07.05.2021-ci il (Hicri-qəməri 1442-ci il) mübarək Ramazan ayının son cüməsi
Bağışlayan və Mehriban Allahın adı ilə
Həmd olsun aləmlərin rəbbi olan Allaha, həmçinin salavat və salam olsun peyğəmbərlərin sonuncusu və yaradılışın ən şərəflisi olan ağamız Məhəmmədə (s), onun pak-pakizə ailəsinə, seçilmiş səhabələrinə və qiyamət gününə kimi onlara gözəl şəkildə tabe olanlara.
Fələstin məsələsi hələ də İslam ümmətinin ən mühüm və ən aktual müştərək məsələsidir. Zalım və qəddar kapitalist sisteminin siyasəti bir milləti öz evlərindən, vətənlərindən və ata-baba yurdundan məhrum edib, orada terrorçu rejimi və yad bir xalqı məskunlaşdırmışdır.
Qondarma sionist rejimin qurulması məntiqindən daha zəif və əsassız məntiq nə ola bilər? Avropalıların iddiasına əsasən, özləri İkinci Dünya müharibəsi illərində yəhudilərə zülm ediblər. Buna görə də Qərbi Asiyada (yaşayan) bir milləti ölkələrindən didərgin salmaq və o ölkədə faciəvi qırğınlar törətməklə yəhudilərin intiqamını almaq (bu rejimi yaradanlar üçün) zəruridir!
Bu, Qərb hökumətlərinin sionist rejimə əsirgəmədən və axmaqcasına dəstək verməkdə arxalandıqları məntiqdir. Beləliklə də insan haqları və demokratiya ilə bağlı bütün iddialarının saxta olduğunu üzə çıxartmış oldular. Bu ( məntiq baxımından) gülməli və (eyni zamanda reallıq baxımından) ağlamalı sərgüzəşt, yetmiş ildən artıqdır ki, davam edir və müəyyən fasilələrlə ona yeni bir səhifə əlavə olunur.
Sionistlər işğal olunmuş Fələstin dövlətini ilk gündən bir terror bazasına çeviriblər. İsrail ölkə deyil, o, Fələstin və digər müsəlman xalqlarına qarşı (yaradılmış) terror bazasıdır. Bu qəddar rejimlə mübarizə zülm və terrorizmlə mübarizədir. Bu, hər kəsin vəzifəsidir.
Diqqət ediləsi məsələ bundan ibarətdir ki, qəsbkar hökumət (İsrail) 1948-ci ildə təsis edilsə də, İslam bölgəsindəki bu həssas nöqtəyə təcavüz üçün hazırlıqlar bundan uzun illər əvvəl başlamışdır. Bu illər sekulyarizmi, ifratçı və kor millətpərəstliyi hakim etmək, həmçinin diktator, Qərbə vurğun və onların əlində oyuncağa çevirilən dövlətlərin hakimiyyətə gətirilməsi üçün Qərbin İslam ölkələrinə fəal müdaxiləsi ilə üst-üstə düşür. Həmin illərdə İran, Türkiyə və Qərbi Asiyadan Şimali Afrikaya qədər ərəb ölkələrində olan hadisələrin mütaliəsi bu acı həqiqəti ortaya qoyur ki, İslam ümmətindəki zəiflik və parçalanma Fələstinin qəsb edilməsi faciəsinə zəmin yaratmışdır. Bu zərbəni İslam ümmətinə imperializm dünyası vurdu.
Həmin dövrdə kapitalist və kommunist düşərgələrinin sionist qarunları ilə razılığa gəlməkləri ibrətamizdir. İngiltərə əsl plan və hiyləni hazırlayaraq işə saldı. Sionist kapitalistləri onun (planın) pul və silah vasitəsilə icra edilməsini öz üzərinə götürdü və SSRİ bu qanunsuz dövləti (İsraili) rəsmi olaraq tanıyan ilk dövlət kimi çoxlu sayda yəhudini oraya ezam etdi.
