Bağışlayan və Mehriban Allahın adı ilə

Xoş gəldiniz, bizim əziz gənc və yeniyetmələrimiz! Hüseyniyyəyə səfa gətirdiniz. Siz harada olsanız, sizin pak qəlbiniz və şövqdən aşıb daşan ruhunuz o yeri nurlandıraraq səfa bəxş edir. Bu gün siz əziz övladlarımla bölüşmək üçün arasında əlaqə və bağlılığı olan mövzular hazırlamışam. İlk mövzu 13 Aban (4 Noyabr) barəsindədir. Təbii ki, bu barədə çox eşitmisiniz. 4 Noyabr tarixi bir gündür. Həm tarixi, həm də ibrətamiz bir gundur. Tarixi olmasının səbəbi budur ki, bu gündə tarixdə qalması gərəkli olan, yaddaşlardan silinməyən və silinməməsi zəruri olan bir sıra hadisələr baş vermişdir. İbrətamiz olmağının səbəbi isə bu hadisələr fonunda xalqda yaranan bir sıra reaksiyaların bizim üçün dərs olmasıdır. Ölkəniz, özünüz və millətinizin gələcəyi üçün bu təcrübələrdən istifadə edin. Çünki gələcək sizindir.

Bəli, bu gün bizim üçün mühümdür, lakin amerikalılar bu günə görə çox qəzəblənirlər. Bunun anılması amerikalıların əsəblərini gərginləşdirir. Əmin olun, Amerika meyillilər və onların özləri də sizin bu toplantı, oxunan marş və vəhdətiniz (sosial şəbəkələrdə) işıqlandırılanda qəzəblənir və əsəbləri tarıma çəkilir. Niyə? Çünki bu gün Amerikanın pisliklərinin, həmçinin ona zərbə dəyməsinin və məğlub ola biləcəyinin təzahür etdiyi gündür. Yəni Amerikanın toxunulmaz bir güc olduğunu təsəvvür edənlər bu günün hadisələrinə nəzər salanda bu ölkənin tamamilə zərbə məruz qalan olması aşkara çıxır. Bu, bizim üçün bir təcrübədir.

Bu gün üç hadisə baş verib. Bunlardan bəzisi birbaşa, bəzisi isə dolayısı ilə amerikalılarla əlaqəlidir. Hadisələrdən biri də 4 noyabr 1964-cü ildə İmamın (Xomeyni r.ə) sürgün edilməsidir. İmam niyə sürgün edildi? Çünki şahın (Məhəmməd Rzanın) fərmanı ilə parlamentdə bir qanun qəbul olundu və ona əsasən İranda olan amerikalılar toxunulmazlıq hüququ əldə etdilər. O zaman İranda hərbi, təhlükəsizlik və iqtisadi qurumlarda təqribən 40-50 min amerikalı var idi. Onların İranda hər hansı bir cinayət törətməsinə baxmayaraq, bu qanuna əsasən cinayət məsuliyyətinə cəlb oluna bilməzdilər.

Bu o deməkdir ki, məsələn, bir amerikalı maşınla kimisə bilərəkdən  vursa və ya hər hansı bir cinayət törətsə, ölkənin məhkəmə sisteminin onu mühakimə etməyə haqqı yox idi. Bu, amerikalıların toxunulmazlığı aktı idi. İmam buna dözmədi. İmam hələ də öz səsi və nitqinin mətni mövcud olan bir müfəssəl çıxış etdi. Sonradan bu çıxışa görə on üç il sürgün edildi. On üç il deməyimizin səbəbi bu müddətin sonunda inqilabın baş verməsidir. Əgər inqilab baş verməsəydi, Amerikanın mənfəətini təmin edən bu qanuna əsasən sürgün otuz il də davam edə bilərdi. Demək olar ki, bu birbaşa amerikalılarla əlaqəli bir hadisədir.

İkinci hadisə isə sizin yaşda olan şagirdlərin Tehran universitetinin qarşısında qətliam olaraq öldürülməsidir. İndi onların dəqiq sayını demək mümkün deyil, çünki o vaxt belə statistika yox idi. Amma bizim bir qrup əziz övladlarımız (hətta bunlardan birinin belə ölməsi bizim üçün çox sayılır) bu Tehran universitetinin qarşısında şəhid oldular. 1979-cu ildəki şagirdlərə aid olan bu hadisə də 4 noyabrda baş vermişdi.

Üçüncü hadisə isə həmin hadisədən bir il sonra (inqilabın qələbəsindən sonra) tələbələrin Amerika səfirliyinə hücumu və orada Amerakanın İran millətinə qarşı planlarını göstərən sənədlərin tapılmasıdır. Bu sənədlər 70-80 cilddən ibarətdir. Sizin bu kitabları oxumağa vaxtınız yoxdur, (amma) bir dəfə təhsil nazirliyinə dedim ki, bu kitabların məzmununu dərsliklərə daxil edin, təəssüf ki, etmədilər. Bu (sənədlər) amerikalıların İranda olduqları müddətdə, yəni məsələn, 1949-50-ci illərdə nə işlər və xəyanətlər etdiklərini, hansı cinayətləri törətdiklərini göstərir.

Əlbəttə, burada bir məqam da budur ki, Amerikalılar öz bəyanat, təbliğat, müsahibə və prezidentlik dövründə Nyu-Yorka səfərim zamanı məndən aldıqları müsahibədə bu hadisəni, yəni Amerika səfirliyinə hücum məsələsini İran xalqı ilə Amerika arasında qarşıdurmanın başlanğıcı kimi təqdim edirlər. (Amerika səfirliyinə “Casus yuvası” deyirlər və bu deyilənlər həqiqətən də doğrudur). Deyirlər ki, amerikalıların İran millətinə qarşı çıxmasının səbəbi sizin səfirlikdə törətdiyiniz əmələ görədir. Yəni bizim səfirliyə hücum etdiniz və beləliklə, aramızda ixtilaf və düşmənçilik yarandı. Məsələ onların dediyi kimi deyil, yalan deyirlər. İran xalqı ilə Amerika arasındakı qarşıdurma 19 avqust 1953-cü ildən başlanır. Avqustun 19-da (Baş Nazir) Müsəddiq Milli Hökumət olaraq iş başında idi. Qərbin (Milli Hökumət ilə) problemi yalnız neft məsələsi idi. Müsəddiq nə Höccətül-İslam olub, nə də islamçılıq iddiası edib. İngilislər nefti ələ keçirmişdilər. Müsəddiq isə dedi ki, neft gərək bizim əlimizdə olsun. Onun cinayəti yalnız bu idi. (Musəddiqin bu istəyinin həyata keçməməsi üçün) Amerikalılar çox mürəkkəb bir çevriliş etdilər. Zehnimdə o hadisədən qaranlıq nöqtələr var. O zaman mənim on dörd yaşım var idi.

