həmin aydınlatma və təbyin cihadı. Bəyan edin, aydınladın. Heyət, təbyin cihadının məkanıdır. Fikrimcə, “işlərimizi dirildin” ibarəsində (qeyd etdiyim) bir çox önəmli mövzu vardır.
Heyət haqqında başqa bir məsələ bundan ibarətdir ki, heyət məna və beyin mərkəzinə malik olan, dinamik və hərəkətə gətirən bir quruluşdur. Heyətdə sadəcə fikir, mənəviyyat, dərs və təlim deyil, həmçinin hərəkət və dinamiklik də mövcuddur. Heyətin məğzi və mənası həmin məktəbdir. Məktəbin aydınlatması (təbyin). Heyətlərdə məktəb və ideologiya aydınlatması (təbyin) yerinə yetirilir. “Yerinə yetirilir” dedikdə məqsədim budur ki, yəni gərək yerinə yetirilsin. Heyətin təbiət və xüsusiyyəti budur: Heyət aydınlatma (təbyin), bəyan etmə məkanıdır. Mühüm İslam maariflərini, məfhumlarını, İmam Əliyə (ə) mənsub maarifləri bəyan etmə və suallara cavab vermə məkanıdır. Bu gün gənclərimizin müxtəlif sualları vardır. Yaşam tərzi barəsində və prinsipial mövzularda sualları vardır. Sual da yerindədir. Suallar ilə davranış yolu isə düşünmək və cavab verməkdir. Bu iş heyətlərdə icra edilməlidir. Heyətlər bu vəzifənin icra edilməsi üçün lazım olan önəmli mərkəzlərdəndir. Zamanla ərsəyə gələn çoxsaylı, müxtəlif suallara cavab vermək üçün nəzərdə tutulan mərkəz! Sualın eybi yoxdur, ancaq sualı olan bilməlidir ki, sualı yaradan onun cəhaləti, məlumatsızlığıdır və bunu elm və biliyə çevirmək mümkündür. Sualı olan şəxs bu sualı ilə hər şeyin alt-üst olduğunu təsəvvür etməməlidir. Xeyr! Sual soruşulmalıdır. Bu işin maenəsi də yoxdur. Cavabı verilməlidir. Cavabı heyətlərdə, elm və təhsil mərkəzlərində olmalıdır. Bu, heyətin məğzi və mənasıdır.
Bir işdə dinamiklik və hərəkətlilik, malik olduğun peşədən və auditoriya ilə ünsiyyət imkanından anında istifadə deməkdir. Sizin peşənizin bir çox başqa sənətlərdən fərqi ondan ibarətdir ki, siz müraciət etdiyiniz auditoriya ilə birbaşa ünsiyyətdə olursunuz. Onunla danışırsınız, o, hisslərini sizə ötürür. Yəni bir-birinizlə daimi təmasdasınız. Bu, heyətlərin dinamikasıdır. Digər dinamik iş isə küçə və prospektlərdə, bazarlarda yola düşən dəstələrlə birgə hərəkətdir. Zövqlü qardaşlardan birinin diliylə desək, Hüseynçi qrupların bu hərəkəti, əslində İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya hərəkətinin simvoludur. Cihad uğrunda, Allah yolunda olan bir hərəkətdir.
Heyətlə bağlı növbəti məqam “Təbyin və aydınlatma cihadı” (İslam inqilabının İran və dünya xalqlarına etdiyi xidmətlərin bəyanı) məsələsidir. Deməli, heyətin varlığı cihada bağlıdır. Yaxşı bəs cihad nə deməkdir? Cihad düşmənə qarşı çıxmağa çalışmaq deməkdir. Hər çalışma, cihad sayılmır. Bir çoxları çalışır, çoxlu elmi, iqtisadi səylər göstərirlər. Bu işlər öz növbəsində yaxşı və düzgündür, amma cihad deyil. Cihad, düşmənə qarşı çıxmaq hədəfini özündə ehtiva edən çalışqanlığa deyilir. Cihad budur. İslam terminologiyası və məntiqində cihad düşmənə qarşı görülən tədbir və işdir. Düşmənə qarşı gəlmək üçün hər hansı bir iqtisadi fəaliyyət göstərsəniz, bu iş cihad sayılar. Düşmənlə mübarizə üçün görülən elmi və tədqiqat işləri cihaddır. Düşmənin vəsvəsəsini zərərsizləşdirmək üçün danışılan söz və bəyan edilən məsələlər cihaddır. Bütün bunlar cihad hesab olunur. Ona görə də biz hansı zamanda, hansı cihadı etməli olduğumuzu bilmək üçün cihad sahələrini yaxşı tanımalıyıq. Bu iş çox mühümdür.
Səhv etməyək! Bəzi adamlar (mən dəfələrlə misal çəkmişəm) sanki səngərdə qalıb bir müddət sonra yuxuya getmiş insanlar kimidirlər; bir müddət sonra oyanır və bilmir ki, hansı tərəf düşmən, hansı tərəf isə dostdur və silahı dost olan tərəfə tuşlayır. Bəzən belə olur. Bəzi insanlar cihad sahələrinə bələd olmurlar. Hara hərəkət edəcəklərini və düşmənin hansı tərəf olduğunu, hansı tərəfə baxıb, haranı hədəf alacaqlarını bilmirlər. Mühüm olan da elə bunları bilməkdir. Bir gün meydan, müqəddəs müdafiə- hərəm müdafiəsi dövrü kimi hərb meydanıdır. Bu zaman meydan, hərb meydanıdır. O gün çoxları vəzifəsini tanıdı, hərəkət etdi və gedib öz vəzifəsini yerinə yetirdi (əlbəttə, bu iş vacibi kifayi - ehtiyac ödənənə qədər vacib idi, vacibi eyni deyildi). Onda da qabaqcadan dediyimiz kimi, heyətlər əllərindən gələni etdilər. Bizim bir çox döyüşçülərimiz, şəhidlərimiz heyətlərdə iştirak edən şəxslər idi ki, döyüşə getdilər və şəhid oldular. Başqa bir gün isə meydan elm meydanı, cihad isə elmi cihaddır və elmi səviyyə yüksəldilməlidir. Bir gün ictimai fəaliyyətlər meydanıdır. Başqa bir gün sosial xidmət, xalqa xidmət meydanı. Əgər sən, düşmənin, xalqı İslam və İslam quruluşuna qarşı qoymaqdan ötrü onları iqtisadi təzyiq və böhran altında saxlamağa çalışdığı bir zamada, cəmiyyətə iqtisadi və sosial xidmət göstərirsənsə, deməli, düşmənlə cihad etmiş olursan. Amma bütün bunlardan daha önəmlisi bəyan və aydınlaşdırma sahəsidir. Əgər aydınlaşdırma olsa, cihadın bütün müxtəlif meydanları öz vaxtında və yerində aydınlaşar, hər bir meydan öz əhlini tapar.
Mən bunu əldə etdiyim informasiya üzərindən deyirəm ki, bu gün düşmənin çoxlu sayda media orqanları (say təyin etmək də mümkün deyil, xüsusi ilə sosial şəbəkələrin bu durumu ilə) minlərlə peşəkar kadrı — peşə mütəxəssisi, media mütəxəssisi, kommunikasiya elmləri mütəxəssisi, kütləvi maliyyə dəstəyi, kütləvi təhlükəsizlik dəstəyi ilə birgə iş başındadır. Bütün bunlar nə üçündür? İslam Cümhuriyyəti sistemində düşüncələri, zövqləri dəyişmək, əqidə və etiqadları zəiflətmək və onları məhv etmək. Bu, belədir. İndi başqaları başqa ölkələr üçün nə edir, bu ayrı bir mövzudur. Dediklərim ölkəmizi, xalqımızı, İslam Cümhuriyyətini, inancımızı, əqidəmizi hədəf alaraq görülən işlərdir. Bu sahədə böyük pullar xərclənir və müxtəlif himayələrlə minlərlə cihaz və aparat işləyir. Bütün bunlar şeytani bir hərəkət və şeytanın cəbhəsidir.
Bu şeytan cəbhəsinin qarşısında kim dayanır? Allah yolunda hərəkət edən cihad cəbhəsi! Siz heyətlərdə olursunuz. Heyətinizdən soruşun, görün bu cihadın harasında qərar tutublar? Bizim demək istədiyimiz budur. İkinci qeyd etdiyimiz məqamın izahı budur: Gəlin özümüzdən soruşaq görək, İslamla küfr, haqla batil, yalan məlumatlarla həqiqət arasında gedən amansız döyüşdə (bunlar arasında olanlar döyüşdür) varıqmı və varıqsa hansı cəbhədəyik? Bunu özümüz üçün müəyyən etməli və diqqətli olmalıyıq. Biz harada dayanmışıq? Təbii ki, təbyin dedikdə, idealları izah etmək və genişləndirmək nəzərdə tutulur; inqilabın idealları, prinsipləri, əsas prinsipləri və arqumentləri. Daha çox bunlar nəzədə tutulur, lakin mikro-siyasi və sosial məsələlər də bu cəbhəyə daxildir və bu məsələ ilə məşğul olmaq lazımdır.
Heyətlərdə başqa bir məqam minbər, məddahlıq, dinləyici və auditoriya məsələsidir. Bu sadalananlar (hər bir heyət üçün) əsas elementlərdir. Heyətin ən mühüm və sabit iki sütunu vaiz və növhəxandır. Minbər və vaizlər barəsində bəzi sözlərimiz vardır, lakin bura yeri deyil. Öz yeri və zamanında lazım olan auditoriyaya söyləniləcək.
Növhəxanlıqla bağlı siz əzizlərimizə aid olan iki-üç məqamı qeyd etmək istəyirəm: Biri odur ki, dediyimiz kimi, növhəxanlıq özünəməxsus sənətdir. Bu o deməkdir ki, başqa bir yerdə belə bir şey yoxdur. Başqa yerdə dua və ah-nalə kimi şeylər var, lakin o, növhəxanlıqdan fərqlidir. Növhəxanlıq müstəqil bir kimlik və başqa bir həqiqətdir. Dedik ki, bu sənətin tamaşaçıları ilə növhəxan arasındakı münasibət növü, xüsusi bir münasibətdir. Ürəyi təmizləyir, dinləyicinin qəlbini səfalı edir, qəlbini nurlandırır. Gördüyün axan göz yaşları, ürəkdən qaynaqlanır. Ürəkdən gələn göz yaşları...
O gün ki insan cövhərin ələyirdilər
Ona eşqdən bir şəbnəm qatdılar
Elə ki insan o qətrədən uzaq düşdüyü üçün qəmgin oldu
Sanki sonradan ona duz qatılmış bir kabab oldu
Aşiqin gözündən su yerinə saf qan axar
Necə ki közərən ətə duz qatsan, ondan saf qan axar
(Xake del an ruz ke mi bixtənd
Şəbnəmi əz eşq dər u rixtənd
Del çu be an qətre ğəm əndud şod
Bud kəbabi ke nəmək sud şod
Didei aşeq ke dəhəd xune nab
Həst həman xun ke çekəd əz kəbab)
Bu göz yaşları ürəkdən gəlir, qəlbə aiddir, qəlbi təmizləyir. Sonra dinləyicini tarixin dərinliklərinə aparır, dinləyicini indiki zamanda saxlamır. Mədhiyyəçi bu qəlbi tarixin dərinliklərinə aparır, onun üçün tarixi həqiqətləri göstərir. Sonra ona dini, əxlaqi və siyasi biliklər verir. Yəni bütün bunları məddah edir. Beləliklə, növhə həm dini, həm əxlaqi, həm də siyasi bilikdir. Dəfələrlə demişik ki, minbərdən qabaq oxuduğunuz bu şeirlər əxlaqi şeirlərdirsə, çox dəyərlidir. Bu şeirlər, Saibin bəzi qəzəlləri kimi (bütün qəzəlləri yox) həm öyrədici, həm də əxlaqi olsa, dəyərlidir. Bu gün Allaha həmd və sənalar olsun ki, dindar şairlərimiz çalışırlar.
Onu da deyim ki, siz və məzhəbi şairlər bir-birinizə kömək edirsiniz; Yəni siz məddahlar məzhəbi şeirin təbliğinə səbəb olursunuz. Beləliklə, siz şeiri oxuyanda şairi riqqətə gətirir və şairi şeirin səviyyəsini daha da yüksəltməyə vadar edirsiniz. Deməli, sən şairə, şair də sənə kömək edir. Həqiqətən də minbərdə gözəl bir şeir oxuduğun zaman, öz məqamını daha da dəyərləndirirsən.
Deməli, bu mühüm hərəkat (tarixin dərinliklərinə sığınmaq və qəlbləri cilalamaq, saflaşdırmaq) sənətkarlıq və ifa tələb edir. Bizim məddahlıqda ifaçılıq səsdir, musiqidir, xanəndəlik həndəsəsidir. Onun (peşəkar xanəndənin) mütləq bu üç şeyə ehtiyacı var: Gözəl səs, gözəl avaz (buna ərəbcə ləhn deyilir) və xanəndəlik həndəsəsinə. Təbii ki, bəzilərində bu xanəndəlik həndəsəsi var, bəzilərində isə yoxdur. Məclisdə nə etmək istədiyinizi əvvəlcədən zehninizdə planlaşdırın. Növhəxanlığı bunlar formalaşdırır. Yəni yaxşı səs, yaxşı avaz, ifanın mühəndisliyi- bütün bunlar formadır. Bu formalar məzmuna qələbə çalmamalıdır. Bu formaların hər biri məzmunu çatdırmaq üçün vasitədir. Məzmunu itirəcək hərəkət və addımlara yol verilməməlidir! Həmin hidayət, məhəbbət və həqiqətdə cəmiyyətin hərəkətinə cəhət verən fenomen (yəni məzmun), heyətin içindən və idarə heyəti tərəfindən zəiflədilməməli və itirilməməlidir. Bu da növhəxanlıqla bağlı olan daha bir məqam.
Başqa bir məqam odur ki, növhəxanlıq da bütün digər sahələr kimi təşəbbüs və yenilik tələb edir. Baxın, gənclər də yenilik edir. Məddahlıqda yenilik yaxşıdır, yenilikdə problem yoxdur. Amma diqqətli olun ki, bu yenilik normanın pozulmasına gətirib çıxarmasın. Məddahlığın özünəməxsus bir kimliyi var. Bu kimliyi dəyişməyin. Bu yenilikləriniz sizin hərəkət və proqramınızın icrasını tərifəlayiq olmayan bir səmtə doğru sürükləməməlidir. Bəzən isə belə görünür. Əlimdə olan məhdud məlumatlar əsasında deyə bilərəm ki, bəzi yerlərdə olan məddahlıqların forması və lazım olan səylər, növhəxanlığın həqiqi mahiyyət və hüviyyətini qoruyacaq həddə deyil. Bu kimliyi qoruyub saxlamaq üçün diqqətli olmalısınız. Növhəxanlıq pop musiqi deyil.
Başqa bir məqam da odur ki, məddahlar mühüm mövzularda çox gözəl şəkildə parlayırdılar. Müqəddəs müdafiə dövründə, hərəm müdafiəsində, 88-ci ilin fitnəsində və müxtəlif zamanlarda par-par parladınız. Bütün bunlarda məddahlar imtahandan yaxşı çıxdılar və həqiqətən də, sözün əsl mənasında, bu məclislər mücahidlər, şəhidlər yetişdirdi. Bizimlə düşmən arasındakı media savaşında, İslam Respublikası ilə düşmənlər arasında mövcud olan bu mədəni mübarizə və media kampaniyalarında inqilabi məddahların yüksək səsi təsirli olaraq, böyük işlər görə bildi. Məddahlarımızın inqilabın ötən qırx neçə il tarixindəki keçmişi belədir. Mənim demək istədiyim (dördüncü məqam) budur ki, bu uca səsin batmasına icazə verməyin. Siz keçmişdə sınaqlardan çox yaxşı keçdiniz və bu gün biz böyük düşmən cəbhəsi ilə üz-üzəyik. Sizin uca səsiniz o gün çox işlər gördü. Bu gün də görməlidir.
