Ayətullah Xamenei bu müraciətində İmam Xomeyninin (rəhmətullah əleyh) şəxsiyyəti ilə bağlı Qum Elmi Hövzəsinin iftixarlarından birinə işarə edərək buyurdu:

Qum Elmi Hövzəsinin iftixarlarından biri də bundan ibarətdir ki, Həzrət Ruhullah (Xomeyni) kimi bir günəş doğdu və bu hövzə altmış ildən az bir müddətdə mənəvi nüfuzunu və xalq arasındakı mövqeyini o səviyyəyə çatdırdı ki, xəyanətkar, fasiq və fəsad içində çürümüş şah rejimini xalqın əli ilə kökündən devirməyə müvəffəq oldu və əsrlərdən sonra İslamı ölkənin siyasi hakimiyyət məqamına gətirdi.”

 

İmam Xamenei müraciətinin davamında İslamın siyasi sisteminin qurulmasına toxunaraq buyurdu:

“Bu gün İslamın siyasi sisteminin qurulması ilə əsas sual, şəriətin insan həyatının fərdi və ictimai sahələrinə ümumi baxışının və bu baxışın əsas prinsiplərinin necə olduğu məsələsidir. Fəqihin verdiyi hər bir fətva bu ümumi baxışın bir hissəsini əks etdirməlidir.”

 

O Həzrət müraciətinin davamında dövlətin xalqla və digər dövlətlər və millətlərlə olan münasibətlərinə toxunaraq qeyd etdi:

“Dövlətin xalqla və digər dövlətlər və millətlərlə münasibətləri, düşmənin müsəlmanlara hakim kəsilməyini önləyən Quran prinsipi, iqtisadi sistem və İslam sisteminin əsas təməlləri, İslam baxımından hakimiyyətin mənşəyi, xalqın bu hakimiyyətdəki rolu, mühüm hadisələr və hegemoniya qarşısında mövqeyi, ədalət anlayışı və məzmunu, eləcə də onlarca digər əsaslı və bəzən həyati məsələ — bütün bunlara dair fiqhi cavablar mövcud olmalıdır.”

 

O Həzrət “Öncül və nümunəvi hövzə” mövzusunun ikinci başlığını izah edərkən vurğulamışdır ki, hövzə xaricə yönəlmiş bir qurumdur və onun məhsulu bütün səviyyələrdə cəmiyyətin və insanlığın düşüncə və mədəniyyətinə xidmət etməlidir. O, hövzənin ən mühüm vəzifəsini “Aydın təbliğ” olaraq qiymətləndirib əlavə etdi: 

"Bu vəzifənin yerinə yetirilməsi üçün mənəvi cəhətdən paklanmış və səmərəli insan qüvvəsinin yetişdirilməsi zəruridir."

 

Ayətullah Xamenei müraciətinin davamında güclü qaneetmə üsulları və dialoq mədəniyyətini öyrənmək məsələsinə toxunaraq buyurdu:

“Dinin hədəfini ifadə edən, zamanın tələblərinə cavab verən və mövcud boşluqları dolduran bir mesajın çatdırılması, mütləq şəkildə, təlim və tədris tələb edir. Güclü qaneetmə metodları, dialoq qaydaları, ictimai rəylə və media məkanla düzgün ünsiyyət qurmaq, müxaliflərlə qarşılaşmada nizam-intizamlı davranmaq – bütün bunlar din tələbəsinə öyrədilməli, o da təcrübə və məşq vasitəsilə bu sahəyə daxil olmağa hazır hala gətirilməlidir.”

 

İnqilab Rəhbəri müraciətinin davamında hövzənin mədəni cəbhədə mübarizə aparan şəxsiyyətlər yetişdirməsinə toxunaraq belə qeyd etdi:

“Bu hədəfin reallaşması üçün hövzə "Mədəni mücahid" yetişdirməlidir. Bununla yanaşı, həm ölkənin idarəçilik və sistem daxilindəki xüsusi vəzifələrinə uyğun kadrların hazırlanması, həm də elmi hövzənin daxili tənzimlənməsi və təşkilatlanması diqqət mərkəzində olmalıdır.”

 

Ayətullah Xamenei müraciətinin davamında 1989-cu ildə İmam Xomeyninin ruhaniyyətə ünvanladığı məzmunlu və təkanverici müraciətinə işarə edərək buyurdu:

“İmam Xomeyni həmin müraciətdə alimləri cihad, vətənin müdafiəsi və məzlumların himayəsi meydanında öncül olaraq təqdim edir və eyni zamanda xəbərdarlıq edirdi ki, özünü təəssüb və müqəddəslik adı ilə göstərən cərəyanlar elmi hövzəni dinin siyasət və ictimai fəaliyyətlərdən ayrı olması vəsvəsəsinə sürükləyə və düzgün inkişaf yolunu bağlaya bilər.”

 

O Həzrət müraciətinin davamında cəmiyyətin idarə sistemlərinin hazırlanması və təbyinində hövzənin iştirakına toxunaraq buyurdu:

“Bu boşluğu hövzə doldurmalıdır və bu, elmi hövzənin qəti vəzifələrindən sayılır. Bu gün fiqhi agah olmayanların düşündüyü kimi, yalnız fərdi və ibadi hökmlərə qərq olmaq kimi qəbul etmək olmaz, çünki "Ümmət formalaşdıran fiqh" ibadi hökmlərlə və fərdi vəzifələrlə məhdudlaşmır.”

 

 

Ayətullah Xamenei müraciətinin davamında İslam sivilizasiyasının qurulmasının hövzə üçün ən vacib gözlənti olduğunu vurğulayaraq buyurdu:

“Elmi hövzədən olan ən önəmli gözlənti "İslam sivilizasiyasının qurulmasına" şərait yaratmaqdır. Bu sivilizasiya, elmi, texnologiyanı, insan və təbii resursları, bütün imkanları və insanlığın irəliləyişlərini, dövlət və siyasəti, hərbi gücü və insanın əlində olan hər şeyi, sosial ədalət və ümumi rifahın təminatı, təbəqələr arası fərqlərin azaldılması, mənəvi tərbiyənin artırılması, elmi yüksəliş və təbiətin daha çox öyrənilməsi və iman gücünün möhkəmləndirilməsi məqsədinə xidmət etmək üçün istifadə edəcəkdir.”