Əgər İmam Hadinin (əleyhissalam) bu səyləri olmasaydı, bu gün biz “Ziyarəti-Camiə”yə malik olmazdıq və o ziyarətdə olan özünə xas maarif şiələrin əlində çatmayacaqdı.
(İmam Hadi əleyhissalamın şəhadət günü)
Bağışlayan və mehriban Allahın adı ilə
Əmirəlmöminin (əleyhissalam) zamanından başlayaraq heç bir dövrdə İslam dünyasında İmam Cavad, İmam Hadi və İmam Əskərinin dövründəki qədər nə kəmiyyət, nə də keyfiyyət baxımından şiəlik belə geniş yayılmamışdır. Bu geniş yayılma məhz bu üç böyük şəxsiyyətin əməyi sayəsində olub. İmam Hadi və İmam Cavadın dövründə Bağdad sözün əsil mənasında, şiəliyin mərkəzi idi. Fəzl ibn Şazan deyir ki, Bağdada ilk dəfə daxil olanda məscidlərdə hədis nəql edən çoxlu sayda şiə alimlərinin olduğunu gördüm. Yəni belə bir atmosfer hakim idi. Bu iş Bağdadda bir cür baş verirdi, Kufədə isə başqa cür. Bu böyük şəxsiyyətlər çox çalışıblar.
Şiəliyin belə geniş yayılması səbəbindən şiə maarifinin bu böyük şəxsiyyətlərin vasitəsilə yayılmasına ehtiyac duyulurdu. Bu işi də İmam Hadi (əleyhissalam) həyata keçirtdi. (Bildiyiniz kimi) “Ziyarəti-Camiə” fövqaladə bir məzmuna malikdir. Bu İmam həm “Ziyarəti-Camiə” ziyarətnaməsi vasitəsilə, həm də Qədir-Xum günündə Əmirəlmöminin (əleyhissalam) üçün oxunan ziyarətlə bu işi yerinə yetirdi. Qədir-Xum ziyarətinə diqqət yetirsəniz, Əmirəlmömininin fəzilətləri haqqında nə qədər çox Quran ayəsindən istifadə edildiyini görəcəksiniz! Bu İslam maarifinə olan əhatə, mövzuya dərindən hakim olmaq, həqiqətləri belə aydın şəkildə təqdim etmək yalnız İmam Hadi (əleyhissalam) və ümumiyyətlə, məsum imamın öhdəsindən gələ biləcək bir işdir. Bu işi bu böyük şəxsiyyətlər yerinə yetirdilər. Əgər İmam Hadinin (əleyhissalam) bu səyləri olmasaydı, bu gün biz “Ziyarəti-Camiə”yə malik olmazdıq və o ziyarətdə olan özünə xas maarif şiələrin əlində çatmayacaqdı.
Bəziləri tarix oxuyublar, amma hədis oxumayıblar. İmamların bu hədislərdəki kəlamlarından xəbərsizdirlər, onların işinin böyük eybi də budur. İmamların tarixini onların hədislərindən daha yaxşı başa düşmək mümkündür, çünki bununla onların həyatında nə baş verdiyini, yaranan şəraitə görə yerlərini dəyişmələrini, özündən sonrakı imamı təyin etmələrini və beləliklə də, bunların hər birində nə baş verdiyini (hədislərdən) başa düşmək olar. Məhz İmam Hadi (əleyhissalam) tərəfindən vəsinin (özündən sonrakı imamın təyin edilməsi) elan edilməsi özü qəribə bir hadisədir. Yəqin ki, bu bmövzuya “Kafi” kitabında rast gəlmisiniz. Orada Əhməd ibn Məhəmməd ibn İsa mühüm rol oynayır, müxtəlif məsələlərdə iştirak edir, söz deyir və hətta bu söhbət mübahilə mövzusuna qədər uzanır. Bu kimi məsələlər olduqca önəmlidir.
Bizim tarix və kitab yazmağımızda, hətta minbərlərimizdə bu üç böyük şəxsiyyət az xatırlanır, barəsində az tədqiq olunur və işlənir. Bu üç böyük şəxsiyyətin həyatı haqqında araşdırmalar aparmaq və yazmaq olduqca yerində bir addım olardı. Təzəlikcə özündə İmam Cavadın möcüzəsini ehtiva etdirən bir roman görmüşdüm, amma belə əsərlər çox azdır. İnşallah, (kimlərsə) bu sahədə daha çox əsərlər yazsın və incəsənət işləri görsünlər.