Ayətullah Xamenei Tehranın 34-cü Beynəlxalq Kitab Sərgisinə üç saatlıq baxışı zamanı naşirlər və kitab fəalları ilə söhbət edib.
O Həzrət ölkə mədəniyyətinin qurulmasında kitabın mühüm roluna işarə edərək belə buyurub:
"Kitab mühümdür. Ölkənin mədəni quruluşunun kitaba hər zaman ehtiyacı var. Bu gün virtual məkan və s. kimi bir çox başqa imkanlar olsa da, kitab hələ də çox yüksək və mühüm mövqedədir".
Ayətullah Xamenei kitabın incəsənət və mediaya təsirindən söz açaraq, "Teatr, kino və hətta rəssamlıq kimi bütün incəsənət, media və mədəniyyət fəaliyyətlərində mütaliə və kitaba ehtiyac vardır. Kitabla əlaqəsi olan kəslər yaxşı bir incəsənət və ya media fəaliyyəti göstərə bilərlər", - bildirib.
O Həzrət uşaq əsərlərinin hazırlanmasında həm kəmiyyəti, həm də keyfiyyəti artırmağı tövsiyə edib:
"Uşaqlara gəldikdə isə, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından bacardığınız qədər çalışın, yəni bacardığınız qədər yeniyetmələri cəzb etməyə çalışın. Hətta indinin özündə belə, uşaqlarla bağlı bu xarici hekayələr uşaqlara aid olan başqa məsələlərin hamısına nisbətdə üstünlük təşkil edir. Bu, çox böyük bir eyibdir".