İsfahan şəhərində Məhərrəm əməliyyatı şəhidlərinin dəfn mərasimi və İsfahan xalqının fədakarlıq ildönümündə[1]
[1] Bu görüşün əvvəlində höccətil-islam vəl-muslimin seyyid Yusif Təbatəbai Nejad (İsfahan üzrə vəliyyi-fəqihin nümayəndəsi və imamcüməsi) bəzi mətləbləri bəyan edib.
بسم الله الرّحمن الرّحیم
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا
ابیالقاسم المصطفی محمّد و علی آله الطیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین.
Xoş gəlmişsiniz əziz qardaş və bacılar. Cənab Təbatəbai Nejad doğru olaraq bəyan etdiyi kimi İsfahanlılar həqiqətən də tərifəlayiq insanlardır.
Mən bu Hüseyniyyədə sizi, xüsusən də öz gəlişləri ilə buranı nuraniləşdirən dəyərli şəhid ailələrini yenidən ziyarət edə bildiyimə görə çox şadam. Mən buradan bütün isfahanlıları salamlayır və onlara, göstərdikləri səylərə, habelə imanlarına, cihadlarına və İsfahanlılarda olan məxsus xüsusiyyətlərə malik olduqlarına görə təşəkkür edirəm.
Bu gün burada olanlar “25 Aban”-ın[1] (16 noyabr) ildönümü münasibəti ilə[2] toplaşıblar. Buna görə də, mən çox mühüm məsələ barəsində, habelə İsfahan camaatının cihad və şəhadətlə bağlı işləri haqqında bir neçə söz demək istəyirəm. Bundan əlavə, İranla imperialist güclər arasında olan qarşıdurmaya bizim (İran inqilabının) ümumi baxışı və bu qarşıdurmanın keyfiyyəti haqqında da bir neçə cümlə sizlərə çatdırmaq istəyirəm. Daha sonra isə, ölkənin son günlərdə baş verən aktual məsələlərinə, habelə iğtişaşlar və sair məsələlərə toxunacağam.
İsfahan barəsində onu demək istəyirəm ki, İsfahanın səciyyəvi xüsusiyyətləri bir-iki deyildir. İsfahan elm, sənət və cihad şəhəridir. Elmə gəlincə, bəlkə də bu son dörd yüz ildə İsfahanın fiqhdə, fəlsəfədə, hədisdə, təfsirdə öz sözünü demiş böyük alimlərinin sayı o qədər çoxdur ki, əgər sadəcə adlarını yazmaq istəsək, qalın bir kitaba çevrilər. Bu alimlərin şöhrəti, dəyəri sadəcə İsfahan hüdudlarında deyil, bəziləri İslam dünyasında, bəziləri də İranın hər bir yerində böyük şöhrət və dəyərə malikdirlər.
Bizim böyük alimlərimizin, bizə yaxın dövrlərdə yaşayanlar da daxil olmaqla alimlər o cümlədən, mərhum ağa Naini, mərhum ağa seyyid Əbulhəsən İsfahani, mərhum Hacı Şeyx Məhəmməd Hüseyn İsfahani, habelə bu alimlərdən təxminən dörd yüz ilə öncədə müxtəlif dövrlərdə yaşamış alimlər isfahanlıdırlar. Çünki, bu şəhər elm şəhəridir. Yəni alim yetişdirən və tərbiyə edən şəhərdir. Nəinki fiqhdə, həmçinin fəlsəfədə də belədir. Bəziləri hətta isfahanlı olmasalar belə, orada (elmi) inkişafa nail olub, meydana çıxdılar. İsfahan onları yetişdirdi. Bu, İsfahanın özünəməxsus xüsusiyyətidir.
Bu şəhər Əhli-beytə (ə) iman və sevgi şəhəridir. Bu, az diqqət yetirilən xüsusiyyətlərdən biridir. 50-ci illərin sonları və 60-cı illərdə İsfahana çox gedib-gəlirdim. Diqqətimi çəkən bu oldu ki, qədimdən bəri isfahanlılar təvəssül, münacat və diqqət əhlidirlər. Bütün bunlar isə, imandan irəli gəlir. Məşhəddə o illərdə Kumeyl duası məclisi təşkil olunurdu və onu da o vaxt Məşhəddə olan isfahanlı alim mərhum Kəlbasi təşkil edir və oxuyurdu. Onun Kumeyl duasında iştirak edənlərin sayı bəlkə də iyirmi nəfərə çatmırdı. İndi mən ehtiyat edərək iyirmi nəfər deyirəm. Bəlkə səkkiz, doqquz və ya on nəfər Kumeyl duasını oxuyurdu. Həmin vaxtda İsfahanda mərhum Hacı Ağa Mehdi Məzahirinin Seyyid adlı məsciddə təşkil etdiyi Kumeyl duasında məscid insanlarla dolu olurdu. Bu, Məşhəd və İsfahan arasında müqayisədir. Əzadarlıq məclisləri, İmamlara (ə) aid məclislərə və bu kimi məclislərə gəlincə, insan nə desə, həqiqətən də azdır. İsfahan iman şəhəridir.
İsfahan elm şəhəri olduğu kimi, həm də iman və sənət şəhəridir. İsfahanda müxtəlif özünəməxsus sevimli sənət növləri vardır. Şəhərin çox dəyərli sənət irsi var. İsfahanda olan bu sənət irsinin başqa yerdə olduğunu xatırlamıram. Bütün bunlar İsfahan camaatının diqqət çəkən xüsusiyyətləridir. İsfahan tamamiylə iranlı və islami kimliyə sahib olan bir şəhərdir. Fikrimcə, bizim yaxşı sənədli film hazırlayanlar İsfahan barəsində çox sayda möhtəşəm sənədli filmlər çəkə bilərlər.
İsfahanın inqilabi kimliyinə gəlincə, bu şəhərin elmi, imanı və sənəti barəsində danışdıq, indi çatdıq inqilabi kimliyinə!
