Əba Əbdillah Hüseyn (ə) və o Həzrətin vəfalı tərəfdarlarının şəhadətinin Ərbəini günü İslam İnqilabı Rəhbərinin hüzurunda ölkə boyu universitet tələbələrdən ibarət heyətlərin əzadarlıq mərasimi 25.08.2024-cü il tarixdə bazar ertəsi günü günorta saatlarından qabaq İmam Xomeyni (r.ə) hüseyniyyəsində baş tutdu.
Bağışlayan və mehriban Allahın adı ilə
Bütün digər ərbəinlər kimi, bu gün siz əziz gənclər öz hüzurunuz və pak hisslərinizlə bu hüseyniyyəni nurlandırdınız. Buradakı iştirakınıza və əlhəmdulillah, yaxşı şəkildə hazırlanmış proqrama görə hamınıza təşəkkür edirəm. Proqramlar çox gözəl idi; surud, Quran tilavəti, oxunan ziyarətnamə, çıxış və habelə (Meysəm) Mütiinin icra etdiyi proqram çox gözəl idi. Əlhəmdulillah, burada icra etdiyiniz bütün proqramlar zəngin məzmunlu, çox mənalı və ibrətamiz idi.
Aşura ziyarətində İmam Hüseyn əleyhissəlama xitabən deyirsiniz ki, inni silmun limən saləməkum və hərbun limən harəbəkum ila yəvmil-qiyamət. “İla yəvmil-qiyamət”in mənası nədir? Yəni Hüseynçi cəbhə ilə Yezid cəbhəsi arasındakı qarşıdurma sona çatacaq bir qarşıdurma deyil. Bu qarşıdurma davam edir. Hüseynçi cəbhə özünü tanıtdırıb. İmam Hüseyn əleyhissəlam həmin Kərbəla səfərində bir neçə yerdə sözü və hədəfinin nə olduğunu müəyyən edib. O buyurdu: “Həqiqətən, Allahın Rəsulu (sallallahu aleyhi və alihi) buyurub ki, kim zalım padşahı görsə ki, Allahın haramlarını halal sayır və Allahın əhd-peymanlarını sındırır....Allah bəndələrinə qarşı zülm edir”, buradakı məsələ zülm və sitəm məsələsidir. (Diqqət etsəniz, gərərsiniz ki, İmam Hüseynin (ə) çatdırmaq istədiyi) Məsələ budur. Bu, zülmlə mübarizədə fəaliyyət göstərən və cihad edən Hüseynçi cəbhədir. Onun müqabil tərəfi sitəm, zülm və İlahi əhdi pozan cəbhədir.
Bu gün siz bunu dünyada görürsünüz, İmam Hüseyn əleyhissalamın dövründən əvvəl də bu ikiqütblük (haqq və batil cəbhəsi) var idi, ondan sonra da mövcud olub, bu gün də var və axıra qədər də olacaq. Bunların hamısında “İnni silmun limən saləməkum” keçərlidir. Mən sizin cəbhədən olanlarla yaxşıyam və sizin cəbhənizlə vuruşan hər kəslə vuruşuram. Bu döyüşün müxtəlif formaları var: bu döyüş qılınc və nizə dövranında bir cür, atom, süni intellekt və buna bənzər vasitələr zamanında isə başqa cürdür, lakin (bu döyüş) mövcuddur. Şeir, qəsidə, hədis və kəlamları ifadə edən təbliğat zamanında bir formada, internet, kvant və bu kimi vasitələrin dövründə də başqa bir formada olsa da, (bu döyüş) mövcuddur.
İnsanın tələbə olduğu dövrdə bir cürdür, müdir və məsul şəxs olduğu zaman da başqa bir cür. Bütün hallarda bu vardır. “Hərbun limən harəbəkum” məsələsini unutmaq olmaz. “Hərbun limən harəbəkum” həmişə ələ silah almaq mənasında deyil, doğru düşünmək, düzgün danışmaq, düzgün müəyyən etmək və dəqiq nişan almaq deməkdir. “Hərbun limən harəbəkum” belədir. Vəzifənizin nə olduğunu bilin, getməli olduğunuz yolu tanıyın. Əgər bu formada düşünsək, yolu müəyyən edib səy göstərsək, həyat mənalı və hədəfli olacaqdır. Pul həyatın məqsədi olmağa layiq deyil, məqam, qüdrət və ictimai mövqeyə sahib olmalar insan həyatının hədəfi olmaqdan çox aşağıdır. Həyatın hədəfi bəndəlikdir və Allaha çatmaqdır, bundan başqa da bir yol yoxdur, yəni “Silmun limən saləməkum və hərbun limən harəbəkum”.
Gəncliyinizin qədrini bilin, qarşınızda geniş meydan var. İnşallah, altmış- yetmiş ildən sonra bu dünyada yaşayacaqsınız və burada işiniz olacaq. Bu fürsətdən yararlanın, bu uzunmüddətli fürsəti proqramlaşdırın. Proqramanızın doğru çıxması üçün düşünün. Düzgün düşünə bilməkdən ötrü Quranla tanış olun, Quran oxuyun, onun üzərində təfəkkür edin, sizdən əvvəl və sizdən çox Quran üzərində təfəkkür edənlərdən öyrənin. Öyrənmək eyib deyil, iftixardır. Həmişə və ömrümüzün axırına qədər öyrənək. Fikirləşin, mütaliə edin, müəyyənləşdirin, hərəkət lazım olan yerdə də fəaliyyətə keçin. Hərəkət bəzən laboratoriyada, dərsdə, universitet mühitində, ictimai və siyasi mühitdə, bəzən də Kərbəla və Fələstin yolunda və İslamın ali məqsədləri uğrundadır. İslam inqilabı bizim üzümüzə bu yolu açdı. Mənim əzizlərim, mənim gənclərim, siz o dövranı (şahın vaxtını) görmədiniz və onu görmədiyiniz üçün sevinin. Biz o vaxtı gördük, o vaxt pis və çətin bir vaxt idi, zülmətə qərq olmuş və ümidsizlik dövrü idi. İnqilab bu vəziyyəti dəyişdi, üzümüzə yol açdı və bizə fürsət verdi. Bu fürsətdən istifadə edə bilərik və siz də istifadə edə bilərsiniz. İstifadə etməmək də mümkündür. İstifadə etməsək, zərərimizə olar. Əgər istifadə etsək, bu, nicata səbəb olar, necə ki Quran buyurur: “Həqiqətən, iman gətirənlər nicat tapdılar”.
İnşallah, müvəffəq olasınız.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun.