Bağışlayan və mehriban Allahın adı ilə 

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.

Əgər vaxt keçməsəydi, sizin adını çəkdiyiniz bəzi şairlərin və elə burada gördüyüm digər şəxslərin şeirlərindən faydalanmaq istərdim. Çünki onların zərif ruhu, zəngin zövqü və yetkin şeir üslubu ilə tanışam. Lakin artıq vaxt ötüb və insan yorğun olduqda şeirdən lazımınca zövq ala bilmir. Amma siz gəncsiniz, tez yorulmursunuz, xüsusən bizim yaşda olanlarda yorğunluq daha tez hiss olunur.

Şükürlər olsun ki, iman əsasında olan və inqilabi şeir inkişaf etməkdədir. Bu axşam mənim üçün müjdəverici bir gecə oldu. Oxunan şeirlərin hamısı yaxşı idi. Təbii ki, hamısı eyni səviyyədə deyildi; bəziləri daha yaxşı, bəziləri isə, sadəcə, yaxşı idi. Şeirlərin oxunuş keyfiyyəti və şeirdəki incəliklərə diqqət göstərir ki, bu əsərlər ilkin yazılmış şeirlər deyil, yəni şairlərin daxilində mövcud olan bir mənbədən qaynaqlanmışdır. Şükürlər olsun ki, ölkədə yetişmiş şairlərin sayı getdikcə artır və biz buna sahibik. Mənə məruzə etdilər ki, 2024-25-ci ildə imanlı və inqilabi şairlər tərəfindən aidiyyəti qurumlarda uğurlu bir imtahan keçirilib.

Xüsusilə gənclər arasında şeirin yayılması ümidverici bir haldır. Şeir mühümdür, şeir mühüm olan misilsiz bir sənətdir. Müxtəlif media vasitələrinin mövcudluğu şeirin güclü və təsirli bir media vasitəsi kimi öz mövqeyini zəiflədə bilməmişdir. Şeir, həqiqətən də, təsirli bir media vasitəsidir. Buna görə də şeirin inkişaf etməsi və yaxşı şairlərin artması sevindirici bir haldır.

Say baxımından xeyli artım müşahidə olunur və bu, təbii ki, çox yaxşıdır. Keyfiyyətin də eyni dərəcədə yüksəlməsini gözləyirik. Hazırda yaxşı gənc şairlərimiz arasında kəmiyyət keyfiyyətdən üstün gəlir. Lakin müşahidə etdiyim istedadlar davamlı şəkildə yaxşı çalışsalar və yollarına düzgün istiqamətdə davam etsələr, inşallah, bunların hamısı keyfiyyətli olacaq. Şükürlər olsun ki, yüksək səviyyəli şairlərimiz az deyil. Yəni bizim arzuladığımız səviyyəyə çatan və artıq yetişmiş güclü, istedadlı və imanına sadiq şairlər var. Lakin mən dəfələrlə vurğulamışam ki, istər şeirdə, istərsə də digər sahələrdə heç kim inkişaf etdiyini gördükdə bununla kifayətlənməməlidir.

Bu ki şeirinizin inkişaf etdiyini, qabiliyyətinizin artdığını və işinizin məhsulunun diqqətəlayiq olduğunu görürsünüz, sizi qane etməsin. Çünki sizin hələ də Hafiz, Sədi və Nizami ilə aranızda fasilə var. Mənim inancım budur ki, bizim dövrümüz Sədi yetişdirə biləcək bir dövr ola bilər, bu, mümkündür. İndi şairi şair edən, onu sözləri, cümlə quruluşlarını və ifadələri ustalıqla istifadə edə bilən şəxsə çevirən amillər nədir, bu uzun bir müzakirə mövzusudur və bu barədə danışmaq istəmirəm. Hər halda bu dövr şairin təşviq edildiyi bir dövrdür. Bu isə şairlərin həmişə şikayətləri və gileylənmələri ilə ziddiyyət təşkil etmir. Həmişə belə olub. İranda şeir yaranandan, yəni min neçə il əvvələ olan dövrlərdən bəri şairlər həmişə gileyləniblər. Baxın, böyük şairlərin padşahların saraylarında bu qədər imkana malik olmalarına, onlardan pul almalarına və mədhiyyələr yazmalarına baxmayaraq:
“Şenidəm ke əz noqre zəd digdan,
Ze zər saxt alate xan Onsori”

Bütün bunlara baxmayaraq, onlar narazı olublar və həmişə də həyatdan şikayət ediblər. Bu var, bunu inkar etmək olmaz və qurtarası da deyil. Bunun səbəbi isə həyatın qarışıqlıqları və naqisliklərinin tamamilə sona çatmamasıdır. Ancaq bunu başqaları görmür, bunu şair görür. Başqalarının bunu söyləmək üçün dili yoxdur, şairin isə var, səbəb də budur. Bu, problem deyil. Ancaq bu gün bizim şairlərimizin, Allaha şükür, ictimai mövqelərdən faydalanmaları (məqsədim maddi cəhətlər deyil), hörmətlərinin “Bu bir şairdir, böyük sənət sahibidir” kimi qorunub-saxlanmasıdır.