Təbii ki, inqilabdan əvvəl ölkəmizin bir çox şəhərlərində yaxşı və güclü inqilabi fəaliyyətlər olub. Ancaq, bu şəhərlər içərisində İsfahan ən güclü inqilabi şəhərlərdən biri idi. Əgər ən yaxşı şəhər olmasa da, ən azından ən yaxşılarından biri idi. Tağut rejimi dövründə hərbi idarəçiliyin ilk tətbiq olunduğu şəhər İsfahan olmuşdur. İsfahandan əvvəl heç bir yerdə hərbi idarəçilik yox idi və ilk dəfə bu, İsfahanda baş verdi. Bu onu göstərdi ki, İsfahan camaatı başqalarından daha çox çalışırdı. Müqəddəs müdafiə illərində (Səddam Hüseynin İrana hücum çəkdiyi illər) düşmən cəbhəsini yaran iki məşhur batalyon var idi. Biri, başında məşhur komandir şəhid Xərrazi duran İmam Hüseyn (ə) batalyonu, digəri isə komandir şəhid Əhməd Kaziminin başçılıq etdiyi Nəcəf batalyonu.
Xərrazinin şəhadətindən sonra, habelə Kazimi Nəcəf batalyonundan getdikdən bir müddət sonra bu iki batalyona digər əzəmətli komandirlər başçılıq etdilər. Bu batolyonlarda coxlarını yaxından tanıdığımız və gördüyümüz həqiqətən cəsur döyüşçülər var idi. Müharibədə rəşadətlə döyüşən İsfahan vilayəti 24 minə yaxın şəhid verdi və onlardan 7500-ə yaxını İsfahan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Bunlar həqiqətən də insanı təəccübə gətirən rəqəmlərdir və böyük bir göstəricidir. Bu şəhərin, on minlərlə qazisi və əsirlikdən azad olmuş minlərlə mucahidləri vardır. Bunlar İsfahanın fəxridir. Bu sizin boynunuza vəzifə gətirir. Mən sadəcə tərif yağdırmaq istəmirəm. Bu əzəməti və böyük işləri qoruyub saxlamaq hər bir vicdanlı insanın borcudur.
O ki qaldı 25 aban (16 noyabr) məsələsinə, 25 Aban münasibəti ilə İsfahanda 370-a yaxın şəhid dəfn edildi. Bir şəhər bu müsibətə necə taqət gətirsin axı? 370 şəhid! Bu şəxslərin şəhidliyini öz gözləri ilə görən komandirlər qaldılar belə ki, onları dəfn etmək üçün İsfahana necə gətirsinlər? O hadisə bu qədər böyük və təəccüb doğuran idi! Məncə, bir gün dünyanın hansı yerində 370 nəfər qana bulaşmış gənci xalqın arasına gətirib dəfn etsələr, həmin gün o şəhər iflic olar. Ancaq, İsfahan iflic olmadı.
Əldə olunan dəqiq hesabatlara görə, həmin günün günortası bir qrup gənc, sonrakı günlərdə isə daha çox sayda insan cəbhəyə yollandı. Həmin gecə şəhidlərə sahib çıxmaq üçün böyük bir karvan İsfahandan cəbhəyə yola düşdü. Əgər bir gündə 360 şəhid gətiriblərsə, insanlar oturub yas saxlamalı və daha cəbhəyə fikir verməlidirlər? Xeyr! Elə həmin gün və ondan sonrakı günlərdə camaat cəbhəyə yollandı. Siz bir bu ruhiyyəyə və əlaqəyə baxın! İki, üç, dörd, beş, altı və yeddi şəhid vermiş ailələr (vardır)! Bəli, bunlar İsfahana aiddir. Bunlar, İsfahanın inqilabi və cihadi kimliyini göstərir və İsfahanın özünəməxsus səciyyələrindən sadəcə bəziləridir. İsfahan haqqında danışmağa bundan daha çox söz var. Bu dörd onillikdə nə zaman lazım oldusa, İsfahan sinəsini qabağa verdi. İsfahanlılar heç bir məsələdə geri addım atmadılar. Xüsusilə bəzi məsələləri xatırlayıram ki - indi o məsələləri burada bəyan etmək və ya adını çəkmək istəmirəm - İsfahan camaatı hətta bir işarə ilə dəfələrlə meydana daxil olub fitnə atəşini söndürdülər.
Təbii ki, isfahanlıların bu xüsusiyyətlərinin isfahanlıların şikayətləri ilə heç bir əlaqəsi yoxdur. Cənab Təbatəbainin dediyi bu mətləb tamamiylə doğrudur. O, haqlıdır. İsfahanın su məsələsi mühüm məsələdir. Mən də bu məsələ ilə maraqlanıram. Bir çox dostumuz bu barədə mənə məktub ünvanlayıb. Biz də o məktubları aidiyyatı orqanlara göndərərək məsələ ilə maraqlandıq. Bu yaxınlarda mən də məsələ ilə bağlı araşdırma apardım və əlhəmdulillah indi də məsələ ilə məşğuldurlar. Bu o deməkdir ki, yaxşı işlər görülür. Bu məsələ ilə bağlı görülməli olan beş altı iş mümkündür ki, uzunmüddətli olsun. Ancaq, hər halda iş gedir və Allahın izni ilə, öz həllini tapacaqdır. İndi həqiqətən də çalışan dəyərli dövlət məmurlarına üzümü tutub deyirəm ki, bu sahədə mümkün qədər çox və sürətlə iş görsünlər. İsfahanlılar həqiqətən layiqdirlər ki, biz onlara xidmət etmək üçün gecə-gündüz çalışaq.
