İslam İnqilabı Rəhbəri Həzrət Ayətullah Xamenei 1404-cü hicri şəmsi ilinin başlanması münasibətilə verdiyi mesajda yeni ili "İstehsal üçün sərmayə yatırımı" ili adlandırdı.
Bağışlayan və mehriban Allahın adı ilə
"Ey qəlbləri və baxışları dəyişən! Ey gecə və gündüzü nəzm-intizama salan! Ey illəri (bir-birinin ardınca) dəyişən! Ey ili və insanların halını (yaxşıya doğru) dəyişən! Bizim halımızı ən gözəl hala sal!"
Yeni (hicri şəmsi) ilin başlanğıcı Qədr gecələri və Əmirəlmömininin (Allahın salavatı və salamı ona olsun) şəhadət günləri ilə üst-üstə düşür. Ümid edirik ki, bu gecələrin bərəkəti və təqvalıların mövlasının (əleyhissəlam) nəzəri il boyu əziz xalqımıza, millətimizə, ölkəmizə və Novruzla yeni ilini başlayan hər kəsə şamil olsun.
1403-cü (h.ş) il hadisələrlə dolu bir il oldu. Bu il ardıcıl baş verən hadisələr 1982-ci ilin hadisələrinə bənzəyirdi və əziz xalqımız üçün çətinliklər və məşəqqətlərlə dolu idi. İlin əvvəlində İran xalqının sevimli prezidenti mərhum Rəisinin (Allahın rəhməti olsun ona) şəhadəti baş verdi. Ondan əvvəl Dəməşqdə bir neçə (hərbi) müşavirimizin şəhadəti gerçəkləşdi. Sonra Tehranda və ardınca Livanda müxtəlif hadisələr baş verdi, nəticədə İran xalqı və İslam ümməti dəyərli insanlarını itirdi. Bütün bunlar acı hadisələr idi. Bundan əlavə, il boyunca, xüsusilə ilin ikinci yarısında iqtisadi problemlər xalqı təzyiq altında qoydu, dolanışıq çətinlikləri insanlara problemlər yaradırdı. Bütün bu çətinliklər il ərzində mövcud idi. Lakin bunun müqabilində böyük və qeyri-adi bir hadisə meydana çıxdı ki, bu da İran xalqının iradəsinin gücünü, mənəvi ruhiyyəsini, birliyini və yüksək hazırlıq səviyyəsini nümayiş etdirdi. Əvvəla, Prezidentin itkisi kimi bir hadisə qarşısında xalqın izdihamlı vida mərasimi, səsləndirdiyi şüarlar və nümayiş etdirdiyi yüksək ruhiyyə göstərdi ki, bu ağır itki İran xalqında zəiflik hissi yarada bilmədi. Bundan sonra isə hüquqi müddət çərçivəsində sürətlə seçkilər keçirildi, yeni prezident seçildi, prezident və nazirlərindən ibarət yeni hökumət (idarəçilik) quruldu və ölkənin idarəçiliyində olan boşluğu bu vəziyyətdən çıxartdılar. Bunlar çox əhəmiyyətli məsələlərdir və İran xalqının yüksək ruhiyyəsinin, böyük imkanlarının və mənəvi gücünün göstəricisidir. Buna görə Allaha şükür etməliyik. Bundan başqa, son aylardakı hadisələrdə, xüsusilə Livanlı dindar qardaşlarımızın çətinliklərlə üzləşdiyi vaxtda İran xalqı genişqəlblilik nümayiş etdirərək onlara yardım edə bildi. Bu hadisədə baş verən məsələ, yəni xalqın öz Livanlı və Fələstinli qardaşlarına qeyri-adi yardımları ölkəmizin tarixinə həkk olunacaq və unudulmayacaq hadisələrdəndir. Xanımlarımızın, qadınlarımızın səxavətlə qızıllarını bu yolda bağışlaması, xalqımızın və kişilərimizin etdiyi yardımlar mühüm məsələlərdəndir. Bu, xalqın iradəsinin gücünü və sarsılmaz əzmini göstərir. Bu ruhiyyə, bu iştirak, bu hazırlıq və bu mənəvi güc ölkəmizin gələcəyi və əziz İranımızın daimi həyatı üçün böyük bir sərvətdir. İnşallah, ölkə bu sərvətdən maksimum istifadə edəcək və Allah-təala da lütfünü xalqımızın üzərinə davamlı qərar verəcək.
