Bağışlayan və mehriban Allahın adı ilə
Qıldığınız namazlar və etdiyiniz təvəssüllər qəbul olsun!.......
Bağışlayan və mehriban Allahın adı ilə
Qıldığınız namazlar və etdiyiniz təvəssüllər qəbul olsun! Göz yaşlarınız, (İmam Hüseynə) diqqət ayırmağınız və dualarınız Allahın lütf və icabətinə səbəb olsun, inşallah. Xoş olsun siz cavanların halına! Parlaq qəlblər, aynatək pak olan ruhlar, İlahi inayəti cəzb və cəlb etməyə hazır qəlblər sizin həqiqi vəsflərinizdir. Əvvəla, üzrxahlıq edirəm ki, namaz üçün yer məhdud idi və namazdan sonra (yerin azlığı) zəhmətə düşməyinizə səbəb oldu.
Bu təvəssül məclislərinin hər biri, sizlərdə olan bu mənəvi hal Hüseyndən doğan sonsuz nur ilə bir rabitə və bağlılıqdır. Öz qəlbimizin sönmüş şamını bu təvəssüllərdə Hüseyn nurunun hər tərəfi bürüyən məşəlinə qoşuruq və bu, qəlblərinizi parlaq edir. İmam Hüseynin (ə) adı, onun yolu, İmam Hüseynə (ə) diqqət yönəltmək və o Həzrətə təvəssül etmək düyünləri açandır. Sözün həqiqi mənasında “Huseynun misbahul-huda”, yəni Hüseyn hidayət çırağıdır. Bu hidayəti özünüzdə, öz batininizdə hiss edirsiniz. Hər bir şəxs İmam Hüseynə (ə) aid bir məclisdə oturub-dursa, şübhəsiz, bu oturmaq -durmaqda olan mənəviyyatdan öz bəhrəsini aparacaqdır və bunda heç bir şəkk-şübhə yoxdur. Bizlərdən hər birimiz bu məclisdə bir saat əyləşsək, qəlblərimiz o bir saatın axırı əvvəlinə nisbətdə daha pakizə və nurani olacaqdır. Mühüm olanı da bizim bunları qoruyub saxlaya bilməyimiz, bu nuraniyyəti hifz etməyi bacarmağımızdır.
Özünüz məclisin əvvəlində oxuduğunuz bu gözəl dini surudda dediniz ki, bu yol iradə yoludur. Bəli, iradə yoludur. İradə ilə, (möhkəm) qərarla bu yolda hərəkət etmək gərəkdir. Doğru yoldan sapdırmaq üçün az cazibə yoxdur. Bu doğru yoldan azdırmaq həmişə olub və bu gün həmişəkindən daha çoxdur. Bu şeytani vəsvəsələr müqabilində müqavimət göstərmək üçün güclü iradə lazımdır. Əgər müqavimət göstərsəniz, o zaman zirvəni fəth edəcəksiniz və Allah dininin, haqqın, ədalətin hakimiyyəti, o cümlədən insan yaradılışının hədəfi olan insan təkamülünün və bəşər kamalının zirvəsinə çatacaqsınız. Bu elə bir işdir ki, Allah Rəsulunun (s) zamanından bu günə qədər həyata keçməyib. Bu sizin gördüyünüz işdir. Siz cavanlar bu gün ümid mənbəyi ola bilərsiniz və (əslində) ümid mənbəyisiniz. (Burada) “Bacararsınız” məsələsindən söhbət getmir; (həqiqətən də) ümid mənbəyisiniz. Bu gün sizlərdən hər biriniz öz ətrafınız və ətraf mühitinizin (hərəkət etdiyi) yolu üstündə nurani bir məşəl ola bilərsiniz. Çalışın ki, bunu hifz edəsiniz. Bu yolda istiqamət (müqavimət) etməyiniz üçün səy göstərin. Quran buyurduğu kimi:
“Sənə əmr olunduğu kimi müqavimət göstər və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər də (belə olsunlar)”.
İstiqamət (müqavimət) mühümdür, duruş gətirmək zəruridir, bu işi siz edə bilərsiniz və inşallah, Hüseyn ibn Əliyə (ə) diqqət ayırmaq və ona təvəssül etmək bərəkətinə bunu edəcəksiniz.
İnşallah, necə ki, bu gün və ötən günlərdə Nəcəf-Kərbəla yolunda əzəmətli yürüşdə və yaxud (başqa) şəhərlərdə bu yürüşə uyğun olaraq həyata keçən yürüşlərdə möhkəm iradə ilə, cavancasına hərəkət etdiniz, bütün işlərdə, mənəviyyat, həqiqət və tövhid hakimiyyəti yolunda da həmin möhkəm iradə ilə hərəkət edəcəksiniz. Bu, bu günün siz cavanlarına, İslam dünyasının cavanlarına və məxsusən də siz iranlı əziz cavanlarımıza olan ümiddir.
Mən ümid edirəm ki, Allah-təala sizlərə kömək etsin, tövfiq versin və bu yolda istiqamət (müqavimət) edəsiniz, həmişə Hüseynçi olaraq yaşayıb və Hüseynçi olaraq da qalasınız.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.