İndi bu barədə (müəyyən qədər) izah verəcəyəm. Bizim 14-15 yaşımızdakı yeniyetmə dövranı ilə indiki 14-15 yaşlı yeniyetmələr arasında yerdən göyə qədər fərq var. Bu gün siz məsələləri dəqiq başa düşür və təhlil edirsiniz, ancaq o zaman biz belə deyildik. Amma biz tarixi dəqiq oxumuşuq və onun təfərrüatını da bilirik. Amerikalılar oturub Müsəddiqə qarşı plan cızdılar. (Müsəddiq) Amerika hökumətinin ingilislərə qarşı ona dəstək verəcəyini güman edirdi. Onun amerikalılara baxışının nikbin olması, onlara etimad etməsi və (qəlbən) bağlanmasına baxmayaraq, amerikalılar ona arxadan xəncər vurdular. Onlar, ingilislərlə razılaşaraq Kim Ruzvelt adlı öz agentlərini dollarla dolu bir çamadanla İrana göndərdilər. O, hətta Amerika səfirliyinə belə getmədi. İngiltərə səfirliyinə gedərək bir neçə satqın hərbiçi və bəzi ingilislərə bağlı olan ünsürlərlə razılaşaraq, lotu və avara kütləsi və hərbiçiləri yığaraq o biabırçı çevirilişi həyata keçirtdilər. Müsəddiq və ətrafındakıların hamısını həbs etdilər. Bəziləri sonradan edam edildi, bəziləri isə uzun illər həbsə məhkum oldu.

İran xalqı ilə Amerika arasındakı ixtilaf məhz avqustun 28-dən başlayıb. Niyə siz (Amerikalılar) çevriliş edərək xalqın seçimi ilə hakimiyyətə gəlmiş milli hökuməti devirdiniz, (İran millətinin) ingilislərin inhisarından çıxardıqları nefti İngiltərə, Amerika və bir neçə başqa hökumətdən ibarət olan konsersiuma verdiniz? Bu, "Yağışdan çıxıb yağmura düşdük" misalına bənzəyir. Amerikalılarla bizim aramızda münaqişənin başlanğıcı o gündəndir. Beləliklə, Amerika, hətta onlara müsbət baxışı və qərbpərəst olan Müsəddiq kimi birisinə belə rəhm etmədi. Çünki öz mənafeyini güdürdü, o günlər onların mənafeyi neft idi.

Əlbəttə, bu (düşmənçiliyin) başlanğıcı idi. Bu gün isə Amerika siyasətçiləri tam riyakarlıq və həyasızcasına “Biz İran millətini dəstəkləyirik”,-deyirlər. Xəbərlərdə, virtual aləmdə və başqa yerlərdə bunların "Biz İran millətini dəstəkləyirik" sözünü eşidirsiniz. Bu son dərəcə həyasızcasına olan bir iddiadır. Amerikalılara sualım budur ki, siz inqilabdan sonrakı 40 il ərzində İran xalqına qarşı əlinizdən gələn hansı pislikləri etmədiniz? O işlərdən yalnız bacarmadıqlarını və onlara sərf etməyənləri həyata keçirə bilmədilər. Əgər bacarsaydılar, edərdilər. Əgər onlar üçün sərfəli olsaydı və iranlı gənclərdən qorxmasaydılar, İraqdakı kimi birbaşa müharibəyə başlayardılar. Amma qorxurdular.

Onlar, əllərindən gələni etdilər. İnqilabın əvvəlində separatçı qrupları, Həmədandakı “Şəhid Nuje bazası”nda hazırlanmış çevrilişi, ölkənin küçə və bazarlarında neçə min insanı şəhid edən münafiqlərin kor-koranə terror əməlini himayə edib, sonra da səkkiz illik müharibədə vəhşi Səddama hər cür dəstək, silah, məlumat verdilər, kömək etdilər, ərəbləri (ərəb ölkələrini) pul yardımı etməyə məcbur etdilər. Hətta səkkiz illik müharibənin başlanmasında amerikalıların təhrikedici rolunun olması və Səddamı müharibəyə başlamağa məcbur etməsi barədə məlumatlar mövcuddur. Əlbəttə, mən indi buna (bu məlumatın mövcudluğuna) çox da əmin deyiləm, mümkündür ki, mötəbər məlumat olsun. Fars körfəzi səmasında bizim sərnişin təyyarəmizi vurdular, bu sərnişin təyyarəsinin içində olan üç yüzə yaxın insanı öldürdülər, sonra da (bu işdən) peşmanlıqlarını bildirmədilər. Bu azmış kimi, həmin təyyarəni vuran cinayətkar generala mükafat və döş nişanı verdilər. Siz İran xalqına qarşı bunları etdiniz.

Amerika inqilabın əvvəlindən İran millətinə qarşı sanksiya tətbiq etdi. Son zamanlar isə öz dediklərinə əsasən, tarix boyu heç bir xalqa tətbiq olunmayan, misli görünməmiş ən sərt sanksiyaları İrana qarşı tətbiq etdilər. 2009-cu ilin fitnəsində açıq şəkildə fitnəkarları dəstəklədilər. Bundan əvvəl Obama mənə məktub yazaraq onlarla həmkarlıq etməyimizi istəyir və bizimlə dost olduqlarını iddia edirdi. Öz sözümüzlə desək, and-aman edirdi ki, İranda çevriliş etmək məqsədimiz yoxdur. Amma 2009-cu ilin fitnəsi yaranan kimi (fitnəkarlara) dəstək verməyə başladılar. Bununla da bu fitnənin bir nəticəyə çatacağına, İran millətinin diz çökməyinə və İran İslam Respublikasının aradan getməsinə ümid edirdilər. Siz İran xalqı ilə belə davrandınız.

