الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین
Xoş gəlmisiniz, əziz bacı və qardaşlar. Qumun əziz əhalisi ilə yenidən canlı şəkildə görüş bizim üçün çox şirin və xoşdur. Mənim yadımdan çıxmır, yəni uzun illər ərzində bu hüseyniyyədə o həyacan və hisslərlə, müxtəlif zəminlərdə o aydın baxışları ilə Qum camaatının hüzuru hər zaman zehnimdədir. Bəli, iki-üç il məhrum idik. Əlhəmdulillah, bu il yenidən sizin xidmətinizdəyik.
1978-ci ilin 19 Deyi (9 yanvar) həmişə anılır və gərək də anılsın, davamiyyətli olsun. Gələcəkdə də bu nurani anım silsiləsi davamlı olmalıdır. Nə üçün? Çünki bu hadisə böyük bir dəyişiklik idi, adi bir hadisə deyildi. Tarixin dəyişiklik yaradan hadisələrini canlı saxlamaq hamımızın vəzifəsidir. Sonradan qeyd edəcəyəm ki, tarixin böyük hadisələrində ya dəyərli bir təcrübə vardır, ya da təbiətdə İlahi bir sünnətin bəyanı. Bunların hər biri diqqətəlayiq və millətlərin tarixi istifadəsinə münasibdir. Buna görə də yaşadılmalıdır.
Nə üçün deyirik ki, Qumdakı 19 Dey (9 yanvar) hadisəsi tarixin dəyişiklik yaradan bir hadisəsidir? Çünki böyük bir cihadın başlanğıc və əvvəli idi. Buradan bütün ölkə boyu böyük bir cihad başladı və bu cihadın hədəfi əziz İranı Qərbin hülqumundan çəkib çıxarmaq idi. (Hədəf) Qərbin əli altında olan və yanlış, inhiraf etmiş mədəniyyətinin, həmçinin siyasət və hərbi gücünün tapdağı altında əzilmiş İranı çəkib çıxarmaq, müstəqil etmək və tarixi kimliyini diriltmək idi. İranın tarixi kimliyi İslami olan İrandır. İslamın yarandığı ilk gündən bu günə qədər hansı ölkəni tanıyırsınız ki, fəlsəfə, fiqh və s. kimi müxtəlif elmi sahələrdə İslama iranlılar qədər xidmət etmiş olsun?! Mərhum şəhid Mütəhhərinin qiymətli və dəyərli olan "İslam və İranın qarşılıqlı xidmətləri" adlı kitabına müraciət edin. Bu İslami İranın kimliyi itmişdi. Əgər bir şəxs gəlib Tehranın (təkcə Tehranın deyil, bəzi başqa şəhərlərin, hətta bizim Məşhəd şəhərinin də) xiyabanlarında gəzsəydi, buranın bir İslam ölkəsi olduğunu, burada müsəlman xalqın yaşadığını hiss etməzdi. (İranı) Bu vəziyyətə gətirmişdilər.
Buradan başlayan cihad (və bu cihadın ilk şöləsi Qumdan başladı) İranı bu vəziyyətdən çıxarmaq, habelə öz əsli, həqiqi, tarixi və iftixarlı kimliyinə qaytarmaq üçün idi. Əlbəttə, mümkündür ki, o gün hadisənin içərisində olan şəxslər bu işin əhəmiyyətinə çox diqqət etməmiş olsunlar. Vəzifə hiss etdilər (indi qeyd edəcəyəm) və meydana gəldilər. Bəlkə də, diqqət etmədilər, ya ən azı onların hamısı nə iş gördüklərinin, hansı böyük bir hərəkəti yerinə yetirdiklərinin fərqində deyildilər. Onlar bilmirdilər, lakin tarixi hadisə və olayları tərif etmək istəsək, gərək o hadisələrin keçmiş və gələcəyinə nəzər salaraq tərif edək. Qum hadisəsi nədən başladı və hansı hadisələrin yaranmasına səbəb oldu? Bu, hadisənin əhəmiyyətini, mizanı və qədir-qiymətini göstərir.
Bəli, bu Qumun 1978-ci il 9 Yanvar (19 Dey) hadisəsinin həqiqətidir.