Bu söhbətlər isfahanlılar barəsində idi. Ölkənin digər şəhərləri də müəyyən mənada özünəməxsus dəyərlər yarada bilmişdilər. Biz bügün diqqətimizi yalnız İsfahana yönəltmək isətmirik. Təbii ki, hamı eyni səviyyədə deyildir. Bəziləri digərlərindən daha öndədir. İsfahan isə, öndə olanlar arasındadır. Digər yerlərdə də yaxşı işlər görülüb. Ölkə boyu insanların hərtərəfli səyləri bizi nadir sınaqlardan birində qalib etdi. Səkkiz illik müdafiə xarakterli müharibə kiçik bir sınaq deyildi, əksinə çox vacib bir hadisə idi. Gənclərimizin çoxu nələr baş verdiyini bilmir. Səkkiz il dünyanın bütün gücləri bir tərəfdə, İran bir tərəfdə idi. İndi, dünyanın bəzi yerlərində insidentlər olur və hansısa bir ölkəyə hücumlar da olur. Ancaq, birincisi bu hücumlar İrandakı kimi genişmiqyaslı deyil, ikincisi, hücum olunan ölkələrə kömək edənlər də vardır. Halbuki, heç kim bizə kömək etmədi. Əksinə, NATO Səddamın yanında idi, Amerika xüsusi olaraq Səddamın yanında idi. Keçmiş Sovet İttifaqı da Səddamın yanında idi. Həm Sovet İttifaqından çox asılı olmayan, həm də Amerikadan asılı olmayan bəzi Avropa ölkələri, məsələn, Yuqoslaviya kimi ölkələr də Səddamın yanında idi. Mən gedib yaxından gördüm.[3] Bu ölkələrin hamısı onun tərəfində idi. Bu o deməkdir ki, bütün dünya bir tərəfdə, İslam Cümhriyyəti digər tərəfdə idi. Bəli, bu müharibədə xalqımız öz fəaliyyətləri, ruhiyyyəsi ilə, özü də əli boş halda meydana daxil oldu və qalib gələ bildi. Səkkiz illik müharibədə parlaq qələbə qazandıq. Biz qalib gəldik, amma məsələ hələ də bitməyib. Söhbətin bu yerində ikinci bəhsimizi açmaq istəyirəm. Bu bəhs isə, İran İslam Cümhuriyyəti ilə dünya imperialist gücləri arasında gedən qarşıdurmaya ümumi baxışdır.
Xahiş edirəm buna diqqət yetirin! İslam Respublikası ilə imperialist cəbhə arasında problemi budur ki, əgər İslam Respublikası irəliləyib çiçəklənsə və dünyada özünü göstərsə, qərb dünyasında liberal demokratiyanın məntiqi puç olacaqdır. Mən bu barədə İsfahanın böyük meydanında böyük izdiham qarşısında söhbət etmişdim.[4] Qərblilər liberal demokratiya adı ilə üç əsrə yaxın bütün dünyanı talan etdilər. Bir yerə "burada azadlıq yoxdur" başqa yerə də burada demokratiya yoxdur deyərək- daxil oldular. Demokratiya qurmaq və bu kimi bəhanələrlə o ölkənin maddi resuslarını, xəzinələrini və sərvətlərini taladılar. Kasıb Avropa Hindistan kimi bir çox zəngin ölkələrin bədbəxt olması hesabına varlandı. Hindistanı yoxsul vəziyyətə saldılar. Nehrunun “Dünya tarixinə baxış” kitabını oxusanız, nə baş verdiyini dəqiq anlayarsınız. Beləcə, Çini və bir çox başqa ölkələri yoxsuluğa məhkum etdilər. Doğrudur, İran birbaşa müstəmləkə vəziyyətində deyildi, ancaq burada da liberal demokratiya adı altında əllərindən gələni etdilər, halbuki, azadlıq və demokratiya, azadlıq və xalq hakimiyyəti şüarları dillərindən düşmədi. Bu şüar və bəhanə ilə ölkələri ələ keçirdilər. Ölkələrin həm azadlığına, həm də xalq hakimiyyətinə qarşı əllərindən gələni etdilər.
Məsələn, onlardan biri də gözümüzün önündə olan Əfqanıstandır. 21 il əvvəl onlar, Əfqanıstanda hakim olan dövlətin xalq höküməti olmadığını və orada azadlığın olmadığını iddia edərək həmin dövləti məğlub etmək məqsədilə ora daxil oldular. Bu bəhanə ilə Amerika gəlib 20 il ərzində Əfqanıstanda ağılasığmaz cinayətlər törətdi, oğurluq edərək taladı, qətllər etdi. Bir sözlə bacardıqları hər şeyi məhv etdi, ailələri dağıtdı, mənəviyyatı məhv etdi. 20 ildən sonra isə, əleyhinə çıxdığı hökümət hakimiyyətə gəldi. Əfqanıstanı bu hökümətə təhvil verib, çıxıb getdilər. Bu, bugün siz cavanların gözü qarşısında baş verən bir hadisədir.
Üç yüz il əvvəl avropalılar, sonra amerikalılar liberal demokratiya adı ilə hərəkət etdilər. İndi dünyada liberal demokratiya məntiqini rədd edən və öz ölkəsinin xalqına həqiqi və doğru ideologiya ilə kimlik bəxş edən, onlara yenidən həyat verən, güclü edən, liberalların qarşısında duran bir hakimiyyət və hərbi güc varsa, o da İran İslam Cümhuriyyətidir. Liberal demokratiya dinin inkarı üzərində quruldu, İslam Respublikası isə din üzərində quruldu. Onlar xalq höküməti qurduqlarını iddia edirdilər, ancaq İslam Respublikası sözün əsl mənasında xalq hökümətini təşkil edən bir sistem qurdu.
Təbii ki, onların təbliğatlarında, televiziyalarında bunu inkar etdiklərini görmək olar. Ancaq, özləri də bunu qəbul edirlər və həqiqətin nədən ibarət olduğunu bilirlər. Bəzilərini daxildə görmək olur, xaricdəkilərin sözünü təkrarlayaraq burda (İranda) azadlığın, xalq hakimiyyətinin olmadığını deyirlər, halbuki bu ölkədə azadlığın olmasının dəlili budur ki, onlar bu nizama qarşı istədiklərini deyirlər və ancaq heç kimin onlarla işi yoxdur. Bu hakimiyyətin xalq höküməti olmasının səbəbi isə odur ki, İmam Xomeyninin (rh) vəfatından bu günə qədər (İranda) iş başına gələn prezidentlər və onların kabinələrinin heç biri fikri cəhətdən bir-birinə bənzəmir. Bir hökumət bir düşüncə ilə, sonrakı hökumət də başqa düşüncə ilə hakimiyyətə gəlibdir. Burdan aydın olur ki, fikir azadlığı var. İnsanlar azaddırlar və azad şəkildə seçim edirlər. Bir dəfə bunu, bir dəfə də digərini seçirlər.