Siz amerikalılar bizim şücaətli generalımız Şəhid Qasim Süleymanini öldürərək bunu özünüzə fəxr sayıb, onun öldürülməsi üçün əmr verdiyinizi açıq şəkildə elan etdiniz. Şəhid Süleymani təkcə milli qəhrəman deyil, butun region üzrə qəhrəman idi. Şəhid Süleymaninin regionun bir neçə ölkəsinin problemlərinin həllində nə qədər böyük və misilsiz rol oynadığını söyləmək üçün indi vaxt yoxdur. Siz bu böyük insanı və onun həmkarları olan Şəhid Əbu Məhdi Mühəndis və başqalarını şəhid etdiniz, nüvə alimlərimizin qatillərini dəstəklədiniz. Sionistlərin muzdurları alimlərimizi bir-bir şəhid etdilər və siz onlara dəstək oldunuz. Onları məhkum etmək əvəzinə, əksinə, dəstək oldunuz.

Bu millətin milyardlarla dollar miqdarında malını müxtəlif ölkələrdə dondurdunuz, hansı ki, bu pullar indiki hökumət (Rəisi höküməti) kimi xidmətcil hökumətin əlində olsaydı, çox yaxşı işlər görə bilərdi. [Amma] inqilabın əvvəlindən Amerikanın özündə dondurulmuş məbləğ istisna olmaqla, digər pulları indiyədək dondurublar.. Anti-İran hadisələrin əksəriyyətində Amerikanın əli olduğu görsənir. Sonra isə İran millətinə ürək yandırdıqlarını iddia edirlər. Dünən yenə eyni sözü - İran millətinə ürək yandırdıqlarını dedilər. Tam həyasızcasına yalan deyirlər. Bəli, onların çox düşmənçilik etmələrinə baxmayaraq, İran xalqı onların acığına bu düşmənçiliklərin çoxunu zərərsizləşdirdi. Bu hadisələrin bəziləri hələ də aramızda mövcuddur və biz (onları) unutmamışıq. Bunu bilsinlər ki, (Qasim) Süleymaninin şəhid olmağını heç vaxt unutmayacağıq! Biz (mən) bu haqda bir söz demişik (Qasim Süleymaninin qisasını alacağıq) və bu sözün üstündə duracağıq. İnşallah öz vaxtı və yerində bu baş verəcək.

Əlbəttə, bugünkü Amerika dünənki ilə eynidir. Bugünkü Amerika avqustun 19-dakı (1953-cü il), Səddama kömək edən və ötən illərin Amerikası ilə eynidir, bir iki mühüm fərqi çıxmaq şərtilə. Bizim diqqət yetirilməsi gərəkli olduğumuz bir-iki fərq var: Onlardan biri budur ki, düşmənçiliyin üslubları daha da mürəkkəbləşib. Buna diqqət etməliyik. Düşmənçilik eyni düşmənçilikdir, amma üslubu başqadır və mürəkkəbdir. Düyünləri açmaq asan deyil. Diqqət edib ayıq olmaq lazımdır. Əlbəttə, biz öz uşaqlarımıza, gənclərimizə və məsul şəxslərimizə güvənirik. Bilirik ki, onlar, [düyünləri] aça bilərlər, amma hər halda bu (düyünlər) dolaşıqdır. Bu, bir fərqdir.

İkincisi, o gün (19 avqust 1953-cü il) hətta inqilabın başlanğıcına qədər Amerika dünyaya hakim qüdrət idi, [amma] bu gün belə deyil. Bu, mühüm fərqdir.  Dünyanın bir çox siyasi analitiklərinin nəzərincə, Amerika tənəzzülə doğru gedir və yavaş-yavaş əriməkdədir. Bunu təkcə biz demirik, təbii ki, bizim də fikrimiz belədir. Amma bunu dünyanın siyasi analitikləri də deyirlər. Onun əlamətləri də göz önündədir. Amerikanın daxili problemləri misli görülməmişdir. Onların iqtisadi, sosial, həm də daxildəki əxlaqi problemləri, ixtilafları, qanlı ayrıseçkilikləri və dünya məsələlərində hesablama səhvləri (göz önündədir).

Məsələn, iyirmi il əvvəl onlar Əfqanıstana hücum etdilər və o vaxt Taliban hakimiyyətdə idi. Talibanın kökünü kəsmək üçün hücum etdilər, pul xərclədilər, cinayət törətdilər, nə qədər insan öldürdülər və sair. Amerika 20 il Əfqanıstanda qaldıqdan sonra oranı Talibana təhvil verib çıxdılar. Bu nə məna kəsb edir? Bu, onların siyasi hesablamalarında xətanın olmasından xəbər verir. Artıq Amerikanın siyasi hesablama sisteminin mütəşəkkil, nizamlı və dəqiq bir sistem olmadığı məlum olur. Məsələləri səhv başa düşürlər və buna əsaslanaraq səhv addım atırlar. Əfqanıstandan sonra İraqa hücum etdilər və uğursuzluqla üzləşdilər. Bu gün İraqda seçkilərin keçirilməsi və hər hansı iraqlının seçilməsi amerikalıların mənafeyinə uyğun deyil. Səddam gedəndən sonra amerikalılar İraqda hakimiyyətə bir hərbiçi gətirdilər. Sonra hərbiçi ilə idarəçiliyin alinmadığını görüb onu uzaqlaşdıraraq hakimiyyətə mülki şəxs olan Bermeri gətirdilər. Bu, o deməkdir ki, İraqı ərəb və iraqlı olmayan, Amerikaya bağlı bir hökumət idarə etməli idi.