Hadisə çox böyük bir hadisədir və bu gərək yaşadılsın. Bu hadisə tarixin yaddaşından silinməməli və kəmrəng olmamalıdır. Əlbəttə, batil cərəyanın taktikası "Əyyamullah"ı (Allahın məxsus günlərini) gizlətmək və ya bu cür hadisələri kəmrəng etməkdir. Batil cərəyanların taktikası belə günlərin və hadisələrin diri qalmağına və (ətrafa) daha da nur saçmasına imkan verməməkdir. Batil cəbhələr belə günləri, adətən, gizlədir, ya inkar edirlər, yəni, hətta inkar həddinə də çatır. 22 Bəhmən günü gizlədilir. 13 Aban, 19 Dey, 9 Dey, 29 Bəhmən- Tərbiz hadisəsi, şəhid Qasim Süleymaninin, şəhid Höcəcinin dəfn mərasimi günü– bütün bu günlərin hamısı "Əyyamullah" sayılır. Bu günləri gizlətmək istəyirlər. Bu günlərin hər biri bir məşəldir ki, batil cərəyanların nəzərində (bu günlər) sönməlidir. Sizin müqabilinizdə, bu millət və inqilabın müqabilində dayanan batil cərəyanın bu məşəllərə dözümü yoxdur. Buna görə də bu məşəlləri yox edib aradan aparmalıdır. Bu, tamamilə Quranın müqabilində olan bir şeydir. Quran bizləri belə hadisələri yad etməyə, xatırlamağa əmr edir: "Bu kitabda Məryəmi şərqi məkanda ailəsindən bir kənara çəkildiyi zamanı yada sal". (Yəni) Həzrət Məryəmin böyük hadisəsi unudulmamalı və tarixdə qalmalıdır. "Kitabda İbrahimi yada sal", "Kitabda Musanı yada sal", "Kitabda bəndəmiz Əyyubu yada sal", "Kitabda qüdrət sahibi olan Davudu yada sal", "Ad qövmünün qardaşını (Hud Peyğəmbəri) yada sal". Bəlkə, Quranda onlarla, ya daha çox "Yada sal", "Xatırla" kimi belə sözlər vardır. Onlar bəzi yerlərdə də (bu hadisələri) gizlədərkən Peyğəmbər (s) onlardan etiraf almaq üçün (Allah tərəfindən) məmur olurdu: "Onlardan dəniz kənarında olan şəhər barədə soruş". Səbt (şənbə) günü hadisəsini məxfi edirsiniz? Onlardan Allaha kələk gəldikləri, Allahı aldatmaq istədikləri, (nəticə etibarı ilə) Allah-təalanın da onları meymun və donuza çevirdiyi haqda soruş. İstəyirsiniz ki, yadımızdan çıxsın və bilməyək?
"Onlardan dəniz kənarında olan şəhər barədə soruş", qısası, onlardan soruş və cavab al. Bu, Quranın məntiqidir.
İndi qeyd etdiyimiz kimi, bu hadisə ya bir tarixi təcrübəni özündə ehtiva edir, ya da İlahi bir sünnətdir. Necə ki, siz Allaha qarşı məkr və hiylə işlətdiniz, "Vəllahu xeyrul makirin", yəni Allah sizdən daha yaxşı tədbir tökəndir. "Həqiqətən də, onlar hiylə edirlər və mən də tədbir tökürəm". Lap yaxşı, indi ki Allahın (tədbir tökdüyü) meydana daxil olursunuz, Allah özü " Malikul- mulk", yəni səltənət sahibidir. Bu, bəşər tarixinin həyatında baş vermiş bir təcrübədir. Mən bu dövrdə yaşayan bir insan olaraq bu zamanda bunu bilməli və başa düşməliyəm. Səbt qövmünün başına gələn o təcrübəni bilməli və o işləri daha təkrar etməməliyəm. Nə vaxtsa kimlərsə Qiyaməti inkar etsələr, onda Kəhf əshabının əhvalatı qarşıya çıxır. Allah-təala bəzi şəxsləri üç yüz ilə yaxın yuxuda saxlayır və sonra oyadır və bununla göstərir ki, diqqət edin, məsələ bu cürdür. Yaxud Quranda olan çoxlu başqa əhvalatlar. Quranda dərin təfəkkür etmək bizləri belə həqiqətlərin çoxlarını (dərk etməyə) çatdırır. Bu cür şeylər həyatımızın bu dövründə bizim üçün çıraq rolunu oynaya bilər. Bizim, nəhayət, bir əvvəl, bir də sonumuz vardır və bu müddət ərzində fəaliyyət göstərməli, çalışmalıyıq. Özü də bizim dövr həssas və mühüm bir dövrdür. Sizin və bizim yaşadığımız bu dövrə, məxsusən siz cavanlar daha çox əhəmiyyət verməlisiniz. Bu dövr çox həssas və mühüm dövrdür. Bu İlahi sünnətlərdən daha çox yararlanmalısınız. Xülasə, hadisənin əhəmiyyəti budur.
19 Dey (9 yanvar) hadisəsinin özündə də dərslər vardır. Mən əziz Qum əhalisi ilə olan söhbətlərimdə, əsasən, bu hadisələrdən bəzilərinə işarə etmişəm, lakin kim bu hadisəyə ümümi olaraq nəzər etsə, hadisənin necə də təəccüb doğuran bir hadisə olduğunu başa düşər. Bu hadisə özündə bir çox dərslər ehtiva edir. Bu hadisənin başlanmasına gəldikdə isə, (əlbbətə, özünüz bunları bilirsiniz, ümumiyyətlə, hər kəs bilir) hadisə sarayın özünün, yəni tağut rejiminin (orta və aşağı rütbəli məmurları tərəfindən deyil) yuxarılarının göstərişi ilə Nəcəfdə sürgündə olan və təzəcə övladı şəhadətə yetişən İmam Xomeyninin əleyhinə və özündə İmam Xomeyniyə təhqir ehtiva edən rəzilcəsinə bir məqalə dərc olunur. Xalq İmam Xomeyniyə dünyadan köçmüş möhtərəm və əziz övladı cənab Hacı Mustafaya görə (həqiqətən, görkəmli bir şəxs idi) həmdərdlik ifadə etdilər. Onlar (rejim) bunları gördülər və nə isə etməli idilər, lakin ağılsızlıq etdilər və bu məqaləni buraxmaqla öz əlləri ilə özlərinə problem yaratdılar. "Allah onlara güman etmədikləri yerdən zərbə vurdu", yəni güman etmədikləri yerdən zərbəyə məruz qaldılar.