Deməli, qərbin və imperialist güclərin İslam Cümhuriyyəti ilə problemi İran İslam Cümhuriyyətinin inkişaf etməsi, çiçəklənməsidir. Bütün dünya da bu inkişafı görür və etiraf edir və bu, qərb üçün dözülməzdir. O, buna dözmək istəmir. Problem sadəcə bundadır. Onlar üçün problem, İranın inkişaf etməsidir. Əgər biz irəliyə doğru addımlamasaydıq, inkişaf etməsəydik, regionda güclü mövqe nümayiş etdirməsəydik, Amerika qarşısında səsimiz titrəsəydi, habelə onların zorakılıqlarını qəbul etməyə hazır olsaydıq, bu təzyiqlər daha az olardı. Ancaq, yenə də gəlib bizə hakim olacaqdılar. Bunun qarşılığında da, embarqo və bu təzyiqləri azaldacaqdılar. İran İslam Cümhuriyyətinin qüdrətli səsi nə vaxt ucalırdısa, düşmənin hücum səyləri daha da artırdı.
Deməli, günümüzdə bizim üçün ən ümdə problem inkişaf və inkişafdan qalmaq problemidir. Daha dəqiq desək irtica problemidir. Çünki, dayanmaq geri qayıtmaq deməkdir və dayanan hər kəs əslində geri qayıdır. Halbuki, dünya tərəqqiyə, irəliyə doğru gedir və əgər sən bir yerdə dayansan, geridə qalacaqsan. Məsələ budur. Biz irəliləyirik, inkişaf arxasıncayıq və düşmən də bunun baş verməməsini istəyir. Dünyanın bütün istismarçı ölkələri, xüsusən Amerika və Avropa İran İslam Cümhuriyyətinin bu inkişafını görüb qəzəblənərək son dərəcədə narahat olur. Buna görə də, meydanlara daxil olaraq (bunun qarşısını almaq üçün) əllərindən gələni edirlər. Təbii ki, onlar heç bir qələt edə bilməzlər. İndiyə qədər bacarmayıblar, bundan sonra da bacarmayacaqlar.
(Bizə qarşı aparılan) Bu kampaniyada düşmənin ön cərgəsində Amerika dayanır. Bizim Amerikaya güvənməyimizin və bu məsələdə israr etməyimizin səbəbi budur ki, (düşmənin) ön cəbhəsində Amerika durur. (Bu işdə) Başqaları da var, amma onların hamısı Amerikanın arxasında qərar tapıb. Bütün Amerika prezidentləri inqilabın bu onilliklərində bu cəbhə xəttində İslam Respublikası ilə vuruşdular. Yaxşı, bəs onlar indi haradadırlar? Bəziləri məhv oldu, aradan getdi. Bəziləri sağ olsa da, tarixin zibilliyinə atıldı. Demokrat Karter, Klinton və Obamadan tutmuş respublikaçı Reyqan və Buşa kimi, daha sonra öncəki ağılsız[5] və hazırkı şüursuz[6], bir sözlə hamısı eyni düşüncə tərzi ilə İranı və İran xalqını “xilas etmək” istəyirdilər. Hamısı istisnasız olaraq İslam Cümhuriyyətinin qarşısında dayandılar. Bunun üçün də bütün dostlarından istifadə etdilər. Xüsusən də, sionist rejimini təhrik etdilər. İndi deyirlər ki, guya qəsbkar sionist rejimi onları təhrik edir. Bəli, mümkündür ki, bəzi hallarda belə olsun, ancaq hər halda sionist rejim onların bölgədəki zəncirli quduz itidir. Bu rejimin vəzifəsi regionda fitnə-fəsad törətmək və təzyiq göstərməkdir. Təəssüf ki, bölgədəki bəzi digər hökumətlər də onunla həmkarlıq etdi. Əlbəttə, müəyyən zərbəni vura bildilər, nəinki heç nə edə bilmədilər. Ancaq, ümumilikdə nakam qaldılar və İran İslam Cümhuriyyətini dayandıra bilmədilər. Onların heç bir planı baş tutmadı və nəzərdə tutduqları nəticəyə çatmadılar. Bəli, bəzi problemlər yaratdılar, ancaq istədiklərini əldə edə bilmədilər. Nə embarqo, nə alimlərimizə terror, nə bəzi insanlara daxildə İslam Cümhuriyyəti əleyhinə danışmaq üçün rüşvət vermək, nə də onların müxtəlif siyasi və təhlükəsizlik planları, bir sözlə bunların heç biri İran millətinin hərəkətini, irəliləyişini və müqavimətini dayandıra bilmədi.
İndi biz belə bir vəziyyətlə qarşı-qarşıyayıq. Demək istəyirəm ki, bizim hamımızın, yəni məmurların, sadə vətəndaşların, ziyalıların, fəal gənclərin və elmi təbəqənin, istər Dini-Elmi Hövzəsinin, istərsə də universitetlərin, bir sözlə hamımızın vəzifəsi bundan ibarətdir ki, bütün sahələrdə inkişafa nail olmalıyıq. Bugün inkişafa nail olmaq, bizim vəzifəmizdir. Bütün sahələrdə inkişaf etməliyik, elmi inkişafa nail olmalıyıq. Sənətdə, iqtisadiyatda və siyasi cəhətdən inkişaf etməliyik.
Bu inkişaflar hakimiyyəti gücləndirəcək və hakimiyyət sisteminə iqtidar və güc bəxş edəcəkdir.
Bu gün siz qüdrət və iqtidar əldə etsəniz, düşmən sizə çəp baxa bilməyəcəkdir. Düşmənin məqsədi hakimiyyət sütunlarını sarsıtmaqdır. Görürsünüz ki, onlar hakimiyyətin qüdrət sahibi olmasını istəmirlər. Buna görə də, biz hamımız inkişaf arxasınca olmalıyıq, çünki inkişaf bizi qüdrətli edəcək və daha da gücləndirəcəkdir. Əgər bu inkişaflar - həm elmi inkişaf, həm mənəvi-əxlaqi inkişaf, həm iqtisadi inkişaf, həm də siyasi inkişaf - indiyə qədər olduğu kimi davam etsə (şükür Allaha ki, bugünə kimi belə olub) düşmən narahat olacaqdır. Düşmən bundan çox qorxur və bunun qarşısını almaq üçün əlindən gələni edir.