Baxmayaraq ki, indi vaxtı deyil, qeyd etdiyim kimi Hacı Qasim Süleymani məsələsi ilə bağlı deyəcəklərim var. (Hesablamaların səhv olması ilə bağlı) Sözlərdən biri (Hacı Qasim Süleymani) məsələsidir. Bu, (İraqda Amerikaya bağlı hökumətin olması) onların niyyəti idi. Onların məqsədi İraqı tərk etmək deyil, əksinə, öz adamlarını iş başına gətirmək idi. Livanda, Suriyada və İraqda olduğu kimi, ümumiyyətlə, uğursuzluğa düçar oldular. Livanlıların dəniz sərhədləri, qaz mənbəyi və bu kimi məsələlərdə qəsbkar (İsrail) hökumət ilə bu yaxınlarda olan müqaviləsi Amerikanın uğursuzluğu idi. Çünki Amerikalılar öz mənafeləri əsasında bu məsələlərin həllinə çalışırdılar. Amma Hizbullah işlərin gedişatını dəyişdi. (Bu) isə Amerikanın məğlubiyyəti idi. Məlum olur ki, onların (Amerikanın) hesablamaları səhv idi.

Bu gün dünyada başqalarının da dediyi bir məsələni qeyd etmək istəyirəm. Nəzərimcə, Amerikanın tənəzzülünün əlamətlərindən biri indiki (Bayden) və bundan öndəki prezident (Tramp) kimi şəxslərin hakimiyyətə gəlməsidir. Üç yüz milyondan çox əhalisi olan bir ölkə Tramp kimi bütün dünyanın dəli adlandırdığı bir şəxsi iş başına gətirmək üçün özünü öldürür. Sonra o, gedərək yerinə bu (Bayden) gəlir. Əlbəttə, bunun da kim olduğunu bilirsiniz. Bu, bir millətin və sivilizasiyanın tənəzzül səbəbidir. Bu dediklərim Amerika haqqındadır.

Bir çox digər qərb dövlətləri bu cəhətdən Amerikaya bənzəyirlər. Onlar öz medialarında təxribat, iğtişaşlar, molotov kokteyli və əl qumbaraları hazırlamağı öyrədirlər. Bu nəyin göstəricisidir? Məsələ Qərb dövlətlərinin bunu etməklə təkcə cinayət törətməsində deyil, bəli, bu, cinayətdir, amma eyni zamanda tənəzzüldür, rəzillikdir. Bu, mediası belə fəaliyyət göstərən bir hökumətin mənəvi tənəzzül səviyyəsini göstərən meyardır.

Ölkəmizdə bir neçə həftə ərzində baş verən son iğtişaşlarda da Amerika açıq-aşkar rol oynayıb. Təhlükəsizlik Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun təhlükəsizlik orqanı tərəfindən yayımlanan bu bəyanat müfəssəl və bəziləri üçün oxunması hövsələdən kənar olmasına baxmayaraq, mühüm bir bəyanatdır. Bu işlərin xəbəri və hesabatı bizim əlimizdə var idi. Bunlar, çox mühüm məlumatlardır. Bizim təhlükəsizlik orqanlarının bu sahədə ələ gətirdikləri məlumatlar çox dəyərlidir. Onlar, Tehran, böyük və kiçik şəhərlər üçün planlar və proqramlar cızıblar. Bir qrup gənc və yeniyetmənin meydanda olması məsələnin üzdə görsənən tərəfidir. Bu gənclər bizim öz övladlarımızdır. Bizim onlarla heç bir problemimiz yoxdur. Bu cavanların meydana gəlməsinin səbəbi hisslərə qapanaraq hadisələrin dərkində diqqətsizlik etmələridir. Əsas məsələ bu hadisələri pərdə arxasından idarə edənlərin yaratdığı problemdir. Bunlar, plan əsasında meydanı idarə edənlərdir.

İndi deyəcəyim məsələlərə hamı diqqət etməlidir. Müqabil tərəfin (iğtişaşları idarə edənlərin) planı var. Bizim dövlət məmurları bu məsələdə diqqət etməlidirlər. Xoşbəxtlikdən təhlükəsizlik orqanlarının kifayət qədər bu işə diqqəti var. Siyasət, iqtisadiyyat və müxtəlif sahələr üzrə məmurlarımız, bütün xalqımız və həm də siz cavanlar bilməlisiniz ki, düşmən proqram əsasında meydana daxil olub. Plan bundan ibarətdir ki, bəlkə İran millətini də özləri ilə birlikdə meydana çəkib, İran xalqını Britaniya və Amerika liderləriylə həmfikir etsinlər. Plan və niyyət budur. Təbii ki, İran milləti onların ağzının üstündən vurdu və bundan sonra da vuracaq.

Əməl meydanına planlaşdıraraq, bilərəkdən, tədbirlə və agahlıqla daxil olanlar xarici kəşfiyyat orqanlarıyla əlaqədə olub, cinayət törətdilər. Daxildə plan üzrə iş görənləri tanımaq bizim üçün çox mühümdür. Görün, bu Şirazın Şahçerağ (imamzadəsində olan qətliam) işi necə böyük bir cinayətdir! İkinci, altıncı və ya onuncu sinifdə oxuyan o uşaqların nə günahı var idi?
Ata-anasını və qardaşını itirən o altı yaşlı uşağın çiyninə niyə dağ qədər ağır qəmi yüklədilər?
Səbəbi nə idi?
Bu uşaq böyük və dözülməz qəm-qüssə ilə nə etməlidir?
Bunlar böyük cinayətdir.

Tehranda şəhid olan Arman adlı əziz gənc tələbə nə günah etmişdi?
Bu cavan universitetdən mədrəsəyə qəbul oldu. Dindar, mömin, ibadət əhli və inqilabçı biri idi. [İğtişaşçıların] Ona əzab verərək işgəncə altında öldürüb cəsədini də küçəyə atmaları xırda işdir?!
Bunlar kimlərdir?
Bu barədə düşünmək lazımdır. Bunlar, bizim uşaq və gənclərimiz deyil. Bəs bunlar kimlərdir? Sifarişləri haradan alırlar?
İnsan haqlarını iddia edənlər niyə onları məhkum etmədilər?
Niyə Şirazda baş verən cinayəti pisləmədilər?
Niyə internetdə öz informasiya platformalarında həqiqətlə zidd olan uydurulmuş hadisəni (iğtişaşların yaranma səbəbini) minlərlə dəfə təkrarlayırlar, amma sosial şəbəkələrdə yayılmasın deyə Ərşəmin adını internetdə qadağan edirlər?
Nəyə görə belə edirlər?
Məgər onlar, insan haqlarının tərəfdarı deyillərmi?