Keçən il biz “Xalqın iştirakı ilə istehsalatın sıçrayışı” şüarını irəli sürdük ki, bu, ölkə üçün lazım, hətta bir mənada həyati əhəmiyyət daşıyan məsələ idi. Lakin 1403-cü (h.q) ilin müxtəlif hadisələri bu şüarın tam mənada reallaşmasına mane oldu. Bununla belə, yaxşı səylər göstərildi; hökumət, xalq, özəl sektor, sərmayədarlar və sahibkarlar müəyyən dərəcədə müsbət işlər gördülər. Lakin əldə olunan nəticə ilə gözlənilən arasındakı fərq hələ də mövcuddur. Buna görə də bu il də əsas məsələmiz iqtisadiyyat məsələsidir. Mənim hörmətli hökumətdən, məsul şəxslərdən və əziz xalqımızdan bu il üçün gözləntim yenə iqtisadi məsələdir. Bu da bu ilin şüarı olacaq və iqtisadiyyatımızın əsas məsələsi iqtisadi sərmayə yatırımıdır. Ölkə iqtisadiyyatının əsas məsələlərində biri istehsal yönümlü sərmayə yatırımıdır. İstehsal yalnız sərmayə yatırımı ilə sıçrayış əldə edə bilər. Əsasən, bu sərmayəni xalq yatırmalıdır, hökumət isə müxtəlif yollarla bunun üçün proqramlar hazırlamalıdır. Lakin elə məqamlar var ki, xalq ya buna həvəs göstərmir, ya da maddi imkanı yoxdur, belə olan halda dövlət də bu sahəyə daxil ola bilər. Amma bu, xalqla rəqabət aparmaq məqsədilə deyil, əksinə, xalqın yerinə addım atmaq, xalqın iştirak etmədiyi sahələrdə dövlətin sərmayə yatırması məqsədilə olmalıdır. Hər halda istehsala yönəlmiş sərmayə yatırımı ölkə iqtisadiyyatı və xalqın dolanışıq probleminin həlli üçün lazimi məsələlərdən biridir. Xalqın rifahının yaxşılaşdırılması planlaşdırma tələb edir, lakin bu planlaşdırma belə ilkin addımlar olmadan mümkün deyil. Buna görə də həm hökumət, həm də xalq yüksək iradə və maraqla istehsala sərmayə yatırımı məsələsinə ciddi yanaşmalı və onu irəli aparmalıdırlar. Hökumətin vəzifəsi isə bu iş üçün şərait yaratmaq və istehsalın qarşısındakı maneələri aradan qaldırmaqdır.
Xalqın vəzifəsi də budur ki, həm kiçik, həm də böyük sərmayələrini istehsala yönləndirsinlər. Əgər sərmayə istehsala yatırılarsa, artıq qızıl, valyuta və bu kimi ziyanlı işlərə yönəlməyəcək. Belə zərərli işlər baş verməyəcək. Bu sahədə Mərkəzi Bank mühüm rol oynaya bilər, eyni zamanda hökumət də bu istiqamətdə çoxlu təsirli tədbirlər görə bilər. Buna görə də bu ilin şüarı “İstehsal üçün sərmayə yatırımı”dır. İnşallah, bu, xalqın dolanışığı üçün iqtisadi rifah yaradacaq və hökumətin xalqın iştirakı ilə xalqla birgə olaraq proqram tərtib etməsi, inşallah, onların problemlərin həllinə kömək edəcək.
Bir neçə gün əvvəl baş verən hadisələrə də toxunmaq istəyirəm. Sionist işğalçı rejiminin Qəzzaya növbəti hücumu çox böyük bir cinayət və faciə törətməkdir. İslam ümməti bu zülmə qarşı vahid mövqe sərgiləməli, müxtəlif məsələlərdə olan fikir ayrılıqlarını kənara qoymalıdır. Bu məsələ bütün İslam ümmətinin məsələsidir. Bunlardan əlavə, bütün dünya, istər Amerikada, istərsə də Qərb, Avropa və digər ölkələrdə olan azadlıqsevərlər onların (düşmənlərin) etdiyi bu xaincəsinə və faciəli hərəkətə qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Yenə də uşaqlar qətlə yetirilir, evlər dağıdılır, insanlar didərgin salınır. Xalqlar bu faciənin qarşısını almalıdırlar. Təbii ki, Amerika da bu faciədə şərikdir. Dünyadakı siyasi təhlilçilərin hamısı bunun ya Amerikanın birbaşa göstərişi, ya da onun razılığı və yaşıl işığı ilə həyata keçirildiyini açıq şəkildə anlayır. Buna görə də Amerika da bu cinayətdə şərikdir. Yəməndə baş verənlər də eyni vəziyyətdədir. Yəmən xalqına, mülki şəxslərə qarşı edilən hücumlar da böyük bir cinayətdir və mütləq, qarşısı alınmalıdır.
Ümid edirik ki, Allah-təala yeni ildə İslam ümməti üçün xeyir, məsləhət və qələbə nəsib edər. İran xalqı da bu yeni ili məmnuniyyət, razılıq, tam həmrəylik və uğurla, inşallah, başlayıb ilin sonuna qədər davam etdirə bilsin. Ümidvaram ki, İmam Zamanın (ruhumuz ona fəda olsun) müqəddəs qəlbi, eləcə də əzəmətli İmam Xomeyninin və şəhidlərin pak ruhları bizdən razı və məmnun olarlar.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.