Yaxşı, bəs necə inkişaf edək? İnkişaf üçün çoxlu və müxtəlif vasitə və amillər var. Bunlardan bir mühüm vasitəyə işarə etmək istəyirəm, o da ümiddir. Ümid inkişaf üçün ən mühüm amildir və düşmən hər şeydən çox bunu aradan aparmağa köklənib. Düşmən bütün gücünü xalqı ümidsizlik və dalana salmaq üçün istifadə edir. Bəzən görürsən dünya məsələlərindən xəbəri olmayan bir gəncə belə (düşmənin işi) təsir qoyaraq onu məyus edir. Məyus olanda isə iş görmür. İnkişaf üçün ümid lazımdır. Düşmən hər şeydən çox İran millətinin ümidinə köklənib. Düşmənin istifadə etdiyi bu geniş imkanlar, media, peyk vasitələri, virtual dünya, muzdlu televiziyalar, bunların hamısı insanların ümidini öldürmək üçündür. Nə yaxşı ki, ümid yaşayır (indi ona işarə edəcəm), amma istəyirlər ki, gənclərimiz, məmurlarımız ümidli olmasınlar. Bunlar hətta məsul şəxslərin ümidinə belə tamah salırlar. Çox təəssüflər olsun ki, indi daxildə, onların işlərini müəyyən miqdarda görənlər də var. Mən bunu demək məcburiyyətindəyəm. İnsan belə bir reallığın olmasını istəməz, ancaq təəssüflər olsun ki, var. Onların təsirləri də, ümidsizliyə salmaqdır. Ümidsizliyi isə, “bunun faydası yoxdur”, “nəticəyə çatmayacağıq”, “nə etmək istəyirik ki?” kimi fikirlər şəklində təlqin edirlər. Bu sözləri sizlər də eşitmisiniz. Bəzilərini filan qəzetlərdə, bəzilərini virtual məkandakı filan fəaldan! Təəssüflər olsun ki, bunlar var. Bunlar onların təsirləridir.
İndi, onların bu təlqinləri qarşısında mühüm bir reallıq var. O reallıq bundan ibarətdir ki, biz irəliyə doğru gedirik və inkişaf edirik. Əlbəttə, bizim iqtisadi problemlərimiz var və mən iqtisadi problemləri inkar etmək fikrində deyiləm. Allah qoysa, bunlar həll olunacaq. Ancaq, başqa sektorlarda, şükür Allaha, biz daim irəliləyirik, inkişaf edirik. (Düşmən) Xüsusilə, gənc nəslin bu hadisələrdən xəbərdar olmasını istəmirlər və bütün bu həqiqətləri gizlədirlər. Onların ölkədaxili planları da belədir. İnkişaflarımızın çoxu gizlədilir və ya dəyərsiz kimi göstərilir.
İndi, apardığım qeydiyyatlarımı sizinlə bölüşəcəyəm: Bu bir neçə həftə ərzində üç-dörd fasiq və ya aldadılmış insan küçələrə çıxaraq iğtişaşlar yaratdılar. Bu iğtişaşlar fonunda digər həftələrlə müqayisədə çox böyük işlər görüldü. İndi, son bir neçə həftə ərzində baş verənləri diqqətinizə çatdırıram:
Bizim mühüm təbii sərvətlərimizdən biri neft və qazdır. Neft və qaz hasilatı baxımından bizə yenilik lazımdır və bu yenilik əldə olunmaqdadır. Cəmi bir neçə həftə əvvəl bu iş üçün mühüm addımlardan biri atıldı. Bu məsələ də çox böyük bir məsələdir.
Bu dəmir yolu xətti, inqilabın əvvəlindən (inqilabdan əvvəl, bu barədə lahiyə irəli sürülməmişdi) bizim əsas məqsədlərimizdən idi. Yəni, biz istəyirdik Bəlucistanı əhatə edərək ordan keçən və ölkənin şimalını Fars körfəzi ilə Əmman dənizinə birləşdirən şimal-cənub xətti tikək. Cəmi bir neçə gün əvvəl bu dəmir yolunun mühüm hissəsinin açılışı oldu. Bu barədə böyük iş görülüb. Bu irəliləyişdir.
Başqa bir ölkədəkstraterritorial neft emalı zavodu açdıq. Cəmi bir neçə həftə ərzində altı elektrik stansiyası istismara verilib. Onların yerləşdiyi şəhərlərin adlarını mənə bildirdilər, indi həmin şəhərlərin adlarını bir-bir çəkmək istəmirəm. Bu yaxınlarda dünyanın ən böyük teleskoplarından biri nümayiş etdirildi. Yəni, bu günlərdə dünyanın ən böyük teleskoplarından birinin hazırlanması başa çataraq istifadəyə verildi. Bir peyk daşıyıcısı təqdim olundu, yeni raket nümayiş olundu və s. Bütün bunlar iğtişaşlar ərəfəsində son bir neçə həftədə əldə etdiyimiz nailiyyətlərdir. Əgər bunları bir-bir saymaq istəsək, həddən artıq çox olar. Ancaq, gənc nəslin bunları bilməsini istəmirlər. Bəzən də, bu nailiyyətlər adi bir şey kimi təqdim edilir və ya ümumiyyətlə inkar edilir. Bəli, biz müdafiə sahəsində çox inkişaf etmişik. Ancaq, onlar bunu inkar edirlər. Şəkilləri göstərib dedilər ki, bu, fotoşopdur, reallığı əks etdirmir. Ancaq, sonradan etiraf etməyə məcbur oldular.
İndi qeyd etdiyim bu işlər həm işin özü baxımından, həm də cəmiyyətin inkişafının göstəricisi olması baxımından olduqca əhəmiyyətlidir. Deməli, cəmiyyətimiz durğunluq halında deyil, hərəkət edir, irəliləyir. Cəmiyyətin inkişaf etməsi, hərəkət etməsi çox vacibdir. İran gəncliyi düşmənin şər-böhtan yağdırdığı günlərində belə ruhiyyəli və canlıdır. Əgər İranı sevirsənsə, bil ki, İrana olan sevginin göstəricilərindən biri ümid yaratmaqdır. Ümidsizlik təlqin etsəniz, İranı sevdiyinizi deyə bilməzsiniz. İran əleyhinə mövqeyə malik olmağın əsas göstəricisi ümidsizlik yaratmaq, ümidi öldürmək və çıxış yolunun olmadığını təlqin etməkdir. Bunlar, İran əleyhinə olmadığın göstəriciləridir. İranı sevənlər bunun tam əksi istiqamətində hərəkət edirlər. İrana düşmən olanların milli mənafeyi müdafiə etmək adı ilə cild dəyişməsinə, öz həqiqi simalarını gizlətmələrinə imkan verməyin! Çalışın qeyd etdiyimiz göstəriciləri əlinizdə meyar qərar verin! Sən yazıçı, sən şair, sən alim, sən ruhani İranı sevirsənsə, İran İslam Cümhuriyyətini sevirsənsə, ümid yaratmalısan. Bunun əksinə olarsa, iddian qəbul edilə bilməz.