(Baxın) bunlar belədirlər, düşmənlərimizi tanıyaq. Təbii ki, biz onların yaxasını buraxmayacağıq. İslam Respublikası mütləq bu cinayətkarları cəzalandıracaq. Kimin bu cinayətlərdə əməkdaşlıq və əlinin olması sübuta yetsə, inşaallah mütləq cəzasını alacaq.

İndi siz gənclərə bir neçə söz demək istəyirəm. Əvvəla, indiki yeniyetmələr qədimdə olan yeniyetmələrdən fərqli olaraq, daha yetkin, müdrik və ağıllıdırlar. Bizim dövrümüz belə deyildi. Öz barəmdə olan məsələni deyim.  Avqustun 19-u baş verən hadisə zamanı biz burda olan bəzi cavanların yaşında idik. Məsələn, 14-15 yaşım var idi. Baş verən hadisələrə nisbətdə zehnimizdə məhdud həddə məlumatların olmasına baxmayaraq, hadisə tərəflərinin kimliyi, hansı cəbhədə yer tutması, məqsədləri və hadisənin baş vermə səbəbinə diqqət etmirdik. İndiki yeniyetmələr belə deyillər, düşünüb təhlil edir, təhlili düzgün başa düşür və müəyyən mətləbləri çıxarış edirlər. ( Xülasə) Müasir gənclər təhlil əhlidirlər. Bu, çox vacib və nəzərə çarpan bir məqamdır.

Mən bunu sizə deməliyəm ki, uşaqlar və gənclərimizin söz sahibi olması İslam İnqilabının xüsusiyyətlərindəndir. İslam inqilabı olmasaydı, bizim təqribən iyirmi-otuz yaş arası gənclərimiz bihudə işlərə girişərək o qədər şəhvət ardınca olardılar ki, məmləkətin gündəm məsələlərini belə düşünmək ağıllarına gəlməzdi. O vaxt (şah zamanı) belə idi. O günlər mən bura (Tehrana) gələndə şəhər parkının arxasında “Gənclər Sarayı” adlı bir yer var idi, elə bu gün də var. Oradan bir qrup cavan gecənin əvvəlində məclis və ya qonaqlıq keçirilən küçəyə axışmışdılar. Mənim kimi tələbə olub yoldan keçən də bu gənclərin görkəmini, formasını və işlərini görüb çaş-baş qalmışdılar. Təbii ki, bu xüsusiyyətlərə malik olan belə bir gəncin ölkənin siyasəti, gələcəyi, öhdəliyi, məsuliyyəti və bu kimi məsələləri barədə düşünmək əhval-ruhiyyəsi olarmı? Gəncləri ayıldan məhz İslam inqilabı idi. Qiyamın son ilində İmam Xomeyninin əmri ilə cavanların meydana axışdığı zamandan, həmçinin qiyamdan sonrakı günlər ta bu günümüzə qədər cavanlarımız daim inkişaf ediblər. Hadisələri təhlil və dərk etmə qüdrətinə malik olublar.

Əlbəttə, bu bir həqiqətdir. Bizim anladığımız kimi düşmən də bu həqiqəti anlayır. Düşmən də anlayır ki, indiki gənclər gözüaçıq, diqqətli, ağıllı və təhlil qabiliyyətinə malikdirlər. Belə bir vəziyyətdə o, (düşmən) nə iş görür? Bekar oturmur. Düşmən bizim gənclərimizi zərərsizləşdirmək üçün onların zehnini zəhərləyən möhtəva və məzmun hazırlayır. Virtual aləmdəki böyük həcmdə olan yalanlar buna görədir. Bütün bu yalan, həqiqətə uyğun olmayan məlumat, azdırıcı sözlər və bu qədər böhtanlar düşmənin zehni aktiv olan cavanlar üçün təhrif olunmuş möhtəva yaratmasına görədir. Mənim daim təkrarladığım “Bəyan etmək cihadı” da məhz buna görədir. Mən dövlət məmurları, media rəsmiləri və rabitə işçilərinə üzümü tuturam: "möhtəvanı (məzmunu) siz hazırlayın! Düşmən batil, azğın və yalan möhtəva yaratmazdan öncə, siz doğru və düzgün möhtəva yaradıb gənclərin zehnlərinə hopdurun". Düşmən bu işlə məşğuldur. (Məclisdəkilərin şüarına cavab olaraq: "Çox sağ olun, çox sağ olun" indi söhbətə qulaq asın, sonra gedib, bu iş üçün ciddi şəkildə plan cızın!)

Mənim siz gənclərdən, həqiqətən, gözləntim budur. Söhbətimin vaxtının keçməsinə baxmayaraq, sizinlə danışmağı özüm üçün bir fürsət kimi dəyərləndirirəm. Qeyd etdiyim kimi, düşmən də plan cızır. Buna görə də məmurlar gərək məsuliyyət hiss edərək düşmənin sosial şəbəkələrdə bu qədər yalanları yaymağının səbəbini başa düşsünlər. Bilsinlər ki, nəyə görə düşmən filan kəlmə və ya kiminsə adına bu qədər həssas olub onun qarşısını alır. Məsul şəxslərin vəzifəsi bunlarla (düşmənin hiylələriylə) mübarizə apararaq çarə yolu tapmaqdır. Əlbəttə, siz gənclərin də öz vəzifəsi var, siz özünüz də məsuliyyət hiss etməlisiniz. İlk vəzifəniz haqqı batildən ayırmaq üçün məsuliyyət hiss etmənizdir.