Qəsbkar rejim bir tərəfdən İslam dünyasındakı o vəziyyətin, digər tərəfdən də bu Avropanın hiylə, təcavüz və həmləsinin məhsulu idi.
Bu gün dünyanın vəziyyəti artıq əvvəlki kimi deyil. Biz bu həqiqəti hər zaman diqqətdə saxlamalıyıq. Bu gün qüvvələr tarazlığı İslam dünyasının xeyirinə dəyişib. Avropa və ABŞ-da baş verən müxtəlif siyasi və ictimai hadisələr qərblilərin struktur, idarəçilik və əxlaqi məsələlərdə dərin problem və zəifliklərini dünya qarşısında üzə çıxardı. ABŞ-dakı seçki hadisələri, onların iddialı və təkəbbürlü müdirlərinin çox rüsvayçı sınağı Qərb düşərgəsinin tənəzzülünün göstəricisidir. Eləcə də ABŞ və Avropada korona pandemiyası, onon utancverici haşiyələriylə bir illik uğursuz mübarizə və Avropanın ən mühüm ölkələrində baş verən son siyasi və sosial təlatümlər Qərbin iflasınının başqa bir göstəricisidir.
Digər tərəfdən İslamın ən həssas regionlarında müqavimət qüvvələrinin inkişafı, onların müdafiə və hücum imkanlarının artması, müsəlman xalqlarda özünüdərk, stimul və ümidin artması, İslam və Quran şüarlarına meylin çoxalması, xalqlarda elmin, müstəqillik tələbi və özünəgüvənin yüksəlməsi daha yaxşı gələcək müjdəsi verən mübarək əlamətlərdir.
Bu mübarək gələcəkdə müsəlman ölkələrinin birləşməsi ümdə və əsas məqsəd olmalıdır və bu, çox da uzaq görünmür. Bu birləşmənin meyarı bütöv ölkə olaraq Fələstin məsələsi və Müqəddəs Qüdsün taleyi olmalıdır. Bu həqiqət əzəmətli İmam Xomeyninin (r.ə) nurlu qəlbini Ramazan ayının sonuncu cümə gününü “Beynəlxalq Qüds Günü” elan etməyə sövq etdi.
Müsəlmanların Müqəddəs Qüds meyarı əsasında birləşməsi sionist düşmənin və onun amerikalı və avropalı havadarlarının kabusudur. Uğursuz “Əsrin müqaviləsi” layihəsi və sonra bir neçə zəif ərəb dövlətlərinin qəsbkar rejimlə olan əlaqələrinin normallaşdırılmasına çalışmaq bu kabusdan qaçmaq üçün göstərilən səmərəsiz səylərdir.
Bu səylərin heç bir nəticəsinin olmayacağını qətiyyətlə deyirəm. Düşmən sionist rejimin tənəzzülü prosesi başlayıb və bu proses dayanmayacaq.
İki mühüm amil gələcəyi müəyyən edir: birincisi ( və önəmlisi), Fələstin əraziləri daxilində müqavimətin davam etdirilməsi, cihad və şəhadət xəttinin gücləndirilməsi; ikincisi, dünyada olan müsəlman dövlət və xalqlarının Fələstin mücahidlərinə beynəlxalq dəstəyi.
Hər kəs: Siyasətçilər, ziyalılar, din alimləri, partiyalar, qruplar, qeyrətli gənclər və digər kəsimlər bu qlobal hərəkatda yerini tapmalı və öz rolunu ifa etməlidirlər. Bu qlobal hərəkat düşmənlərin planını puça çıxarır. Həmçinin bu hərəkat Allahın “Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiyləyə məruz qalıblar”,-ayəsindəki bu vədəsinə axırzamana aid nümunə yaradır. “Allah (varlıq aləminin idarə olunmasında) öz işinə qalibdir, lakin insanların çoxu bilmirlər”.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
Bir miqdar ərəb cavanları ilə onların öz dilində söhbət etmək istəyirəm.
