Rəhmət və hidayət peyğəmbəri olan Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günündə əhalinin bir qismi, hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqları 03.10.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Bağışlayan və mehriban Allahın adı ilə
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین و صحبه المنتجبین و من تبعهم باِحسانٍ الی یوم الدّین
Bütün möhtərəm iştirakçılara, ölkənin möhtərəm rəsmilərinə, əziz qonaqlara, tədbirə qatılan bütün əzizlərə xoş gəlmişsiniz deyirəm. Bu gün böyük bayramdır. Nurani və mübarək bir gündür. Əzəmətli Peyğəmbər (s) və Həzrət İmam Sadiqin (ə) mövlud günüdür.
Mən və mənim kimilərinin əzəmətli Peyğəmbər haqqında danışmağa dili, o Həzrətin uca şəxsiyyətini dərk etməyə ağıl və düşüncəsi (Peyğəmbərin mənəvi məqamını dərk etməyə) acizdir. Gerçəkdən belədir.
Mən bu gün əzəmətli Peyğəmbərin (s) qalın fəzilət kitabından xülasə olaraq bir söz deyirəm və o da budur ki, varlıq aləminin bu parlaq günəşinin bütün bəşəriyyətin üzərində haqqı var, bunu demək istəyirəm. İstər bu dinə iman gətirənlər, istər qeyriləri, bütün bəşəriyyət əzəmətli Peyğəmbərə (s) borcludurlar, sözün əsil mənasında o Həzrətin dininə aiddirlər. Nə üçün? O Həzrətin bəşəriyyətin üzərində olan böyük haqq nədir? Haqqı budur ki, əzəmətli Peyğəmbər (s) bəşəriyyətə onun bütün əsas dərdlərinin nüsxəsini – müalicə qaydasını təqdim etmişdir. Bu bir həqiqətdir. Allah-təala buyurur: “Bu Quran elə bir kitabdır ki, onu sənə insanları öz Rəbbinin izni ilə zülmətlərdən nura çıxarmaq üçün nazil etmişik…”, Zülmətlər nədir? Zülmətlər tarix boyu insanların həyatına qaranlıq salan, onu acı edən, zəhərləyən hər şeydir. Bunlar zülmətlərdir. Cəhalət zülmətdir, yoxsulluq zülmətdir, zülm-sitəm zülmətdir, ayrı-seçkilik zülmətdir, şəhvətlərə qərq olmaq zülmətdir, əxlaq pozğunluğu, ictimai fəsadlar–bunların hamısı zülmətdir. Bütün bunlar bəşəriyyətin həyatı boyu ona əzab-əziyyət verən zülmətlərdir. İmansızlıq zülmətdir, hədəfsizlik zülmətdir. Bunlar bəşəriyyətin ağır dərdləridir.
Əzəmətli Peyğəmbər (s) bu dərdlərin çarəsini – həm mərifət, həm də elm nüsxəsini bəşərə təqdim etdi. Bu dərdlərdən xilas olmaq istəsəniz, əlacı bunlardır. Peyğəmbərin bu şəriəti və Quran maarifi bəşəriyyətin dərdlərinin əlacıdır. Bu əlacı bəşərə təqdim edən İslam Peyğəmbəridir. Ona görə də Əmirəlmöminin (ə) Peyğəmbər haqqında buyurur: “Bu mahir, bilikli həkim həm yaranın üzərinə qoyulanda onu sağaldan dərmanları hazırladı, həm dağlamaq (dağ basmaq) vasitəsini”. Qədimdə dava-dərmanla sağalmayan yaranı dağlayıb sağaldardılar. Peyğəmbərdə hər ikisi var: həm mərhəm, həm dağlamaq vasitəsi. Bunları Quranda insanlara təqdim etmişdir. Yaxşı yaşamaq istəyirsinizsə, bunlara əməl edin.