Mənim nəzərimə görə, (sizin üçün) haqqı batildən ayırmaq mümkündür, qeyri-mümkün bir iş deyil. Hansısa bir şeyi geniş miqyasda, daim təkrarlamaqla, şüurlara yeritmək istəyirlər, amma bunun reallığa zidd olub-olmadığını anlamaq mümkündür. Beləliklə, (birinci məsuliyyətiniz) həqiqəti yalan və təhrifdən ayırmaqdır.

İkincisi, onların fikirlərini səsləndirənlərdən ehtiyatlı olmaq lazımdır, onları hidayət edin. Demirəm, vuruşun, [amma] yol göstərin və başa salın! [Əlbəttə] Bəziləri bilməyərəkdən, başa düşməzlik və qəflət üzündən düşmənlə həmfikirlik edirlər. İnsan sosial şəbəkələrdə bəzi şəxslərin inadkarlıq üzündən olmayaraq bir sıra sözləri deyib qəzetlərdə yazdıqlarını, [amma] səhv başa düşdüklərini görür və bilir. Belələrinə yol göstərmək lazımdır. Onlara yol göstərə biləcək ən yaxşı insanlar siz gənclərsiniz. Onlara yazın, deyin, mesaj göndərin, başa salın, öz söhbətlərinizdə arqument gətirin.

Təbii ki, biz bu məsələlərə reaksiya göstərməyin planlaşdırılmalı olduğunu bilirik. Axır bir neçə həftə ərzində baş verən hadisələr sadə küçə iğtişaşları deyil. [Bu hadisələrin arxasında] daha dərin planlar var idi. Düşmən mürəkkəb və hibrid müharibəyə başlayıb. Mən bunu sizə dəqiq məlumatlara əsasən deyirəm. Düşmən, yəni Amerika, İsrail və Avropanın bəzi cinayətkar və xəbis qüdrətləri, bir sıra qruplar və dəstələr bütün imkanlarını səfərbər etdilər. Bütün imkanları səfərbər etmək nə deməkdir? Yəni onlar, təhlükəsizlik orqanları, media vasitələri, sosial şəbəkələrinin (bütün) imkanları və keçmiş təcrübələrini (səfərbər etdilər). Onların 1999-cu və 2009-cu illərdən, həmçinin sonrakı illərdən də uğursuzluqla nəticələnmiş təcrübələri var, o təcrübələrdən istifadə edirlər. Onlar, həmin təcrübələrdən istifadə edərək başqa ölkələrdə də bu işləri görüb, müqabilində bəzi zərbələr yeyib və uğurlar da qazanıblar və bu təcrübələrdən də istifadə edirlər. Düşmən İran xalqını məğlub etmək üçün axır bir neçə həftə ərzində bütün imkanlarını ortaya qoydu.

Bu, mənim sizlərdən və bu söhbəti sonradan dinləyəcək bütün əzizlərdən gözləntimdir. Amma (sizlərdən) başqa bir gözləntim də var. Bundan öncə etdiyim bir-iki söhbətdə indiki dünya düzəninin dəyişməsinə aid çoxlu əlamətlərin olduğunu demişdim. Yeni bir nizam dünyaya hakim kəsiləcək. Bu yeni nizamda biz iranlıların rolu və mövqeyi nədir? Bu, mühüm bir sualdır. Yaxşı, bu dediyim yeni düzən nədir? Yeni qurulacaq nizamın necə olacağını dəqiqliklə demək olmasa da, amma onun üçün müəyyən bir qayda təyin etmək olar. Şübhəsiz ki, bu yeni düzəndə bəzi qaydalar qaçınılmazdır.

Birinci əsas qayda Amerikanın təcrid olunmasıdır. Yəni Amerika yeni dünya düzənindən təcrid olunacaq. (Bu söz) 10-20 il öncə ata Buşun "Amerika bu gün dünyada yeganə aparıcı güc mərkəzidir" sözünün əksinədir. İraqın Küveytə hücumu zamanı amerikalılar Küveytə daxil olaraq İraqın hücumunun qarşısını aldıqdan sonra ata Buş fəxrlə "Bu gün dünyanın yeganə ixtiyar sahibi Amerikadır" məzmununda söz demişdi. Dediyim bu yeni nizamda artıq Amerikanın mühüm bir yeri yoxdur və təcrid olunacaq. (Məclisdəkilər "Amerikaya ölüm olsun" şüarı səsləndirirlər). Bəli, "Amerikaya ölüm olsun" şüarının həyata keçməsi qaçınılmazdır. Bu arada (bunu da qeyd edim ki), bəziləri belə deyirlər ki, "Amerikaya ölüm olsun" şüarını səsləndirdiyinizə gör, onlar, sizinlə düşmənçilik edirlər. Amma mən deyirəm ki, belə deyil. Amerikalıların düşmənçiliyə başladığı o gün, yəni avqustun 19-da İranda heç kimin "Amerikaya ölüm olsun" şüarını səsləndirməməyinə baxmayaraq, onlar, yenə də öz zərbələrini vurdular. Onların bu düşmənçiliyi “Amerikaya ölüm olsun” şüarına görə deyildi. Onlar, zərbə vurduqdan sonra, həmin ilin dekabr ayının yeddisində Tehran Universitetinin tələbələri "Amerikaya ölüm olsun" şüarını səsləndirdilər. Bu şüar 7 dekabrın yadigarıdır. O vaxtdan bəri Amerikaya ölüm olsun deyilir. Bundan əvvəl artıq amerikalılar zərbələrini vurmuşdular.

Nəticə etibarilə, Amerika əl-ayağını dünyadan yığmağa məcburdur. Hal hazırda amerikalıların dünyanın bir çox yerlərində, o cümlədən bizim region, Avropa və Asiyada çoxlu sayda hərbiçiləri olan bazaları mövcuddur. O bazaların pulunu da bazanın yerləşdiyi biçarə kasıb ölkələrdən alırlar. O ölkələr məcburdular, onların xərclərini ödəsinlər, amerikalılar isə yeyib ağalıq etsinlər. Daha bu iş sona yetir. Amerikanın əl-ayağı dünyanın hər yerindən kəsiləcək. Bu, dünyanın gələcək yeni nizamının əsas ana xəttidir.

