Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Salam və dərin ehtiramımı əziz və böyük İran xalqına bildirirəm. Əvvəlcə son hadisələrdə şəhid olmuş əziz şəhidlərimizin – şəhid generallar, şəhid alimlərin xatirəsini ehtiramla yad edirəm. Onlar, həqiqətən də, və insafla desək İslam Respublikası üçün dəyərli idilər, xidmət etdilər və bu gün Allah-təalanın hüzurunda öz dəyərli xidmətlərinin qarşılığını alırlar, inşallah.
 

Böyük İran xalqına təbrik söyləməyi zəruri sayıram. Xalqa bir neçə təbrikim var:

Birincisi, qondarma sionist rejim üzərində əldə edilən qələbə münasibətilə təbrik edirəm. Sionist rejim bu qədər hay-küyə, bu qədər iddiaya baxmayaraq, İslam Respublikasının zərbələri altında təqribən diz çökdü və əzildi. İran İslam Respublikasının belə zərbələr endirə biləcəyini düşünmək onların zehnindən və xəyalından belə keçməzdi, lakin bu baş verdi. Allaha şükür edirik ki, silahlı qüvvələrimizə kömək etdi, onlar (İsrailin) qabaqcıl çoxqatlı müdafiə sistemlərini yarıb keçə bildilər və rejimin bir çox şəhər və hərbi bölgələrini öz raketləri və qabaqcıl hücum silahları ilə yerlə-yeksan etdilər! Bu, Allahın ən böyük nemətlərindən biridir. Sionist rejimin anlamalı olduğu mühüm məsələ budur ki, İran İslam Respublikasına qarşı ediləcək hər hansı bir təcavüz onun üçün baha başa gələcək və ağır bədəllə nəticələnəcək. Bu hadisə baş verdi. Bu iftixar silahlı qüvvələrimizə və bu qüvvələri yetişdirib dəstəkləyən əziz xalqımıza məxsusdur. Xalqımız bu qüvvələri öz içindən yaratdı, yetişdirdi, onlara dəstək verdi və belə böyük bir işi yerinə yetirmək üçün onların qüdrətli əllərinə güc qatdı.
 

İkinci təbrik əziz İranımızın Amerika rejimi üzərindəki qələbəsinə aiddir. Amerika rejimi birbaşa müharibəyə qatıldı, çünki hiss edirdi ki, əgər müharibəyə qoşulmasa, sionist rejim tamamilə məhv olacaq. Onu xilas etmək üçün müharibəyə girdi, amma bu müharibədən heç bir nəticə əldə edə bilmədi. Onlar nüvə obyektlərimizə hücum etdilər, lakin ciddi bir nəticə əldə edə bilmədilər. Əlbəttə, bu məsələ müstəqil şəkildə beynəlxalq məhkəmələrdə hüquqi şəkildə araşdırılmalıdır. Amerika Prezidenti (Donald Tramp) baş verənləri izah edərkən qeyri-real bir şəkildə şişirtdi, bu da göstərdi ki, o, bu şişirtməyə möhtacdır. Hər kəs bu sözləri eşidəndə anlayırdı ki, bu görüntünün altında başqa bir həqiqət gizlənir. Onlar heç bir nəticə əldə edə bilmədilər, qoyduqları hədəflərinə çata bilmədilər və indi həqiqəti ört-basdır etmək üçün şişirtməyə əl atırlar. Bu cəbhədə də İslam Respublikası qalib gəldi və qarşılığında Amerikanın üzünə güclü bir sillə vurdu və bölgədəki mühüm Amerika bazalarından biri olan Əl-Üdeyd bazasına hücum etdi və ona xəsarət yetirdi. Əvvəlki hadisədə şişirtmə ilə çıxış edənlər, bu dəfə məsələnin əhəmiyyətini kiçiltməyə çalışdılar və sanki heç nə baş verməyibmiş kimi davrandılar, halbuki böyük bir hadisə baş vermişdi və İran İslam Respublikasının regiondakı mühüm Amerika mərkəzlərinə istədiyi vaxt əl vurmaq imkanına sahib olması və lazım bildiyi vaxt onlara qarşı tədbir görə bilməsi kiçik bir hadisə deyil, böyük bir hadisədir. Gələcəkdə də bu hadisə təkrar oluna bilər. Əgər təcavüz baş verərsə, təcavüzkar və düşmən bunun çox ağır bədəlini ödəyəcək.
 