Xülasə, məqalə dərc olundu. Adətən, bu qəzet təqribən günorta saat 2-də dərc olunurdu və Tehrandan Quma gəlib çatması isə təxminən 2 saat çəkirdi. Bu nə vaxtın söhbətidir? Dey ayının 17-si (7 yanvar). Bu qəzet Quma gəlib çatan kimi xalq bunu görüb başa düşdülər ki, belə bir şey var, bir qrup meydana çıxdı. Yəni hadisənin başlanğıcı dey ayının 17-sidir. Dərhal reaksiya göstərərək küçələrə çıxıb bu qəzetlərdən bir neçəsini yandırıb öz nifrətlərini büruzə verdilər. Bu, 17 Deydə baş verdi. Deyin 18-ci günü səhər növbə tələbələrə çatdı. Dərs və bəhsi tətil edərək xiyabanda cəm şəklində mərcəi-təqlidlərin mənzillərinə doğru hərəkət etməyə başladılar. Tələbələrin hərəkəti gecəyə qədər davam etdi və bu bir gündə dəfələrlə rejimin hərbiçiləri və məmurları ilə toqquşmalar baş verdi. Hadisənin əsil günü sayılan 19 Dey günü xalq meydana daxil oldu. Cavanlar, bazar əhli, adi camaat- bir sözlə, hamı gəldi. Tağut rejimi xalqı zorla yatırtmaqdan ötrü daim hazır vəziyyətdə idi. Onlar da meydana daxil oldular, bir qrupu şəhid etdilər, böyük bir kütləni ağır yaraladılar, bəzilərini döydülər və nəhayət, həmin günün hadisəsi şəhid olmaq və bu kimi işlərlə tamamlandı, lakin, əslində isə, tamamlanmadı, təzəcə başladı. Bu, başlanğıc idi. Hadisənin əsas məzmununu mən sizin üçün nəql etdim.
Qum bu işi ilə inqilabın bayraqdarı oldu. Qumun iftixarı bundadır ki, inqilabın əməli şəkildə ucalmış bayrağını öz çiyninə götürdü. Əlbəttə, 1962-cı ildə (1341-ci şəmsi ilində) – 15 il bundan qabaq başlamış hərəkatın əvvəl günündən Qum əhalisi hamıdan öndə idi, lakin o zaman məsələ o qədər də bişmiş, hesab-kitab olunmuş və təkmil olmamışdı. Amma burada– inqilabın başlanğıcı və böyük inqilab hərəkatında Qumlular bayraqdar və öndə gedən oldular. Çünki mömin idilər və Allaha görə meydana daxil oldular. Əgər Allaha görə olmasa, insan öz sinəsini necə güllə qabağına verə bilər? Məgər Allah-təalaya və onun haqq olmasına etiqad bəsləmədən insan özünü bu qədər böyük bir təhlükənin qarşısında qərar verə bilərmi? Mömin və Allaha imanları olduqları üçün Allah da işlərinə bərəkət verdi. Bu iş bir-iki, yaxud üç gün içərisində baş verdi və zahirdə tamam oldu, amma həqiqətdə qurtarmadı, ölkəni alovlandırdı; birinci Təbrizi, sonra başqa yerləri.
İndi bu hərəkatda bir neçə məqam vardır ki, mən bunlardan üç-dördünü qeyd etmək istəyirəm. Bunlar bizim üçün dərsdir. Diqqət edin, biz qeyri-adi bir dövrdə yaşayırıq. İndi heç kəs dəqiq hesablaya bilməz, lakin İran millətinin və İslam Respublikasının o əvvəl günlərə nisbətdə bu gün yüzlərlə dəfə artıq inkişaf etmiş, daha güclü, daha agah, daha bəsirətli və məsələlərə daha əhatəli olduğunu desək, mübaliğə etməmişik. Dünyada baş verən hadisələr də o günlə müqayisədə çox fərqlidir. Dünyada qəribə hadisələr hakimdir. İnanılası olmayan bir sıra məsələlər bu gün baş verir; Qərb dünyasında, Şərq dünyasında, dünyanın şərq və qərb tərəfinin ucqar nöqtələrində, Şimal yarımkürəsində, Cənub yarımkürəsində- bir sözlə, hər yerdə. Ümumiyyətlə, görürsünüz ki, dünyada qeyri-adi hadisələr mövcuddur. O günün təcrübələrindən istifadə etməliyik. Bu təcrübələr köhnəlmir.
Birinci məsələ cəld hərəkətə keçməkdir. Qum camaatı vəzifələrini tez dərk etdilər. Bəzi vaxtlar problem vəzifəni tez dərk etməməkdədir. Gərək gələlər, oturalar, bizimlə söhbət edələr, arqument gətirələr və bu kimi işlər görələr ki, (vəzifə daşıdıqlarının fərqində olalar). Onda isə iş-işdən keçir. Qum əhalisinin vəzifə dərk edərək dərhal hərəkətə keçmələri o oldu ki, bu cür işlərin baş verdiyini müşahidə etdikdə nə etməli olduqlarını anladılar və meydana daxil oldular. Dükan sahibi, bazarda işləyən, tələbə, fəzilət sahibləri, hövzənin böyük şəxsiyyətləri, adi camaat– hamı meydana gəldi. Dərhal vəzifə daşıdıqlarını hiss etdilər.