İkinci əsas xətt siyasi, iqtisadi, mədəni və hətta elmi qüdrətin Qərbdən Asiyaya keçməsidir. Bu gün Qərb dövlətləri siyasi, elmi, mədəni və iqtisadi gücə malikdirlər. Daha dəqiqini demək istəsək, yəni (əvvəllər) hər şeyə malik idilər. İllərlə hər şeyə sahib olub iki üç əsr bu qüdrətdə qalmaqlarına  baxmayaraq, (indi daha belə deyil, malik olduqlarını) yavaş-yavaş itirirlər. Bu yeni dünya nizamında qüdrət Qərbdən Asiyaya keçəcək. Asiya elmi, iqtisadi, siyasi və hərbi güc mərkəzinə çevriləcək. Biz Asiyadayıq. Bu da növbəti bir məqamdır.

Üçüncü əsas xətt isə zorakılıqla mübarizə aparan müqavimət fikri və müqavimət cəbhəsinin genişlənməsidir. Bu müqavimət fikri və cəbhəsinin də banisi məhz İslam respublikasıdır. Avropada sənaye inqilabı baş verəndən sonra onlar inkişaf etməyə və müstəmləkəçiliyə başladılar. Dünya xalqları və ölkələrinə dünyanın iki qütbdən ibarət olması fikrini təlqin etməyə başladılar. Bu iki qütb müstəmləkəçiliyi qəbul edən və müstəmləkəçiliyi yürüdənlərdir. Belə hökmranlıq sistemi əvvəllər də olmuşdur və neçə əsrdir davam edir. Hər kəs Qərb dövlətlərinin hökmranlıq və mədəniyyətini hətta onların (coğrafi məkanlara) qoyduğu adları belə qəbul etmişdilər.

Diqqət edin! Burada bir məqamı qeyd etmək istəyirəm. Əvvəllər mən bu sözü demişdim ki, bizim regiona Yaxın Şərq deyirlər. Yaxın Şərq nə deməkdir? Yəni Avropanın dünya mərkəzi olmasıdır. Bu məsələ Molla Nəsrəddinin misalına oxşayır. Dünyanın mərkəzinin harada olduğunu ondan soruşanda "Mənim uzunqulağımın noxtası çalındığı yer",-deyə demişdi. Avropadan uzaq olan istənilən bölgə uzaqlığına görə Uzaq Şərq regionu adlanır. Bəzi Şimali Afrika ölkələri kimi olanlar isə Yaxın Şərq adlanırlar. Bunların ortasında qərar tutanlara isə Orta Şərq deyilir. Yəni ölkələrə ad verilməsinin meyarı da Avropadır. Avropalılar özlərini bu qədər haqq (ixtiyar) sahibi bilirdilər. Ona görə də mən Orta Şərq deyil, Qərbi Asiya deməyi təkid edirəm. Qərbi Asiya olana niyə Yaxın Şərq deməliyik? İmperiyalistlərin zülm və hegemonluğuna qarşı bu müqavimət ruhiyyəsini İslam Respublikası yaratdı. Dünyada “Nə şərq, nə də Qərb” deyən ilk şəxs bizim əzəmətli İmamımızdır (imam Xomeyni). O zaman dünya iki qütbə, yəni Amerika və Sovet İttifaqı qütblərinə bölünmüşdü. İmam Xomeyni buyurdu: “Nə bu (Sovet İttifaqı), nə də o (Amerika)”. Bütün dünya ölkələri ya buna bağlı olmalı idi, ya da ona, bu seçimi etməyə məcbur idilər. (Amma) İmam Xomeyni dedi: “Nə bu, nə də o”. Bu ruhiyyə, məntiq və qətiyyətli söz (dünyada) yayılmağa başladı. Bu gün regionumuzda özünü müqavimət cəbhəsinə bağlı hesab edən, onun əhli olub ona inanan, müqavimət göstərən və bir çox məsələlərdə livanlılar kimi nəticə əldə edənlər var. Bildiyiniz kimi, livanlılar Hizbullahın sayəsində qaz borularının bölünməsi məsələsində uğur əldə ediblər. Mən üç əsas xətti-Amerikanın təcrid olunması, qüdrətin Asiyaya keçməsi, müqavimət məntiqi və cəbhəsinin genişlənməsini qeyd etdim. Təbii ki, zehnimdə olan başqa məsələləri də deyə bilərdim, amma (indi burada dediklərim) daha köklü məsələlərdir.

Yaxşı, indi İranın bu yeni dünya (nizamı) ilə bağlı vəzifəsi nədir? İran harada qərar tutmalıdır? Əziz ölkəmizin mövqeyi necə olmalıdır?  Bu, sizin, barəsində düşünməli və özünüzü hazırlamalı olduğunuz bir məsələdir. Belə bir iş iranlı gənclərin edə biləcəyi bir işdir. Biz bu yeni nizamda üstün bir mövqeyə malik ola bilərik. Bəli, biz bacararıq. Niyə bacararıq? Çünki bizim ölkəmiz bir çox başqa ölkələrdə olmayan üstünlüklərə malikdir. Hər şeydən öncə insan resurslarıdır. Bizim lazimi qədər insan resurslarımız var. Yəni iranlı gənclərin zəka və istedadı dünya ölkələri səviyyəsində olan orta zəka və istedad həddindən yüksəkdir. Bu gün 80-90-cı illərdə doğulan gənclərin zəka və istedadlarının bərəkətləri göz önündədir. Bu gün müxtəlif elmi və texnoloji sektorlarda yeniliklər əldə edən bu gənclər bəzi sahələrdə ölkəni dünyanın ilk 4-5 ölkəsi sırasında qərar veriblər. Bu işlər (dediyim kimi) 80-90-cı illərdə dünyaya gələnlərin verdiyi səmərədir. İnşallah İran milləti əksəriyyəti sizlər olan 2000-ci illərdə və həmçinin gələcəkdə 2010-cu illərdə doğulanların bərəkətini görəcək. Təbii ki, maneə və problemlər də var və olacaq da. Hər halda, birinci imtiyazımız insan resursları məsələsidir.