Növbəti məqam odur ki, bizim əziz məddahlarımız gəncləri, heyətin təşkil etdiyi məclislərə cəlb etmək istəyirlər. Həqiqətən də, gəncləri bu məclislərə cəlb etmək, bəzi gənclər üçün həyati rol oynaya və onları xilas edə bilər. Bəziləri üçün ruhlandırıcı ola bilər. Ona görə də məddahlarımızın təşkil etdiyi məclislərin və növhəxanlarımızın zehnində olan məqsədlərindən biri gəncləri cəlb etməkdir. Bu, çox yaxşı haldır. Amma demək istəyirəm ki, gəncləri nəyin bahasına olursa-olsun cəlb etmək düzgün deyil. Hər hansı bir gəncin bizi bəyənməsi üçün, mədhiyyə və müsibət məzmunlu şerlərdə münasib olmayan ahəngdən istifadə etməməliyik. Gəncləri cəlb etmək lazım, zəruri və faydalıdır, lakin düzgün formanı qoruyub saxlamaq şərti ilə. Diqqətli olun ki, cavanları cəzb etmək istəyi növhəxanlığın tərkib, həqiqət və kimliyinin məhvinə bais olmasın.
Sonuncu məqam əsaslı söz söyləmək məsələsidir. Növhələlərdə, mədhiyyələrdə və deyilən mətləblərdə əsaslı və sənədi olan rəvayətlərdən istifadə edin. Mütaliə edin, üzərinizdə işləyin, kitab oxuyun. Əlbəttə, bilirəm ki, bizim bir çox əziz məddahlarımız bunu edirlər. Mütaliə edir, kitab oxuyur və görkəmli şeir divanlarına müraciət edirlər. Həm ədəbiyyatı öyrənir, həm dini biliklərini yüksəldir, həm də məclislərində bundan yaxşı istifadə edirlər. Çalışın ki, bu vəziyyət ictimailəşsin, yayılsın. Çünki boş danışıq təhlükəlidir. Bəzən zəif bir söz, səhv və yanlış ifadə düşmənin tablosuna çevrilir və düşmən bununla şiəliyin özünü sual altına aparmağa çalışır. Bəzən etdiyimiz səhvlər üzərimizə hücum olunmasına səbəb olur. Bu, o qədər də əhəmiyyətli deyil. Bəzən isə elə olur ki, biz onların İslama, şiəliyə, İslam təlimlərimizə və ya böyük alimlərimizə hücum etmələrinə səbəb olan bir şey deyirik. Buna artıq icazə verilmir. Çox diqqətli olun. Ona görə də sözlərin güclü, sənədli və əsaslı olması, dəyərli məddahlarımızın iş prinsiplərinə daxil edilməlidir.
Bu gün yaxşı görüş oldu, yararlandıq və bəhrələndik. Burada çıxış edən dostlara təşəkkür edirəm. Şəhərlərdən - Zahedandan, Ərdəbildən, ərəb ölkələrindən gələn dostlara, bəhreynli qardaşımıza, Məşhəddən gələn cənab Vaeziyə xüsusi minnətdarlığımı bildirirəm. Bu adlarını sadaladığım və adını çəkmədiyim yerlərdən gələn əzizlər öz şəhərlərindəki əzizlərimizə salamlarımı çatdırsınlar. Allahın izni ilə həmişə İmam Zamanın (ə.f) lütfü sayəsində sağ, əbədi və müvəffəq olasınız.
Ey Rəbbim, Muhəmmədə (s) və ailəsinə xatir, İmam Hüseynin (ə) xatirəsinin yad edilməsi nemətini ölkəmizdə daha çox və daha davamlı et! Ey Rəbbim, Hüseyn ibn Əlini (ə) və Peyğəmbərin ailəsini (s) mədh edən dillərə bərəkət ver! Ey Rəbbim, heyətlərimizi İmam Sadiqin (ə) bəyəndiyi heyətlərdən et. Bizi adı “Təbyin cihadı” olan, bu günün ən böyük cihadının əsgərlərindən et! Ey Rəbbim, əziz imamımızın və əziz şəhidlərimizin pak ruhlarını Əhli-Beytin (ə) pak ruhları ilə bir araya gətir! Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) müqəddəs qəlbini bizlərdən razı sal! Vəliyyi-Əsr İmam Zamanın (ə) mübarək qəlbini (ruhumuz ona qurban olsun) bizdən məmnun et! O alicənab insana bizim salamlarımızı və başsağlığımızı çatdır, o alicənab insanın razılığını bizim halımıza şamil et.
Allahın rəhməti, bərəkəti və salamı sizin üzərinizə olsun!
23.1.2022