Ona görə də əsas məsələ, inkişaf məsələsidir. Xülasə şəkildə desək, imperialist güclərlə əsas problemimiz odur ki, biz inkişaf edirik və inkişaf etməyə iradəmiz var amma onlar, bizim tərəqqimizi, inkişafımızı özünə zərərli hesab edirlər. Bu, bizim onlarla əsas problemimizdir. Amerika və istismarçı hökumətlərin nəzərində İran İslam Cümhuriyyəti inkişaf etməməlidir. Biz isə belə deyirik: "İran İslam Cümhuriyyəti, İslam maarifinin ucalaraq bütün dünyaya yayılması üçün inkişaf etməlidir.
İğtişaşlarla bağlı dediyim üçüncü mətləbə gəlincə, bu barədə bir neçə cümlə bəyan etmək istəyirəm. Bir qrup küçəyə çıxan adi insanlar deyil, məhz pərdə arxasından hadisələri idarə edən şəxslər bütün xalqın küçələrə axışmasını istəyirdilər. Eləki, gördülər bu işi bacarmadılar, istədilər fitnəkarlıq edərək ölkə məmurlarını yorub əldən salsınlar. Onlar səhv edirlər. Onların törətdikləri fitnələr insanların yorulmasına və onlardan uzaqlaşmasına və onlara daha çox nifrət etməsinə səbəb olur. İndi artıq xalq onlara, fitnə sahiblərinə nifrət etdiyi üçün bu işlərin davam etməsi xalqın onlara olan nifrətinin daha çox artmasına səbəb olacaqdır.
Birincisi, belə hadisələr insanlar üçün problemlər yaradır, Yəni, insanlar küçələrdə dükanları bağlamaq, maşını saxlamaq və buna bənzər işləri görmək məcburiyyətində qalır. Bütün bunlar da problem yaradır. Bundan əlavə, cinayətə də əl atırlar, dağıdırlar və buna bənzər işlər görürlər. Ancaq, bilin ki, küçələrə çıxanlar və ya səhnə arxasında olanlar həddən artıq aciz və cılız olduqları üçün hökümət sisteminə zərər verə bilməzlər. Şübhəsiz ki, bu iğtişaşlar sona çatacaq. O zaman İran xalqı daha çox güc və daha yeni bir ruhiyyə ilə öz inkişafını davam etdirəcəkdir. Hər bir işin təbiəti belədir. Bu, imanlı bir xalqın xüsusiyyətidir. Bəli, mümkündür ki, bir hadisə onu təhdid etsin, ancaq o, bu təhdidi özü üçün bir fürsətə çevirir. Belə bir xalq, təhdidləri özü üçün fürsətə çevirir. İndiyə qədər həmişə belə olub. İslamın əvvəlindən bəri belədir.
Qardaşımızın oxuduğu bu ayə (dediklərim üçün bir dəlildir):
وَ لَمّا رَأَءَا المُؤمِنونَ الاَحزابَ قالوا هذا ما وَعَدَنَا اللَهُ وَرَسولُهُ وَ صَدَقَ اللَهُ وَرَسولُه
Möminlər (düşmən) dəstələrini gördükləri zaman: “Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri doğru söyləmişdir!” - dedilər. Bu (düşmən dəstələrinin gəlməsi), onların yalnız imanını və itaətini artırdı.[7]
Əhzab müharibəsi balaca bir müharibə deyildi. Qüreyşdən, Taifdən, Məkkədən və hər yerdən olan bütün ərəb qəbilələri birləşərək bir neçə min nəfər əhalisi olan Mədinə şəhəri ilə döyüşməyə gəlmişdilər. Ordu gəlirdi və bu, ürəkləri titrətməli idi. Ancaq, möminlər düşmən ordusunu gördükdə belə dedilər:
“Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir...
Dedilər ki, bu yeni bir şey deyil, Allah, düşmənlərin gələcəyini demişdi. Demişdi ki, sizin düşməniniz var və onlar gələcəklər:
...Allah və Peyğəmbəri doğru söyləmişdir!” - dedilər...
Onlar bu təhdidi fürsətə çevirdilər:
...Bu (düşmən dəstələrinin gəlməsi) onların yalnız imanını və itaətini artırdı.
Və beləcə imanları artdı. Yəni, bu fürsət onların imanlarını artırdı. İslamın əvvəllərində və bütün zamanlarda da belə olmuşdur.
Müqəddəs müdafiə illərində də belə idi. Müqəddəs müdafiə, qruplaşmaların (yəni müxtəlif ölkələrin İran əleyhinə) döyüşü idi. Hər tərəfdən hücum etdilər. Ancaq, İran xalqı bu təhdidi fürsətə çevirdi. Bəs, bu fürsət nə idi? Həmin fürsət, bütün dünyaya İran xalqının məğlub olmayacağını göstərmək idi. Həmin müharibədə hamı gəldi. Amerika, Avropa, NATO, Varşava (kommunistlərə məxsus olan Varşava Müqaviləsi) Səddamı dəstəklədi. Bir sözlə hamı Səddamı dəstəklədi. Ancaq, İran məğlub olmadı. İran xalqı məğlub olmadı. Bu bizim üçün bir tarix oldu. Bu, fürsətdir. Dünya gücləri öz təbirləri ilə desək, hər şeyin, hər bir variantın (bu variantdan biri də hərbi variantdır) masa üzərində olduğu fikrinə düşəndə, həmin səkkiz illik müharibəni xatırlayırlar. Onlar yaxşı bilirlər ki, İran xalqı məğlub olmayacaq. Dəfələrlə İran milləti öz müxaliflərinə, Amerikaya, başqalarına deyib ki, gəlmək (hücum etmək) sizin öz əlinizdədir, ancaq gəlsəniz artıq getmək sizin öz əlinizdə olmayacaq. Mümkündür ki, irəli gələsiniz, ancaq gəldiyiniz yerdə ilişib qalacaqsınız və biz sizin atanızı yandıracağıq. İran xalqı bu müharibədən istifadə etdi. İsfahan camaatı bu 25 Abandan istifadə etdi. Onlar bu gündən istifadə edərək motivasiyalarını artırdılar. Dediyim kimi, isfahanlı igid gənclərin cəbhəyə doğru axın etdilər.