Dünya müdriklərinin məntiqinə görə, insanların bir-biriləri üzərində olan hüquqlarının ən üstünü həyat hüququ, yaşamaq haqqıdır. Bir şəxsin haqqının böyüklüyünü göstərmək istəyəndə deyirlər ki, filankəsin mənim üzərimdə həyat haqqı var. Həyat haqqı nədir? Məsələn, siz suda batırdınız, o şəxs xilas etdi. Uçan mənzilin altında qalacaqdınız, o, əl uzadıb çıxardı. Yəni əlinizdən çıxan bu dünya həyatını o sizə qaytardı. Həyat haqqı budur, ən yüksək hüquq! Cəmiyyətə baxıb araşdıran şəxs müşahidə edir ki, insanlar bunu ən üstün haqq sayırlar, həyat haqqı adlandırırlar. Yaxşı, bəs bizə qaytarılmış həyat nə zamanadək davam edəcək? Bu həyat həm qısadır, həm qüsurludur, həm də təhlükəli. Mümkündür ki, insana qaytarılmış həyatın elə səhəri günü iflic, xərçəng və növbənöv xəstəliklər bu həyata son qoysun. Allah-təala buyurur: “Ey iman gətirənlər! Allah və onun Peyğəmbəri sizi həyat verəcək şeylərə doğru çağıranda onların çağırışını qəqul edin”. Sizə həyat verən Peyğəmbərdir. Bu həyat o həyat deyil. Bu həyat həm dünya xoşbəxtliyinizin səbəbidir, həm qəlbinizi abad edir, həm ruhunuzu nurlandırır, həm həyatınızı şirinləşdirir, həm də davamlıdır. Bu həyat bitmir, sarsılmır, əbədidir. İslam, din və Peyğəmbərin bəşəriyyətə bəxş etdiyi bu həyat sudan, dağıntı altından xilas edilməklə qazanılan həyatdan min qat əhəmiyyətlidir. Peyğəmbərin bəşəriyyətin üzərində olan haqqı bunlardır. Bu Peyğəmbərin haqqıdır, biz ona borcluyuq.
Qeyri-müsəlmanlardan ibarət bir qrup insan Peyğəmbərin dinini tanımaq tövfiqi əldə etməyib. (Dini) Borcu ödəmək yolu onların üzünə bağlıdır. Allah-təala onlarla necə rəftar edəcək? Bu, söhbətimizin mövzusu deyil, lakin onlar öz borclarını ödəyə bilmirlər. Amma İslama iman gətirənlər borclarını verə bilərlər. Onlara yol göstərilib. Quran buyurur: “Allah yolunda layiq olduğu kimi cihad edin. O sizi seçdi, dində sizin üçün heç bir çətinlik qoymayıb, bu din atanız İbrahimin dini və şəriətidir, sizi əvvəldən müsəlman adlandıran o olub”. Bu “Allah yolunda cihad” onun qarşısında təslim olmaqla borcun ödənməsidir. Əgər Peyğəmbərin böyük haqqını ödəmək istəyiriksə, yol budur: “Allah yolunda layiqincə cihad edin”, yəni kamil cihad (edin)! Cihad təkcə qılınc, qumbaraatan kimi silahlarla vuruşmaq deyil. Bütün meydanlarda cihad: elm meydanında, siyasət meydanında, mərifət meydanında, çoxumuzun ehtiyaclı olduğu əxlaq meydanında cihad. Hamımızın əxlaqa və elmə ehtiyacımız var, bu (zəminlərdə) cihad edək. Cihad edə bilərik. Əgər Allahın “Allah yolunda layiqincə cihad edin” əmrinə itaət edə bilsək, deyə bilərik ki, gücümüz qədərində əzəmətli Peyğəmbərin haqqını qaytardıq. Biz İslam yolunda cihad etməliyik.
Bu gün İslamla düşmənçilik həmişəkindən daha aşkardır. Əvvəllər də düşmənçilik olub, amma bu gün açıq-aşkardır. Bu düşmənçiliyin cahilanə nümunələrindən biri Qurani-Kərimə qarşı hörmətsizlikdir. Görürsünüz ki, cahil biri aşkarda bu addımı atır, bir dövlət də dəstək verir. Bu onu göstərir ki, məqsəd sadəcə Qurani-Kərimə səhnədə gördüyümüz hörmətsizlik deyil. Bu hadisədə həmin işi görən nadan, cahil adamdan danışmıram. Bu şəxs pərdə arxasında olanların əmrini yerinə yetirmək üçün özünü ən ağır cəzaya, edama məhkum edir. Məqsədim pərdə arxasında olanlardır. Belə cinayətləri, mənfur işləri planlaşdıranlar! Onlar düşünürlər ki, belə işlərlə Qurani-Kərimin təsirini azalda bilərlər. Yanılırlar, əslində, özlərinə zərbə vururlar, öz iç üzlərini açırlar.