İkinci məsələ də budur ki, bu işin böyük təhlükələrini bilirdilər və başa düşürdülər, bununla belə, bu təhlükələri gözə aldılar. Məlum məsələdir ki, siz əgər tağut kimi zalım, rəhimsiz və daşqəlbli olan bir rejimlə xiyabanda üz-üzə gəlsəniz, təhlükə olacaqdır. Onların daşqəlbli olduğunu görmüşdük, xalq da görmüşdü. 15 Xordad hadisəsini görmüşdülər, sonrakı hadisələri görmüşdülər. Elə həmin Qumda Feyziyyə mədrəsəsində 1963-cü ilin 22 martındakı hadisədən başqa da, 1975-ci ildə həmin Feyziyyə mədrəsəsində çox böyük və mühüm bir hadisə baş verdi. Xalq bunları görmüşdü, xəbərsiz deyildilər, təhlükələrdən xəbərləri var idi, bununla yanaşı, təhlükələri gözə aldılar və meydana daxil oldular. Xülasə, xətəri gözə almadan böyük işlərin altına girmək mümkün deyil.
Sonrakı məsələ budur ki, vaxtında hərəkətə keçdilər. Diqqət edin, mən bunu dəfələrlə müxtəlif cəmlər içərisində qeyd etmişəm ki, məsələn, bir montaj prosesində iyirmi nəfər fəhlə sıra ilə dayanır və bu sənət məhsulu istehsal xətti üzrə hərəkət edir, (fəhlələrdən) hər biri bir işi yerinə yetirməlidir; biri çəkic vurmalı, biri şurupları bağlamalı, biri bir şeyi qoymalı, digəri bir şeyi oradan götürməlidir və s. İşlərin hər birini öz anında yerinə yetirməlidirlər. Əgər istehsal xəttinin kənarında dayanan siz iyirmi nəfərin qabağından bir cisim keçsə və siz də on saniyədən sonra (öz işinizi yerinə yetirmək) fikrinə düşsəniz, daha fürsət əldən çıxacaq və iş natamam qalacaqdır. Anında yerinə yetirmək lazımdır. Təvvabin (İmam Hüseyni (ə) tək qoyduqları üçün tövbə edənlər, tövbəkarlar) İmam Hüseynin (ə) pak qanının qisasını almaq üçün gəlib döyüşdülər, öldürüldülər, onların hamısı öldürüldü, lakin tarixdə bunları mədh etmirlər, nə üçün? Çünki gec hərəkət etdilər. Siz əgər öz qanınızı İmam Hüseyn (ə) yolunda vermək istəyirdinizsə, bəs nə üçün Məhərrəmin birinci- ikinci günləri gəlmədiniz ki, ən azı əlinizdən bir iş gələrdi? Orada oturur, tamaşa edirsiniz, İmam Hüseyn (ə) da şəhadətə çatır, ondan sonra ürəyiniz yanır və o zaman meydana gəlirsiniz. Bir işi vaxtında yerinə yetirməməyin nəticəsi budur. İşi vaxtında yerinə yetirmək gərəkdir.
Ağıl və şəriətin öhdəmizə qoyduğu vəzifədən qafil olmamalıyıq. Gecikmədən meydana daxil olmalıyıq. Gecikməyək gərək. O zaman həmin işin əhəmiyyətinə münasib olan təhlükənin altına girək. Xülasə, insan hər bir işdə hər bir xətərin altına girməməlidir. Bəzi hadisələrin o qədər də əhəmiyyəti yoxdur ki, insan canını təhlükəyə atsın. Hadisənin əhəmiyyətinə uyğun olaraq meydana daxil olmağın riskini gərək qəbul edək. Problem bizim bu vəzifələrə xələl gətirdiyimiz zaman yaranır; anında vəzifə hiss etmirik, vaxtında meydana daxil olmuruq, təhlükəni gözə almırıq, (nələri isə) gözə alırıq. Məsələ bu cürdür.
Əgər bu şəraitə əməl etsək, inkişaf mütləqdir, yəni şübhəniz olmasın. Nümunəsi isə Müqəddəs Müdafiə illəridir. Mən neçənci dəfədir, tövsiyə edirəm ki, Müqəddəs Müdafiə şəhidlərinin və Əhli-beyt hərəminin müdafiəsi şəhidlərinin tərcümeyi-halını oxuyun və görün ki, bunlar necə çətinliklərə qatlaşdılar. Bu cavan öz əziz həyat yoldaşını, gözünün nuru olan övladını buraxıb öz vəzifəsini əda etməyə gedir. Müqəddəs Müdafiə dövründə minlərlə nəfər bu cür getdilər və meydana daxil oldular. Yaxşı, nəticəsi nə olur? Nəticə bu olur ki, Səddam kimi bir dəli çoxlu imkanlarla meydana daxil olur, Amerika, Avropa, NATO və Sovet İttifaqı kömək edir, mürtəce Ərəb ölkələri pulları qum kimi ayağının altına səpirlər, amma axırda heç bir qələt edə bilmir və əli ətəyindən uzun halda qayıdır. Bizim Müqəddəs Müdafiə dövrünün cavanları kimi söykənəcək yeri iman olan və həmçinin İmam Xomeyni kimi bir insanın əllərindən öpdüyü bir cavanımız meyadanda olduqda inkişafın olması yüz faizdir. Bəli, döyüş əhzab döyüşü idi və bu əhzab döyüşündə İran qalib gəldi. Yəni bütün dünya qüdrətləri əl-ələ verdilər ki, İranı parçalasınlar, Xuzistanı ayırsınlar, filan yeri ayırsınlar, lakin İrandan bir ovuc torpaq belə qopara bilmədilər. Məgər bu az bir işdir? Bu, kiçik bir qələbədir? Hərəkət etdiyimiz, vəzifə hiss etdiyimiz, təhlükəni gözə aldığımız və meydana daxil olduğumuz zaman, təbii ki, nəticə belə olmalıdır. Bu bizim təcrübəmizdir.