Son iğtişaşlarda da belədir. Bu iğtişaşlarda da İran xalqı təhdidi fürsətə çevirdi. Təhdid deyirəm ona görə ki, onlar bu iğtişaşları İran xalqı üçün təhdid hesab edirlər. Bəs xalq ne etdi? Öz həqiqətini və öz mövqeyini ortaya qoydu. Nə zaman? 13 Abanda. Bu il Aban ayının 13-ü bütün əvvəlki illərdən fərqli idi.
Bir qrup insan Amerikanın istəyi ilə küçələrə çıxdı. Ancaq, böyük İran xalqı abanın 13-də meydanlara çıxaraq Amerika əleyhinə şüarlar səsləndirdi. 13 Aban bunun bir nümunəsidir. Digər bir nümunəsi isə şəhidlərin dəfn mərasimidir. Bu günlərdə əziz bir gənc və aralarında təhlükəsizlik qüvvələri, bəsicilər, polislər, sadə vətəndaşlardan olan şəxslər şəhid oldular. Məsələn, şəhid Ruhullah Əcəmian baxmayaraq ki, heç də tanınmış bir insan deyildi, ancaq onun dəfn mərasiminə böyük bir izdiham qatıldı. Bu, xalqın reaksiyasıdır. Onlar bu təhdidi fürsətə çevirirlər. İnsanlar özlərini, mövqelərini göstərdilər. Deyirlər: Biz buyuq. Siz, bizim gəncimizi şəhid edirsiniz, biz də hamılıqla bu gəncin arxasındayıq.
Düşmənin təlqin etmək istədiyinin tam əksi olaraq İran milləti meydanlara axışdı, İran milləti filankəsin əleyhinə ola bilər, İran milləti bunu etdi, onu etdi deyilə bilər. Ancaq, həqiqətdə millət əsl mövqeyini nümayiş etdirdi. O, bu təhdiddən istifadə edib onu fürsətə çevirdi.
Xalqın yaratdığı başqa bir fürsət isə, bu iğtişaşları təşkil edənlərin həqiqi simasını ortaya qoyması idi. Onlar özlərini İran millətinin tərəfdarı kimi göstərsələr də, İran millətinin bütün istəklərinə, inanclarına, müqəddəslərinə düşmən münasibət bəsləyirdilər. İslamla düşmənçilik etdilər, məscidləri yandırdılar, quranları yandırdılar, İranla düşmənçilik etdilər, İran bayrağını yandırdılar, İran himninə hörmətsizlik etdilər. Beləcə onların həqiqi siması ortaya çıxdı. İddia edirlər ki, İran millətini dəstəkləyirlər, yaxşı, İran milləti müsəlman millətdir, Quran əhlidir, İmam Hüseyn aşiqidir. Halbuki, sən İmam Hüseyni təhqir edirsən, nalayiq sözlər işlədirsən, həyasızlıq edirsən. Sən İran millətinin tərəfdarısan? Halbuki, ərbəini təhqir edirsən, milyonların qatıldığı ərbəin yürüşünü təhqir edirsən. Sən İran millətinin tərəfdarısan? Bu iğtişaşları idarə edənlərin həqiqi siması üzə çıxdı. Ona görə də bu iğtişaşlar haqqında deyilə biləcək şeylərdən biri də budur ki, İran milləti bu təhdidlərdən özünə çoxlu fürsətlər yaratdı.
Başqa bir məsələ isə, iğtişaşları idarə edənlərlə necə rəftar edilməsi məsələsidir. İğtişaşçılardan bir qrupu, idarəçilər, başqa bir qrupu aldanmışlar, digər qrup pul almış muzdurlar, bəziləri isə cinayətkarlardır. Bunların hamısı eyni deyildir. Aldadılmış və cinayət törətməyən şəxsə xəbərdarlıq edilməli, onlara təbliğ edilməli və doğru istiqamətə yönəldilməlidir. İstər tələbə olsun, istər olmasın, istər küçədə olsun, istərsə də universitetdə! Bu kimi insanlardan soruşulmalıdır ki, sənin atdığın bu addımlar İranın inkişafına kömək edir, yoxsa İranın inkişafına maneə olur? Düşünməlidir. Bunlar aldadılmışlardır. Onu düşünməyə sövq etdirməlisən. Bilmədən düşmənlə həmkarlıq edən adamı ayıltmaq və ona belə demək lazımdır: “Düşmən oradadır. Ehtiyatlı ol ki, düşmənlə həmkarlıq etməyəsən. İmamın təbirincə desək: “Amerikaya qarşı nə qədər bacarırsansa səsini ucalt.”[8] Bunlar aldanmış gənclərə aiddir.