Üçüncü təbrikim İran xalqının fövqəladə birlik və həmrəyliyi münasibətilədir. Allaha şükürlər olsun, təqribən doxsan milyon əhalisi olan bir millət bir yumruq kimi, bir səslə, çiyin-çiyinə, birlikdə, ifadə etdikləri məqsəd və istəklərdə heç bir fərq olmadan ayağa qalxdılar, şüar verdilər, söz dedilər, silahlı qüvvələrin addımını dəstəklədilər və bu dəstək bundan sonra da davam edəcək. İran xalqı bu məsələdə öz böyüklüyünü, seçkin və üstün şəxsiyyətini göstərdi və sübut etdi ki, zəruri anda bu xalqdan yalnız bir səs eşidiləcək və Allaha şükür, bu hadisə baş verdi.
 

Bu çıxışımda əsas məqam kimi toxunmaq istədiyim məsələ budur ki, Amerika Prezidenti çıxışlarının birində dedi ki, İran təslim olmalıdır. “Təslim olmalıdır!” Artıq məsələ uranın zənginləşdirilməsi, nüvə sənayesi və s. deyil, məsələ İranın təslim olmasıdır. Əlbəttə, bu söz Amerika Prezidentinin başından çox böyük bir sözdür. Bu əzəmətlə olan İran, bu tarixə, mədəniyyətə və bu milli polad iradəyə malik olan İrana “Təslim olmaq” kimi bir ifadə İranı tanıyanlar üçün istehza mövzusudur. Amma bu söz onun bir həqiqəti ifşa etməsinə səbəb oldu. Amerikalılar İslam İnqilabının əvvəllərindən bəri İranla mübarizə aparırlar, daim qarşıdurma yaradıblar və hər dəfə bir bəhanə gətirirlər. Bir dəfə insan haqları, demokratiya və qadın hüquqları, bir dəfə də uranın zənginləşdirilməsi, nüvə sənayesi və raket istehsalı və s. fərqli bəhanələr gətirirlər. Amma işin əsli yalnız bir şeydir və o da İranın təslim olması məsələsidir. Əvvəlkilər bu sözü demirdilər, çünki bu, qəbulolunmazdır. Heç bir məntiqlə, heç bir insani dəyərlə uyğun gəlmir ki, bir xalqa “Gəlin təslim olun” deyilsin. Ona görə də bu istəklərini başqa adlar altında gizlədirdilər. Amma bu şəxs o həqiqəti ifşa etdi, göstərdi və anlatdı ki, amerikalılar yalnız İranın təslimi ilə razılaşacaqlar, ondan aşağısı ilə razı deyillər. Bu, çox mühüm bir mətləbdir! İran xalqı bilməlidir ki, Amerika ilə olan mübarizənin səbəbi budur. Amerikalılar İran xalqına qarşı bu böyük təhqiri edirlər. Amma belə bir hadisə əsla baş verməyəcək, əsla baş verməyəcək!
 

İran xalqı böyük xalqdır, İran güclü və geniş bir ölkədir, qədim bir sivilizasiyaya malikdir. Bizim mədəni və sivilizasiya sərvətimiz Amerika və onun kimilərlə müqayisədə yüzlərlə dəfə çoxdur. İranın başqa bir ölkəyə təslim olacağına ümid bəsləmək, şübhəsiz ki, ağıllı və agah insanlar üçün gülünc və yersiz bir iddiadır. İran xalqı nüfuz olunmazdır və belə də qalacaq, qalibdir və Allahın izni ilə, qalib də qalacaq. Ümid edirik ki, Allah-təala bu xalqı daim öz mərhəməti, izzət və şərəfi altında qorusun, əzəmətli İmamın (Xomeyni) məqamını ucaltsın və Həzrət Bəqiyyətullahı (ruhumuz ona fəda olsun) bu xalqdan razı etsin və onun köməyi bu xalqa dayaq olsun.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun

26.06.2025