Qumun 19 Dey hadisəsində başqa bir məqam da budur ki, nəyə görə tağut rejimi xalqın bu böyük şəxsiyyətə bağlı olduğunu bildiyi halda bu işi görməyə cürət etdi? Çünki Amerikaya arxalanırdı.
"Tək olan Allahın əvəzində özlərinə tanrılar qəbul etdilər ki, bəlkə, (onların tərəfindən) özlərinə bir yardım olunsun. Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar (bütlər) üçün (şeytan tərəfindən) hüzurlarına çağırılmış qoşundurlar". ("Yasin", 74-75)
Çünki Karterə arxalanırdılar. Qum hadisəsindən bir neçə gün əvvəl Karterlə Şah burada görüşüb araq içdilər və o, məst halda Şahı müfəssəl şəkildə təriflədi. Dedi, bura aram bir adadır (yəni əmniyyətli bir yerdir) və bu cür sözlər. Şah ona arxalanırdı. Belə bir səhv yerə arxalanmağın nəticəsi də belə olmalıdır. (Belə səhv yerə arxalanmaq) Onun dərdinə dəymir.
"Onların (bütlərin) bunlara kömək etməyə qüdrətləri yoxdur".
(Yəni) Küfrün gücünə söykənən kəslərin, Allahdan qeyri güclərə arxalananların nəticəsi belə olur (demirəm ki, niyə küfrlə rabitələri vardır, xeyr, bizim də küfrlə rabitə varımızdır, söhbət söykənməkdən gedir). Xülasə, bu da o biri tərəfdən.
Bu biri tərəfdən də xalq, həqiqətən, (zahirdə) tağut rejimlə mübarizə edirdi, lakin, əslində, Amerika ilə, Karter ilə mübarizə edirdilər. O gün Amerikanın İranda hüzuru çox qeyri-adi formada idi. Zənnimcə, burada iştirak edən və o zamanları görməyən siz əziz cavanlar,- bəlkə də, bəziləriniz kitablardan oxumusunuz, amma çoxlarınız oxumamısınız, təəssüf ki, bizim (ölkənin) uşaqları az mütaliə edirlər,- ( o günlər) nüfuzun nə qədər olduğunu bilmirsiniz. Amerika ölkənin bütün işlərinə müsəllət idi.
Diqqət edin, 19 Dey hadisəsindən 13 il öncə və inqilabın qələbəsindən 14 il qabaq 1965-ci ildə İmam Xomeynini Qumdan sürgün etdilər. Nə üçün sürgün etdilər? İmam Xomeyni bir nitq söyləmişdi və bu nitqdə məgər nə danışmışdı? İmam Xomeyni bu nitqində kapitulyasiyaya, yəni Amerikanın İrandakı hüzurunun hifz olunmasının əleyhinə söhbət etmiş və (bununla) Amerikaya hücum etmişdi. O nitqdə İmam Xomeyni buyurur ki,–İmam Xomeyninin dediklərinin məzmununu deyirəm,–əgər İran Şahı küçədə bir amerikalı iti maşınla vursa, gərək cəzalandırılsın, lakin bir amerikalı aşpaz İran şahını küçədə maşınla vursa, kiminsə onu cəzalandırmağa haqqı yoxdur. Kapitulyasiya bu deməkdir. İmam Xomeyni bunun əleyhinə hücuma keçdi və hökumət orqanlarına əsəbi halda səsini ucaltdı. O zaman İmam Xomeynini bu sözlərinə görə sürgün etdilər. İmam Xomeyninin sürgündə olması 13 il çəkdi, lakin bu sürgün ömürlük idi, onların nəzərində bu sürgün ömürlük idi. Xoşbəxtlikdən, inqilab qələbə qazandı və İmam Xomeyni 13 illik sürgündən sonra ölkəyə geri qayıtdı. Yəni Amerikanın nüfuzu bu ölkədə bu həddə idi. Bəli, xalq ölkədə belə bir nüfuzun əleyhinə, belə bir nüfuzlu qüdrətin əleyhinə qiyam etdi.
