Bu görüşdə İnqilab Rəhbəri cavanlara mənəvi tövsiyəsinin zikr və şükr olduğunu bildirdi:
“Gənclərin qəlbləri daha az günaha bulanmış və (müqabilində isə) daha nuranidir. Bu kütləvi yığıncaqda siz əziz gənclərə mənim bir mənəvi tövsiyə etmədən keçməyim heyifdir. Tövsiyəm isə zikr və şükürdür”.

Allahı xatırlamağın faydasına toxunan o Həzrət belə buyurdu:
“Zikr, yəni Allahı xatırlamaq. Allahı xatırlamaqdan qəflət etməyin. Münacat, dua və Quran tilavətindən uzaq düşməyin. Mənim həmişəki tövsiyəm budur ki, Quranla ünsiyyət tapın, Qurani mərifəti mənimsəyin. Bu, sizə bu böyük yolda kömək edəcək”.

Daha sonra şükürün mənasını açıqlayan Ayətullah Xamenei belə vurğuladı:
“Şükür, yəni Allahın nemətlərini tanımaq və onları unutmamaq. Bu gün siz Allahdan böyük nemətlər almışsınız. Zülm, imperializm, zorakılıq və beynəlxalq cinayətkar bandalara qarşı mübarizə aparmaq səyi olan bir sistem və təşkilatın (hökumətin) mövcudluğu ən böyük nemətdir”.

Ayətullah Xamenei İran xalqının hər cəhətdən dünya hegemonluğuna qarşı mübarizəyə hazırlıqlı olduğunu bildirdi:
“Biz hegemonlarla mübarizədə İran xalqının hazırlığı üçün hər nə lazımdırsa, istər hərbi və silahlanma cəhətdən, istərsə də siyasi baxımdan mütləq şəkildə yerinə yetiririk və hal-hazırda məsul şəxslər bu işlə məşğuldurlar”.

O Həzrət məsələnin təkcə intiqamla bitmədiyini qeyd etdi və buyurdu:
“Söhbət təkcə (sionist rejimdən) qisas almaqdan getmir, söhbət dinə, əxlaqa, şəriətə və beynəlxalq qanunlara uyğun olan (dünya hegemonluğuna qarşı) məntiqli bir hərəkətin olmasından gedir. Bu istiqamətdə ölkənin məsul şəxsləri heç bir gecikmə və səhlənkarlığa yol verməyəcəklər. Buna əmin olun”.

İnqilab Rəhbəri düşmənin sərt cavab alacağını qətiyyətlə bildirdi:
“Amerika və sionist rejim İran və müqavimət cəbhəsinə qarşı etdiklərinə görə sərt bir cavab alacaqlar”.

O Həzrət Amerika səfirliyinin mahiyyəti barədə belə buyurdu:
“Amerika səfirliyi inqilabın əvvəlində və tələbələrimiz tərəfindən ələ keçirildiyi vaxta qədər yalnız bir diplomatik və ya kəşfiyyat məlumatı ələ gətirən bir fəaliyyət məkanı deyil, həm də inqilaba qarşı daxili təhriklər və onu məhv edib aradan aparmağı planlaşdıran bir qərargah idi”.

Ayətullah Xamenei bəzi dövlətlərin məzlum əvəzinə zalıma dəstək verdiyini qeyd etdi:
“Bu gün sionist rejim Qərbi Asiyada ən dəhşətli cinayətləri törədir. Bir qrup Fələstin və Livan xalqına dəstək vermək əvəzinə xəbis, zalım və qan içən düşmənə iqtisadi və hərbi yardım edir”.

Daha sonra o Həzrət İran xalqının hegemoniya ilə mübarizəsinin vacib olduğunu bildirdi:
“Zülm və hegemoniya ilə mübarizə İran xalqının İslam təlimlərindən ilhamlanaraq boynunda olan bir vacibdir. Hegemonluq, yəni iqtisadi, hərbi və mədəniyyət üzərində hərtərəfli hökmranlıq və xalqları təhqir etməkdir. İran xalqının hegemonluqla mübarizəsi olub və bundan sonra da mütləq şəkildə olacaqdır”.

İnqilab Rəhbəri İran xalqının Amerika barədə dünyaya hakim kəsilmiş səhv düşüncəni puça çıxardığını vurğuladı:
“Bəziləri şübhə yaradırlar ki, məgər Amerika hökuməti kimi güclü hökmranlığa sahib qabaqcıl və müasir bir sistem və hökumətlə mübarizə aparmaq olar? Bəli, İran milləti mübarizə etdi və bu günə qədər, şübhəsiz, müvəffəq də olub. Bu gün İran milləti bu böyük düşmən olan Amerika qarşısında dayanıb, onu geri otuzdura və zəiflədə bildi”.

İmam Xamenei cənabları Amerikanın yalançı insan hüquqları iddiasını belə ifşa etdi:
“Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır”.

Ayətullah Xamenei yalançı insan hüquqları iddiaçılarının özlərini terrorist adlandırdı və buyurdu:
“İnsan hüquqlarının iddiaçısı olanlar Seyid Həsən Nəsrullah, Haniyə, Süleymani və digər əzəmətli şəhidlər kimi böyük insanları terrorist adlandırırlar. Halbuki özləri terrorist və cinayətkar dəstədirlər”.

O Həzrət Amerikanın insan hüquqları iddiasının daha kimisə aldada bilmədiyini qeyd etdi:
“Bu gün müxtəlif informasiya vasitələrində Amerikanın insan hüquqlarından dəm vurmasının səsləndirilməsi də, daha kimisə aldada bilmir”.