Biz tağut dövründə elə böyük şairlər gördük ki, onlar, həqiqətən, görkəmli şairlər idilər, amma heç kim onlara diqqət yetirmirdi. Məsələn, mərhum Əmiri Firuzkuhi çox böyük şair idi, mənim fikrimcə, o öz dövrünün ən yaxşı qəzəl yazan şairi idi. Amma heç kim Əmiriyə diqqət yetirmirdi, yəni heç kim onunla maraqlanmırdı. Əgər o, küçədə gəzsəydi, öz evinin küçəsində belə heç kim ona salam vermirdi. Heç vaxt onu bir radio proqramına, o zaman televiziya çox da yox idi və onu bir televiziya proqramına, hətta mətbuat vasitələrinə də dəvət etmirdilər. Yeganə iş, məsələn, hansısa qəzetin öz səhifəsini doldurmaq üçün, məsələn, Rəhi və ya Əmirinin, yaxud başqa birisinin qəzəlini çap etməsi idi. Heç kim onlara diqqət yetirmirdi. Bu gün isə şair televiziya, radio, müxtəlif proqramlar və bu kimi media vasitələrində yer alır. Buna görə də bu gün Sədi, Hafiz və Nizami olmaq üçün zəmin hazırdır və irəliləmək mümkündür.

Xüsusilə də bu gün poeziyamızın qazandığı dil misilsizdir, yəni bu gün sizin oxuduğunuz şeirlərin dili misilsiz bir dildir, bu, inqilab dövrünün məhsuludur. İndi bunun tərifi nədir, bu, iş və düşüncə tələb edir. Əlbəttə, bəzi şəxslər bu sahədə iş görüblər, amma mənim üçün çox da aydın deyil, lakin bu dil yeni bir dildir. Nə köhnə Xorasan poeziyasının dilidir, nə İraq, nə də Hind qəzəllərinin dilidir. Bu dil bunların hər birindən bir şey almış və bunlara əlavə bir şey də qatmışdır ki, bu, məhz bu dilə məxsusdur. Bunun özü çox mühüm bir məsələdir. Bizim dövrümüzdə böyük bir şairi, ya şairləri və yüksək zirvələri (şairləri) təsəvvür etmək mümkündür. İnşallah, bu iş həyata keçirilməlidir.

Şairin daxili dünyası onun şeirinə təsir göstərir, çünki sizin dedikləriniz daxili dünyanızdan qaynaqlanır. Daxili dünyanız nə qədər pak və zülal olarsa, şeirləriniz də o qədər pak və zülal olacaq. Buna xüsusi diqqət yetirmək lazımdır. Biz bunun nümunələrini görmüşük. Bəzi şairlər öz xüsusi ruhi halları ilə şeirlər yazıblar və onların şeirləri bu ruhi hallarını əks etdirib. Mənim tövsiyəm budur ki, xüsusilə gənc şairlər, zövq və incə hisslərə görə müəyyən çətinliklərlə qarşılaşa bilərlər, lakin bacardıqları qədər təqva, dini dəyərlərə bağlılıq və mərifət əsasları üzərində daha çox düşünməli və bunlara riayət etməlidirlər. Buna görə siz Quranda “Şüəra” surəsinin sonunda şairlər barədə oxuyursunuz: 
“Ancaq iman gətirən, saleh əməl edən və Allahı çox zikr edənlər istisnadır”. (“Şüəra”, 227). 
Niyə burada “Allahı çox zikr edənlər” xüsusi vurğulanır? Axı, hamı çox zikr etməlidir, lakin burada şairlər üçün xüsusilə qeyd edilir ki, onlar Allahı çox zikr etməlidirlər. Bu göstərir ki, şairlərin çox zikrə ehtiyacı var, yəni çox zikr edilməlidir.