Amma cinayət, qətl, vandalizm törədənlər və ya mağaza sahiblərini təhdid edib “ mağazanı bağlamalısan, əks halda mağazanı yandıracağıq” deyənlər, avtomobilləri yolda saxlayıb onlara “maşınlarınızı saxlayın və siqnal verin, əks halda avtomobilinizi belə edəcəyik”-deyə təhdid edənlər, bir sözlə təhdid edənlərin hamısı cəzalandırılmalıdır. Onlar etdikləri günah həddinə cəzalandırılmalıdırlar. Qətli törədən bir cür, təxribat törədənlər, şəxsi mala zərər vuranlar bir cür və bu kimi şəxsləri təbliğat apararaq bu işlərə vadar edən şəxslər də başqa cür. Onların hər biri öz cəzasını almalıdır. Təbii ki, burada onu qeyd etməliyəm ki, cəza vermək məhkəmə orqanlarına aidir. Heç kimin kimisə özbaşına cəzalandırmaq hüququ yoxdur. Xeyr! Məhkəmə sistemi var və şükür Allaha ki, qüdrətlə və lazımi ruhiyyyə ilə fəaliyyət göstərir. Bu kimi şəxslər cəzalandırılmalıdır. Deməli, bizim həm nəsihətimiz, həm də cəzamız var. Peyğəmbər (s) kimi, Allah Rəsulunun (s) yolu kimi, Əmirəl-möminin (ə) Peyğəmbər haqqında belə buyurur:
“O, bir təbib idi və mərhəmini həm yaraya sürtmək üçün hazırlamışdı, həm də yaraya dağ vurmaq üçün!”[9]
Qədimdə sağalmayan yaraları dağlayırdılar. Yəni, dəmiri ocağın içində qızdırıb yaranın üstünə qoyurlar ki, sağalsın. Əmirəl-möminin (ə) buyurur ki, peyğəmbər (s) həm məlhəm hazırladı və həm də yaranı dağladı. Hər ikisini də hazır etmişdi. Sədi Şirazi deyir:
Kobudluq və yumşaqlıq əl-ələ verib
Biri cərrah üçün damara vurmaq
Digəri yaraya məlhəmi qoymaq[10]
Həkim həm əməliyyat edir, həm də yaraya məlhəm qoyur. Hər ikisi edilməlidir.
Başqa bir məsələ də bundan ibarətdir ki, bu vaxta qədər, Allaha şükür, düşmən məğlub olmuşdur. Düşmənin niyyəti xalqı meydana çıxarmaq idi, ancaq xalq düşmənin yanında olmadığını göstərdi. Təbii ki, düşmən mediada bir ordu qurub. Yalançı ordu! Yalançı kütlə formalaşdırılmaq! Baxırsan ki, düşmən müxtəlif informasiya vasitələrində elə təbliğ edir ki, qafil və xəbərsiz bir insan həqiqətən ortada ciddi bir xəbər olduğunu düşünür. Halbuki, məsələ belə deyil. Kütləvi xarakterə malik olan, əzəmətli olan şey inqilab meydanlarında hazır olan və inqilaba xidmət edən xalqdır. Əzəmətli olan budur. Amma qarşı tərəf belə deyil! İnsanları küçələrə tökmək istədilər, ancaq xalq onların ağzından vurdu. Əlbətdə, bir məsələni qeyd etmək istəyirəm. Düşmənin hər gün üçün bir hiyləsi var. Doğrudur, burda məğlub oldu. Buna görə də, dayanmayacaq və başqa yerlərə gedəcəkdir. Gedəcək sadə xalqın üzərinə! Fəhlələrin, qadınların üzərinə gedəcək. Təbii ki, bizim şərəfli xanımlarımızın, şərəfli zəhmətkeşlərimiz şəni düşmənə təslim olmaqdan, düşmənə aldanmaqdan qat-qat ucadır. Bu, aydın bir məsələdir.
Buna görə də, düşmən məqsədina nail ola bilmədi. Ancaq cəmiyyətin reallığı ondan ibarətdir ki, bizim problemlərimiz var. Bu gün bizim ən mühüm problemimiz iqtisadi problemdir. Baxın, illərdir ki, mən hər ilin şüarını iqtisadi bir məsələni qərar verirəm və səlahiyyətli şəxslərə bu məsələni həll etməyi və onunla maraqlanmağı tapşırıram. 2012-ci ildən başlayaraq 10 il ərzində olan bir müddət iqtisadi baxımdan bizim üçün yaxşı onillik deyildi. Bizim üçün müxtəlif problemlər ortaya çıxdı. Əgər bu (etdiyim) nəsihətləri və indiki (prezidentin) etmək istədiyi şeyləri o gün etsəydilər, bu gün vəziyyətimiz daha yaxşı olardı. Nəticədə, sanksiyalar öz təsirini qoyur. Bəzi tədbirlər təsir qoyur. Bütün bunlar öz təsirini qoyur. Məsulların həqiqətən də çalışdıqlarını və işlərini görürəm. Bir çox hallarda onların işi öz təsirini qoyur. Belə iqtisadi vəziyyətdə də öz təsirini qoyur. Ancaq, hər halda iqtisadi problem var. Bu gün təbii ki, dünyanın müxtəlif ölkələrində iqtisadi problemlər var, bizdə də həmçinin! Bu problemi inşallah həll etməyə çalışmalıyıq. Bu, xalqın məsul şəxslərlə, hökumətlə iş birliyi, eyni ruhiyyəyə sahib olması, həmdərd olması ilə həyata keçəcəkdir. İqtisadiyyat sahəsində də İran xalqı Allahın lütfü ilə düşmənin ağzına öz yumruğunu endirəcəkdir.
Ümidvaram ki, Uca Allah öz rəhmət və bərəkətini siz əziz insanlara nazil edər. Ümidvaram ki, inşallah isfahanlılar daha xoşbəxt, daha gümrah olacaq və inqilabın ön sıralarında daha yaxşı qərar tapacaqlar. Ümidvaram ki, İmamın pak ruhu bizdən və sizdən razı qalacaqdır. İnşallah, biz də bu əziz xalqın qarşısında öz vəzifəmizi layiqincə yerinə yetirə bilərik.
Vəssalamu aleykum və rəhmətullah
[1] Şəmsi tarixinin 1361-ci ilinin Aban ayının 25-də (miladi təqviminin 1982 noyabr ayının 16-da) Məhərrəm əməliyyatında şəhid olmuş 370 isfahanlı şəhid böyük bir izdihamla İsfahan şəhərində torpağa tapşırıldı.
[3] Ali Dini Lider 1988-ci ildə Yuqoslaviyaya səfərini nəzərdə tutur.
[4] İsfahan xalqı ilə görüşündə. 2001.10.30
[5] Donald Tramp
[6] Co Bayden
[7] Əhzab sürəsi 22-ci ayə
[8] Səhifeye İmam, cild 11, səh. 121. Bir qrup pasdaran qarşısında çıxışında, 1979.06.30
[9] Nəhcül Bəlağə, 108-ci xütbə
[10] Sədi Şirazi, Gülüstan, 8-ci hissə