Quran hikmət, mərifət kitabıdır, insan tərbiyə edən kitabdır. Quranla düşmənçilik edən kəs mərifətlə, hikmətlə, insan tərbiyəsi ilə düşmənçilik edir. Quran zülmə qarşıdır və insanları zülmlə mübarizəyə təşviq edir. (Quran belə buyurur:) “Nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız”. Quran xalqı oyadır. Qurana düşmən olan kəs insanların oyanışına qarşıdır, zülmlə mübarizəyə qarşıdır. (Bu işlərlə) özlərini rüsvay edirlər. Quran günbəgün daha da aydınlaşır. Dünyadakı bu nurani sima günbəgün aşkarlanır və əvvəlkinə nisbətdə daha da aşkarlanacaq.
Quran, əlbəttə ki, zalım güclər üçün təhlükə sayılır. Qeyd etdiyimiz kimi, həm zülmü pisləyir, həm zülmə məruz qalan insanı zülmə boyun əydiyi üçün qınayır. Bu, zalım güclər üçün təhlükəlidir. Bəli, Quran onlar üçün təhlükədir, təhdiddir. Söz azadlığı və bu kimi təkrar yalanlarla öz işlərinə don geyindirənlər dünya ictimaiyyəti qarşısında öz abırlarını aparırlar. Qurana hörmətsizliyə icazə verən ölkələr sionizmin simvollarına qarşı hörmətsizliyə də icazə verirlərmi? Necə və hansı dillə bundan yaxşı isbat etmək olar ki, dünya gücləri qəsbkar, zalım, cinayətkar, dünyanı qarət edən sionizmin təsiri altındadırlar! İstər qəsb olunmuş ərazidə yaşayanlar, istər başqa ərazilərdə məskunlaşanlar! (İndiyə kimi) Dediyim bir-neçə cümlə əziz İslam Peyğəmbəri (s) haqqında idi.
Bu məclis və bu həftə müsəlmanlar arasında vəhdət və ittifaqa həsr olunub. Müsəlmanların ittifaqı barədə çox danışılıb. Biz də danışmışıq, başqaları da və hamı. Mən bu mövzuda qısaca bir mətləbi qeyd etmək istəyirəm: vəhdətə kim düşməndir? Bu mətləb üzərində dayanaq. Müsəlmanların vəhdəti kimə zərərdir? Bu barədə düşünək. Müsəlmanların vəhdətinə o insanlar düşməndirlər ki, müsəlman ölkələri, İslam dövlətləri birləşsə, onlara zərər olacaq. Əliuzunluq, qarətçilik edə bilməyəcəklər, problemlə üzləşəcəklər. Müsəlmanların vəhdətinin düşmənləri onlardır. Bəli, müsəlman ölkələrinin çevrəsi böyükdür. Mən öz məntəqəmizi –Qərbi Asiya, Şimali Afrikanı, bu məhdud coğrafiyanı nəzərdə tuturam. Bu regiondakı ölkələr birlikdə olsalar, hansı beynəlxalq qüdrətlər zor deyə, oğurlaya, ölkələrin daxili işinə müdaxilə edə bilməyəcək? O hansı gücdür? Aydın məsələdir ki, Amerika!
Əgər İran, İraq, Suriya, Livan, Fars Körfəzi ölkələri, Ərəbistan, Misir, İordaniya kimi ölkələr əsas məsələlərdə vahid strateji yol tutsalar, zor deyən dövlətlər onların daxili və xarici siyasətinə müdaxilə edə bilməz. Hazırda müdaxilə edirlər. Hazırda Amerika iqtisadi, siyasi zərbə vurur, Suriyanın neftini oğurlayıb aparır, zalım, vəhşi və qaniçən İŞİD-i öz düşərgələrində saxlayır ki, bir gün ehtiyac olsa, meydana çıxarıb onun-bunun canına salsın. Belə işlər görürlər. Region ölkələrinin xarici siyasətinə qarışırlar ki, onu edin, bunu etməyin. Hətta bəzi ölkələrin daxili işlərinə də müdaxilə edirlər. Əgər biz əl-ələ versək, vahid siyasi xətt seçsək, Amerika bu işləri görməyə cürət etməz. Bu barədə düşünmək lazımdır. Ölkə başçıları, siyasətçilər, yüksək elmi istedada malik insanlar, mütəxəssislər bu barədə düşünsünlər, faydasını qiymətləndirsinlər. Şübhəsiz, heç bir ölkə xarici gücün onun işlərinə, siyasətlərinə müdaxilə etməsini, tutduğu yolda əmr və ya qadağa etməsini istəmir. Amma çarəsiz qalıb təslim olurlar. Nə üçün? Çünki təkdirlər. Əl-ələ versələr, bir-birlərinə arxa dursalar, bir yerdə olsalar, Amerika kimi güclər müdaxilə edib qarışa və əliuzunluq edə bilməzlər.