Ölkənin təbii sərvətləri ikinci imtiyazdır. Dünyanın nadir ölkələrində tapılan müxtəlif növ təbii sərvətlər bizim ölkədə mövcuddur. Mən bir dəfə burada-Hüseyniyyədə olan çıxışımda demişdim (danışan zaman mütaliə etmişdim statistika yadımda idi, amma indi xatırlamıram) ki, biz dünya insanların bir faizini təşkil etməyimizə baxmayaraq, sənaye üçün lazım olan bu bir neçə əsas metalın dünyaya düşən 5 faiz payından 4 faizinə malikik. Bu o deməkdir ki, bizim öz millətimizin faizindən çox təbii ehtiyatlarımız var. Əlbəttə, mən təkcə metalları dedim. Adi bitkilər, dərman bitkiləri və mədənlər də eynən qeyd etdiyim kimidir. Buna görə də biz çox zənginik. Mən İranın müxtəlif prezidentlərinin məsuliyyət dövranında mədən məsələsini çox təkidlə vurğulamışam. Amma təəssüflər olsun ki, bir çox prezidentlər öz nazirləri ilə birlikdə bu sözümə əhəmiyyət verməyərək qulaq asmadılar. Ümidvaram, inşallah bu prezident məsuliyyət dövranında [bu məsələlərə diqqət edər]. Əlbəttə eşitdiyimə görə, mədən sahəsində də yaxşı işlər görürlər. Beləliklə, bu da başqa vacib bir məqam.

Ona görə də ölkəmiz həm insan resursları, həm təbii sərvətlər, həm də coğrafi mövqe baxımından imtiyaza malikdir. Biz Şərqlə Qərbin, Şimalla Cənubun rabitə kəsişməsində yerləşirik. Dünya xəritəsini qarşınıza qoyub nəzər yetirsəniz bizim həssas bir nöqtədə yerləşdiyimizi müşahidə edərsiniz. Şərq-Qərb, Şimal-Cənub da bizim ölkədən keçə bilər. Biz dünyada çox inkişaf etmiş yaxşı tranzit keçidi ola bilərik. Təbii ki, bunun üçün dəmir yolu xətləri lazımdır. (Bu tranzit) Maşın yolu ilə əlverişli deyil. Mən bu barədə də siz gənclərlə dərdləşmək istəyirəm. Mən müxtəlif prezidentlərin məsuliyyət dövranında dəfələrlə bu dəmir yolu xətləri ilə bağlı çoxsaylı təkidlər etmişəm, amma təəssüf ki, səhlənkarlığa yol verilib. Əlbəttə, İmam (Xomeyninin) vəfatından sonrakı ilk günlərdə bir qədər dəmir yolu xətləri çəkildi, [amma] ondan sonra lazimi işlər görülmədi. İndi də inşallah (dəmiryolu xətti barədə) yaxşı işlər görməyi planlaşdırırlar. İnşallah biz bu nəqliyyat vasitəsi sahəsində öz (layiqli) yerimizi tapmalıyıq.

Bütün bu (saydığım) imtiyazlardan daha mühümü İslam Respublikasının idarəçilik və sivilizasiya məntiqidir. Biz İslamla respublika və insanların seçki haqqı ilə ilahi maarifi birləşdirdik. Bunları birləşdirmək elə də asan iş deyil, [amma] biz bunu Allahın lütfü ilə etdik. Təbii ki, çatışmazlıqlarımız var. Mən heç vaxt iddia etmirəm ki, bizdə bu sahələrdə qüsur yoxdur. Xeyr, qüsurlarımız var, amma (bizim) söz(ümüz) və məntiq(imiz), dünyada yeni məntiqdir. Bu da başqa bir məsələ.

Əziz gənclər, sizə son sözüm budur ki, diqqət edin! Bizim bütün söz və hərəkətlərimiz ölkə xaricinə mesaj verir. Hansı mesajı ötürdüyümüzə diqqət edək. Mesaj təkcə dillə ötürülmür. Bəzən oturuşun keyfiyyəti, bir yerdə toplaşmanın və verilən şüarların da bir mesajı olur. Dünyaya göndərdiyiniz mesajlara diqqət yetirin. Mən deyirəm ki, İran milləti və gəncləri adından düşmən cəbhəsinə ötürüləsi ən mühüm şey İran millətinin müqavimət gücüdür. İran xalqı və gəncləri öz addımları, hərəkətləri, şüarları və işləri ilə dünyaya bildirməlidirlər (bunu təbii ki, düşmən də başa düşəcək) ki, İran xalqının müqavimət göstərmək gücü və zorakılıqla mübarizə aparmağa yüksək əzmi var. Əlbəttə, bu, xalqın vəzifəsidir. Bu sahədə dövlət məmurlarının üzərinə ağır vəzifələr və böyük məsuliyyətlər düşür. Keçmişdəki səhlənkarlıqlar təkrarlanmamalıdır. Bu sahədə bəzi dövlət qurumları, o cümlədən Təhsil, Səhiyyə və Mədəniyyət Nazirlikləri və həmçinin istehsalatla bağlı olan nazirliklər, o cümlədən Sənaye, Kənd təsərrüfatı və ya nəqliyyat məsələsi ilə bağlı olan bu mühüm nazirliklər ciddi şəkildə fəal olmalıdırlar. Elmi elitanı aidiyyəti qurumlarla əlaqələndirən elmi işlər üzrə dövlət komitəsinin vəzifələri daha ağır olsa da, yerinə yetirməlidir.

Mənim əzizlərim! Əmin olun ki, həm mən, həm də siz ayrı-ayrı qurumlarla birlikdə harda olmağımıza baxmayaraq, öz vəzifələrimizi tanıyıb yerinə yetirsək, ölkənin bütün problemləri həll olunacaq və öz son məqsədinə çatacaq.

Allah möhtərəm İmamımıza (imam Xomeyniyə), ölənlərimizə, şəhidlərimizə və dünyadan köçən şəhid ailələrinə rəhmət eləsin.

İnşAllah müvəffəq olasınız. Allah hamınızı qorusun. Salamat qalın.

2.11.2022