Ayətullah Xameneyi inqilabın əsas hədəfinin tövhidin həyata keçməsi, yəni İslam dininin geniş mənada ölkədə və xalqın həyatında tətbiqini qeyd etdi və buyurdu:
"Rəhbər bu əsas hədəfə (tövhidə) doğru ölkənin və hökumətin hərəkət istiqamətini qoruyub saxlamaqda məsuliyyət daşıyır".

İmam Xamenei Quranın bir çox xəbərdarlıqları və tövsiyələri əsasında doğru yoldan geriyə qayıtmağın çox mühüm bir təhlükə olduğunu vurğulayıb qeyd etdi: 
"Allah-təala Qurani-Məciddə təhdid edir ki, əgər kafirlərə itaət etsəniz, geriyə dönməyə və irticaya düçar olarsınız və ya kafirlər sizi iman gətirdikdən sonra yenidən küfrə qaytarar".

Həzrət Ayətullah Xamenei hər hansı bir quruluş və hökumətdə azğınlıq və geri dönməyin qarşısını almağın mühüm bir amilə ehtiyac duyduğunu qeyd etdi:
"İslam quruluşunda (hökumətdə) bu çox mühüm vəzifə rəhbərin öhdəsinə düşür və bu həlledici amilin seçilməsi məsuliyyəti isə Xubrəqan Məclisinin öhdəsindədir".

İnqilab Rəhbəri Xubrəqan Məclisinin əhəmiyyətini izah edərkən belə buyurdu:
"Xubrəqan Məclisinin mövcudluğu göstərir ki, hökumətin hədəflərə doğru davamlı hərəkətində heç bir fasilə yaranmır, çünki ona ehtiyac yarandıqda Xubrəqan Məclisi dərhal növbəti rəhbəri təyin edəcək və bu silsilə ardıcıllıq tam güc və qüvvəsilə davam edəcəkdir".

Həzrət Ayətullah Xamenei Xübrəqan Məclisi nümayəndələri ilə görüşdə müxtəlif yerlərdə gedən mübarizələrin qələbə ilə nəticələnəcəyini buyurdu:
"Bu günlərdə Livan, Qəzza və Fələstində mübarizə qüdrətlə davam edir, şübhəsiz, öz ardınca müqavimət cəbhəsinin qələbəsini gətirəcək. Bu, insanın baş verən hadisələrdən və eyni zamanda İlahi vədədən anladığı şeydir".

İnqilab Rəhbəri Seyid Həsənin xatirəsini ehtiramla yad etdiyini bildirdi:
"Bu günlər zəmanəmizin böyük və yorulmaz mücahidi cənab Seyid Həsən Nəsrullahın (Allah rəhmət eləsin və məqamını da uca etsin) şəhadətinin qırxı ərəfəsidir. Biz onun xatirəsini ehtiramla yad edirik".

O Həzrət həmçinin müqavimətin digər şəhidlərini də ehtiramla yad etdiyini vurğuladı:
"Biz şəhid Haniyə, şəhid Səfiyəddin, şəhid Yəhya Sinvar, şəhid Nilfuruşan və digər müqavimət şəhidlərini ehtiramla yad edirik".

Daha sonra Ayətullah Xamenei müqavimət rəhbərlərinin adlarını sadalayaraq onların İslama izzət və qüdrət bəxş etdiyini qeyd etdi:
"Nəsrullah, Haniyə, Səfiyəddin, Yəhya Sinvar və Nilfuruşan kimi şəhidlər İslam və müqavimət cəbhəsinə əlavə izzət və qüdrət bəxş etdilər".

İnqilab Rəhbəri Hizbullahın Seyid Həsənin yadigarı olduğunu vurğuladı:
"Əziz Seyid Nəsrullah şəhidlərin ali məqamlarına yüksəldi və arzuladığı məqsədə çatdı. Lakin burada özündən bir yadigar qoyub getdi və o da Hizbullahdır".

Ayətullah Xamenei bəzilərinin Hizbullah barədə boş xəyallara qapılaraq qınadıqlarını bildirdi:
"Livanda və başqa yerlərdə olan bir qrup insanlar elə güman edirlər ki, Hizbullah zəifləyib və buna görə də Hizbullahın işlərini qınamağa başlayıblar. Bu insanlar səhv edirlər və (puç) xəyala qapılblar".

O Həzrət düşmənin qalib gələ bilməyəcəyini bildirdi:
"Hizbullah Seyid Nəsrullahın şücaəti, uzaq görənliyi, səbir və təvəkkülünün bərəkəti sayəsində fövqəladə dərəcədə inkişaf etdi və elə bir təşkilata çevrildi ki, müxtəlif növ maddi və media cəhətdən silahlarla təchizatlanmış düşmən ona qalib gələ bilmədi. İnşallah, düşmən bundan sonra qalib gələ bilməyəcəkdir".

Ayətullah Xamenei Amerikanın əllərinin bu hadisələrdə qana bulaşdığını qeyd etdi:
"Amerika dövlətinin əlləri qana bulaşmışdır. Qəzza və Livanda həyata keçən cinayətlərdə Amerika açıq-aşkar sionistlərlə şərikdir".

"Hizbullah güclüdür və mübarizə aparır", - deyə o Həzrət buyurdu.

İnqilab Rəhbəri sözlərinin sonunda sionistlərin məqsədlərinə çatmadığını buyurdu:
"Sionist rejimin məqsədi HƏMAS-ı köklü şəkildə məhv etmək idi. HƏMAS-ın liderlərini şəhid etməklə onu məhv etdiyini düşünürdü, lakin eyni zamanda HƏMAS hələ də mübarizə aparır. Bunun mənası sionist rejimin məğlubiyyətidir".