Digər bir tövsiyəm fars ədəbiyyatının xəzinəsindən istifadə etməkdir. Biz deyirik ki, sizin şeir üslubunuz, məsələn, Sədinin üslubundan fərqlidir. Amma Sədi böyük bir bədii təcrübə xəzinəsidir və ya ikinci dərəcədə Hafiz və başqa şairlər də qeyd etmək olar ki, onların bənzərini tapmaq mümkün deyil. Bu şairlərin əsərləri bədii cəhətdən çox zəngindir. Onların şeirlərinin hər bir misrası və sözündən bədii məna baxımından çox mənalar öyrənmək olar. Siz ki zövqlüsünüz, gəncsiniz və mənim kimilərinin görə bilmədiklərini görə bilirsiniz, çox gözəl şeylər öyrənə bilərsiniz. Mənim xahişim budur ki, bu xəzinəyə müraciət edəsiniz.

Başqa bir məqam isə aşiqanə şeir və aşiqanə qəzəllərlə bağlıdır. Bəzən bu yığıncaqda və keçmiş illərdə də belə yığıncaqlarda elə hallar olub ki, sanki eşq qəzəli yazmaq bir günahdır və ya mənfi bir şeydir. Xeyr, nəticədə şairdə sevgi və məhəbbətdən doğan hisslər yaranır və bu, təbii bir haldır. Buna görə eşq şeirləri yazmağın heç bir eybi yoxdur. Müqəddəs və uca məfhumlarla bağlı yazılan şeirlərlə yanaşı, eşq şeirləri də yazıla bilər. Lakin mühüm olan budur ki, eşq şeirləri həmişə fars poeziyasının ənənəsində nəcib və ismətli olub. Eşq şeirlərinizin bu ismət və nəciblikdən çıxmasına imkan verməyin. Bizim sözümüz budur. Eşq şeirlərində açıq-saçıqlıq və həyalılıqdan uzaq olmaq düzgün deyil. Tağut dövründə bəzi şairlər bu məsələdə qəsdən bu işləri görürdülər. Mən vaxtilə bəzilərinin adını çəkmişəm, amma indi bunu təkrarlamaq istəmirəm. Amma bilmək lazımdır ki, ismət və nəcibliyə xələl gətirmədən də eşq şeirləri yazmaq mümkündür. Bu da lazım olan bir məqamdır.

Bir məqam da məzmun yaratmaq və məzmun məsələsidir. İndi oxunan şeirlərdə gözəl məzmunlar var idi və bu məzmun tapmaq və yaratmaq bacarığını göstərir. Bununla belə, eyni bir mövzunu müxtəlif ibarətlərlə ifadə etmək mümkündür. Siz yüz şairin dediyi bir mövzunu yenidən, yeni bir tərtibat və yeni bir formayla təqdim edə bilərsiniz. Bu, məzmun yaratmaq deməkdir. Fars ədəbiyyatı poeziyasında hind (İsfahan) üslubunun məzmunlu olduğu deyildikdə məqsəd budur, əks halda, hind üslubundakı anlayışlar başqa üslublarda da mövcuddur. Lakin hind üslubunda onlar fərqli şəkildə işlənmiş, özünəməxsus məzmunla təqdim edilmişdir.
Məsələn:
“Şadəm ke əz rəqiban, damənkeşan qozəşti 
Qu moşte xake ma həm bər bad rəfte başəd”
Bu fikri heç kim söyləməyib? Əlbəttə, ola bilər ki, bu məzmunda on şeir tapmaq mümkün olsun, lakin “Damənkeşan qozəşti” ifadəsi məzmun yaratmağa xidmət edir. Bu məzmun, xüsusilə Saibi Təbrizinin şeirlərində çoxdur, yəni Saibin şeirlərinin əvvəlindən axırına qədər belə olduğu məlumdur. Saibin ardıcılları, məsələn, Həzin və başqaları da eyni tərzdədir. Bu məqamın çətin olanı da mərhum Bideldir və onun şeirləri çox çətindir. Mənim fikrimcə, şərh və izah tələb edən o cür məzmun yaratmağa ehtiyac yoxdur. Əlbəttə, Bidelin şeir və mənadakı dərəcəsi çox yüksəkdir. Həm şeir, həm də kəlmə və məna baxımından bənzərsizdir. Lakin məcburiyyət yoxdur ki, o cür şeirlər yazılsın.

Nəticə etibarilə, məzmun lazımdır, sözlərdən düzgün istifadə etmək, uyğun ifadələr seçmək lazımdır. Şeirdə avamcasına və adi xalq dilindən, xüsusilə aşağı səviyyələrdə istifadə olunan ifadələrdən çəkinmək lazımdır. Əgər bunlara diqqət yetirsəniz, şeir yüksələr və diqqətçəkən olar. Mən burada qeyd etmişəm: “İbrətamiz məzmunlar, axıcı və şirin bir dillə, incə və həssas şairanə hisslərlə ifadə edilərsə, o şeir, həqiqətən də, üstün bir şeir olacaqdır”.