Bağışlayan və Mehriban Allahın adı ilə
Salam olsun bütün azad ərəblərə, xüsusilə, gənclərə, müqavimətçi Fələstin və Qüds əhalisinə, Məscidül-Əqsanın sərhədlərini qoruyan mücahidlərə. Salam olsun müqavimət şəhidlərinə və bu yolda canlarını fəda edən çoxsaylı mücahidlərə. Xüsusilə, Şəhid Şeyx Əhməd Yasin, Şəhid Seyid Abbas Musəvi, Şəhid Fəthi Şəqaqi, Şəhid İmad Muğniyə, Şəhid Əbdüləziz Rantisi, Şəhid Əbumehdi Əl-Mühəndisi və müqavimət şəhidlərinin parlaq siması olan Qasim Süleymaniyə salam olsun. Hər biri öz səmərəli və bərəkətli ömürlərindən sonra şəhadətləri ilə də müqavimət mühitində əhəmiyyətli iz qoymuşdurlar.
Fələstinlilərin mübarizəsi və müqavimət şəhidlərinin pak qanı bu mübarək bayrağı uca tutaraq Fələstin cihadının daxili gücünü yüzlərcə dəfə artıra bildi. Bir gün özünü daşla müdafiə edən fələstinli gənc bu gün hədəfi dəqiq vuran raketlə düşmənə cavab verir.
Fələstin və Qüds Qurani-Kərimdə “Müqəddəs torpaq” adlandırılmışdır. Artıq on illərdir ki, bu pak torpaq bəşəriyyətin ən çirkin və ən xəbis insanlarının işğalı altındadır. Bunlar, şərəfli insanları qanına qəltan edib, sonra da həyasızcasına bunu etiraf edən şeytan xislətli insanlardır. Bu cinayətkarlar yetmiş ildən artıqdır ki, torpaq sahiblərinə qarşı qətillər, qarətlər, həbslər, işgəncələr etməklə məşğuldurlar. Ancaq Allaha həmd-səna olsun ki, iradələrini qıra bilməyiblər.
Həqiqətən də, Fələstin diridir, cihada davam edir və Allahın köməyi ilə, nəhayət, xəbis düşmənə qalib gələ biləcək. Müqəddəs Qüds və bütün Fələstin oranın əhalisinə məxsusdur və inşallah onlara qayıdacaqdır. Buna dəlil olaraq Quranın bu ayəsini misal göstərmək olar: “Bu, Allah üçün çətin deyildir”.
Bütün müsəlman dövlət və xalqları Fələstin məsələsi qarşısında vəzifə və məsuliyyət daşıyırlar. Ancaq bu gün məmləkətin daxili və xaricində sayları təqribən 14 milyona çatan fələstinlilər özləri mübarizənin əsas mərkəzini təşkil edirlər. Bu cəmin vahid vəhdət və əzmi böyük iş görə biləcək. Bu gün birlik fələstinlilərin ən böyük silahıdır.
Fələstin birliyinin düşmənləri sionist rejim, ABŞ və bəzi digər siyasi güclərdir. Fələstin cəmiyyəti daxildən parçalanmasa, xarici düşmənlər heç nə edə bilməyəcək. Bu birliyin meyarı və mehvəri daxili cihad və düşmənlərə etimad etməmək olmalıdır. Fələstinin yürütdüyü siyasət onların əsil düşməni, yəni ABŞ, İngiltərə və xəbis sionistlərə etimad etməmək əsasında olmalıdır. Qəzzada, Qüdsdə, Qərb Sahilində, 1948-ci il ərazilərində və hətta düşərgələrdə olan fələstinlilərin hamısı vahid bir bədən təşkil edirlər və birləşmə strategiyasını həyata keçirməlidirlər. Bu dəstələr təzyiqlər vaxtı bir-birlərini müdafiə etməklə ixtiyarlarında olan vasitələrdən istifadə etməlidirlər.