Başqa bir məqam da bu Qum hadisəsinin haqqında danışmaq istəyirəm və o da budur ki, istər bu hadisədə, istərsə də bu hadisənin ardınca həyata keçən və qabağa gələn cərəyanda təkcə iddialar irəli sürüb, lakin bünövrəsi olmayan fərd və qruplar nüfuz edə bilmədilər. Bu, çox mühüm bir məqamdır. Məşrutə hadisəsində olan burada baş tutmadı. Məşrutəni alimlər istibdadı rədd etmək üçün işə saldılar, məlum şəxslər, ya məchul olan şəxslər bu yolu İngiltərə səfirliyinə tərəf əydilər. Adi camaata aid olan bir tələb idi, lakin İngiltərə səfirliyi vasitə oldu. Ləyaqətsiz insanlar bir hərəkata daxil olduqda nəticə belə olur. Qum hərəkatında bunlar baş vermədi. Bu hərəkatla başlayan bir cərəyanda bunlar baş tutmadı. Hər kəs, hətta bu cərəyanla müxalif olanlar da qorxuya düşdülər. Xalqın, bu böyük hərəkatın və İmam Xomeyninin o cür əzəmətinin qorxusuna düşdülər. Bir insan Nəcəfdə hövzə dərsində otura və elə fəryad çəkə ki, dünyanı lərzyə gətirə. Biz nə İmam Xomeynini, nə də onun şəxsiyyətini düzgün tanımışıq. Bu hərəkət elə bir hərəkət idi ki, başqaları bu hərəkətə daxil ola bilmədilər, qorxuya düşdülər. Müxtəlif insanlar, o cümlədən komunistlər, qəlbləri bu hərəkətlə və bu hərəkatla olmayanlar belə, nə müxalifətlik etməyə, nə də (bu hərəkata) müdaxilə etməyə cürət edə bilirdilər. Çünki xalqın hərəkəti əzəmətli bir hərəkət idi. Bütün bunlar öz şəxsi təcrübələrimdir ki, yaxından gördüklərimi və bildiklərimi sizlərə danışıram.
Yaxşı, nə üçün nüfuz edə bilmədilər? Bunun özü də mühüm bir məqamdır. Niyə başqa cərəyanlar daxil ola bilmədilər, işə xələl gətirə bilmədilər, nüfuz edə bilmədilər? Səbəb bu idi ki, bu hərəkatın başçıları, bu hərəkatın başında dayananlar dini şəxsiyyətlər idilər. Dini şəxsiyyətlər cəsarətlə meydana daxil oldular. Bütün şəhərlərdə: Tehranda, Qumda, başqa yerlərdə və həmçinin bizim Məşhəddə də böyük alimlər, dinin hörmətə layiq şəxsiyyətləri meydana girdilər və bunlar (xalq üçün) bayraq rolunu oynadılar. Biz bunları müxtəlif şəhərlərdə gördük. Bir qrup alimlər də orada-burada sürgündə olmaqlarına baxmayaraq, oranın əhalisini öz sıralarına qatırdılar, öz sözləri ilə bütün qəlbləri özlərinə tərəf cəzb edirdilər.
Xülasə, Qumdan başlayan İslam inqilabı və bu böyük hərəkat İranı qarətgər və qaniçən Amerikanın pəncəsindən xilas edə bildi. Düzdür, hərəkət padşahlıq rejiminə, saraya və xəbis, asılı olan, fasid bir hökumətin ziddinə idi və əlhəmdulillah, (bu rejimi) devirdilər, lakin həqiqətdə İranı Amerikanın hülqumundan çəkib çıxardılar. Mənim bu sözü deməkdə məqsədim vardır. İranı Amerikanın pəncəsi altından çıxardı və bu, Amerikanın İranla düşmən olmasına əsas səbəb oldu. Diqqət edin, o ki deyirlər, filan hadisə Amerikanın bizimlə düşmənçiliyinə səbəb oldu, bu söz yanlışdır. Bəziləri qırx il keçməsinə baxmayaraq, deyirlər ki, nə üçün Amerikanı özünüzə düşmən edirsiniz. Biz düşmənçilik edirik? Qırx ildir ki, düşmənçilik edir və bizim qanımıza susayıb. İndi biz Amerikanı özümüzə düşmən edirik?
Amerikalılar elə ilk gündən başladılar. Yaxın zamanlarda bir sənəd Amerikanın mötəbər mərkəzləri tərəfindən dərc olundu və təqribən bir neçə həftə qabaq mənə gətirdilər. Təqribən otuz-qırx il üstündən keçmiş mühüm sənədləri dərc etdilər. Bu mərkəz bir sənəd dərc edir və o sənəddə deyilir ki, 1979 -cu ilin dekabrında, yəni bizim inqilabdan təqribən on ay sonra,– bizim inqilab miladi tarixi ilə 1979-cu ilin fevralında qələbə qazandı,–Karter CİA təşkilatına ( Amerika Mərkəzi Kəşfiyyat İdarəsi) bir göstəriş verir ki, İran İslam Respublikasını devirin. Bu hadisə o günə aiddir, yəni inqilabın əvvəl dövrlərinə. Amerika Prezidenti, yəqin ki, qarışıq gördüyü yuxu ilə CİA- ya İran İslam Respublikasını çevirməsini göstəriş verir. Bu zaman burada diqqət çəkəcək maraqlı məqam budur ki, hansı vasitə ilə çevirməklərini qeyd edir.
Devirmək üçün birinci məqamın təbliğat olduğunu qeyd edir, yəni propaqanda. Deyir, İslam Respublikasının əleyhinə təbliğat aparın. Sizcə, bu siyasət tanış gəlmir? Dünyada, ictimai rəydə və ölkə daxilində İslam Respublikasının əleyhinə təbliğ siyasəti. Təbliğat onların o gün başladıqları iş idi. Əlbəttə, təkcə təbliğat deyildi, sanksiya, cəsusluq, nüfuz, hərbi çevriliş üçün şərait yaratmaq kimi şeylər də var idi, lakin birinci növbədə, təbliğatın adını çəkdilər və dedilər ki, (çevriliş üçün) təbliğat aparın. Bu, indiyə qədər davam edir. Miladi təqvimi ilə 1979-cu ildən (şəmsi təqvimi ilə 1357- ci il) bu günə qədər qırx üç ildir ki, Amerikanın bu siyasəti davam edir; məqsədyönlü şəkildə İran İslam Respublikasını çevirmək siyasəti. Hansı vasitə ilə? Sanksiya, nüfuz, maksimum dərəcədə təzyiq altında saxlamaq, İrana zidd olan qruplaşmalar yaratmaq, İranla, İslamla və şiə ilə düşmənçilik kimi vasitələrlə. Bütün bunların başında isə təbliğat vasitəsi dayanır. İndi qırx dörd ildir ki, amerikalılar bu işi görürlər və bu günün özündə də bu iş yerinə yetirilir.