Bir başqa məqam dövrümüzün mövcud anlayışlarıdır. Mənim fikrimcə, az dövrdə bu qədər coşğu yaradan cəmiyyətə aid mövzular mövcud olub. Məsələn, bu yığıncaqda şəhid Süleymanidən, şəhid Rəisidən, şəhid Sinvardan, şəhid Nəsrullahdan bəhs edildi. İştirakçıların bir çoxunun bu mövzularla bağlı şeirləri var və ya olacaqdır. Mən cənab Məlikian və digər dostlardan bu mövzularda çox gözəl şeirlər eşitmişəm. Bu mövzular çox önəmlidir. Əslində, bunlar insanların zehinlərində canlı qalmalı olan anlayışları yaşadır. Bu dövrün işi budur və bu, lazımdır.

Həmçinin tövhid, irfan və hikmət mövzuları da şeirlərdə yer almalıdır. Dostlardan birinin şeirində dediyim kimi, bəzən, həqiqətən, hikmətli idi və şeirdə deyilən belə ifadələr və anlayışlar hikmətli, yüksək səviyyəli anlayışlardır. Bunlar çox qiymətlidir. Onları izləmək lazımdır, lakin bu şeirlərin az müxatəbi olacaqdır. Şübhəsiz ki, hər kəs o məzmunları başa düşməyəcəkdir.
Məsələn:
“Qoftəm ze kocai to, təsxər zədo qofta mən
Nimiəm ze torkestan, nimiəm ze fərğane.”

Bu ifadələri çox insanlar anlamırlar, yəni onun dediyi məstliyi çoxları başa düşmürlər.
“Ey luliyo bərbət zən, to məst təri ya mən?
Ey piş ço to məsti, əfsune mən əfsane”

A lotdətən, biz başa düşmürük ki, bunun nə mənası var, ancaq məna mövcuddur, istəyənləri və anlayanları da var. Bu məzmunları başa düşənlər var. Əgər bu sahədə bacarığınız varsa, uyğun müxatəblər tapa bilərsiniz.

Televiziyadan istifadə məsələsinə gəldikdə, bu mövzuda şəxsi fikrim var, əlbəttə, bu yalnız şəxsi zövqə bağlıdır və bu sahədə göstəriş vermək niyyətində deyiləm. Məsələn, bizim üçün müəyyən standartlara cavab verən, yaxşı və bəyənilən bir şairin televiziya proqramında, həftəlik bir saatlıq sabit bir verilişdə tamaşaçı qarşısına çıxarılıb gənc bir şairin şeirlərini dinləməsi, müzakirə aparması şairin nüfuzunu azalda bilər. Televiziyanın şairdən istifadə tərzi bu olmamalıdır. Hamı da bundan bəhrələnə bilmir. Mənim qorxum bundadır ki, belə proqramlar şeiri bazar səviyyəsinə sala bilər, yaxşı şairi də bazar şairinə çevirə bilər.

Əlbəttə, şeir televiziya və radioda, mütləq, səsləndirilməlidir, lakin yaxşı və dəqiq metodlarla. Məsələn, yaxşı bir şeir yaxşı bir müqəddimə ilə oxunmalıdır. Yaxşı bir aparıcı şairi və onun xüsusiyyətlərini hörmətlə tanıdıb, sonra hansısa bir zəmində şeir oxuduğunu desin və şair tam hörmətlə dəvət olunaraq şeirini oxumalıdır. Bu, çox gözəl bir yanaşmadır. Amma əvvəl təsvir etdiyim formada olması, məncə, şeirin səviyyəsini endirir və geniş kütlə də belə proqramlara maraq göstərməz. Hər halda, ümid edirik ki, bütün bu məsələlərə diqqət yetirilər, inşallah.

Bu günün mətləbləri barədə mənə məsləhət verən dostlardan biri maraqlı bir məqama toxundu. Keçmişdəki ənənəvi şeir dəftərlərində bir qayda olaraq dəftərin başlanğıcında tövhidiyyə və həmdiyyə şeirləri yer alırdı: “Dəftərin əvvəlində alim olan Allahın adı ilə”. Hətta Mövləvi kimi şairlər də Allahın adını açıq şəkildə çəkməsələr də, əslində, əzəli varlıqla əlaqəni və mənəvi bağları ifadə edirdilər ki, bu da Allah, mənəviyyat və mərifət deməkdir. Mənim fikrimcə, əgər bu ənənəni qoruyub saxlasanız, yaxşı olar. Yəni çap etdiyiniz şeir kitablarınızın başlanğıcı maarif, tövhid və həmdiyyə şeirləri ilə olsun. İnşallah, Allah hamınızı müvəffəq etsin.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.