Qələbə ümidi bu gün həmişəkindən daha çoxdur. Qüvvələr balansı kəskinliklə fələstinlilərin xeyrinə dəyişir və sionist düşmən ildən-ilə zəifləməyə doğru gedir. Özünü “Heç vaxt məğlub olmayacaq ordu” adlandıran ordusu Livanda 33, Qəzzada isə 22 və 8 günlük müharibə təcrübəsindən sonra indi “Qələbə rəngini görməyəcək” orduya çevrilib. Siyasətdə iki il ərzində dörd dəfə seçkilər keçirmək məcburiyyəti, təhlükəsizlik sahəsində bir-birinin ardınca olan məğlubiyyət və yəhudilərin ölkədən mühacirətə olan meyillərinin günbəgün artması bu iddialı rejimin rüsvayçılığına səbəb olmuşdur. ABŞ-ın köməyi ilə qəsbkar rejimin bir neçə ərəb dövləti ilə olan əlaqələrinin normallaşmasına göstərilən davamlı səylər bu rejimin zəifliyini göstərən başqa bir aşkar nümunədir. Təbii ki, bu əlaqələr də sionist rejimə heç bir kömək etməyəcək. On illər bundan qabaq Misirlə yaradılmış və bu günə qədər davam edən əlaqə qəsbkar rejimin daha çox zəifləməsinə və daha çox zərər görməsinə gətirib çıxartmışdır. Bütün bunlara rəğmən, bir neçə zəif və dəyərsiz ölkə ilə münasibətlər ona kömək edə biləcəkmi? Təbii ki, həmin ölkələrin də bu əlaqədən heç bir bəhrəsi olmayacaq. Sionist düşmən onların sərvət və torpaqlarını qəsb edəcək və onların arasında fitnə-fəsad salıb əmin-amanlığı pozacaqdır.
Əlbəttə, bu faktlar başqalarının bu hərəkat qarşısındakı ağır vəzifəsini unutdurmamalıdır. Müsəlman və xristian alimlər adiləşdirməni (işğalçı İsraillə əlaqələrin normallaşdırılmasını) yubanmadan haram elan etməlidirlər. Ziyalılar və azad insanlar Fələstinin kürəyinə sancılmış bu xəyanət xəncərinin nəticələrini hər kəsə izah etməlidirlər. Qəsbkar rejimin tənəzzülü qarşılığında müqavimət cəbhəsinin imkanlarının artması, müdafiə və hərbi gücün çoxalması, effektiv silahların istehsalında özünütəminat, mücahidlərin özünə güvənməsi, gənclərdə özünüdərkin artması, müqavimət dairəsinin bütün Fələstin əraziləri və onun xaricinə yayılması, gənclərin Məscidül-Əqsanın müdafiəsi uğrundakı son günlərdəki sıçrayışı, dünyanın bir çox regionlarında ictimai rəydə Fələstin xalqının məzlumiyyəti və mübarizəsi anlayışılarının birlikdə əks olunması-bütün bunlar parlaq gələcəkdən xəbər verir.
İslam Respublikası tərəfindən BMT-nin sənədlərində qeyd edilən Fələstin mübarizəsinin məntiqi də mütərəqqi və cəlbedici bir məntiqdir. Fələstinli mübarizlər Fələstinin bütün əsil sakinləri arasında referendum keçirə bilərlər. Bu referendum ölkənin siyasi sistemini müəyyənləşdirəcək, bütün dinlər və xalqlardan olan əsil sakinlər, o cümlədən fələstinli köçkünlər həmin referendumda iştirak edəcəklər. Həmin siyasi sistem köçkünləri ölkəyə qaytaracaq və məskunlaşmış köçkünlərin taleyini müəyyən edəcəkdir.
Bu tələb dünyada rəvac taparaq (insanların aldanıb) qəbul etdiyi demokratiyaya əsaslanır və bizim tələbimizin tərəqqisinə də heç kim irad tuta bilməz. Fələstinli mücahidlər bu tələbi qəbul etməyə məcbur olana qədər qəsbkar rejimə qarşı qanuni və mənəvi mübarizələrini davam etdirməlidirlər.
Allahın adı ilə irəli hərəkət edin və bilin ki, “Allah, şübhəsiz, ona (onun dininə) yardım edənə yardım edəcəkdir”.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.