Bu görüşdə Ayətullah Xamenei xilasediciləri döyüşün mərkəzində olan şəxslər kimi qeyd etdi:
"Döyüşçü yardıma, qanaxmanın qarşısının alınmasına və xəstəxanaya çatdırılmağa ehtiyac duyur. Bu dəstəyi döyüşçüyə göstərən xilasedici isə döyüşün düz mərkəzindədir".

"Xilasedici güllə və qəlpə yağışı altında belə, başqasını xilas etməyi düşünür", - deyə o Həzrət bildirdi.

İnqilab Rəhbəri döyüşçü ilə xilasedicinin fərqli vəzifələrinə toxundu və buyurdu:
"Döyüşçünün iki vəzifəsi var: biri düşməni geri oturtmaq, digəri isə özünü qorumaq. Lakin bizim xilasedici özünü qorumağı düşünmür, başqalarını qorumağı düşünür".

Daha sonra o Həzrət iranlı xilasediciləri insansevərliyin təcəssümü olaraq qeyd etdi:
"İranlı xilasedicilər insansevərlik xüsusiyyətinin təcəssümü idilər. İran əleyhinə Saddamın müharibəsi zamanı xilasedicilər hətta əsir düşmüş və yaralanmış düşmənə də yardım edirdilər".

Ayətullah Xamenei İranın təkid etdiyi yeni sivilizasiyanın niyə yarandığına toxundu:
"Bu gün İslam Respublikasının tez-tez adını çəkdiyi "Yeni sivilizasiya" təcili yardım maşınlarını və xəstəxanaları bombalayan, günahsız uşaqları öldürən insan formasında olan vəhşi heyvanlara qarşı mübarizə aparmaq üçün ortaya çıxıb".

 

İnqilab Rəhbəri hamının vəzifəsinə işarə edib, buyurdu:
"Kim iddia edə bilər ki, bu vəhşiliklərə və qan içənliyə qarşı insanın heç bir vəzifəsi yoxdur? Kim bunu deyə bilər? Hamımızın vəzifəsi var".

O Həzrət dünyanın ixtiyar sahibliyi iddiasında olanlar barədə belə qeyd etdi:
"Bu gün dünyanın ixtiyar sahibliyi iddiasında olanlar uşaqları və xəstələri öldürürlər, xəstəxanaları dağıdırlar, mülki insanları bombalayırlar".

Daha sonra o Həzrət öz sözlərinə belə davam etdi:
"Siz əgər müharibə aparırsınızsa, hərbçi ilə hərbçi vuruşsun. Niyə Qəzzada mülki vətəndaşları öldürürlər? Niyə evləri dağıdırlar?"

Ayətullah Xamenei Qərbin düşmənlik məsələsinə belə aydınlıq gətirdi:
"Məzlumları müdafiə etmək hissi bu vəhşi, qalstuk taxan, zahiri gözəl görünən ətirlənmiş qərbli düşmənləri İslam Respublikasına qarşı durmağa məcbur edir".

İnqilab Rəhbəri düşmənin etdiklərinə etiraz olunmadığı təqdirdə, düşmənin nə edəcəyini bildirdi:
"Əgər siz sionistlərin vəhşiliklərinə etiraz etməsəniz və onları tərifləsəniz, sizinlə heç bir düşmənlikləri olmayacaq. Problem budur ki, siz [iranlılar] bu batil sivilizasiyanın təməlini rədd edirsiniz".

O Həzrət batilin aradan getməsi məsələsinə belə izah verdi:
"Batil, şübhəsiz, aradan gedəsidir. Lakin bu, o demək deyil ki, oturub sadəcə izləyək və batil öz-özünə yox olsun. Xeyr, Allahın batili aradan aparacağını elan etməsi, yəni əgər onun qarşısında dursan, batilin müqavimət göstərmək gücü olmayacaq".

Ümumi bir qaydanı xatırladan İnqilab Rəhbəri belə buyurdu:
"Əgər siz batil qarşısında dursanız, şübhəsiz, o, geri çəkiləcək. Amma əgər qaçsanız və ya onun etdiklərini tərifləsəniz, o, aradan getməyəcək".