Aydın məsələdir, dəfələrlə demişik ki, biz kimisə müharibəyə, hərbi əməliyyata təhrik etmirik, hətta bundan çəkinirik. Amma deyirəm ki, bir yerdə olaq, Amerikanın müharibə alovlandırmasının qarşısını alaq. Onlar müharibə alovu qızışdırırlar. Təqribən regiondakı müharibələrin istisnasız olaraq xarici amilləri var. Sərhəd ixtilafları kimi problemlər son illərdə müşahidə etdiyimiz müharibələri yarada bilməz. Meydana daxil olur, təhrik edir, pul xərcləyir, şər qüvvələri məzlum dinc əhaliyə qarşı ayağa qaldırırlar. Ölkələrin yüksək elmi istedada malik insanları, siyasətçilər, ölkə başçıları, həqiqətən də, bu barədə düşünsünlər. Bu məsələ bütün ölkələr üçün həyatidir, mühümdür. Birlikdən kimsə zərər görməyəcək, əksinə, faydalanacaq.
Sionist rejim məsələsi də başqa bir məsələdir. Regionun məsələlərindən biri də budur. Amerika haqqında danışdım. Sionist rejimin kin-küdurəti aşıb-daşır. Təkcə bizə qarşı belə deyillər. İslam Respublikasına qarşı necə olduqları aydındır, biz buna əhəmiyyət vermirik. Amma başqa ölkələrə qarşı da belədirlər. Belə deyil ki, sionist rejim öz ətrafındakı ölkələrə münasibətdə nikbin olsun. Həm Misirə, həm Suriyaya, həm İraqa qarşı kinlidirlər. Nə üçün? Çünki “Nildən Fərata qədər” planları həyata keçməyib. Sadaladığım ölkələr müxtəlif dövrlərdə buna imkan verməyiblər. Bu səbəbdən onlara qarşı kinli və qəzəblidirlər. Quran buyurur: “De: Qəzəbinizdən ölün!” Bəli, qəzəblənin, qəzəbinizdən ölün! Belə də olacaq, qəzəbdən ölmək üzrədirlər. Allahın köməyi ilə “Qəzəbinizdən ölün” buyuruğu sionist rejim haqqında gerçəkləşməkdədir. Demək, vəhdət məsələsi burada da mühüm təsir göstərir.
Fələstin məsələsi İslam dünyasının birinci məsələsidir. Bu günün problemi deyil, on illərdir, bu problem var. On illərdir, Fələstin problemi sözün əsil mənasında İslam dünyasının ilk problemidir. Bir xalqı evlərindən çıxarıb, yurd-yuvasını qəsb ediblər. Minlərlə insanı qətlə yetirib, işgəncə verib, həbsxanaya atıblar, didərgin salıblar. Bu kiçik məsələ deyil. İslam dünyasının birinci problemi Fələstin problemidir.
İslam Respublikasının qəti nəzəri budur ki, “sionist rejimlə münasibətləri normallaşdırmaq qumarı”nı özləri üçün örnək və iş metodu hesab edən dövlətlər səhv edirlər və zərər görəcəklər. Onları uduş yox, uduzmaq gözləyir. Avropalıların təbirincə, onlar uduzacaq at üzərində şərt bağlayıblar. Bu gün sionist rejimin vəziyyəti elə bir vəziyyət deyil ki, ona yaxınlaşmağa (hansısa) maraq mövcud olsun. Bu səhvə yol verməməlidirlər. Qəsbkar rejim getmək üzrədir. Bu gün Fələstin hərəkatı ötən 70-80 ildəkindən daha gümrahdır. Müşahidə edirsiniz ki, Fələstin gəncləri və Fələstin hərəkatı, qəsbkarlıq, zülm, sionizmə qarşı hərəkat həmişəkindən daha təravətli, qıvraq və hazırlıqlıdır. İnşallah, bu hərəkat məqsədə çatacaq. Əzəmətli İmamın (r) xərçəng şişi adlandırdığı qəsbkar sionist rejimin Fələstin xalqının öz əli ilə və regiondakı bütün müqavimət qüvvələrinin əli ilə kökü kəsiləcəkdir. İnşallah!
Ümid edirik Allah-təala İslam ümmətinə qürur, şərəf və ucalıq əta edəcək ki, misilsiz təbii və insani resurslarından maksimum faydalana bilsin.
Allahın salam və bərəkəti üzərinizə olsun