Əlbəttə, məlumdur ki, düşmən öz nəhs niyyətində müvəffəq olmadı. O illərin İslam Respublikası hara, bu gün təkcə ölkədə deyil, bəlkə, bütün məntəqə boyu kök atmış İslam Respublikası hara. Bu gün Allahın fəzli və qüdrəti ilə İslam Respublikasında olan möhkəmlik o günlərə nisbətdə müqayisə oluna bilməyəcək dərəcədə fərqlidir. Amma onlar bizə zərbə vurdular, bu işlər hərəkətimizi ləngitdi, yoxsa biz bundan da qabaqda ola bilərdik. Onlar cinayət etdilər. Səkkiz il bizi döyüşə vadar etdilər. Bu, cinayətdir. Səkkiz il bütün imkanlarını özünü müdafiə etməkdən ötrü toplayan bir ölkə bu imkanlardan abadlaşdırma sahələrində, ölkəni irəli aparmaqda, fəqirliyin kökünü kəsməkdə istifadə edə bilərdi. Təkcə təhmili (zorla qarşı tərəfi döyüşə vadar etmək) müharibə deyil, təzyiq var, sanksiya var. Bunların hər birinin təsiri vardır və həmişə də olub. İslam Respublikasının hərəkətini ləngitməkdən ötrü xəbisliklər etdilər.
Yaxşı, indi bu ləngiməyi təlafi edə bilərikmi? Bəli, mənim əqidəm budur ki, bacararıq. Biz gərək çox fəaliyyət göstərək, daha yaxşı idarəçilik edək, yorulmazcasına mücahidlik göstərək. Çünki yolu budur. Təlafi edə bilərik və belə deyil ki, təlafi etmək mümkün olmasın. Necə ki, bəzi sahələrdə Allahın lütfü ilə bu işlər görüldü. Bu işlər elmi sahələrdə, müdafiə sahələrində, istehsalın bir çox sahələrində görüldü və görülən işlərin təfərrüatları müfəssəldir. Cihadi (könüllü şəkildə fədakarlıqla fəaliyyət) işin, iş görənlərin etiqad və imanının, gecə-gündüz tanımadan və gecə-gündüz olunan fəaliyyətlərin bərəkəti hesabına böyük işlər görüldü. Bütün sahələrdə bu işlər yerinə yetirilməlidir. Biz bunu bacararıq.
Yaxşı, bu son iğtişaşlara bir işarə edim. Bu son zamanların iğtişaşlarında bir qrupun inkar etdiyi xarici düşmənin əlinin olduğu əyan oldu. Xarici düşmənin adını çəkən kimi hansısa bir cinahı, şəxsi, qrupu və ya bir prezident və onun nazirlərini suçlasınlar deyə, dərhal xarici əllərin olduğunu inkar edirlər və deyirlər ki, xeyr, bu sizin öz təqsirinizdir. Lakin belə deyil, xaricilərin bu iğtişaşda əllərinin olmağı aşkar və məlum idi. Bu iğtişaşlarda Amerikanın bir cür, müxtəlif Avropa ölkələrinin başqa cür əli var idi və bir sözlə, hər biri məxfi olmadan əyan və aşkar şəkildə müxtəlif formalarda bu hadisəyə müdaxilə etdilər. Məlum oldu ki, kimlər bu məsələyə müdaxilə etdilər. Son iğtişaşlarda da belə idi. Bunları görməzlikdən gəlmək olmaz. Bəli, burada da işin ən əhəmiyyətli hissəsi təbliğat idi. Yəni düşmən hərəkətinin ən əsas hissəsi təbliğat məsələsi idi.
"(De ki, sığınıram Allaha) Gizlincə vəsvəsə edənin şərindən". (" Nas", 4)
"O (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır". ("Nas", 5)
"İstər cinlərdən olsun, istərsə də insanlardan". ("Nas", 6)
Təkcə cin vəsvəsə etmir, insan da vəsvəsə edir. Qərb də daxil olmaqla, ərəb, ibri və bu kimi dillərdə olan sosial şəbəkələri gördünüz, təbii ki. Burada da təbliğatın birinci dərəcəli rolu var idi.
Deməli, bəziləri bu iğtişaşları bu cür göstərmək istəyirlər; xaricilər öz təbliğatlarında bu iğtişaşlarda bəzilərinin xiyabanlara gəlib qışqırmaq, söyüş söymək, hər hansı bir yeri dağıtmaq, hər hansı bir şüşəni sındırmaq, bir zibil qabını yandırmaq kimi işləri görməsinin səbəbini (həmin iğtişaşçıların) ölkənin idarəçilikdə, iqtisadiyyatda və bu kimi digər sahələrdə olan zəif tərəflərinə qarşı zidd olmasını cilvələndirmək idi. Xeyr, mən sizə demək istəyirəm ki, məsələ tam əksinədir. İğtişaşa gəlib qatılan və bu işləri başladanların hədəfləri ölkənin zəif tərəflərini düzəltmək deyildi, əksinə, hədəfləri ölkənin güclü tərəflərini aradan aparmaq idi. Onlar bizim güclü tərəflərimizi aradan aparmaq istəyirdilər; əmniyyətimizi (əmniyyət ölkəmizin güclü tərəflərindən biridir), elmə yiyələnmək məsələsini. Biz həmişə elmi sahədə belə bir inkişaf əldə etdiyimiz üçün iftixar edirik. Yaxşı, bu elmə yiyələnmək haradadır? Təhsil mərkəzlərində, elmi mərkəzlərdə, tədqiqat mərkəzlərində, təbii ki. Onlar bu mərkəzləri bağlamağı hədəf tutdular ki, elmə yiyələnmək, əmniyyət və daxili istehsalın inkişafı olmasın. Biz ilin əvvəlində bu ilin şüarını keçən iki-üç ildə olduğu kimi, xüsusi metod və xas bir baxışla "İstehsal" elan etdik. Bu il istehsal çox yaxşı inkişaf etdi. Elə bir neçə ay bundan öncə bir qrup gəldi (televiziya vasitəsi ilə də yayımlandı) və həmin hüseyniyyədə ölkə daxilində indiyə qədər sabiqəsi görülməyən böyük istehsal işlərini yerinə yetirdikləri haqqında izah verdilər. Elə burada dayanıb izah etdilər və (televiziya vasitəsi ilə) yayımlandı. Bunları (bu inkişafları) dayandırmaq istəyirdilər və indi də istəyirlər. Yaxud turizm məsələsinə zərbə vurmaq istəyirdilər. Dövlətin siyasətlərindən biri də turizm məsələsi idi və bu turizm sahəsində yaxşı bir gəlir vardır ki, yenicə işə düşmək, başlamaq istəyirdi və buna mane olmağa çalışırdılar. Güclü tərəflərimizin qarşısını almaq istəyirdilər. Bəli, bizim iqtisadi problemlərimiz vardır, xalqın məişət problemləri vardır və bunda şəkk yoxdur. Amma iqtisadi problem zibil qabını yandırmaqlamı həll olar? Küçəyə çıxıb iğtişaş etməklə məgər bunlar həll olacaqdır? Bunlar zəif tərəfləri deyil, güclü tərəfləri aradan aparmaq istəyirdilər. Şübhəsiz, bunlar xəyanət idi və məsul orqanlar bu xəyanətlərlə ciddi və ədalətli şəkildə rəftar edirlər və gərək də bu cür etsinlər. Mən sonda qısaca olaraq, iki mövzunu qeyd etmək istəyirəm.
Bunlardan biri "Aydınlaşdırmaq cihadı"dır ki, dəfələrlə təkrar demişəm və indi də təkrar deyirəm. Düşmənin cızdığı planlarının başında təbliğat dayanır. Öz sözləri ilə desək, yəni propaqanda. Propaqandanın əlacı aydınlaşdırmaqdır. Müxtəlif dillərdən, müxtəlif ağızlardan müxtəlif ifadələrlə, müxtəlif yeniliklərlə həqiqəti bəyan etmək. O gənc və yeniyetmələrdə öz təsirini qoyan vəsvəsəni nə aradan apara bilər? O vəsvəsəni dəyənək deyil, təbliğat aradan apara bilər. Bu, birinci məsələ. Aydınlaşdırma və bəyan etmə cihadını ciddi tutmaq lazımdır. Hamı (ciddi tutulmalıdır), hövzədə, universitetdə, məxsusən radio və televiziya kanallarında, mətbuatda, iştirak etdiyiniz və təsir dairəsinə malik olduğunuz hər bir yerdə düzgün və səhih təbyin (bəyan etmə) etməlisiniz.
İkinci məsələ də budur ki, böyük hədəflərin böyük işlərə ehtiyacı var. Böyük işlər görülməli, dəyişiklik yaradacaq işlər görülməlidir. Mənim nəzərimcə, bu işlər yerinə yetirilə bilər. Mömin məsullar vardır, ciddiyyətlə çalışan və çox fəaliyyət göstərən məsullar vardır və dəyişiklik yaradacaq işlər yerinə yetirilə bilər. İnqilabın özü ən böyük dəyişiklik idi. İnqilabın başlanğıc işlərinin hər biri bir dəyişiklik idi. Bunlar idi ki, bizləri keçilməz yollardan keçirtdi. Bundan sonra da iqtisadi, mədəni, əmniyyət, elmi və müxtəlif zəminlərdə böyük və dəyişiklik yaradan işlərə ehtiyac vardır. Məncə, bu işlərin baş tutması mümkündür, çünki ( yerinə yetirəcək) adam varımızdır, məsullar varımızdır. Əlhəmdulillah, ökənin yaxşı gəncləri vardır. Bütün ölkə boyu həmin universitetlərdə, elmiyyə hövzələrində və müxtəlif insanlar, müxtəlif təbəqələr arasında yenilik və dəyişiklik yaradacaq işlər görə biləcək şəxslər vardır.
Ümidvaram ki, inşallah, Allah-təala sizləri və bizi öhdəmizdə olan vəzifələri yerinə yetirməyə müvəffəq edəcəkdir.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun.