Əmirəlmömininin ədalətindən danışmaq mümkün deyil. O buyurur: “Allaha and olsun ki, əgər mənə ən şiddətli işgəncələri versələr, tikanların üstündə çılpaq sürüsələr, bütün bunlar mənim üçün qiyamət günü bir nəfərə belə zülm etdiyim halda Allahla qarşılaşmağımdan daha yaxşıdır!” (Nəhcül-Bəlağə, xütbə 224). Onda baxın görün bunu kim deyir; İran, Əfqanıstan, İraq və Misiri əhatə edən bir hökumətin başında olan biri.
Seyid Əli Xamenei
25.06.2024
(Əmirəlmöminin (əleyhissalam)) Allah-təalanın ona verdiyi güc, hökumət və hökmranlıq dövrünün bütün anlarında cəmiyyətin ən zəif üzvləri haqqında düşünürdü… Kasıbların evinə baş çəkir və öz əli ilə yetim uşağın ağzına yemək qoyurdu.
Seyid Əli Xamenei
27.12.1997
İmamların (ə) hamısı Əli ibn Əbu Talibi imamət səmasının günəşi kimi görürdülər, digər imamlar isə o səmadakı ulduzlar kimi idilər. Peyğəmbər bu iki böyük insanın tutduğu məqama baxmayaraq, İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında demişdi: “Onların atası onlardan üstündür”. Bu, Əmirəl-möminin məqamıdır.
Seyid Əli Xamenei
29.12.2007
Ən çətin və ağır işlər həmişə Əmirəlmömininin (ə) çiyinlərində olurdu, ən təhlükəli tapşırıqları da daim o böyük şəxsiyyət öz üzərinə götürərdi. Təhlükə anında, hətta qəhrəmanlar və döyüşçülər belə çətinliyə düşəndə, Peyğəmbərin baxışları ilə üz-üzə gəlməmək üçün yan keçərdilər. Belə məqamlarda isə Əmirəlmöminin (ə) sanki bir quş kimi şığıyaraq, həmin yerlərə özünü yetirərdi.
Seyid Əli Xamenei
22.06.1984
İmam Əli (ə) lazım olan yerdə qılncla haqq düşmənlərinin canına düşərdi və heç nədən də qorxmazdı. Harada məzlum, harada haqqı mənimsənilmiş birini görsəydi, Əmirəlmöminin insanların ən şəfqətlisinə çevrilərdi.
Seyid Əli Xamenei
31.12.1999
Qədir-Xum bayramını təbrik edirəm. Bu, həqiqətən də, bütün İslam aləmi üçün böyük bir bayramdır. Qədir-Xum hadisəsində diqqət yetirilməli məzmunlar olduqca genişdir və İslami mərifətə aparıb çıxarır.
Söhbət təkcə Əmirəlmömininin vilayətə təyin olunmasından getmir, bunun kölgəsində başqa mühüm məfhumlar da mövcuddur.
Biz inanırıq ki, Qədir-Xumun mesajı və Əli ibn Əbi Talibin (əleyhis-salam) imamətə təyin olunması hadisəsi iki ayrı mesajdır:
Bir mesaj Əli ibn Əbi Talibin hakimiyyətidir. İkinci mesaj isə bizim bu gün ona çox ehtiyac duyduğumuz İslam hakimiyyətinə əhəmiyyət vermək məsələsidir.
Heç bir məsələni Peyğəmbər bu qədər ciddi şəkildə bəyan etməmişdi.
Əgər şiə tarixinin Əmirəlmöminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimeyi-Zəhra (s.ə) kimi böyük simaları olmasaydı, bu gün kitab səhifələrində nəinki təkcə şiədən, əksinə, İslamdan bir əsər-əlamət tapılmazdı. İslamı mən və sizlər üçün qoruyub-saxlayan Əlinin (ə) adı, xatırlanması və bu böyük şəxsiyyətlərin şəhadət və fədakarlıqlarını xatırlamaq olmuşdur.