İranın əzəmətli xalqını salamlayıram. Düşmənlərin son günlər ölkəmizə qarşı törətdiyi bu məsələdə əziz millətimizin davranışını tərifəlayiq bilirəm. İran xalqı sübut etdi ki, həm təmkinlidir, həm şücaətlidir, həm də atdığı addımın yerini və zamanını biləndir.
Qədir-Xum bayramı günündə xalqımızın nümayiş etdirdiyi bu möhtəşəm hərəkət, insanların cümə namazlarında iştirakı, namazdan sonrakı yürüşləri və bu kimi yığıncaqlar – bütün bunlar, əziz İran xalqında ağıl və mənəviyyatın, şücaət və zamana uyğun addım atmaq anlayışı ilə birgə möhkəm bərqərar olduğunu göstərir.
Televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.